Məhkəmə qərarları › İş №2-2(103)-1278/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1278/2021

01.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1278/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2822/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva ) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin 04.03.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 24658,85 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 73700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 04.03.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 04.03.2021-ci il il tarixə yaranan 24658,85 manat borcuna görə 73700 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 09.03.2021-ci il tarixli **********5 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 15.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 04.03.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 24658,85 manat ödənilməmiş borcu qalmışdır Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2822/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə cavabdehin iştirakı olmadan tələsik baxmışdır. Binəqədi rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qərarı ilə ərizəçiyə məxsus binanın yaşayış və qeyri yaşayış sahələrinin üzərinə həbs qoyulmuş və satışı qadağan edilmişdir. 01.07.2021-ci il tarixdə isə həmin binanın üzərinə qoyulmuş həbs götürülmüşdür. Bu o deməkdir ki, ərizəçi qısa müddətdə öz öhdəliklərini tam yerinə yetirəcək. Bu barədə vergi orqanına bildirilməsinə baxmayaraq vergi orqanı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə apelyasiya qaydasında baxılması 01.12.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2822/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki 21.01.2021-ci il tarixli **********619800 qeydiyyat nömrəli **********7 nömrəli bildirişdən görünür ki, Cavabdeh MMC-nin 21.01.2021-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 24658,85 manat məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 04.03.2021-ci il tarixli **********5 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin əmlaklarının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında 09.03.2021-ci il tarixli **********5 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 73700 manat dəyərində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 04.03.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin ünvan 1 ünvanı A blok 11-ci mərtəbədə yerləşən yaşayış sahəsi siyahıya alınmış əmlakı məsul saxlanma üçün X1 təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 15.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC-yə əmlakının siyahıya alındığı vaxtdan 30 gün müdətində borc dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.14.1-ci maddəsinə əsasən, siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə icra məmuru tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. Qeyd edilən normaların tələblərinə əsasən cavabdehin 04.03.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 24658,85 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 73700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi qanuni və əsaslı hesab edilərək məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən tələsik baxıldığına və cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən tədbir görülmədiyinə dair şikayətdə qeyd edilənlər əsassızdır. İş materiallarından görünür ki, iş üzrə ilk dəfə 30.06.2021-ci il tarixdə məhkəmə baxışı iclası keçirilmiş, cavabdehim hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişi çatmadığı üçün məhkəmə iclası 22.07.2021-ci il tarixə təxirə salınmış, 21.07.2021-ci il tarixdə cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək vəkilin iş materialları ilə tanış ola bilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası 29.07.2021-ci il tarixə təxirə salınmış, həmin tarixli iclasda cavabdehin vəkili və nümayəndəsi Vəkil borcun qısa müddət ərzində ödəniləcəyini göstərərək iclasın təxirə salınmasını xahiş etmiş, vəsatət məhkəmə tərəfindən təmin edilərək məhkəmə iclası 09.09.2021-ci il tarixə təxirə salınmış və həmin iclasda məhkəmə tərəflərin iştirakı olmadan qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün hər hansı digər əsas qeyd edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2822/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2822/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar