Məhkəmə qərarları › İş №2-2(103)-1291/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1291/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1291/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-108/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.07.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 18334,04 ABŞ dolları məbləğində əsas borcun və 3376,36 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 21710,4 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2017-ci il tarixli e-2-2(82)-108/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 16.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin ləğv edilməsi və işə təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.07.2021-ci il tarixli e-2-2(82)-108/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 22.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə görə hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Həmin Məcəllənin 250-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Qeyd olunan maddələrdən görünür ki, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəyə baxılanda iki hal araşdırılmalıdır: 1) cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib-edilməməsi, 2) cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olubolmaması. Eyni zamanda yalnız bu halların müəyyən edilib-edilməməsindən asılı olaraq ərizənin təmin edilməsi və ya edilməməsi barədə qərardad qəbul edilir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış və cavabdehin ərizəsinin Mülki Prosessual Məcəllənin 244-cü maddəsində göstərilən 10 gün müddətində verilmədiyi əsası ilə ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Halbuki, həmin hal ərizənin təmin edilməməsi üçün deyil, geri qaytarılması üçün əsas ola bilərdi. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-108/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar