Məhkəmə qərarları › İş №2-2(103)-1280/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1280/2021

30.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1280/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3334/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 14820,67 (on dörd min səkkiz yüz iyirmi manat altmış yeddi qəpik) manat borcunun Cavabdehndən (VÖEN **********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.09.2021-ci il tarixli e-2-2(113)-3334/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən təmirtikinti idarəsinin yerləşdiyi 2806,3 kv.metr torpaq sahəsi X2 tərəfindən özəlləşdirilmiş və bu barədə ona Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən 28.06.2006-cı il tarixli 000148 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” Şəhadətnamə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 28.06.2007-ci il tarixli 301 saylı sərəncamı ilə ünvan 2 ünvanda özəlləşdirilmiş 2806,3 kv.m torpaq sahəsinə 1100 kv.m. torpaq sahəsi əlavə olunaraq, ümumi 3906,3 kv.m torpaq sahəsində üç girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdehnə icazə verilmişdir. Qeyd edilən sərəncamın icrasının təmin olunması məqsədilə Cavabdeh ilə M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında 02.06.2008-ci il tarixli 08/10 saylı “Torpaq icarə müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsinin 1 il müddətinə Cavabdehnə icarəyə verilmişdir. İddiaçı bildirir ki, vergi ödəyicisi olan cavabdehin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 14820,67 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xəbərdarlıq göndərilməsinə baxmayaraq, cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının özü tərəfindən təqdim olunan sənədlərlə təsdiq olunur ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin 2806,3 kv.m hissəsi özəlləşdirilmiş, 1100 kv.m hissəsi isə bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. Lakin iddiaçı həmin torpaq sahəsinin dövlətə məxsus olmasını və cavabdehlə icarə müqaviləsinin bağlanmasını təsdiq edən sübutları təqdim etmədən, dövlətə məxsus torpaq sahəsinin icarəsindən yaranan borcun tutulması barədə əsassız iddia irəli sürmüşdür. Bundan başqa, həmin torpaq sahəsinin dövlətə məxsus olması təsdiq edildiyi halda belə iddia təmin edilə bilməz. Çünki həmin torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olunmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında qeyd edilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 23.11.2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02.07.2010-cu il tarixli Fərmanının 13-cü bəndinə əsasən, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Göründüyü kimi üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin dövlətə məxsus olması qəbul edildiyi halda belə iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3334/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar