Məhkəmə qərarları › İş №2-2(103)-1288/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1288/2021

05.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1288/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-591/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Qanuni nümayəndə həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-2(113)-591/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı Qanuni nümayəndə həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qərardadı ilə şikayət elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı Qanuni nümayəndə həmin qərardaddan da şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2-2(113)-591/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27.08.2021-ci il tarixli 2- 2(103)-1016/2021 saylı qərardadı ilə iddiaçı Qanuni nümayəndə şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2-2(113)- 591/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermiş, eyni zamanda prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2-2(113)-591/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı Qanuni nümayəndə həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qətnamədən müəyyənləşdirilmiş müddət ərzində apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti poçtla verildiyindən şikayət Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra həmin qərardaddan iddiaçı şikayət vermiş, lakin həmin şikayət təmin olunmamış və əksinə geri qaytarmışdır. Həmin qərardaddan da iddiaçı şikayət vermiş, lakin o da təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 27.08.2021-ci il qərardadı ilə qüvvədə saxlanılmışdır. Lakin onun verdiyi apellyasiya şikayəti faktiki olaraq vaxtında verilsə də, qəbul olunmuş qərardadlardan narazı qaldığına görə onlardan şikayət etmişdir. Ona görə də faktiki olaraq qərardadlardan şikayət verildiyindən müvafiq prosessual müddətin axımı da dayandırılmışdır. Hazırda Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin icraata qəbul olunması üçün bu qərardad maneə törədir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 144-cü vərəqəsində olan xəbərnamədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-2(113)-591/2021 saylı qətnaməsi 12 aprel 2021-ci il tarixdə iddiaçı Qanuni nümayəndə rəsmi qaydada verilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 13 sentyabr 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 12 may 2021-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 13 sentyabr 2021-ci il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, apelyasiya şikayəti birinci dəfə vaxtında verilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki halda kağız daşıyıcıda olan apellyasiya şikayətinin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki həmin şikayət elektron qaydada verilmədiyi üçün birinci instansiya məhkəməsinin qərardadı ilə geri qaytarılmış, iddiaçı isə məhz həmin vaxtı prosessual müddətin bərpa edilməsi barədə ərizə vermək əvəzinə, öz hüquqlarından sui-istifadə etmiş və birinci instansiya məhkəməsinin çoxsaylı geri qaytarma qərardadlarından hər dəfə əsassız olaraq şikayətlər vermiş və nəticədə apelyasiya şikayətini qətnamə ona rəsmi qaydada verildiyi tarixdən uzun müddət, yəni 5 ay sonra elektron qaydada məhkəməyə təqdim etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-591/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar