Məhkəmə qərarları › İş №2-2(103)-1281/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1281/2021

01.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1281/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2691/2021 saylı 27.08.2021-ci il tarixli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15.03.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 9370 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 9370 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15.03.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 15.03.2021-ci il tarixə yaranan borcuna görə 9370 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 17.03.2021-ci il tarixli, **********5 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 15.03.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 9370 manat ödənilməmiş borcu qalmışdır Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2691/2021 saylı 27.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin doğurdan da iddiaçıya borcu olub-olmamasını yoxlamamışdır. Borcun məbləğini dəqiqləşdirilməmişdir. Borcun araşdırılması üçün iş üzrə ekspertiza keçirilməlidir. Eyni zamanda pretenziya qaydasında riayət edilib edilməməsi, hüquqi şəxsin fəaliyyət göstərib-göstərməməsi araşdırılmamışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 01.12.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2691/2021 saylı 27.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 23 noyabr 2020-ci il tarixdə cavabdehə vergi borcunun ödənilməsinə dair ********** saylı bildiriş göndərilərək, 23.11.2020-ci il tarixinə ümumilikdə 213,440.20 manat, o cümlədən vergilər üzrə 153.414.55 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 59.925.65 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12.03.2021-ci il tarixli, **********5 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 17.03.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********5 saylı protokol, həmin protokola 1 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********5 saylı 17.03.2021-ci il tarixli protokola edilmiş 14 saylı əlavədə cavabdehə məxsus 1 ədəd 150 manat məbləğində ofis stolu, 1 ədəd 80 manat məbləğində ofis kreslosu, 5 ədəd 100 manat məbləğində yumşaq stul, 1 ədəd 250 manat məbləğində armatur əyən dəzgah, 3 ədəd 900 manat məbləğində armatur kəsən dəzgah, 4 ədəd 1400 manat məbləğində “wetech” markalı qaynaq aparatı, 3 ədəd 300 manat məbləğində lovara su nasosu, 2 ədəd 80 manat məbləğində lagunda, 3 ədəd 750 manat məbləğində zip kompaktor, 3 ədəd 600 manat məbləğində Makita perforator, 2 ədəd 500 manat məbləğində 4,5 kvlıq generator, 2 ədəd 1200 manat məbləğində ofis vagonu, 1 ədəd 1000 manat dəyərində 12x2.7 ölçü konteyner, 3 ədəd 600 manat məbləğində Honda generator, 4 ədəd 800 manat məbləğində Genpover generator, 5 ədəd 300 manat məbləğində Bosh perforator, 6 ədəd 360 manat məbləğində Devalt perforator, ümumilikdə, 9370 manat məbləğində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən 02.04.2021-ci il tarixdə cavabdehə vergi ödəyicisinin siyahıya alınmışəmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 17.03.2021-ci il tarixdə 9370 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşdəki 17.03.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh vergi orqanına müraciət edərək borcun tez bir zamanda ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilən normaların tələblərinə əsasən 15.03.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 9370 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9370 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə tələbi qanuni və əsaslı hesab edilərək həmin hissədə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin iş materiallarına əlavə edilmiş şəxsi vərəqəsində onun 214173,02 manat borcu olduğu qeyd edildiyindən və bu sənədin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmadığından vergi borcunun mövcudluğunun məhkəmə tərəfindən araşdırılmadığı və borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilməli olduğuna dair cavabdehin dəlilləri əsassızdır. Eyni zamanda işdən görünür ki, cavabdehə məhkəmədə iddia qaldırılmamışdan əvvəl vergi borcunun məbləği barədə bildiriş və xəbərdarlıq məktubu göndərilərək ödənilməsi tələb edilmiş, pretenziya qaydasına riayət edilmişdir. Apellyasiya şikayətinin digər dəlili isə məhkəmə tərəfindən cavabdehin hazırda fəaliyyət göstərib-göstərməməsinin araşdırılmamasıdır. Məhkəmə hesab edir ki, hüquqi şəxsin hazırda fəaliyyət göstərməməsi onun vergi borclarının ödənilməməsi üçün əsas olmadığından apelyasiya şikayətinin bu dəlili də əsassız hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2691/2021 saylı 27.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2691/2021 saylı 27.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar