Məhkəmə qərarları › İş №2-2(103)-1270/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1270/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1270/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1101/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 K3331 saylı kredit üzrə 50000 manat əsas borc, 2822,91 manat faiz borcu, 14000 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2583,33 manat olmaqla, cəmi 69406,24 manat borcun İddiaçı ASCnin xeyrinə tutulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.08.2021-ci il tarixli e-2-2(113)-1101/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 K3331 saylı kredit üzrə 50000 manat əsas borc, 2822,91 manat faiz borcu, 1593,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2583,33 manat olmaqla, cəmi 57000 manat və dövlət rüsumu kimi ödənilmiş 24,63 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pulun 164,24 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada, 35,76 manatının isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 04.05.2017-ci il tarixli GTC-185LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X6 (bundan sonra “Müqavilə) imzalanmışdır. Sonradan həmin müqavilə çərçivəsində tərəflər arasında 03.07.2019-cu il tarixli K3331 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 03.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0417%) olmaqla, 50000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında 03.07.2019-cu il tarixli, Z3441 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə cərimə borcu 14000 manat təşkil edir. Cavabdeh həmin hissədə iddiaya etiraz edir. Kredit borcunun hesablanması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli 9/2364 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin 03.07.2019-cu il tarixli K3331 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 03.07.2020-ci il tarixə "xxxx"ASC-yə olan borcu 50000 manat əsas, 2822,93 manat faiz, 133,33 manat cərimə borcu olmaqla ümumilikdə 52956,26 manat məbləğində, "xxxx" MMC-nin 03.07.2019-cu il tarixli K3331 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 03.07.2020-ci il tarixdən 16.03.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1756,94 manat təşkil edir. 16.03.2021-ci il tarixə "xxxx" MMC-nin "xxxx"ASC-yə olan borcu 50000 manat əsas, 4579,87 manat faiz, 11288,89 manat cərimə borcu olmaqla ümumilkdə 65868,76 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cərimə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, dəbbə pulu yalnız müqavilə müddəti üçün hesablanıla bilər. Müqavilə müddəti bitdikdən sonra isə kreditor mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07 iyun 2021-ci il tarixli 9/2364 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilən son ödəniş tarixinə, yəni 03.07.2020-ci il tarixə olan cərimə borcu 133,33 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1101/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar