Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-126/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "X5 (Q.C.S.C)" Şirkətinə qarşı maddi və mənəvi ziyan tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli e-2- 2(113)-1448/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X5 (Q.C.S.C)" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 46700 ABŞ dolları və 26000 Avro məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 31.05.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə yazılı vəsatət verərək cavabdehdən 66305,02 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat ekvivalentində) məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildən “visitqatar.com” domenin rəsmi sahibidir. Qeyd edilən domen əmtəə nişanı kimi 17 iyul 2018-ci il tarixindən ABŞ Patent və Əmtəə nişanı Ofisində qeydiyyatdan keçmişdir. Cavabdeh şirkət tərəfindən uzun zamandır ki, “qatarairways.com” veb saytından istifadə edilir. Bu isə həmin veb saytın legitim məqsədlər xaricində istifadə edilməsi deməkdir. Belə ki, qeyd edilən veb saytda iki söz iddiaçıya məxsus olan əmtəə nişanındakı və domendəki iki sözlə eynilik təşkil edir. “Qatar” sözü və “com” domeni müştərilərin fikrini yanıldır ki, bu da iddiaçının qeyd edilən domendən istifadəsini məhdudlaşdırır və istədiyi formada gəlir əldə etməyini məhdudlaşdırır. Hələ bu azmış kimi, “X6” şirkəti iddiaçıya qarşı haqsız olaraq iddia qaldırmış və iddiasının əsaslarından biri də odur ki, iddiaçının mülkiyyətində və sahibliyində olan visitqatar.com domenindən istifadə guya onlarla haqsız rəqabətə səbəb olur. Hansı ki, bu tamamilə əksinədir. Qatar AirWays Şirkətinin, həmdə Qatar Turizm Komitəsinin qaldırdıqları əsassız iddialara görə iddiaçıya maddi zərər dəymişdir. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanunun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.” Qeyd edilən Visit Qatar (visitqatar.com) Əmtəə X1 üzrə Madrid Protokoluna əsasən X4 və Əmtəə nişanı Ofisi tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmtəə X1 üzrə Madrid Protokolunu tanıdığına görə həmin protokol çərçivəsində olan əmtəə nişanını da qeyd edilən Qanunun yurisdiksiyasına düşür. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanununun 25- ci maddəsinə əsasən “Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir.” Əmtəə nişanları və coğrafi göstəricilər Haqqında AR Qanunun 32-cimaddəsinə əsasən “Aşağıdakı hallar internet şəbəkəsində, xüsusilə domen adlarda və ya ünvanlamanın başqa üsullarında əmtəə nişanının və ya firma adının sahibinin hüquqlarının pozulması hesab edilir: domen adları eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etdikdə; domen adları kommersiya məqsədləri üçün istifadə edildikdə. Domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin adı geniş tanınmış əmtəə nişanının sahibinə qaytarsın”. Qanunvericiliyin qeyd edilən normasının məzmunundan da görünür ki, oxşar domen adından istifadə edilməsi qadağandır. Cavabdeh tərəfindən istifadə olunun “qatarairways.com” domenindən istifadəsi hüquqa ziddir və istifadəsi dayandırılmalıdır. İddiaçı MM-in 21- ci maddəsinə istinad edərək dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3237/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ABŞda fəaliyyət göstərən Thomas P.Howard MMC-nin məktubunun təqdim edilməsinə baxmayaraq bunun nəzərə almamışdır. Halbuki məhz həmin məktubda iddiaçı tərəfindən artıq həmin işlə bağlı Thomas P.Howard MMC-yə 44.482,65 ABŞ Dolları ödəniş edildiyi, daha 21.822,37 ABŞ dolları qalıq borcun ödəniləcəyi qeyd edilmişdir. Maddələrin də məzmunundan görünür ki, zərərə düşən tərəf düşdüyü zərərin məbləğini zərər vurandan tələb edə bilər. Zərərin tələb edilməsinin əsası isə, cavabdehin hüquqdan sui-istifadə etməsidir. Belə ki, cavabdehlər hüquqdan sui-istifadə edərək, iddiaçıya qarşı əsassız iddialar qaldırmaqla ona külli miqdarda zərər vurmuşlar. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış, vurulmuş zərərlə bağlı qanunvericiliklə müəyyən edilmiş maddi normalara istinad etməmiş və sonda belə bir ədalətsiz qətnamə qəbul etmişdir. İddia tələbinin əsasını təşkil edən və iddiaçıya məxsus olan visitqatar.com domenini ondan qeyriqanuni şəkildə almağa çalışan, bununla bağlı xarici ölkələrdə müxtəlif əsassız iddialar qaldıraraq iddiaçını mübahisələrə cəlb edən şirkətlərdən biri iş üzrə hazırki cavabdeh olsa da digər şirkət iddia ərizəsində qeyd edildiyi kimi Qətər Milli Turizm Şurası olmuşdur. Belə ki, məhz adıçəkilən qurumun qeyri-bərabər güclər nisbətindəki fəaliyyəti nəticəsində iddiaçıya qarşı əsassız iddialar qaldırılmış, həmin iddialara qarşı mübarizə aparmaq üçün o, xeyli miqdarda vəsait sərf etməyə vadar edilmiş və bunun nəticəsində ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bununla yanaşı iddiaçının adını dünya mətbuatındakı müxtəlif KİV-də mənfi şəkildə hallandırmaqla ona mənəvi zərər də vurmuşdur. X3 Kolorado Rayon Məhkəməsinin qəbul etdiyi 01.04.2021-ci il tarixli qərarda da iddiaların əsassız olması sübut edilmişdir. Eyni zamanda adı çəkilən və zərər vurulmanın əsası kimi göstərilən qərarda barəsində əleyhinə qərar çıxarılanlardan biri hazırki cavabdeh, digər isə məhz Qatar Milli Turizm Şurası olmuşdur. Bu səbəbdən işin hərtərəfli, obyektiv araşdırılması, həqiqətlərin üzə çıxarılması, habelə ədalətin bərqərar olması üçün Qatar Milli Turizm Şurasının kommersiya işi üzrə cavabdeh qismində prosesə cəlb olunması ilə bağlı vəsatət verilmiş, lakin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya qaydalarına riayət olunmaması, habelə iddia ərizəsinin sürətinin cavabdehə çatdırılmaması səbəbindən vəsatət təmin edilməmişdir. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlər (pretenziya və iddia ərizəsi) iş üzrə cavabdeh qismində cəlb edilməsi istənilən Qətər Milli Turizm Şurasına müvafiq qaydada göndərilmiş, habelə pretenziyaya etiraz olaraq cavabdehin nümayəndəsi qismində çıxış edən MGB Law Offices (Vəkil2) tərəfindən etiraz məktubu göndərilmişdir. Bununla yanaşı iddia ərizəsinin surəti də müvafiq qaydada göndərilmiş və qarşı tərəfə çatdırılmışdır. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Baxmayaraq ki, ilkin vəsatətin təmin olunmasının əsasları iddiaçı tərəfindən tam aradan qaldırılsa da təkrar olaraq verilən vəsatət də yenidən təmin edilməmiş və səbəbi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin cavabdehin cəlb edilməsi ilə bağlı iddiaçının vəsatətini təmin etməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmasına imkan verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli e-2- 2(113)-1448/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı 09.06.2021-ci il tarixdə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən (ərizə verilən vaxt qüvvədə olmuş redaksiyada) məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə elektron kabinet vasitəsi ilə ərizə verərək cavabdehdən tələb etdiyi ziyan məbləğini azaldaraq 66305,02 ABŞ dolları ziyanın tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə bu ərizəni nəzərə almadan əvvəlki tələb üzrə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin həcminin azaldılması barədə elektron qaydada göndərilmiş ərizəni nəzərə almadan qətnamə qəbul etdiyindən mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinin Qatar Milli Turizm Şurasının cavabdeh qismində prosesə cəlb edilməsi barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsinin prosessual pozuntu olduğuna dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd ediln şirkətə qarşı iddia irəli sürərkən iddiaçı MPM-nin 150-ci maddəsinin tələblərinə riayət etmədiyindən (iddia ərizəsinin surətinin cavabdehə göndəilməsi və s) həmin vəsatət rədd edilərkən hər hansı prosessual pozuntuya yol verilməmişdir. İddiaçı iddia edir ki, cavabdeh ona qarşı əsassız iddia qaldırmış və o həmin işə baxılması ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən Thomas P.Howard MMC-yə hüquqi xidmətə görə 66305,02 ABŞ dolları vəsait ödəmişdir. Əsassız qaldırılmış iddia üzrə çəkilmiş xərclərin dəymiş ziyan olaraq tutulması barədə iddia tələbinin əsaslı hesab edilərək məhkəmə tərəfindən təmin edilməsi üçün iddiaçı tərəfindən iki hal sübut edilməli idi:
1. Cavabdehin iddiaçıya qarşı qaldırdığı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının mövcud olması;
2. Əvvəllər baxılmış məhkəmə mübahisəsi üzrə cavabdehin iddia tələbinin rədd edilməsi. Məhkəmə araşdırması zamanı cavabdehin etiraz ərizəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi ABŞ-nın Kolorado Dairə Məhkəməsində gedən mülki mübahisə yekunlaşmamışdır. İddia tərəf bu mübahisənin yekunlaşması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin iddiaya etirazı bununla əsaslandırılmışdır ki, "X5 (Q.C.S.C)" Şirkəti qeyd edilən məhkəmə mübahisəsi üzrə tərəf deyildir. Cavabdeh həmin prosesə qoşulmağa cəhd etsə də, iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsaslı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən, yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulması təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli e-2- 2(113)-1448/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07.09.2021-ci il tarixli e-2- 2(113)-1448/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi ( elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.