Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1292/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5687/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 7,5 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və onun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, sahibkar (iddiaçı) Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən, ona məxsus 5,80 ha torpaq sahəsini salınmış yaşıllıqlarla birlikdə cavabdehin istifadəsinə verilməsinə razılıq verir. • Həmin müqavilənin: 2.1. 2.1-ci bəndinə görə Sahədən istifadə üçün Cəmiyyət Sahibkara illik ƏDV daxil olmaqla 5000 manat ödəyəcəkdir; 2.2. 2.2-ci bəndinə görə hər il üçün ödəniş həmin ilin 11-ci ayının sonunadək aparılmalıdır; • 2.3. 2.3-cü bəndinə görə Cəmiyyət ödənişləri Müqavilənin 2.2 bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i məbləğində cərimə tətbiq edilə bilər; • 2.4. 2.4-cü bəndinə görə yaşıllıq sahəsində çalışan işçilərinin əmək haqları və digər əlaqəli xərcləri Cəmiyyət tərəfindən qarşılanacaqdır.
3. xx.xx.2022-ci il tarixdə tərəflər arasında müqaviləyə 1 saylı Əlavə bağlanmış, həmin Əlavə ilə müqavilənin 2.1-ci bəndinin yeni redaksiyada verilmiş mətninə görə, sahədən istifadə haqqı illik ƏDV daxil olmaqla 5000 manat müəyyən edilir, istifadə haqqı Sahibkara Cəmiyyət tərəfindən yaşıllıq salınmış ərazinin icarəyə götürüldüyünə uyğun olaraq ödənilir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 15.000 manat məbləğində əsas borcun, 16.425 manat məbləğində dəbbə pulunun, cəmi 31.425 manat pul vəsaitinin və ödənilmiş 184 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Giləzi qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 7,5 ha torpaq sahəsi, Daşınmaz Əmlak dövlət reyestrindən verilmiş RX №1210530 Çıxarışa əsasən ona məxsusdur. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, iddiaçıya məxsus torpaq sahəsinin 5.80 ha hissəsindən istifadə etdiyinə görə illik 5000 manat pul vəsaitinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh yuxarıda göstərilən müqavilənin şərtlərini pozaraq, yalnız 2022-ci il, yəni bir ilin torpaqdan istifadə haqqını qabaqcadan ödədikdən sonra digər illərin ödənişlərini dayandırmışdır. Halbuki, Cəmiyyətlə iddiaçı arasında bağlanmış müqavilə bu günə qədər qüvvədədir və iddiaçı tərəfindən müqavilənin şərtləri tam yerinə yetirilsə də, qarşı tərəf dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, istifadə etdiyi torpağa görə 2023- 2025-ci illərə ödəniş etməkdən boyun qaçırır. Beləliklə, cavabdeh istifadə etdiyi torpağın haqqını üç il ərzində ödəmədiyinə görə 3 x 5.000 = 15.000 manat ödənəlidir. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, Cəmiyyət tərəfindən ödənişlər Müqavilənin 2.2 bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i məbləğində cərimə tətbiq edilə bilər. Belə olan halda 15.000 manat x 0.1% = 15 manat x 1.095 gün = 16.425 manat məbləğində cərimə də cavabdeh tərəfindən ödənilməlidir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5687/2025 nömrəli qətnaməsi ilə ddia qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 10000 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, cəmi 10500 (on min beş yüz) manat pul vəsaiti və ödənilmiş 61 manat dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə xeyrinə ödənilsi, iddianın qalan hissədə təmin edilməməsi,ödənilmiş 123 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsi qət edilmişdir.
7. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edliməsini və iddianın rədd edilməsi edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ekologiya və Təbi Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti büdcədən maliyyələşən təşkilat olduğu üçün digər xərclərə az vəsait ayrıldığına görə iddiaçı Nümayəndə ilə bağlanmış müvqavilənin icrası mümkün olmamışdır. İddiaçı Müqavilə üzrə öhdəliklər pozulduqdan sonra iddiaçı isə cavabdeh təşkilat tərəfindən hüququnun pozulduğunu bilsədə müqavilənin ləğv etmək hüququndan istifadə etməmişdir. Müəssisə tərəfindən iş üzrə iddiaçıya həmin ərazidən istifadə olunmadığını bildirilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsin faktiki olaraq istifadə etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin icarə verilməsi müqavilənin şərtlərinə əsasən həmin ilin dekabr ayında 5000 manat icarə haqqı ödənilmiş, 2023-cü ilin noyabr ayından ödənilməsi nəzərdə tutulsa da, ödəniş edilməmiş, tərəflər arasında müqavilədən irəli gələn öhdəliklər pozulmuşdur. Hesab edirik ki, icarə müqaviləsi üzrə icarə haqqı həmin ərazidən faktiki istifadə edildiyi aylar, illər üzrə tutulmalıdır. Həmin torpaq sahəsindən faktiki olaraq 2023-cü ildən istifadə olunmur və buna görə də sözügedən torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə etiraz edilməmiş, onun torpaq üzərində mülkiyyət hüququ pozulmamışdır.
c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək iddiaçı ilə dəfələrlə bu məsələ barədə söhbət edilmiş, əslində pulu ödəmək istədiklərini, dövlət büdcəsindən maliyyələşən təşkilat olduğundan pul vəsaiti ayrılmadığı üçün ödənişlərdə gecikmələr olduğundan vaxtında ödəmələr edə bilmədiklərini bildirilmiş, həmçinin şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, bir neçə ildir cavabdeh tərəfin həmin ərazidən istifadə etdiyini, lakin ona icarə haqqlarının bir ilini ödəsələr də qalmış illərlə bağlı hər dəfə vədlər verərək ondan vaxt istədiklərini, amma ödəniş etmədiklərini bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
17. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Həmin Məcəllənin
19. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
21. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
22. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Həmin məcəllənin 51.1-ci maddəsinə əsasən,torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin məcəllənin 51.3-cü maddəsinə əsasən,icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin məcəllənin 51.4-cü maddəsinə əsasən,icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
30. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
31. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
32. İşin faktiki hallarından görünür ki, iddiaçı, cavabdehlə bağladığı icarə müqaviləsinə istinadla cavabdeh tərəfindən ödənilməyən icarə haqqını, habelə ödənişin gecikdirilməsinə görə cəriməni tələb edir; cavabdeh isə iddianı qismən qəbul edir, lakin icarə predmetindən faktiki olaraq istiadə edilməyən müddətə görə ödəniş etməməli olduğunu irəli sürür.
33. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini və hər ay üçün ödənişin gecikdirildiyi günlərin sayını sübut etməlidir; cavabdeh isə iddiaçıya borcunun qalmadığını, sübut etmək vəzifəsi daşıyır.
34. İş materillarına əsasən, icarəçi tərəfindən 2022-ci il üzrə 5000 (beş min) manat icarə haqqı ödənilmiş, digər illər üzrə icra haqqının ödənilməməsini cavabdeh apellyasiya şikayətində və məhkəmə iclas zalında etiraf etmişdir.
35. Kolegiya qeyd edir ki, cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə icarə obyektinin işlədilməməsinə görə onun ödənişdən azad olunması ilə bağlı irəli sürdüyü dəlili əsassızdır.
36. Belə ki, iş materiallarından görünür ki, icarə müqaviləsinin 2.1-c i bəndinə əsasən, cavabdeh Sahədən istifadə üçün Cəmiyyət Sahibkara illik ƏDV daxil olmaqla 5000 (beş min) manat ödəməsi, 2.2-ci bəndinə əsasən,hər il üçün ödəniş həmin ilin 11-ci ayının sonunadək ödəyəcəyi, 2.3-cü bəndinə əsasən cəmiyyət ödənişləri Müqavilənin 2.2 bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i (sıfır tam onda bir faiz) məbləğində cərimə tətbiq edilə bilməsinə razı olması barədə öhdəlik götürmüşdür.
37. Kollegiya xatırlatmağı zəruri hesab edir ki, mülki qanunvericiliyə görə, tərəflər öz hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlılıq prinsipinə əməl etməlidirlər. Bu isə digər məsələlərlə yanaşı mülki hüquq subyektinin hər hansı formada təsdiq və ya etiraf etdiyi faktı daha sonra mübahisələndirməsini də əhatə edir.
38. Belə ki, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır
39. İş materillarına əsasən, tərəflər Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 7,5 ha torpaq sahəsi istifadə olunacağını müqavilədə razılaşdırmışlar və bu baxımdan cavabdeh, həmin ərazidə görəcəyi işləri əvvəlcədən müəyyən etmək və buna uyğun icarə müqaviləsi bağlamaq imkanına sahib olmuşdur.
40. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirməsi şərti ilə 01 yanvar 2024-cü il tarixinədək etibarlıdır, müqavilənin və ya onun uzadılma müddəti başa çatan vaxt tərəflərin müqaviləni pozmaq təşəbbüsü olmadıqda bu qaydada növbəti illərə də şamil edilir, həmçinin tərəflərin əlavə razılaşması ilə də uzadıla bilər. 3.2-ci bəninə əsasən,hər hansı Müqavilə üzrə öz öhdəliklərini bir neçə dəfə pozduqda digər tərəfin Müqaviləni vaxtından əvvəl birtərəfli şəkildə digər tərəfi bu barədə 2 (iki) təqvim günü əvvəl xəbərdar etmək şərti ilə ləğv etmək hüququ yaranır. 3.3-cü bəndinə əsasən, hər hansı bir tərəf Müqaviləyə vaxtından əvvəl xitam verilməsi təşəbbüsü ilə çıxış etdiyi halda digər tərəfə bu barədə 10 (on) təqvim günü əvvəl (müqavilənin 3.2 bəndingöstərilən hal istisna olmaqla) yazılı məlumat verdikdə Müqavilənin ləğv edilməsinə yol verilir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyator 2023-cü ildən icarə obyektindən istifadə etmədiyini və bununla bağlı icarəçiyə məlumat verdiyini bildirsədə hər hansı sübut təqdim etməmiş, torpaq sahəsindən çıxdığı, istifadə etmədiyi təqdirdə icarə müqaviləsini ləğvi ilə bağlı iradəsini əks etdirən hər hansı xərəbdarlıq, bildiriş icrayə verən Nümayəndə göndərməmişdir.
42. Kollegiya qeyd etmək istəyir ki, icarə müaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilənin xx.xx.2024-cü il tarixədək qüvəddə olması və bu müddət bitdikdə tərərflər ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilənin müddəti uzadılmış hesab edildiyindən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi hazırda qüvvədədir.
43. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5687/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.