Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1278/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələblərinə dair kommersiya mübahisəsi Açar söz: lizinq obyektinin qaytarılması Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə4, Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “kredit və lizinq müqavilələri üzrə borcun ödənilməsi və.s” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. "xxxx" İKB ASC ilə “Sarar” İstehsalat Məmulatları MMC arasında bağlanmış 2016-cı il 27 may tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 14 %-lə 60 ay müddətinə 1 052 322 manat məbləğində Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatları lizinqə verilmişdir. Bundan sonra Bankla 2017-ci il 15 avqust tarixində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanmış və lizinq müqaviləsi üzrə öhdəliklər “Sarar” İstehsalat Məmulatları MMC-dən Cavabdeh1 MMC-yə ötürülmüşdür (2017-ci il 31 mart tarixində imzalanmış 3 nömrəli Əlavədə lizinq obyekti təsvir edilmişdir).
2. "xxxx" İKB ASC ilə “Sarar” İstehsalat Məmulatları MMC arasında bağlanmış 2016-cı il 9 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 12 %-lə 144 ay müddətinə 1 130 779 manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1 267,1 m2 əmlak kompleksi lizinqə verilmişdir. Bankla 2017-ci il 15 avqust tarixində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanmış və lizinq müqaviləsi üzrə öhdəliklər “Sarar” İstehsalat Məmulatları MMC-dən Cavabdeh1 MMC-yə ötürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2020-ci il 16 iyun tarixində iddia və daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək “Dadaş–N“ MMC-dən (bundan sonra – “MMC”), Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə 2019-ci il 18 iyul tarixli kredit müqaviləsi üzrə 709 085,46 ABŞ dolları əsas, 392 766,23 ABŞ dolları faiz, 367 399,38 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1 469 251,07 ABŞ dolları məbləğində borcun, 2 101,22 manat ödənilmiş dövlət rüsumunun və digər xərclərin tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (bundan sonra –“ipoteka predmeti”) yönəldilməsi, MMC-dən iddiaçının xeyrinə 2016-cı il 27 may tarixli daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra – “birinci lizinq müqaviləsi”) üzrə 109 390,46 manat faiz, 78 249,79 manat cərimə borcu və 1 760,20 manat əldən çıxmış fayda olmaqla ümumlikdə 189 400,45 manat məbləğində borcun tutulması, MMC-dən və Cavabdeh3 iddiaçının xeyrinə 2016-ci il 9 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra – “ikinci lizinq müqaviləsi”) üzrə 322 929,41 manat məbləğində əsas, 453 125,07 manat faiz borcu və 114 868,87 manat cərimə borcu olmaqla ümumlikdə 890 923,35 manat məbləğində borcun tutulması, MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatlarının (bundan sonra – “birinci lizinq obyekti”) iddiaçıya qaytarılması, MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267,1 m2 əmlak kompleksinin (“ikinci lizinq obyekti”) boşaldılaraq iddiaçıya qaytarılması, 2019-ci il 17 iyul tarixli baş kredit müqaviləsinin, birinci və ikinci lizinq müqavilələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixli, 6-BİZ-5-0-80- 19 №li baş kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə "xxxx" İKB ASC-nin “MXD” filialından illik 24%-lə 120 ay müddətinə 3.300.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2019-ci il tarixli, 6-B Z-5-0-80-19/1 №li kredit müqaviləsinə əsasən “Dadaş-N “MMC "xxxx" İKB ASC-nin “MXD" filialından illik 7 %-lə 12 ay müddətinə 1.680.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh3 ilə xx.xx.2019-ci il tarixli, “Emperor Horizon “ MMC ilə xx.xx.2019-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019- cu il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. "xxxx" İKB ASC ilə “Sarar” İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 14 %-lə 60 ay müddətinə 1.052.322 manat məbləğində Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatları lizinqə verilmişdir və xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda "xxxx" İKB ASC ilə “Sarar” istehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 12 %- lə 144 ay müddətinə 1.130.779 manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi lizinqə verilmişdir. xx.xx.2017-ci il tarixli “Öhdəliklərin ötürülməsi və qəbulu” haqqında №01/2017 DML saylı müqaviləyə əsasən Cavabdeh1 MMC “Sarar” İstehsalat Məhsulları MMC-nin Bank qarşısında götürdüyü bütün öhdəliklərini heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və Bank qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Lizinq müqaviləsinin 1.4- ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1 %-lə cərimə ödəyir. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Cavabdeh tərəfindən yuxarıda göstərilən kredit və lizinq müqavilələrinin şərtləri vaxtında yerinə yetirilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərinə dair iddiasının “Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının boşaldılması və banka təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" İKB ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 iyul 2019-cu il tarixli baş kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi və xx.xx.2017-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilmiş hesab edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 709.085 (yeddi yüz doqquz min səksən beş) ABŞ dolları, 46 (qırx altı) sent, faiz borcu üzrə 392.766 (üç yüz doxsan iki min yeddi yüz altmış altı) ABŞ dolları, 23 (iyirmi üç) sent, cərimə borcu üzrə 35.000 (otuz beş min) ABŞ dolları olmaqla, cəmi 1.136.851 (bir milyon bir yüz otuz altı min səkkiz yüz əlli bir) ABŞ dolları, 69 (altmış doqquz) sent məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 3.300.000 (üç milyon üç yüz min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2016cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 322.929 (üç yüz iyirmi iki min doqquz yüz iyirmi doqquz) manat, 41 (qırx bir) qəpik, mükafat borcu üzrə 379,597 (üç yüz yetmiş doqquz min beş yüz doxsan yeddi) manat, 61 (altmış bir) qəpik, cərimə borcu üzrə 16.000 (on altı min) manat olmaqla, cəmi 718.527 (yeddi yüz on səkkiz min beş yüz iyirmi yeddi) manat, 02 (iki) qəpik məbləğində pulun tutulması, Cavabdeh1 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2017ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən mükafat borcu üzrə 54.982 (əlli dörd min doqquz yüz səksən iki) manat, 86 (səksən altı) qəpik, cərimə borcu üzrə 2.700 (iki min yeddi yüz) manat olmaqla, cəmi 57.682 (əlli yeddi min altı yüz səksən iki) manat, 86 (səksən altı) qəpik məbləğində pulun tutulması, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.101 (iki min bir yüz bir) manat, 22 (iyirmi iki) qəpik məbləğində pulun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində pulun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 200 (iki yüz) manat, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Kənan Hüseynov).
7. Məhkəmə hesab etmişdir ki, birinci lizinq müqaviləsinə əsasən mükafat borcu üzrə ekspert rəyində müəyyənləşdirilmiş 54.982,86 manat məbləğində pul MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin həmin məbləğlə iddiaçı da razılaşmışdır. Bundan başqa həmin müqavilə üzrə 2.700 manat məbləğində dəbbə pulu daha ağlabatandır.
8. Məhkəmə vurğulamışdır ki, iddiaçı MMC-dən həmin müqavilə üzrə 1.760,20 manat əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, əldən çıxmış faydanın nədən ibarət olduğunu sübut edə bilmədiyi üçün iddia həmin hissədə təmin oluna bilməz.
9. Məhkəmə iclasında iddiaçı tərəfdən adı çəkilən lizinq müqaviləsi üzrə tam məbləğin tələb edilib-edilməməsi soruşulmuş və iddiaçı da müqavilə üzrə tam məbləğin tələb olunduğunu bildirmişdir. Ona görə də bu lizinq müqaviləsi üzrə lizinq obyektinin iddiaçıya qaytarılması hissəsində iddia təmin edilə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə əsasən ikinci lizinq müqaviləsi üzrə borclunun banka əsas borcu 322.926,57 manat, mükafat borcu 379.597,61 manatdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı tərəf ekspert rəyinin həmin hissəsi ilə razı olduğunu bildirmişdir. Ona görə də MMC-dən həmin rəydə müəyyənləşdirilmiş məbləğlər tutulmalıdır.Həmçinin həmin müqavilə üzrə 16.000 manat məbləğində dəbbə pulu daha ağlabatandır.
11. Məhkəmə ikinci lizinq müqaviləsi üzrə lizinq obyektinin qaytarılması ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçıdan lizinq müqaviləsi üzrə tam məbləğin tələb edilibedilməməsi soruşulmuş, iddiaçı da tam məbləğin tələb olunmadığını bildirmişdir. Bu müqavilə üzrə lizinq obyektinin dəyəri 1.130.779 manatdır. Ekspert rəyinin təsviri əsaslandırıcı hissəsindən görünür ki, həmin lizinq müqaviləsi üzrə ödənilməli əsas məbləğ 496.304,48 manat, ödənilməli mükafat məbləği isə 810.657,04 manat, ümumilikdə isə 1.306 961,52 manat təşkil edir. Həmin ekspert rəyinə əsasən ödənilmiş əsas məbləğ 173.377,91 manat, ödənilmiş mükafat məbləği 431.059,43 manat, cəmi, 604.437,34 manat təşkil etmişdir. Məhkəmə tərəfindən isə hazırda əsas borc üzrə 322.929,41 manat, mükafat borcu üzrə 379.597,61 manat məbləğində pul olmaqla cəmi, 702.527,02 manat məbləğində pul tutulmuşdur.
12. İkinci lizinq müqaviləsi üzrə MMC tərəfindən edilmiş olan cəmi 604.437,34 manat və məhkəmə tərəfindən tutulan 702.527,02 manat əsas və mükafat məbləği toplandıqda görünür ki, 1.306.964,36 alınır. Yəni qeyd edilmiş məbləğ lizinq müqaviləsi üzrə nəzərdə tutulan əsas və mükafat məbləğlərinin tam cəmini əhatə edir.
13. Ona görə də məhkəmə hesab etmişdir ki, ikinci lizinq obyektinin iddiaçıya qaytarılması tələbi təmin oluna bilməz. Həmçinin lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda iddiaçı həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı, eyni zamanda verilmiş lizinq obyektinin geri qaytarılmasını tələb etməsi nə qanunun mahiyyəti uyğundur, nə də yuxarıda qeyd olunmuş məqsədlərə nail olmağa yönəlmişdir.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, müqavilələr üzrə öhdəliklərin icra edilməsi cavabdeh tərəfindən pozulduğundan kredit müqaviləsi və lizinq müqavilələri ləğv olunmuş hesab edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 269.5, 317.1, 425, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 747.1, 748-1.12, 748- 1.12.4, 748-2.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə iddiaçı tərəf xx.xx.2024-cü il tarixə əsas borcu 322.929,41 manat, faiz borcu üzrə 453.125,07 manat, cərimə borcu üzrə 114.868,87 manat olmaqla, cəmi 890.923,35 manat tələb etsə də, məhkəmə faiz borcu üzrə sadəcə ekspertin rəyini nəzərə almış, cərimə məbləğini də öz təşəbbüsü ilə kəskin şəkildə müqavilə üzrə hesablanmağı nəzərdə tutulmuş cərimə miqdarına uyğun olmayan məbləğdə tutulmasını qət etmişdir. Belə olan halda, məhkəmə sübutlara eyni qaydada qiymət verməmiş və ekspert rəyinə uyğun faiz borcunun və cərimə məbləğinin xeyli dərəcədə aşağı salınması ilə iddiaçı tərəfin müqavilə münasiətləri üzrə nəzərdə tutulmuş hüquq və mənafelərinin kəskin şəkildə pozulmasına səbəb olmuşdur. Dəbbə pulu ilə bağlı müddəa məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə nəzərə alınmamışdır. Çünki xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb olunacağı tərəflərin yazılı iradə ifadəsinə əsasən razılaşdırılmışdır. İşin hallarından da bəlli olduğu kimi cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə uzun müddət ərzində ödənişlər aparılmamış və ya lazımınca öhdəliklər icra olunmamışdır. Belə olan halda, məhkəmənin öz təşəbbüsü ilə kredit müqaviləsinin qeyd olunmuş şərtinə aşkar şəkildə pozulmasına baxmayaraq, cərimə məbləğinin kəskin şəkildə azaldılması iddiaçı tərəfin qanunvericiliklə kredit müqaviləsinin təminatı kimi çıxış edən dəbbə pulu ilə bağlı hüquq və mənafelərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. xx.xx.2016-cı il tarixli (xx.xx.2017-ci il tarixli əlavə) daxili maliyə lizinq müqaviləsi üzrə 2.700 manat məbləğində dəbbə pulunun tutulmasının nəyə əsasən ağlabatan hesab edildiyi bəlli deyildir. Çünki xx.xx.2016- cı il tarixli (xx.xx.2017-ci il tarixli əlavə) daxili maliyə lizinq müqaviləsinin 3.4-ci bəndinə əsasən, Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1 %- lə cərimə ödəyir. İşin hallarından da bəlli olduğu kimi cavabdeh tərəfindən həmin daxili maliyə lizinq müqaviləsi üzrə uzun müddət ərzində ödənişlər aparılmamış və ya lazımınca öhdəliklər icra olunmamışdır. Belə olan halda, məhkəmənin öz təşəbbüsü ilə daxili maliyə lizinq müqaviləsinin qeyd olunmuş şərtinə aşkar şəkildə pozulmasına baxmayaraq, cərimə məbləğinin kəskin şəkildə azaldılması iddiaçı tərəfin qanunvericiliklə əqdlərin təminatı kimi çıxış edən dəbbə pulu ilə bağlı hüquq və mənafelərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə borc məbləği zamindən tutulmamışdır. "xxxx" İKB ASC ilə“Sarar” İstehsalat Məmulatları MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 14 %-lə 60 ay müddətinə 1.052.322 manat məbləğində Belçika və Türkiyə istehsalı olan Xalçatoxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatları lizinqə verilmişdir və xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən qeyd olunan daxili maliyyə lizinq müqaviləsi üzrə borc məbləğinin zamindən tutulmamasını düzgün hesab etmir. Belə ki, iş üzrə ilkin iddia tələbində və sonrakı iddia tələbinə əlavə barədə ərizələrdə qeyd olunan müqavilə üzrə zamindən tələb olmuşdur, eləcə də iş üzrə xx.xx.2017-ci il tarixli Cavabdeh3 ilə zaminlik müqaviləsi iş materiallarında mövcuddur. Zamin əsas borclu ilə birgə məsuliyyət daşıdığı üçün zaminlik müqaviləsinin və zaminə qarşı tələbin olmasına baxmayaraq borcun zamindən tutulmamasını qanuna zidd hesab edir. Məhkəmə “Dadaş–N “ MMC-dən xx.xx.2016-cı il tarixli (xx.xx.2017-ci il tarixli əlavə) daxili maliyə lizinq müqaviləsi üzrə 1.760,20 manat əldən çıxmış faydanın tutulmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından əldən çıxmış faydanın nədən ibarət olduğunu sübut edilə bilməməsi əsası ilə təmin etməmişdir. Bu məsələ ilə bağlı qeyd etmək istəyir ki, qeyd olunan daxili maliyyə lizinq müqaviləsi 60 ay müddətinə bağlanmışdır və müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Müqavilənin müddəti bitdikdən sonra iddiaçının ödənilməmiş borca münasibətdə əldən çıxmış faydanın tələb edilməsi kimi hüququ vardır. Məhkəmənin qətnaməsində qeyd olunan daxili maliyyə lizinq müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra ödənilməmiş borca əldən çıxmış fayda kimi 5% borc tələbi üçün əlavə nə kimi sübut tələb etməsi aydın deyildir. Çünki müqavilə müddətinin bitməsi və buna müvafiq olaraq da, ödənilməmiş borca 5% yaranması faktiki və hüquqi cəhətdən iş üzrə zəruri sənədlərlə sübut olunan haldır və həmin daxili maliyyə lizinq müqaviləsi üzrə bütün zəruri sənədlər iş materiallarında mövcuddur. Mülki qanunvericiliyin qeyd olunan normasından aydın olduğu kimi, lizinq alan tərəfindən iki dəfədən artıq olaraq lizinq ödənişlərinin ardıcıl olaraq ödənilməməsi, lizinq müqaviləsinin xitamına səbəb olmaqla lizinq obyektinin mübahisəsiz lizinq verənə verilməsinə gətirib çıxarır. Hazırki iş üzrə cavabdeh tərəfindən hər iki daxili maliyyə lizinq müqavilələri üzrə-(xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli) lizinq ödənişləri iki dəfədən daha artıq olmaqla vaxtı vaxtında icra olunmamış, həmçinin lizinq obyektinin qaytarılması ilə bağlı lizinq alana yazılı müraciət edilməsinə baxmayaraq bu tələbə məhəl qoyulmamışdır. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1- ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq obyektinin qaytarılması tərəflər arasında bağlanmış müqavilə və mülki qanunvericiliyə əsasən birbaşa göstəriş kimi qoyulsa da, məhkəmə tərəfindən nə müqavilə üzrə razılaşdırılmış tələb, nə də mülki qanunvericiliyin qeyd olunan norması nəzərə alınmamışdır. Həm mülki qanunvericiliyin (bax yuxarıda 17-ci bənd), həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Lizinq ödənişlərinin ümumi məbləği, lizinq müqaviləsinə əlavə formasında, lizinq verən və lizinq alan tərəfindən təsdiq edilir. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Ali Məhkəmənin qeyd olunan lizinq mübahisələri ilə əlaqədar məhkəmə təcrübəsininin vahidliyinin təmin edilməsi üçün qərardadında göstərilmiş mövqedən də bəlli olur ki, lizinq alan tərəfindən aparılmış ödənişlər olsa belə, bu lizinq obyektinə lizinq alanın mülkiyyət hüququnun tanınması üçün əsas deyildir, lakin məhkəmə tərəfindən hazırkı iş üzrə məhkəmə təcrübəsinin vahidliyi ilə bağlıAli Məhkəməninmövqeyinə zidd yanaşma irəli sürülmüşiddiaçı tərəfindən lizinq obyektinin dəyərindən artıq məbləğdə pul tələb olunması və məhkəmə qərarı ilə tutulması lizinq obyektinin geri qaytarılması üçün əsas olmaması nəticəsinə gəlinmiş və bu heç bir normativ hüquqi akta və hüquqi əsaslandırmaya söykənmir. Məhkəmənin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, lizinq müqaviləsi üzrə faizlərin, ödənişlərin gecikdirildiyi təqdirdə əlavə faiz və cərimələrin hesablanacağı barədə bənd öz əksini tapmışdır. Həmin faizlərin və cərimələrin hesablanması ilə bağlı müddəa lizinq müqaviləsinin digər şərtlərinə və Qanuna zidd deyildir. Yəni, cavabdeh tərəfindən gecikdirilmiş əsas və faiz borcu, eləcə də cərimə borcu üzrə pulun tələb edilməsi və onun tutulması, müqavilənin lizinq obyektinin geri qaytarılması ilə bağlı şərtinin qüvvədən düşməsinə səbəb olmur. Lakin məhkəmə tərəfindən qeyd olunan norma bu formada təfsir edilməmişdir. Həmçinin onu da qeyd etmək zəruridir ki, məhkəmənin lizinq obyektinin qaytarılması barədə iddia tələbinin təmin edilməməsi ilə məhkəmə iddiaçının hal-hazırda da həmin lizinq obyektlərindən istifadə etməklə gəlir əldə etmək imkanından məhrum olmasına səbəb olmuş, cavabdehin isə əsassız şəkildə lizinq obyektlərindən qanunsuz sahibliyində qalaraq, gəlir, mənfəət əldə etmələrinə səbəb olmuşdur. Lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Yəni iddiaçı tərəfindən təqdim olunmuş sübutlar: xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinq müqaviləsinin şərtləri, maliyyə arayışı, ödəniş cədvəli və hesabdan çıxarış məlumatları ola bilər ki, ekspert tərəfindən qarşılıqlı olaraq araşdırılmamışdır. Çünki müqaviləyə və qanuna uyğun olaraq borclu tərəfindən ödənilən vəsait ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə ilə ödənildikdə, kreditor ilk növbədə həmin günə hesablanmış cərimə, faiz, artıq qalan məbləği isə əsasdan silə bilər. Yəni ekspert tərəfindən bu kimi hallar tam araşdırılmamışdır. Məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamış və sadəcə ekspertin rəyi nəzərə alınaraq faiz borcunun tutulması ilə iddiaçı tərəfin hüquq və mənafelərinin pozulmasına səbəb olmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)- 76/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına münasibətdə xitam verilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Bakı Apellyasiya Məhkəməsində birinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-2(103)-76/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, L.Əliyeva və T.Mahmudova).
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli qərardadının 48-ci bəndinə istinadı ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Ali Məhkəmənin qeyd edilən qərardadı ödənişlər müqabilində lizinq alanın lizinq obyektinə mülkiyyət hüququnun tanınması məsələsinə aydınlıq gətirmiş və hazırkı mübahisəyə aidiyyəti yoxdur. İddiaçının həm müqaviləyə xitam verilməsini, həm də müqavilədə nəzərdə tutulan ödənişlərin tam olaraq tələb etməsi onun lizinq obyektlərinin sahiblikdən geri istəməsini istisna edir. Odur ki, məhkəmənin bu qənaəti əsaslıdır.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 269.5, 317.1, 427.3, 442, 443.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5 və 748- 7.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2025-ci il tarixli, 2-2(102)-441/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-2(103)-76/2025 nömrəli qətnaməsi qismən - 9 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: B.Qəribov - sədrlik edən və məruzəçi, E.Şamayev və B.Məmmədli)
26. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, MM-in 747.1-ci maddəsinə görə lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Eləcə də MM-in 748-2.5-ci maddəsində təsbit edilmişdir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmçinin MM-in 748-10.1-ci maddəsində qeyd olunmuşdur ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bundan başqa tərəflər arasında bağlanmış ikinci lizinq müqaviləsinin 1.5.1-ci maddəsindən görünür ki, lizinq alan yalnız hazırkı müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra əmlaka olan mülkiyyət və sərəncam hüququnu əldə edə bilər. Qeyd olunan normaların və müqavilənin müvafiq bəndinin əlaqəli təhlilindən aydın olur ki, lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi üçün lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişlərin hamısı lizinq alan tərəfindən ödənilməlidir. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin ikinci lizinq müqaviləsi üzrə cavabdehdən tutduğu məbləğ ümumilikdə 718 527,02 manat olmaqla həmin müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş ümumi lizinq ödənişinin məbləğinə uyğun gəlmir və bu lizinq müqaviləsi üzrə obyektin cavabdehin mülkiyyətinə ötürülməsinə zəmin yaradan hüquqi fakt kimi dəyərləndirməni istisna edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən adı çəkilən prosessual hüquq normalarının tələbləri pozulmuş, ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafiki nəzərə alınmamış və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmuşdur.
27. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 747.1, 747.3, 748- 1.12, 748-1.12.4, 748-2.5 və 748-10.1-cu maddələri, MPM-in 14.2, 77.1, 88, 416.1 və 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
28. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
29. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
30. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
31. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747.3-cü maddəsinə göə lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır”. - 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci madəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 oktyabr 2025-ci il tarixli, 2-2(102)-441/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2- 2(103)-76/2025 nömrəli qətnaməsi 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində ləğv edildiyindən və qalan hissələrdə dəyişdirilmədən saxlanıldığından, hazırkı apellyasiya baxışının predmetini 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, Dadaş-N MMC-yə (“Sarar” İstehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarılmalıdır.
38. Belə ki, tərəflər arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 1.5.1-ci maddəsindən görünür ki, lizinq alan yalnız hazırkı müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra əmlaka olan mülkiyyət və sərəncam hüququnu əldə edə bilər.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
40. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Plenum qərarında təsbit edilmişdir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.
41. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli qərardadında qeyd olunur ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Müli Məcəllənin lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır. Göründüyü kimi, həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış ikinci lizinq müqaviləsi üzrə müqavilənin qüvvədə olma müddəti 09 sentyabr 2028-ci ilədək müəyyənləşdirilmişdir. Həmin müqavilə üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafiki üzrə bütün lizinq ödənişləri cavabdeh tərəfindən ödənilməlidir. Həmin ödəniş qrafikinə görə sonuncu ödəniş tarixi 09 sentyabr 2028-ci il olmaqla bu müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 2.138.669 manat təşkil edir. Lakin iddiaçı həmin müqavilə üzrə 19 yanvar 2024-cü il tarixinə olan borcun tutulmasını tələb etmiş, həmçinin iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim olunmuş 12 iyun 2024-cü il tarixli ekspert rəyində ikinci lizinq müqaviləsi üzrə 19 yanvar və 01 mart 2024-cü il tarixinə olan borclar hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehdən ödənilməsi tələb olunan əsas borcun 19 yanvar 2024-cü il tarixinə hesablanmasına əhəmiyyət verməmişdir.
43. Birinci instansiya məhkəməsi isə ikinci lizinq müqaviləsi üzrə cavabdehdən ümumilikdə 718.527,02 manat tutulması qənaətinə gəlmişdir. Göründüyü kimi, tutulan məbləğ müqavilə üzrə nəzərdə tutulmuş tam məbləğ olmadığı üçün, bu məbləğin ödənilməsi cavabdehə lizinq obyekti üzərində mülkiyyət hüququnun yaranmasına əsas vermir. Müqavilə üzrə lizinq obyekti üzərində mülkiyyət hüququnun yaranması yalnız 09 sentyabr 2028-ci ilə qədər olan bütün öhdəliklər icra edildikdə mümkün ola bilər.
44. Lakin birinci instansiya məhkəməsi ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafikini nəzərə almamış, mülkiyyət hüququnun ötürülməsi üçün əsas şərt olan ümumi müqavilə məbləğinin (2.138.669 manat) tam ödənilməsi zərurətini və hazırda tələb olunan iddia məbləğinin bu məbləğlə fərqləndiyini diqqətdən kənarda saxlamışdır.
45. Bununla da, birinci instansiya məhkəməsi müvafiq iddia tələbini rədd edərkən maddi və prosessual normalarının tələblərini pozmuşdur.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, Dadaş-N MMC-yə (“Sarar” İstehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Dadaş-N MMC-yə (“Sarar” İstehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi boşaldılaraq İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.