Məhkəmə qərarları › İş №2-2(103)-1256/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1256/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1256/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi Açar söz: icarə haqqı, sübutetmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2869/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2021-ci il tarixli №25 icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən “icarəyə verən” Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 270 kv/m hissəsini orada yerləşən və "İcarəyə verən”ə məxsus olan əşyalarla (avadanlıqlar, qurğular sair inventarla) icarəçiyə verir. - 2-ci bəndinə əsasən icarə haqqı hər ay ƏDV ilə bilrikdə 1900 manat razılaşdırıldı. - 6-cİ bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021ci il tarixdək bağlanılır. - 6.1-ci bəndinə əsasən icarəçi yuxarıda qeyd olunmuş tələblərin hər hansı birinə əməl etməzsə, İcarəyə etməni gecikdirdiyi hər gün üçün və İcarəyə verənin öz müstəsna və mütləq qərarına əsasən seçdiyi hər hansı digər variantdan istifadə etmək hüququna baxmayaraq, Xitam cəriməsi tətbiq etmək hüququna malik olacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. İddiaçı ASC (“icarəyə verən”) ilə Cavabdeh1 (“icarəçi”) arasında xx.xx.2021ci il tarixli №25 icarə müqaviləsinə dəyişiklik və əlavə edilməsi haqqında xx.xx.2023-cü il tarixli yazılı razılaşma imzalanmışdır.

3. İddiaçı tərəfindən cavabdehə (Cavabdeh1) EBCC 304107 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat, EBCA 881682 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat,EBBV 293638 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat,EBBT 002382 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat,EBBO 273260 nömrəli xx.xx.2021-ci il tarixli 1900 manat,EBBR 888367 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat,EBBX 024782 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat məbləğində elektron qaimələr göndərilmişdir.

4. "xxxx" MMC tərəfindən aparılmış təftiş nəticəsində müəyyən edilmişdir ki, “Karkas" ASC və fərdi sahibkar Cavabdeh1 Arzuman oğlu ilə xx.xx.2021-ci il tarixində bağlanılmış icarə müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə 17100 (on veddi min vüz manat 00 qəpik) məbləğində öhdəliyi yaranmışdır.

5. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin hesabına xx.xx.2023-cü ik tarixində 900 manat; Cavabdeh1 tərəfindən isə xx.xx.2023-cü il tarixində 1800 manat və 170 manat, xx.xx.2023-cü il tarixində 3400 manat, xx.xx.2023-cü il tarixində isə 3400 manat pul köçürülmüşdür.

6. xx-xx-2022-ci il tarixli və xx-xx-2022-cİ il tarixli ödəniş qəbzlərinin məzmunundan görünür ki, cəmi 3800 manat məbləğində Cavabdeh1 tərəfindən ödənilmiş və ödəniş Cavabdeh2 imzası ilə təsdiqini tapmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Arzuman oğlundan və Cavabdeh2 müştərək qaydada 25800 (iyirmi büş yüz səkkiz yüz) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 1500 (min beş yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 167,4 (yüz altmış yeddi manat qırx qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun direktor vəzifəsində çalışdığı dövrdə, İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh1 Arzuman oğlu arasında xx.xx.2021-ci il tarixli №25 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 800 (səkkiz yüz) manat məbləğində müəyyən olunmuşdur. Tərəflər arasında yenidən xx.xx.2021-ci il tarixli №25 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1200 (bir min iki yüz) manat məbləğində müəyyən olunmuşdur. Tərəflər arasında növbəti dəfə xx.xx.2021-ci il tarixli, №25 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1900 (bir min doqquz yüz) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh1 Arzuman oğlu arasında yenidən xx.xx.2022-ci il tarixli №08 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1900 (bir min doqquz yüz) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” 01 yanvar 2022ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək “İcarəyə verən”ə nəğd qaydada və ya bank hesabına köçürməklə ödəyir. 01 mart 2023-cü il tarixli “01 yanvar 2022-ci il tarixli 8 nömrəli İcarə Müqaviləsinə “Dəyişiklik və Əlavənin edilməsi haqqında” Yazılı Razılaşma”nın 3.1.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən, bu icarə müqaviləsinin aid olduğu icarə müddətinə daxil olan hər təqvim ayının 1-nə, əgər ayın biri qeyri-iş günüdürsə, həmin ayın birinci iş gününə təyin edilən 1 (bir) ABŞ dollarının Azərbaycan manatına nisbətində Azərbaycan manatı və qəpikləri ilə ifadə olunmuş rəsmi məzənnəsi (bundan sonra qısaca ”rəsmi məzənnə” ifadəsindən istifadə olunacaq) 1.80-dən (bir manat səksən qəpikdən) yuxarı olmadığı təqdirdə bu müqavilənin icarə müddəti ərzində və əgər icarə müddəti uzadılarsa, birinci, ikinci və üçüncü uzadılmış 10 (on) aylıq müddətlər ərzində bu icarə müqaviləsinin aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün 01 yanvar 2022-ci il tarixdən 30 aprel 2023-cü il tarixədək icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1900 (bir min doqquz yüz) manat məbləğində müəyyən olunmuşdur: 01 may 2023-cü il tarixdən başlayaraq, icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 3400 (üç min dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli, №25 saylı icarə müqaviləsi üzrə - xx.xx.2021-ci il tarixli, EBBO 273260 nömrəli elektron qaimə üzrə 1900 manat; xx.xx.2022-ci il tarixli, №8 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBBQ 372457 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx- 2022-ci il tarixli, EBBR 888367 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cü il tarixli, EBBT 002382 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cü il tarixli, EBBV 293638 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-ci il tarixli, EBBX 024782 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-ci il tarixli, EBBY 994687 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-ci il tarixli, EBCA 881682 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cİ il tarixli, EBCC 304107 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2023-ci il tarixli, EBDA 188866 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-ci il tarixli, EBDİ 148774 nömrəli elektron qaimə üzrə 3400 manat, - xx-xx-2023-ci il tarixli, EBDU 147011 nömrəli elektron qaimə üzrə 3400 manat olmaqla,ümumilikdə 25800 (iyirmi büş yüz səkkiz yüz) manat məbləğində borc yaranmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Cavabdeh2 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmış və yuxarıda qeyd olunan icarə müqaviləsi də onun tərəfindən imzalanmışdır. Həmin icarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarə haqqının ödənilmə qaydası nağd və ya bank hesabına köçürməklə müəyyən edilmişdir. Cavabdeh1 Arzuman oğlunun müraciətlərimizə şifahi qaydada verdiyi cavaba əsasən isə yuxarıda qeyd olunan qaimələrin ödənişlərini nağd qaydada ASC-nin keçmiş direktoru Cavabdeh2 ödəmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də, hesab edirik ki, Cavabdeh2 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixli №25 saylı, xx.xx.2021-ci il tarixli №25 saylı, xx.xx.2021-ci il tarixli, №25 saylı və xx.xx.2022-ci il tarixli №08 saylı icarə müqavilələri üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, öhdəliyi hələ də icra etməmişlər.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 Arzuman oğlundan və Cavabdeh2 müştərək qaydada 17100 (on yeddi min yüz) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 1500 (min beş yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 167,4 (yüz altmış yeddi manat qırx qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsİ barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2022-ci il tarixli, №8 saylı icarə müqaviləsi üzrə xx-xx-2022-ci il tarixli, EBCA 881682 nömrəli elektron qaimə üzrə 1900 manat və xx-xx-2022-cİ il tarixli, EBCC 304107 nömrəli elektron qaimə üzrə 1900 manat olmaqla, ümumilikdə 3800 (üç min səkkiz yüz) manat borc üzrə kassa mədaxil orderləri Cavabdeh2 tərəfindən imzalanmış, lakin həmin məbləğ ASC-nin hesabına daxil edilməmişdir. Buna görə də 3800 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulmalıdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli, №25 saylı icarə müqaviləsi üzrə: xx.xx.2021-ci il tarixli, EBBO 273260 nömrəli elektron qaimə üzrə 1900 manat; xx.xx.2022ci il tarixli, №8 saylı icarə müqaviləsi üzrə - xx-xx-2022-ci il tarixli, EBBQ 372457 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-ci il tarixli, EBBR 888367 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cü il tarixli, EBBT 002382 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cü il tarixli, EBBV 293638 nömrəli elektron qaimə üzrə 1900 manat, - 26- 05-2022-ci il tarixli, EBBX 024782 nömrəli elektron qaimə üzrə 1900 manat, xx-xx-2022-ci il tarixli, EBBY 994687 nömrəli elektron qaimə üzrə 1900 manat olmaqla, ümumilikdə 13300 (on üç min üç yüz) manat məbləğində borc üzrə ödənişlə bağlı isə Cavabdeh1 Arzuman oğlu tərəfindən hər hansı sənəd təqdim edilmədiyi üçün hesab edirik ki, 13300 manat məbləğində borc Cavabdeh1 Arzuman oğlundan tutulub iddiaçıya ödəilməlidir. Məhkəmə və vəkil xərcləri isə cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2869/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 13300 (on üç min üç yüz) manat məbləğində, Cavabdeh2 3800 (üç min səkkiz yüz) pul vəsaitinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumu kimi Cavabdeh1 117 (yüz on yeddi) manat, Cavabdeh2 50 (əlli) manat, vəkilə xidmətə görə 500 (beş yüz) manat haqqın isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:  İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən mülkiyyət hüququ üzrə ona məxsus icarə obyektini icarəçiyə verməyi, icarəçi isə icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh-icarəçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır.  Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə münasibətlərin olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında Cavabdeh1 borcu qəbul etməyərək həmin məbləği iddiaçının həmin vaxt direktoru olmuş Cavabdeh2 ödədiyini, lakin qəbzləri artıq onda olmadığını bildirmişdir. Bu səbəbdən ödəniş barədə məhkəməyə sübut təqdim edə bilmədiyini qeyd etmişdir.  Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, icarə etməsi yəni ondan tələb olunan xx.xx.2021-ci il tarixli, №25 saylı icarə müqaviləsi üzrə: - xx.xx.2021-ci il tarixli, EBBO 273260 nömrəli elektron qaimə üzrə 1900 manat; xx.xx.2022-ci il tarixli, №8 saylı icarə müqaviləsi üzrə - xx-xx-2022-ci il tarixli, EBBQ 372457 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-ci il tarixli, EBBR 888367 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cü il tarixli, EBBT 002382 nömrəli elektron qaimə üzrə 1900 manat, - xx-xx-2022-cü il tarixli, EBBV 293638 nömrəli elektron qaimə üzrə 1900 manat, - 26- 05-2022ci il tarixli, EBBX 024782 nömrəli elektron qaimə üzrə 1900 manat, xx-xx- 2022-ci il tarixli, EBBY 994687 nömrəli elektron qaimə üzrə 1900 manat olmaqla, 13300 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının ödənilməmiş qalan məbləği cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə 13300 manat məbləğində pul vəsaiti ödənilməlidir.  İddia tələbinin digər hissəsini 3800 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması təşkil edir.  İşin hallarından müəyyən olunur ki, Cavabdeh2 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olmuşdur. Həmçinin həmin dövrdə tərtib olunmuş kassa məxaric orderləri və elektron qaimələrdən müəyyən olunur ki, 3800 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ödənilsə də , həmin vəsait sonuncunun hesabına Cavabdeh2 tərəfindən ödənilməmişdir. Belə ki, əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçı Cavabdeh2 tərəfindən ona həmin məbləğdə ziyanın dəydiyini iddia edərək, həmin məbləğin xeyrinə tutulmasını xahiş etmişdir.  Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh2 3800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.  Belə ki, MM-nin 49.4.5-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. Hazırkı halda da Cavabdeh2 əksini sübuta yetirə bilmədiyinə görə 3800 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməməsinə görə məsuliyyət daşıyır.  Eləcə də, iddiaçı məhkəmə xərclərinin və 1500 manat vəkil xərcinin müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.  Məhkəmə hesab edir ki, 1500 manat hüquqi yardım xərcinin müştərək qaydada tutulmasına dair tələb qismən təmin edilməli, 500 manat məbləğində vəkil xərcinin tutulması ağlabat hesab edilərək cavabdehlərdən müştərək qaydada 500 manat məbləğində vəkil xərci tutulmalıdır.  Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinin təmin olunan hissəsinə mütöənasib olaraq 167 manat dövlət rüsumu iddianın təmin olunan hissələrinə münasibətdə Cavabdeh1 117 (yüz on yeddi) manat, Cavabdeh2 50 (əlli) manat tutularaq iddiaçıya ödənilməldir.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.2.1, 21.1, 21.2, 49.4.5, 385.1, 386.1, 390.1, 433.1, 442, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin qismən təmin olunması haqqında qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı cavabdehin ona aidiyyəti olmayan müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf iddianın faktiki əsasında - kassa mədaxil orderlərinə istinad edərək 3.800 manat pulun keçmiş direktor Cavabdeh2 tərəfindən götürüldüyünü və hüquqi şəxsin hesabına mədaxil edilmədiyini bildirmişdir. Lakin qeyd edilmiş pulun məhz Cavabdeh2 tərəfindən götürülməsi (“mənimsənilməsi”) iş materiallarından öz təsdiqini tapmır, çünki ona bu pullar ümumiyyətlə verilməmişdir. Həmçinin İddiaçı ASC iri ticarət obyektinə sahib olan kommersiya hüquqi şəxsidir və o, kommersiya hüquqi şəxsi kimi, vergi orqanında qeydiyyatdan keçmişdir. Ona görə də, iddiaçının qeyd etmiş olduğu İddiaçı ASC-nin kassasının olmaması dəlili də inandırıcı deyildir. Vergi Məcəlləsinin 16.1.8.1-16.1.8.6-cı maddələrində kassa aparatının məcburi olmadığı fəaliyyət növləri qeyd edilmişdir. Ancaq hazırkı halda, yəni iddiaçının fəaliyyəti qeyd edilmiş maddələrdə əks olunmuş heç bir fəaliyyət növləri ilə üst-üstə düşmür. Yəni, iddiaçının fəaliyyət istiqaməti üzrə kassa aparatının qurulması məcburidir. Belə olduğu halda hüquqi şəxsə mədaxil olunmuş pulların məhz kim tərəfindən götürülməsini müəyyən etmək mümkün deyildir və iddia özlüyündə Cavabdeh2 qarşı maddi hüquqi əsasını da itirmiş olur. Belə ki, icarə müqaviləsi iddiaçı-hüquqi şəxs ilə Cavabdeh1 arasında bağlandığından, bununla da müqavilə üzrə hüquq və öhdəliklər məhz həmin şəxslər arasında yarandığı üçün, yaranmış icarə haqqı borcu da həmin dövrdə ASC-nin direktoru olan Cavabdeh2 deyil, icarəçi Cavabdeh1 tutulmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh1 ödənişlərini nağd qaydada ASC-nin keçmiş direktoru Cavabdeh2 ödəsə də, hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Lakin həmin arqumentləri təsdiq edən sübutlar nə iddiaçı, nə də Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hazırki iş üzrə iddianın Cavabdeh2 münasibətdə təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

Apellyasiya şikayətinə qarşı etiraz

18. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh1 Arzuman oğlu tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderləri məhz Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin orada qeyd edilən məbləğlər ASC-nin hesabına (kassasına) mədaxil edilməmişdir. Hesabdan çıxarışlarda da bu öz təsdiqini tapmışdır. Bundan əlavə tərəfimizdən Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə verilmiş sorğuya sonuncunun cavab məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatında **********-20001 kodlu təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış SmartOne Bank Pro markalı ********************1381 zavod nömrəli kassa aparatı barədə məlumat müəyyən edilmişdir. Bu isə öz növbəsində Cavabdeh2 direktor işlədiyi dövrdə kassa aparatının olmamasını təsdiq edir. Qeyd etdiklərimizə əsasən, hesab edirik ki, 3.800 (üç min səkkiz yüz) manat pul vəsaitinin məhz Cavabdeh2 tərəfindən götürülməsi iş materiallarından öz təsdiqini tapır.

Apellyasiya baxışı, verilən izahatlar

19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 49.4.5. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

28. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

29. Maddə 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

30. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 münasbətdə təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən , apelleyasiya şikayəti təmin olunmalı, qətnamə Cavabdeh2 münasbətdə ləğv olunmalı, ona münasibətdə iddia rədd olunmalıdır.

43. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

44. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

45. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, icarəyə verən qismində İddiaçı ASC (direktor – Cavabdeh2) ilə icarəçi Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli №25 nömrəli icarə müqaviləsi bağlanmış, Cavabdeh2 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olduğu dövrdə elektron qaimələr tərtib olunmuşdur. (EBCC 304107 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat, EBCA 881682 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat, EBBV 293638 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat, EBBT 002382 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat, EBBO 273260 nömrəli xx.xx.2021-ci il tarixli 1900 manat, EBBR 888367 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat, EBBX 024782 nömrəli xx.xx.2022-ci il tarixli 1900 manat məbləğində)

46. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xxxx-2022-ci il tarixli, 112142 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən «Karkas” ASC-yə 1.900 manat icarə haqqı, xx.xx.2022-ci il tarixli, 112155 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən «Karkas” ASC-yə 1.900 manat icarə haqqı ödənilmişdir. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş eqaimələr üzrə ödənişlərin qeyd edilən kassa mədaxil orderləri ilə ödənilərək hesaba mədaxil edilməsi təsdiqlənir.

47. Məhkəmə kolllegiyası qeyd edir ki, iddiaçı mübahisələndirdiyi 3.800 manat ödənişlərin ASC-nin hesabına ödənilməməsinə dair sübutları (audit rəyi, mühasibat sənədləri və.s), Cavabdeh2 direktor olduğu dövrdə kassa aparatının olmamasına, hətta kassa mədaxil orderlərinə əsasən ödənişlərin məhz Cavabdeh2 tərəfindən mənimsənilməsinə dair sübutları təqdim etməmişdir.

48. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

49. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

50. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin pulun ödənilməməsinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

52. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə iddianın Cavabdeh2 münasbətdə təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

53. Kollegiya hesab edir ki, iddia tələbi təmin olunduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıdan Cavabdeh2 xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

54. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2869/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi “3800 (üç min səkkiz yüz) pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat, vəkilə xidmətə görə 250 (iki yüz əlli) manat haqqın Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. İdddiaçı İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumu İddiaçı ASC-dən Cavabdeh2 xeyrinə tutulsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar