Məhkəmə qərarları › İş №2-2(103)-1265/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1265/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1265/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərə dair kommersiya iş üzrə Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 Rafiq qızına (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 166 319,80 (bir yüz altmış altı min üç yüz on doqquz manat səksən qəpik) manat əsas, 85 214,63 (səksən beş min iki yüz on dörd manat altmış üç qəpik) manat faiz və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 6606,60 (altı min altı yüz altı manat altmış qəpik) manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində mediasiya xərci, ödənilmiş 145 (bir yüz qırx beş) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsumun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Rafiq qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.1345 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 280.1 m2 olan 306 nömrəli bağ evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 Rafiq qızından müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, həmin qətnamədən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100 000 manatdan 1 000 000 manatadək olduqda, 390 manat + 100 000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində rüsum ödənilməlidir. İşin hallarından görünür ki, iddianın qiyməti 258 750,03 manat təşkil edir və buna görə də apellyasiya şikayəti üçün ən azı 274 manat rüsum ödənilməlidir; lakin iddiaçı 75 manat rüsum ödəmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-241/2024 saylı iş üzrə 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq apellyasiya şikayətinin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar