Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1260/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-553/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İŞİN HALLARİ
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 oğlu arasında 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK nömrəli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25,28 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir.
2. 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh3 oğlunun öhdəliklərinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 10/0171/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır.
3. 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh3 (borc alan, ipoteka qoyan) arasında xx.xx.2019-cu il tarixli 10/0171/KBK nömrəli ipotеka müqaviləsi bağlanaraq Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,, 230A-233, mənzil 103, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18, m5 ünvanında yerləşən ümumi sahəsi 99,70 kv.m-dən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 81.587,93 (səksən bir min beş yüz səksən yeddi manat 93 qəpik) manat borc olmaqla – bundan 47.011,36 (qırx yeddi min on bir manat 36 qəpik) manat əsas, 30.456,14 (otuz min dörd yüz əlli altı manat 14 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.120,43 (dörd min bir yüz iyirmi manat 43 qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 334.76 (üç yüz otuz dörd manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 230A-233, mənzil 103, Yeni qaydalarla: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18 nömrəli, ümumi sahəsi 99,70 kv.m olan mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********13-05301-093050 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 230A-233, mənzil 103, Yeni qaydalarla: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18 nömrəli, ümumi sahəsi 99,70 kv.m olan mənzil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 18 dekabr 2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə borcalan Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 18 dekabr 2019-cu il tarixli üç tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh3 əsas borcla razı olduğunu, faiz borcuna etiraz etdiyini bildirərək, borcun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8137/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10672 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2022-ci il tarixinə hesablanmış borc məbləği əsas borc üzrə 47.001,95 manat, faiz borcu üzrə 29.728,73 manat, xx.xx.2022-ci il tarixdən (müqavilənin müddətinin bitdiyi tarixdən) xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) yalnız əsas borca illik 5% hesablanmaqla borc 4.053,92 manat təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8137/2024 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir."xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,, 230A-233, mənzil 103 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 260.000 manat, bazar dəyəri 275.000 manat müəyyən edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-811/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.001 (qırx yeddi min bir) manat 95 (doxsan beş) qəpik, faiz borcu üzrə 29.728 (iyirmi doqquz min yeddi yüz iyirmi səkkiz) manat 73 (yetmiş üç) qəpik olmaqla, cəmi 76.730 (yetmiş altı min yeddi yüz otuz) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsi, əsas borca illik 5 % hesablanmaqla 4.053 (dörd min əlli üç) manat 92 (doxsan iki) qəpik məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsi, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 99,70 kv.m olan mənzilə ilkin satış qiyməti 260.000 (iki yüz altmış min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 332,38 (üç yüz otuz iki manat otuz səkkiz qəpik) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsi,ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi,ekspertiza xərcinin əvəzi olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh3 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürməsi qət edilmişdir.
10. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-811/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin faizlərin tutulması hissəsində tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə prosesləri başlamadan uzun müddət əvvəl də iddiaçının diqqətinə çatdırılmış, zəruri məhkəmə proseslərinin başlanılması məsləhət görülmüşdür. Qanunvericilik normalarından göründüyü kimi, iddiaçının hal-hazırki tələblərlə məhkəməyə müraciət etmək hüququ xx.xx.2023-cü il tarixindən (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən 90 gün sonra) etibarən yaranmışdır. Lakin iddiaçı qərəzli şəkildə bu hüququndan xx.xx.2024-cü il tarixində istifadə edərək məhkəməyə müraciət etmişdir. Bununla da, əsassız və şişirdilmiş faiz, dəbbə pulu tələbləri yaranmışdır. İddiaçının qeyd olunan əməlləri hüquqdan sui-istifadə olaraq qiymətləndirilməlidir. Belə ki, heç bir əlavə razılaşmanın, qalıq borcun yeni cədvəl üzrə ödənilməsinə razılaşamanın, ümumilikdə hər hansı dəyişikliyin olmamasına baxmayaraq iddiaçı məhkəməyə müraciət etmək üçün uzun müddət faiz borclarının artmasını gözləmişdir.
12. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
15. Digər tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
20. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
21. Həmin Məcəllənin Maddə 445.5-ci maddəsinə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
22. Həmin Məcəllənin 445.7-ci maddəsinə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
23. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
24. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
25. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın faizlərin tutulması hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
31. İşin müəyyən olunan halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK nömrəli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25,28 faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit verilmişdir. 18 dekabr 2019cu il tarixli 10/0171/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh3 oğlunun öhdəliklərinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 10/0171/KBK saylı zaminlik müqaviləsi bağlanmış,18 dekabr 2019-cu il tarixli 10/0171/KBK saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh3 (borc alan, ipoteka qoyan) arasında xx.xx.2019-cu il tarixli 10/0171/KBK nömrəli ipotеka müqaviləsi bağlanaraq Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,, 230A-233, mənzil 103, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 314, M18, m5 ünvanında yerləşən ümumi sahəsi 99,70 kv.m-dən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
32. İş materiallarına əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixə banka əsas borc üzrə 47.011,36 manat, faiz borcu üzrə 30.456,14 manat və əsas borca illik 5 faiz hesablanmaqla 4.120,43 manat borcu vardır.
33. Birinici instansiya məhkəməsinəd icraat zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10672 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2022-ci il tarixinə hesablanmış borc məbləği əsas borc üzrə 47.001,95 manat, faiz borcu üzrə 29.728,73 manat, xx.xx.2022-ci il tarixdən (müqavilənin müddətinin bitdiyi tarixdən) xx.xx.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) yalnız əsas borca illik 5% hesablanmaqla borc 4.053,92 manat təşkil etdiyi müəyyən olunmuşdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, 18 dekabr 2019-cu il tarixli 10/0171/KBK nömrəli kredit müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə əsasən, kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır və Kreditalan tərəfindən banka illik 23% olmaqla faiz ödənilir. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən, alınmış kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə olunmuş 1 saylı ödəniş qrafikində göstərilən tarixdə Plan üzrə bərabər hissələrlə ödənilir. Kredit müqaviləsi Cavabdeh3 tərəfindən imzalanaraq təsdiq edilmiş, həmçinin ödəniş qrafikini təsdiq edən kredit müqaviləsinə 1 saylı əlavə də “qrafiklə tanış oldum, razıyam qeydi ilə” Cavabdeh3 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
35. Göründüyü kimi, apellyator müqavilə üzrə illik 23% faizin ödənilməsinə razılaşmışdır.
36. Kollegiya, hazırkı apellyasiya baxışının predmeti olan gecikdirilmiş vaxt üçün illik 5% hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2ci maddələrinin tələblərindən irəli gəlir.
37. Məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, ekspert rəyini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, mübahisələndirilən faiz məbləği və gecikdirilmiş vaxt üçün illik 5% hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissələrdə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-811/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.