Məhkəmə qərarları › İş №2-2(103)-1273/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1273/2021

21.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1273/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3182/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 424543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543,19 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli e-2-2(113)-3182/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 361668,39 manat məbləğində əldən çıxmış faydanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25,55 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 4,45 manat məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə "xxxx" MMC arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0-2107- 12(Ə1) saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən cavabdehə illik 18 faizlə 36 ay müddətinə, yəni 23.11.2015-ci il tarixədək 1.045.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, həmin tərəflər arasında 23 noyabr 2012ci il tarixli girov müqaviləsi və eyni tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklar girovla və Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən, 6315,45 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia təmin edilərək, cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ümumilikdə 1.335.391,41 manatın tutulması, tutmanın 23.11.2012-ci il tarixli 10-BİZ-3-0-2107-12 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklara və 23.11.2012-ci il tarixli 10-BİZ-0-0-2107-12 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və 1.800.000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən, 6315,45 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilərək bütün daşınar əmlaklar və əmlak kompleksinin açıq hərracda çıxarılaraq satılması, cavabdehin "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcu satışdan əldə olunan vəsait hesabına ödənilməsi və borcun tam ödənilməsindən sonra daşınar və daşınmaz əmlakların açıq hərracda satışından əldə olunan vəsaitin qalan hissəsinin cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı bildirir ki, cavabdehin 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə halhazırda banka gecikdirilmiş vaxt üçün 30 yanvar 2015-ci il tarixdən 07 may 2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 424543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543,19 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 30 yanvar 2015-ci il tarixli qətnamənin icrası gecikdirilmiş, lakin cavabdeh tərəfdən hər hansı laqeyd münasibət göstərilməmiş cavabdeh 30.01.2015-ci il tarixli qətnamənin icrasına razı olaraq qətnamənin icrasına maraqlı olmuşdur. 18.04.2018-ci il tarixdə "xxxx" MMC-yə Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən əmlakın qiymətləndirilməsi barədə müraciət olunmuşdur. Lakin 24.04.2018-ci il tarixdə "xxxx" MMC tərəfindən əmlakların qiymətləndirilməsi barədə hesabat təqdim olunmuş, həmin hesabata əsasən əmlak 5.700.000 manat dəyərində qiymətləndirilməsinə baxmayaraq, 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, həmin əmlak hərraca çıxarılmamışdır. 27.02.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin təqdimatı əsasında "xxxx" MMC-yə müraciət olunaraq, əmlakın 5.700.000 manat məbləğində qiymətləndirildiyini və əmlakın həmin qiymətə hərrac yolu ilə satılmasına dair sərəncam verilməsi xahiş olunmuşdur. 17.06.2020-ci il tarixdə hərrac keçirilmiş, 25.06.2020-ci il tarixdə icra idarəsinin təqdimatı əsasında tələbkarın xahişi ilə hərrac dayandırılmışdır. Həmin gündən bu günədək hərrac keçirilməmiş, qətnamənin icrası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 21, 445.7, 449.1-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarına əsaslanaraq əldən çıxmış faydanın tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Eyni zamanda, Mülki Məcəllənin 445 və 449-cu maddələrinin bütövlükdə təfsiri, xüsusən də Mülki Məcəllənin 445.1-ci maddəsinin (icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır) və 449.3-cü maddəsinin (əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər) təfsirindən müəyyən edilir ki, Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrində göstərilən faiz məbləğləri də zərərdir. Zərərin əvəzinin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan biri isə zərər vuran şəxsin təqsirli olmasıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaransa da, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən 36 aylıq müddət bitmədən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov-ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə cavabdehə verilən kredit vəsaitindən istifadə müddəti 36 ay müəyyən edilmiş və həmin müddət 23 noyabr 2015-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin tarixdən əvvəl məhkəmədə iddia qaldırmış və Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək cəmi ödənilməli olan kredit borcu 1.335.391,41 manat məbləğində, girov qoyulmuş əmlakların dəyəri 654.720 manat və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyəri 1.800.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda isə həmin qətnamə Mülki Prosessual Məcəllənin 233.1-cü maddəsinin o zaman qüvvədə olan redaksiyasına görə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minmişdir. Göründüyü kimi həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni 23 noyabr 2015-ci il tarixə qədər olan müddət 9 aya yaxın müddət təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, həmin qətnamə vaxtında icraya yönəldilsəydi 23 noyabr 2015-ci il tarixə qədər kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi təmin edilə bilərdi. Lakin iş materiallarından müəyyən edilir ki, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, iddiaçının ərizəsi əsasında icra hərəkətlərinin sona çatdırılması mümkün olmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)-29/2015 saylı icra sənədi üzrə 25.11.2016-cı il tarixdə icra işi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Daha sonra "xxxx" MMC-yə tələb yönəlmiş əmlakın açıq hərrac yolu ilə satılması üçün müraciət edilmişdir. Lakin "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin 21.01.2019-cu il tarixli müraciəti ilə iş üzrə tələb yönəlmiş əmlaka münasibətdə hərrac keçirilmədən geri qaytarılmasını xahiş etmişdir. Tələbkarın müraciəti əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinin 28.01.2019-cu il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Daha sonra tələbkar "xxxx" İKB ASC ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən verilmiş 2-2(83)- 29/2015 saylı 21.10.2016-cı il tarixli icra sənədinin yenidən icra olunması üçün Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş və məhkəmənin 26 fevral 2019-cu il tarixli məktubu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2016-cı il tarixli 2-2(83)-29/2015 nömrəli icra vərəqəsi əvvəlki icra işi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Göründüyü kimi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2- 2(83)-29/2015 saylı qətnaməsinin kredit müqaviləsi ilə müəyyən edilən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni 23 noyabr 2015-ci il tarixə qədər və ümumiyyətlə hazıra qədər icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Çünki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Əksinə icra işi üzrə materiallardan görünür ki, iddiaçı özü icra idarəsinə ərizə verərək, icra işinin dayandırılmasını xahiş etmiş və icra sənədi ən azı 1 il ərzində də məhz bu səbəbə görə icra olunmamışdır. Göründüyü kimi icra sənədinin hərəkətsiz qalmasında iddiaçının təşəbbüsü olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşin hallarını və qeyd olunan maddələrin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu baxımdan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında (kredit müqaviləsi üzrə müəyyən edilən 36 aylıq müddət bitmədən) icra olunmamasına görə cavabdehin təqsiri olmadığından kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3182/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 424543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543,19 manat məbləğində borcun tutulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar