Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1292/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Həmidov Həmid Üzeyir oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı ödənişin geri qaytarılmasının cavabdehlərə həvalə edilməsinə dair iddiası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1143/2021 saylı 22.09.2021-ci il tarixli qərardadından (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilən 14662,50 manat məbləğində vəsaitin, həmin məbləğin üzərinə hesablanmış 733,15 manat gecikdirməyə görə 5% faiz maddi zərərin və məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 15425,62 manat məbləğinin iddiaçının hesabına geri qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli e-2-2(113)-1143/2021 saylı qətnaməsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı pul tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli e-2-2(113)-1143/2021 saylı qərardadı ilə buraxılmış müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli e-2-2(113)-1143/2021 saylı qərardadından şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 22.09.2021-ci il tarixli, e-2-2(113)-1143/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli e-2-2(113)- 1143/2021 saylı qərardadından iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi şikayətin ona geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 22.09.2021-ci il tarixli e-2- 2(113)-1143/2021 saylı qərardadının ləğv edilməsini və iş üzrə yeni qərardad qəbul edərək buraxılmış prosessual müddətin bərpa edilməsini, əks halda şikayətə baxılması üçün 7 gün müddətində işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, pandemiya dövründə ev-ofis şəraitində çalışıldığı üçün və iş stajının hüquqşünas kimi az olmasından yeni kadr kimi iş yükü çoxdur. Vəzifələrinin öhdəliyindən çətinliklə gəldiyindən və elektron məhkəmə sisteminin yeni bir layihə olduğuna görə işləri mütəmadi izləməkdə problem yaşanmış və işin nəticəsi barədə elektron məhkəmə sistemindəki yekun qərarı izləyə bilməmişdir. İş təcrübəsi az olduğundan yekun qərarın poçt vasitəsi ilə gələcəyini düşünərək elektron məhkəmə sistemində şəxsi kabinetə baxılmamış və pandemiya dövründə ev-ofis şəraitində çalışdığı üçün elektron məhkəmə sisteminə mütəmadi daxil olmaqda maneələr olmuşdur. Bu səbəbdən hesab edir ki, prosessual müddətin ötürülməsi üzürlü hesab edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 22.09.2021-ci il tarixli e-2-2(113)-1143/2021 saylı qərardadı əsassız olaraq qəbul edilmiş və bu səbəbdən də, ləğv edilməlidir. Hakim qərardadı qərara alarkən əsassız səbəbləri göstərərək şikayət ərizəsinin təmin edilməsindən imtina etmişdir. Hakim işin faktiki hallarına, maddi hüquq normalarına və şikayət ərizəsinin tam və hər tərəfli nəzərdən kecirməmiş və verilmiş şikayət geri qaytarılmışdır. Belə ki, məhkəmə qərardadda qeyd etmişdir ki, pandemiya dövründə işçilərin say həddi ilə bağlı məhdudiyyət 01 fevral 2021-ci il tarixdən aradan qaldırılmışdır. Lakin bu belə deyil. Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarların və operativ qərargahın tövsiyyələrini nəzərə alaraq “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən iş rejimi ev-ofis kimi təşkil olunmuşdur. Hal hazırda da ev-ofis rejimində iş prossesi qurulmuş, buna səbəb də “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2021-ci il tarixli 220 saylı qərarıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1143/2021 saylı, 08.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1143/2021 saylı 22.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 05.08.2021-ci il tarixli e-2-2(113)-1143/2021 saylı qərardadı 06.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Bu halda məhkəmə hesab edir ki, məhkəmənin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci və 135.8-ci maddələrinin tələblərinə əsasən 06.08.2021-ci il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş hesab olunduğundan, şikayətin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Beləliklə, iddiaçının həmin qərardaddan şikayət vermə müddəti 16 avqust 2021-ci il tarixədək olmuşdur. İddiaçı isə şikayəti 27 avqust 2021-ci il tarixdə, qərardaddan şikayət verilməsi üçün müddət bitdikdən sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. İstinad edilən normaların tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən şikayətin qaytarılması əsaslı olmuşdur. İddiaçının nümayəndəsinin pandemiya ilə əlaqədar ev şəraitində işləməsi qərardaddan şikayət ərizəsinin elektron göndərilməsinə maneə olmadığından və müddətin ötürülməsi faktını istisna etmədiyindən məhkəmə hesab edir ki, şikayət ərizəsində qeyd edilmiş hal mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1143/2021 saylı 22.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1143/2021 saylı 22.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1292/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1292/2021
03.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver