Məhkəmə qərarları › İş №2-2(103)-13/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-13/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-13/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pulun ödənilməsi və avandanlıqların geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4107/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmamış müqavilələrin icrası təmin edilərək 17 aprel 2017-ci il tarixli № 001 saylı icarə müqaviləsi üzrə 58103,52 manatı, xx.xx.2019-cu il tarixli, № 91 saylı xidmət müqaviləsi üzrə 51840,24 manatı - ümumilikdə 109943,76 manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 210 manatı və mediasiya xərclərinə görə 400 manatı cavabdeh "xxxx" MMC-dən tutaraq İddiaçı ödənilməsi, icarəyə verilmiş 2527 ədəd tikinti avadanlığının geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 aprel 2017-ci il tarixli № 001 saylı ayaqaltı və döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin icarəsinə dair müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. 31 may 2022-ci il tarixinə qədər xx.xx.2017-ci il tarixli, № 001 saylı icarə müqaviləsi üzrə ümumi borc məbləği 118715 manat müəyyən edilmişdir və cavabdeh tərəfindən 60612,24 manat məbləğində ödəniş həyata keçirilmişdir. İyun ayına olan yekun borc məbləği 58102,76 manat təşkil edir və təhvil verilmiş 2527 ədəd tikinti avadanlıqları bu günə qədər geri qaytarılmamışdır. Həmçinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli, № 91 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xidmət haqqını ödəməyi, İddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. xx.xx.2019-cu il tarixli, № 91 saylı xidmət müqaviləsi üzrə borc məbləği 181840,24 təşkil etsə də, cavabdeh tərəfindən 130000 manat ödəniş edilmişdir. İyun ayına olan ümumi borc məbləği 51840,24 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan borc məbləğlərinin ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə ödəyərək xərc çəkilmişdir. Həmçinin tərəfimizdən cavabdeh "xxxx" MMC-ə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 17 aprel 2017-ci il tarixli 001 nömrəli icarə müqaviləsi üzrə 58103,52 manat, xx.xx.2019-cu il tarixli, 91 nömrəli xidmət müqaviləsi üzrə 51840,24 manatı ümumilikdə 109943,76 manat, həmçinin hüquqi yardıma görə ödənilmiş 210 manat və 400 manat mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən tutaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-yə icarəyə verimiş 2527 ədəd tikinti avadanlıqlarının İddiaçı geri qaytarılması və ya hər bir tonu 120 manat olan tikinti avadanlıqlarının dəyərinin İddiaçı ödənilməsi qət edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 001 №li “Avadanlıqların icarə müqaviləsi”ndə; xx.xx.2017-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolunda; xx.xx.2017-ci il tarixli, 01 nömrəli Təhvil Təslim AKT-ında; 20.04 2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, 02 №-li AKTda, xx.xx.2019-cu il tarixli, “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 91 №-li Müqavilədə; xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190517 №-li AKT-da; xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190731 №-li AKT-da; xx.xx.2019cu il tarixli, 91 №-li Xidmətlərin həyata keçirilməsinə dair Müqavilədə; xx.xx.2019-cu il tarixli, 91 №-li Xidmətlərin həyata keçirilməsinə dair Müqavilədə və xx.xx.2019-cu il tarixli, 91 №-li Xidmətlərin həyata keçirilməsinə dair Müqaviləyə əsasən xx.xx.2019-cu il tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktında olan imzalar cavabdeh "xxxx" MMC-nin direktoru X4 məxsus deyildir. Cavabndeh "xxxx" MMC-nin direktoru X5 İddiaçı ilə mübahisəli müqavilələri bağlamamış, həmin müqavilələri və digər sənədləri imzalamamışdır. İddiaçı mübahisəli müqavilələrin cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmasını, yəni müqavilənin cavabdeh tərəfindən bağlanmasını sübuta yetirə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasında maraqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC-nin direktoru X1 imza nümunələri götürsə də, məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməmişdir. Göründüyü kimi, işə baxmış məhkəmə MPM-nin 217-ci maddəsinin də, tələblərini pozmuşdur. Çünki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Əgər iddia tələbləri prosessual imkanlardan istifadə edilməklə tam araşdırılmamış və ya sübutların əldə edilməsi ilə çıxarılmışdırsa, bu o deməkdir ki, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında izahat verən cavabdeh "xxxx" MMC-nin direktoru X5 birmənalı olaraq bildirmişdir ki, mübahisəli müqavilələr onun tərəfindən bağlanmamış və digər sənədlər də onun tərəfindən imzalanmamışdır. Birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə göstərilən faktiki halları araşdırmadan əsassız qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, keçirilmiş məhkəmə prosesində cavabdehin vəkili vəsatətlə müraciət edərək İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilələrdəki imzanın guya cəmiyyətin direktoruna məxsus olmamasını bəhanə gətirərək məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, cavabdehin vəkili iş materiallarına əlavə edilmiş müqavilələr, təhvil-təslim aktları və digər sənədlərdəki imzanı mübahisələndirməsinə baxmayaraq həmin sənədlərdə cəmiyyətə məxsus möhürün də olması faktını unutmuşdur. Həmçinin tərəflər arasında işgüzar münasibətləri təsdiq edən mühüm fakt kimi cavabdeh tərəfindən iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr əsasında icarə və xidmət müqavilələri üzrə həyata keçirilmiş ödənişlər çıxış edir. Bu fakt tərəfimizdən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışlarla bir daha təsdiq edilmişdir. Əgər müqavilələrdəki imza həqiqətən də cəmiyyətin direktoruna və ya cəmiyyətin məsul şəxslərindən birinə məxsus deyildirsə, bu illər ərzində cəmiyyət tərəfindən niyə “imzalanmamış” (möhürlənmiş olmasına baxmayaraq) müqavilələrə görə əsassız ödənişlər həyata keçirilmişdir?! Həmçinin hər bir təşkilatın möhürü cəmiyyətin direktoru və ya məsul şəxs tərəfindən qorunmalı, ən etibarlı yerdə saxlanılmalı olan ən mühüm atributdur və möhürün kənar şəxslərdə olması qeyri-mümkündür. Bütün bunlar cavabdehin vəkili tərəfindən verilmiş vəsatətin sadəcə formal olaraq verildiyini və əsassız yerə məhkəmə prosesini uzatma məqsədi olduğunu sübut edir. Qeyd olunanlara əsasən Sizdən cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətin rədd edilməsini, 03 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasını mənim iştirakım olmadan keçirməyinizi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

15. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

17. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

23. 17 aprel 2017-ci il tarixli 001 nömrəli İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış avadanlıqların icarəsi müqaviləsindən görünür ki, İddiaçı bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri tikinti, təmir, bərpa işləri məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti istifadəsinə verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə razılaşdırılmış icarə haqqını aybaay ödəməyi öhdəsinə götürür.

24. 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolundan görünür ki, ayaqaltı iskələ sisteminin 1 tonunun qiyməti 120 manat məbləğində müəyyən edilmişdir.

25. 14 aprel 2019-cu il tarixli 91 nömrəli müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib İddiaçı razşılaşdırılmış xidmət haqqı ödəməyi, İddiaçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi qaydada müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür.

26. 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01 və 02 nömrəli təhvil-təslim aktlarından görünür ki, İddiaçı 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsi üzrə nəzərdə tutulmuş malları cavabdehin icarəsinə vermişdir. Həmçinin icarəyə verilən malların sayı 2527 ədəddir.

27. 28.11.2018-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı icarəyə verdiyi mallar üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 73772 manat məbləğində icarə haqqı ödəməlidir.

28. xx.xx.2019-cu il tarixli EAAX seriyalı 879307 nömrəli və xx.xx.2019-cu il tarixli EAAU seriyalı 576272 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı 14 aprel 2019-cu il tarixli 91 nömrəli müqavilə üzrə 76700 manat məbləğində xidmət göstərmişdir.

29. 27 oktyabr 2022-ci il tarixli "xxxx" ASC-nin İddiaçı göndərdiyi məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi İddiaçı hesabına 190612,24 manat məbləğində ödəniş edilmişdir.

30. Cavabdeh 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsində, 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolunda, 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01 və 02 nömrəli təhvil-təslim aktlarında, 05.2019-cu il tarixli “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 91 nömrəli müqavilədə, xx.xx.2019-cu il tarixinədək görülən işlər haqqında R281/190517 nömrəli aktda, xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190731 nömrəli aktda, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqavilədə, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixə kimi yerinə yetirilmiş işlərin qəbul aktında olan imzaların "xxxx" MMC-nin direktoru X5 tərəfindən imzalanmadığını bildirir.

31. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 16 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş 1 dekabr 2023-cü il tarixli, 4/1651-5/1383 nömrəli ekspert rəyində göstərilmişdir ki, 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsində, 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolunda, 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01 və 02 nömrəli təhviltəslim aktlarında, xx.xx.2019-cu il tarixli “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 91 nömrəli müqavilədə, xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190517 nömrəli aktda, xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190731 nömrəli aktda, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolunda, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixə kimi yerinə yetirilmiş işlərin qəbul aktında "xxxx" MMC-nin direktoru X3 adından olan imzalar - X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqavilənin, 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolun, 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01, 02 nömrəli təhvil-təslim aktların, xx.xx.2019-cu il tarixli “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 91 nömrəli müqavilənin, xx.xx.2019-cu il tarixinədək görülən işlər haqqında R281/190517 nömrəli aktın, xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190731 nömrəli aktın, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolun, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixə kimi yerinə yetirilmiş işlərin qəbul aktın üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" məzmunlu möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Tədqiq edilmiş 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqavilənin, 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolun, 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01, 02 nömrəli təhvil-təslim aktların, xx.xx.2019-cu il tarixli “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 91 nömrəli müqavilənin, xx.xx.2019-cu il tarixinədək görülən işlər haqqında R281/190517 nömrəli aktın, xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190731 nömrəli aktın, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolun, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixə kimi yerinə yetirilmiş işlərin qəbul aktın üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" məzmunlu möhür əksləri təqdim edilmiş sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

33. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

35. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

36. Ekspert rəyindən göründüyü kimi 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsində, 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolunda, 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01 və 02 nömrəli təhvil-təslim aktlarında, 05.2019-cu il tarixli “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında” 91 nömrəli müqavilədə, xx.xx.2019-cu il tarixinədək görülən işlər haqqında R281/190517 nömrəli aktda, xx.xx.2019-cu il tarixədək görülən işlər haqqında R281/190731 nömrəli aktda, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqavilədə, xx.xx.2019-cu il tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixə kimi yerinə yetirilmiş işlərin qəbul aktında olan imzalar "xxxx" MMC-nin direktoru X5 tərəfindən imzalanmasa da, həmin sənədlərdəki möhür əksləri "xxxx" MMC-nin möhürü olmuşdur.

37. Kollegiya qeyd edir ki, tərəflərin möhürləri ilə təsdiq etdikləri sənədlərin üzərində cavabdeh "xxxx" MMC-nin direktorunun imzası olmasa da, həmin sənədlər "xxxx" MMCnin möhürü ilə təsdiq edildiyinə görə sözügedən sənədlər mötəbər sübut kimi qəbul edilməlidir.

38. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

39. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

40. Göründüyü kimi İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında avadanlıqların icarəsi müqaviləsi və xidməti müqavilə bağlanmış, iddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh icarə müqaviləsi üzrə həm icarə haqqını tam olaraq ödəməmiş, həm də icarəyə götürdüyü malları geri qaytarmamış, xidməti müqavilə üzrə isə göstərilən xidmətə görə iddiaçıya olan borcunu tam olaraq ödəməmişdir.

41. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəflərin arasında möhürlərlə təsdiq edilmiş müqavilələrin və digər sənədlərin mövcudluğunu qəbul etməmişdirsə, iddiaçının bank hesabına 5 il ərzində ardıcıl olaraq göstərilən xidmətlərlə bağlı pul ödəməsi anlaşılan deyil.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 200 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır

43. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4107/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 200 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar