Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-129/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “Daşınar Daşınmaz Əmlakların Satışı X3” MMC-yə qarşı pul tələbinə dair Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “Daşınar Daşınmaz Əmlakların Satışı X3” MMC-yə qarşı pul tələbinə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı ASC tərəfindən müvafiq olaraq 3965,47 manat 5% xidmət haqqı, 713,78 manat xidmət haqqından 18% ƏDV və 4250,25 manat sadələşdirilmiş vergi ödənilmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(005)- 658/2021 saylı qətnaməsinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokol etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş çıxarış ləğv edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(005)-658/2021 saylı qətnaməsi 30 may 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 8929,5 manat məbləğinin (29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqı – 3965,47 manat, həmin ödəniş tapşırığına əsasən 5% xidmət haqqından 18% ƏDV – 713,78 manat və 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən sadələşdirilmiş vergi – 4250,25 manat), hüquqi yardıma görə 500 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125 manat məbləğinin “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, X1 yekunları barədə 03/02 saylı 14 yanvar 2020-ci il tarixli protokoluna əsasən, ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evi İddiaçı ASC tərəfindən açıq hərracdan alınmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-yə, 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqı 3965,47 manat, 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqından 18% ƏDV 713,78 manat və 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən sadələşdirilmiş vergi 4250,25 manat məbləğində vəsaiti ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsiz hesab edilmiş və ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş 20 fevral 2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-yə ümumilikdə 8929,5 manat məbləğində vəsaitin İddiaçı ASC-yə ödənilməsi ilə bağlı müraciət edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3435/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə tərəfindən müəyyən olmuşdur ki, müvafiq icra və probasiya şöbələri tərəfindən verilmiş sifariş əsasında hərrac təşkilatçısı olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlak satışa çıxarılmış və İddiaçı ASC tərəfindən həmin əmlaklar satın alınmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmiş və İddiaçı ASC ilə hərracın təşkilatçısı olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə bağlanılmış, 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırıqlarına əsasən İddiaçı ASC tərəfindən müvafiq olaraq 3965,47 manat 5% xidmət haqqı, 713,78 manat xidmət haqqından 18% ƏDV və 4250,25 manat sadələşdirilmiş vergi ödənilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsiz hesab edilmiş və ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş 20 fevral 2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir. İddiaçı ASC tərəfindən ödənilmiş 3965,47 manat xidmət haqqıdır və məhz hərracın keçirilməsi ilə bağlı ödənilmiş vəsaitdir.
9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
10. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.
11. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3435/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, X1 yekunları barədə 03/02 saylı xx.xx.2020-ci il tarixli protokoluna əsasən, ünvan 2 ünvanında yerləşən 2bnömrəli fərdi yaşayış evi İddiaçı ASC tərəfindən açıq hərracdan alınmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-yə, xx.xx.2019-cu il tarixölidəniş tapşırığına əsasən 5% xidmət haqqı-3965.47 (üç min doqquz yüz altmış beş.47) manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqından 18% ƏDV–713.78 (yeddi yüz on üç.78) manat və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən sadələşdirilmiş vergi– 4250.25 (dörd min iki yüz əlli.25) manat məbləğində vəsait İddiaçı ASC tərəfindən ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-nin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsiz hesab edilmiş və ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz ƏmlakınDövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir: “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-nin rəhbərliyinə FMExpress xidməti tərəfindən göndərilmiş məktub və geri qayıtmış xəbərnamələrdən görünür ki, təşkilat tərəfindən sifariş verilmiş xx.xx.2019-cu il tarixli 111521, 111525, 111526, 111527 və xx.xx.2019- cu il tarixli 112001, 112002, 112003, 112004 saylı qaimə ilə məktublar kuryer vəzifəsində çalışan X2 tərəfindən qəbul edilmiş, lakin sözügedən məktublar kuryer tərəfindən vətəndaşlara çatdırılmamışdır. Səbəb isə ünvanın söküldüyü qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1-də 2bnömrəli ev sökülməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1-də mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b nömrəli fərdi yaşayış evi açıq hərracda satılması baş tutmadığından tələbkara təklif edilmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-nin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokoluna əsasən ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçıya və digər 2(011)-786/2018 saylı mülki iş üzrə cavabdehlərə ünvan söküldüyü üçün çatdırılmamışdır.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı xx.xx.2021- ci il tarixli qətnaməsində göstərilmişdir: “Məhkəmənin qənaətinə görə, qanunverici hərracın təşkili və keçirilməsi ilə bağlı imperativ normalar müəyyən etmişdir ki, burada ko nk re t davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac isə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırki mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılması müəyyən edilmiş normaların kobud pozuntusu ilə həyata keçirildiyindən hərracın nəticələri ləğv edilməlidir. Məhkəmə bildirişlərin çatdırılmaması səbəbini inandırıcı hesab etmir və qeyd edir ki, iddiaçınin ailəsi ilə birlikdə mübahisəli mənzildə hal-hazırda da yaşaması şübhə doğurmur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b saylı fərdi yaşayış evinə dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci iltarixli, 03/02 saylı protokolu etibarsız hesab edilməli və həmin evə Azərbaycan Respublikası ƏMDKyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-ninadına verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilməlidir.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 658/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə hərracın nəticələrinin etibarsız sayılması üçün əsas cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-nin hərracın keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş normaların pozulması nəticəsində yaranmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş normaların pozulması nəticəsində etibarsız sayılmış hərracla bağlı ödənilmiş rüsumlara görə İddiaçı ASC-yə maddi ziyan dəymişdir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddə-zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21-ci maddə- zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-3435/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq cavabdeh “Daşınar Daşınmaz Əmlakların Satışı X3” MMC-dən İddiaçı ASC-nin xeyrinə 3965,47 manat pul, 750 manat hüquqi yardım xərci, 106 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
18. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən cavabdehə hərracın keçirilməsinə görə 5 % xidmət haqqı olaraq 8929,5 manat vəsait ödənilmiş, hərracın nəticələri cavabdeh tərəfindən qanun pozuntularına yol verilməklə həyata keçirilməsi əsası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(005)- 658/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilmişdir. Harrac etibarsız hesab edilsə də bank tərəfindən ödənilmiş xidmət haqqı məbləği banka qaytarılmamışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda hərrac təşkilatı iddiaçıya göstərdiyi xidmətlə bağlı iddiaçı qarşısında öhdəliyini lazımı qaydada icra etmədiyi, yəni xidməti qüsurlu göstərdiyi, nəticədə hərracın nəticələrinin etibarsız hesab edildiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan (preyudisiya) bu hal işin mübahisəsiz halı kimi qəbul edilərək bankın ödədiyi xidmət haqqı qaytarılmalıdır.
23. Birinci instansiya məhkəməsi öz qətnaməsində “İpoteka haqqında” Qanunun 5ci maddəsinə istinad edərək qeyd edir ki, ipoteka əməliyyatı ilə bağlı yaranmış vergi öhdəlikləri ipoteka saxlayan kimi bankın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanın hazırkı mübahisəyə tətbiqi düzgün olmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 5-ci maddəsi ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Hazırkı halda tutma yönəldilmiş ipoteka predmetinin saxlanılması və salamatlığını təmin etmək vəzifəsinin iddiaçının üzərində olması barədə işdə sübut olmadığından məhkəmə qeyd edilən normanı mübahisəyə təqbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
24. Məhkəmə kollegiyası iddiaçının ödədiyi xidmət haqqının cavabdehdən tutulmasına dair tələbini əsaslı hesab etsə də, hesab edir ki, dövlət büdcəsinə ödənilmiş 18% ƏDV – 713,78 manat, əsasən sadələşdirilmiş vergi – 4250,25 manat məbləğlərin tutulması hissəsində ödənilmiş vergiləriin büdcədən geri qaytarılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan təmin edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının təmin edilmiş iddia tələbinin məbləğinə müvafiq olaraq birinci instansiya və apellyasya məhkəmələrində ödənilmiş dövlət rüsumunun 106 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən normanın tələbinə əsasən vəkilin iki instansiyada iddiaçıya göstərdiyi hüquqi yardıma görə 750 manat ödənilmiş məbləğ ağlabatan hesab edilərək cavabdehdən tutulmalıdır.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-3435/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq cavabdeh “Daşınar Daşınmaz Əmlakların Satışı X3” MMC-dən İddiaçı ASC-nin xeyrinə 3965,47 manat pul, 750 manat hüquqi yardım xərci, 106 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3435/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh “Daşınar Daşınmaz Əmlakların Satışı X3” MMC-dən İddiaçı ASC-nin xeyrinə 3965,47 manat pul, 750 manat hüquqi yardım xərci, 106 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal qanuni qüvvəyə minir.