Məhkəmə qərarları › İş №2-2(103)-1301/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1301/2025

14.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1301/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması, öhdəliyin qoyulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar söz: əmtəə nişanı) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İlk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, İlk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması, öhdəliyin qoyulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5002/2025 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2023 2520 nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “Accord” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2033. ƏXTB üzrə siniflər: 03,35,39.

2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2023 2520 nömrəli əmtəə nişanına dair şəhadətnamədən görünür ki, əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 03-cü sinif - Makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər. 35-ci sinif - 03-cü sinifdəki məhsulların satışı və reklamı. 39-cu sinif - 03-cü sinifdəki məhsulların qablaşdırılması.

3. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verilmiş 101Q saylı bildirişə əsasən, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-1100/101Q nömrəli qərarına əsasən XİFMN üzrə malın adı və kodu ACORD əmtəə nişanlı süngər və təmizlik bezlərinin (3924 90 000 0, 6307 10 300 0) buraxılışı xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək dayandırılmışdır.

4. Bakı Baş Gömrük İdarəsinin “malların buraxılışının dayandırılması haqqında” 22 may 2025-ci il tarixli, 3-33-1100/101Q saylı Qərarına görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli GLB**********216 saylı invoys sənədi ilə Türkiyə Respublikasından 77LR894/99YE894 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********4179 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “ACCORD” əmtəə nişanlı süngər və təmizlik bezlərinin buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır.

5. Əmtəə və xidmətlərin beynəlxalq Təsnifatına (ƏXBT) (NİTSA) əsasən 3-cü sinfə daxildir: Qeyri-müalicəvi kosmetik və baxım məhsulları; dişlərin təmizlənməsi üçün qeyrimüalicəvi vasitələr; ətriyyat məhsulları, efir yağları; ağartma preparatları və paltar yumaq üçün digər maddələr; təmizləmə, cilalama və aşındırma üçün preparatlar.

6. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 360 manat ƏDV ödənilmişdir.

7. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli, MT2507 12282296 nömrəli (1770 manat) elektron qaimə-faktura göndərilmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 270 manat ƏDV ödənilmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1500 manat vəsait, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 2000 manat vəsait Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

10. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli, MT2506 12216320 nömrəli (2360 manat) elektron qaimə-faktura göndərilmişdir.

11. Türkiyə Respublikası Türk Patent İnstitutu tərəfindən verilmiş Ticarət Nişanının Yenilənməsi Sertifikatına əsasən Ticarət nişanı nömrəsi: 2006 12299-Ticarət olan “Accord” Ticarət nişanının sahibi X9 Sanayi ve Ticaret Limited Şirkəti (MMC)-dir.

12. No: D ******* nömrəli mənşə şəhadətnaməsindən görünür ki, alıcı Cavabdeh MMC icraçı şirkət X9 Sanayi ve Ticaret Limited Şirkətindən şampun, süngər, təmizlik bezi, duş geli, zibil torbası 12386 kq ölçüdə alınmasının ölkə mənşəli olduğu təsdiqlənmişdir.

13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3- 33/221S nömrəli Sərəncamına görə İddiaçınə məxsus “Acord” əmtəə nişanının 03-cü sinif əmtəələr (makiyaf təmizləyici, preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər) üzrə reyestrə daxil edilməsi nəzərdə tutulmuş, qeyd olunan mallarla əlaqədar hüquq sahibinin hüquqlarının qorunma müddəti reyestrə daxil edilmə tarixindən etibarən 5 ilədək müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin 2023-cü il 11 aprel tarixli 12 №-li Protokolla təsdiq edilmiş Əmtəə nişanının qeydiyyata alınması haqqında qərara əsasən yaşıl, ağ, mavi, qırmızı rəngli “Acord” əmtəə nişanın sahibi İddiaçıdir. Əmtəə və/və ya xidmətlərin sinifləri: kosmetik kremlərin, yuyucu vasitələrin, paltar yumaq üçün ağartma preparatlarının, şampunların, makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlərin; silmək üçün vasitələrin; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilərin qablaşdırılması daxildir.

15. İş materiallarına əlavə edilmiş Malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli uyğunluq sertifikatından görünür ki, İddiaçı MMC tərəfindən istehsal edilən “Acord” Əmtəə nişanlı silmək üçün bezlər müvafiq standartlara cavab verir və keyfiyyət göstəricilərinə görə sertifikatlaşdırılmışdır.

16. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2025 2071 qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “Accord” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2035. ƏXTB üzrə siniflər: 05, 17, 21, 35,39.

17. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli, 11-4/2-2273/2025 nömrəli məktuba əsasən əmtəə nişanlarının dövlət reyestrindən çıxarışına görə N 2025 2071 qeydiyyat nömrəli “Accord” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Əmtəə nişanının qeydiyyat tarixi xx.xx.2025-ci il olmaqla əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti xx.xx.2035-ci ildir.

Birinci instansiya məhkəməsindəki icraat:

18. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) tərəfindən İddiaçı MMC-yə məxsus olan “ACORD” əmtəə nişanının istifadəsinin və həmin brendlə olan məhsulların Cavabdeh MMC-yə məxsus ticarət obyektlərində, satış məntəqələrində, vitrinlərdə, daxili və xarici vizual sahələrdə, reklam materiallarında (o cümlədən vizit kartları, afişalar və s.), sosial şəbəkə hesablarında və digər ictimaiyyətə açıq platformalarda istifadəsinə və satışına tam şəkildə qadağan qoyulması; “ACORD” əmtəə nişanından istifadəsi qanunsuz hesab edilən məhsulların, yəni inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyərinin yüz faizi həcmində Cavabdeh cərimə edilməsi, Qeyriqanuni istifadə nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərin kompensasiyası olaraq 6450.00 (altı min dörd yüz əlli manat) AZN məbləğində ödənişin həyata keçirilməsi, cavabdeh tərəfindən iddiaçının əmtəə nişanlarından 2025-ci ilin yanvar-may ayları ərzində qanunsuz istifadə etmələri nəticəsində vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində GLB**********216 saylı invoys sənədinə əsasən, 77LR894/99YE894 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyatı vasitəsilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Abumi" MMC (VÖEN **********t)ərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş mallar üzərində gömrük nəzarəti həyata keçirilmiş, bu zaman **********4179 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş malların tərkibində “ACORD” əmtəə nişanlı süngər və təmizlik bezlərinin olduğu müəyyən edilmişdir. Gömrük orqanları tərəfindən aparılan baxış zamanı bu məhsulların kontrafakt xarakteri daşıması və qeyri-qanuni idxal edilməsi müəyyən olunmuşdur. Həmçinin qeyd edilənlərdən əlavə olaraq “Abumi" MMC (VÖEN **********) “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında Azərbaycan Respublikası qanununun tələblərini aşkar formada pozaraq İddiaçınə məxsus əmtəə nişanından istifadə edərək, insanlarda yanlış təəssürat yaratmaqla, əmtəə nişanın sahibinin hüquqlarını pozmaqla, iqtisadi maraqlarına ciddi maddi zərər vermişdir. Odur ki, Cavabdeh MMC İddiaçı şirkətinə məxsus olan əmtəə nişanından istifadə etməsini və həmçinin əmtəə nişan sahibinə məxsus və üzərində həmin əmtəə nişanları əks etdirilmiş malların satışı təşkil etməsini, əmtəə nişanından qeyri-qanuni istifadə hesab edilir. İddiaçı MMC N 2023 2520 nömrəli qeydiyyat üzrə şəhadətnaməni təqdim edir və bildirir ki, N 2023 2520 əmtəə nişanı 03, 35 və 39 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir. “ACORD” əmtəə nişanı N 2023 2520 nömrəli qeydiyyatla Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlər üzrə qorunur o, cümlədən: - 03 - makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər. -35 - 03-cü sinifdəki məhsulların satışı və reklamı. -39 - 03-cü sinifdəki məhsulların qablaşdırılması.

20. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin saziş əsasında mal idxal etdiyi “X9 Sanayi Ve Ticaret Limited Şirketi” Türkiyə Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Şirkətin qeydiyyatdan keçirdiyi əmtə nişanlarından biri də “ACORD” brendidir. “X9 Sanayi Ve Ticaret Limited Şirketi” ACORD əmtəə nişanını 2006-cı ildə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) qeydiyyatdan keçirmişdir. Qeydiyyat müddəti 2026-cı ilin noyabr ayınadək etibarlıdır. Əlavə edirəm ki, “X9 Sanayi Ve Ticaret Limited Şirketi” Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) Əmtəə və xidmətlərin beynəlxalq Təsnifatının (ƏXBT) 03, 05, 16, 17, 21-ci təsnifatı üzrə qeydiyyatdan keçmişdir. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestrindən (https://reyestr.copat.az/trademarks/patent/N%202010%201221) görünür ki, N 2010 1221 şəhadətnaməsi üzrə “X9 Sanayi Ve Ticaret Limited Şirketi” şirkəti ACORD brendini xx.xx.2010 tarixindən xx.xx.2020 tarixinədək patenləşdirmişdir. İddiaçı MMC öz iddiasında malın kontrafakt olmasına əsaslanmışdır. Halbuki Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilir: Kontrafakt mallar hüquq sahibinin milli qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmaqla yaradılmış və/və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar (müəlliflik hüququ və qarışıq hüquqlar obyektləri, əmtəə nişanları, coğrafi göstəricilər); Normanın açıqlamasından göründüyü kimi hər hansı malın kontrafakt olması üçün şərt həmin malın qanunsuz olaraq yaradılması və ya qeydiyyatdan keçirilməsidir. İndiki halda isə Cavabdeh MMC-nin idxal etdiyi təmizləmə üçün əsgilər və süngərlərin qanunsuz olaraq yaradıldığı sübut olunmayıb. Həmin malların qeydiyyatı beynəlxalq səviyyədə açıqaşkar qüvvədədir. Bundan başqa İddiaçı MMC-nin qeydiyyat şəhadətnaməsinin əhatə dairəsi Əmtəə və xidmətlərin beynəlxalq Təsnifatının (ƏXBT) Nitsa Təsnifatının 3-cü sinfini əhatə edir. Amma Cavabdeh MMC-nin idxal etdiyi malların əhatə dairəsi 21-ci təsnifatı yəni (210168 təmizləyici süngərlər, təsərrüfat məqsədləri üçün süngərlər, 210417 qab yumaq üçün süngərlər 210087 kosmetika ləvazimatı, 210282 tozyığan əskilər, 210077 təmizləmə işləri üçün əskilər) əhatə edir.

22. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbinin təmin edilməməsini; Cavabdeh MMC-yə dəymiş ziyan olaraq gömrük buraxılış məntəqəsində saxlanılmış malların saxlanıldığı tarixdən buraxıldığı günədək hər gün üçün 59 manat pulun İddiaçı MMC-dən tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin saziş əsasında mal idxal etdiyi “X9 Sanayi Ve Ticaret Limited Şirketi” Türkiyə Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Şirkətin qeydiyyatdan keçirdiyi əmtə nişanlarından biri də “ACORD” brendidir. “X9 Sanayi Ve Ticaret Limited Şirketi” ACORD əmtəə nişanını 2006-cı ildə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) qeydiyyatdan keçirmişdir. Qeydiyyat müddəti 2026-cı ilin noyabr ayınadək etibarlıdır. Əlavə edirəm ki, “X9 Sanayi Ve Ticaret Limited Şirketi” Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) Əmtəə və xidmətlərin beynəlxalq Təsnifatının (ƏXBT) 03, 05, 16, 17, 21-ci təsnifatı üzrə qeydiyyatdan keçmişdir. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestrindən (https://reyestr.copat.az/trademarks/patent/N%202010%201221) görünür ki, N 2010 1221 şəhadətnaməsi üzrə “X9 Sanayi Ve Ticaret Limited Şirketi” şirkəti ACORD brendini xx.xx.2010 tarixindən xx.xx.2020 tarixinədək patenləşdirmişdir. İddiaçı MMC öz iddiasında malın kontrafakt olmasına əsaslanmışdır. Halbuki Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında Azərbaycan Respublikas Nazirlər Kabinetinin qərarında göstərilir: Kontrafakt mallar hüquq sahibinin milli qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmaqla yaradılmış və/və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar (müəlliflik hüququ və qarışıq hüquqlar obyektləri, əmtəə nişanları, coğrafi göstəricilər); Normanın açıqlamasından göründüyü kimi hər hansı malın kontrafakt olması üçün şərt həmin malın qanunsuz olaraq yaradılması və ya qeydiyyatdan keçirilməsidir. İndiki halda isə Cavabdeh MMC-nin idxal etdiyi təmizləmə üçün əsgilər və süngərlərin qanunsuz olaraq yaradıldığı sübut olunmayıb. Həmin malların qeydiyyatı beynəlxalq səviyyədə açıqaşkar qüvvədədir. Bundan başqa İddiaçı MMC-nin qeydiyyat şəhadətnaməsinin əhatə dairəsi Əmtəə və xidmətlərin beynəlxalq Təsnifatının (ƏXBT) Nitsa Təsnifatının 3-cü sinfini əhatə edir. Amma Cavabdeh MMC-nin idxal etdiyi malların əhatə dairəsi 21-ci təsnifatı yəni (210168 təmizləyici süngərlər, təsərrüfat məqsədləri üçün süngərlər, 210417 qab yumaq üçün süngərlər 210087 kosmetika ləvazimatı, 210282 tozyığan əskilər, 210077 təmizləmə işləri üçün əskilər) əhatə edir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir: Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər Rəqabət Məcəlləsinin 1-ci maddəsində göstərilir ki, bazarda yaranan münasibətlərin iştirakçısı olan təsərrüfat subyektləri, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar, digər subyektlər bazar subyektləridir. Həmin məcəllədə göstərilir ki, müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətləri haqsız rəqabət hesab edilir. rəqabət – məhsulun mövcud və ya potensial müştəriləri və (və ya) satıcıları ilə daha əlverişli işgüzar münasibətlər yaratmaq məqsədilə müstəqil fəaliyyət göstərən təsərrüfat subyektlərinin qanuna zidd olmayan fəaliyyəti; Rəqabət Məcəlləsinin 3-cü maddəsində göstərilən əsas prinsiplərindən biri rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi; bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsidir. İddiaçı MMC heç bir əsas olmadan başqa sinfə aid olan malları ölkəyə girişini qadağan etdirmiş, haqsız rəqabətə səbəb olmuşdur. Rəqabət Məcəlləsinin 25.1.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması haqsız rəqabətə səbəb olan digər hərəkət kimi qiymətləndirilməlidir. Bu normadan göründüyü kimi iddiaçının Azərbaycandan kənarda rəqib şirkət tərəfindən qeydiyyata alınmış oxşar əmtəə nişanının idxalını məhdudlaşdırmaq haqsız rəqabət kimi qiymətlənidirlməlidir. Halbuki dövlət haqsız rəqabətlə daim mübarizə aparır, bazar iqtisadiyyatını tənzimləyir. Beləliklə, İddiaçı MMC-nin bu addımları haqsız rəqabəti yaradan amil hesab edilməlidir. Əsaslandırmadan görünür ki, iqtisadiyyatda haqsız rəqabətin sahibkarın haqsızlığa düçar olmasına gətirib çıxarar, nəticədə sahibkar yıxılarsa dövlət inkişafdan qalar. İqtisadiyyatın sütünu azad sahibkarlıq və bazar yönümlü istiqamətdir. Dövlət Gömrük Komitəsinin ( https://customs.gov.az/az/sahibkarlar-ucun/eqlimulkiyyet) rəsmi saytında Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan reyestrə daxil edilmiş malların Siyahısında ( https://customs.gov.az/uploads/pdfcontent/siyahiaz.pdf) nə İddiaçı MMC-nin, nə də “ACORD” əmtəə nişanının adı yoxdur. Halbuki qarşı tərəfin iddiasının əsasını Cavabdeh MMC-nin Türkiyədən idxal etdiyi malların Dövlət Gömrük Komitəsi tərəfindən buraxılışının dayandırılması təşkil edir. DGK ACORD əmtəə nişanını Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan reyestrdən xx.xx.2025-ci il tarixdə çıxarmışdır. Beləliklə qarşılıqlı iddianın əsası xx.xx.2025-ci il tarixdə yaranmışdır. MPM-nin 155.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun. Cavabdeh MMC Türkiyədən idxal etdiyi və gömrükdə saxlanılan malların hər ayı üçün rəsmi olaraq 1700 manat vəsait ödəmişdir. Cavabdeh MMC-yə məxsus idxal olunan mallar gömrük nəzarət buraxılış məntəqəsindədir və hər ay 1700 manat vəsait ödənilir.

24. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5002/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

25. İlk iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-yə məxsus olan “ACORD” əmtəə nişanının istifadəsinin və həmin brendlə olan məhsulların Cavabdehnə məxsus ticarət obyektlərində, satış məntəqələrində istifadəsinə və satışına tam şəkildə qadağan qoyulması; qeyri-qanuni istifadə nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərin kompensasiyası olaraq 6450.00 (altı min dörd yüz əlli manat) AZN məbləğində ödənişin həyata keçirilməsi, N 2023 2520 nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, N *** **** nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi; Cavabdeh MMC-yə dəymiş ziyan olaraq gömrük buraxılış məntəqəsində saxlanılmış malların saxlanc və digər gömrük, inzibati, texniki xərclər olaraq 5500 (beş min beş yüz) manat pulun İddiaçı MMC-dən tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5002/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddialarına dair kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5002/2025 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması, öhdəliyin qoyulması” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, İddiaçı MMC-yə məxsus xx.xx.2023-cü ildə dövlət reyestrində qeydə alınmış “ACORD” əmtəə nişanından istifadə edilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi, Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli invoys sənədi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə buraxılışı dayandırılmış “ACORD” əmtəə nişanlı malların kompensasiya ödənilmədən məhv edilməsi, Cavabdeh MMC-dən 84,50 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə, 15,50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 75 manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilməsi, qarşılıqlı iddia ərizəsi verilərkən artıq ödənilmiş 25 manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə geri qaytarılması qət edilmişdir.

29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş video yazıdan, habelə iddiaçı tərəfindən məhkəməyə nümunə olaraq təqdim edilmiş rulon təmizlik bezi, 3-lü təmizlik bezindən həmin vasitələrin iddiaçı tərəfindən istehsal edilərək Azərbaycan Respublikasında satışının həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçı hazırda ona məxsus olan “ACORD” əmtəə nişanından cavabdehin istifadəsinə qadağa qoyulmasını və N *** **** nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsini tələb etməklə haqlıdır.

30. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı ona 6450 manat dəyərində maddi zərərin dəydiyini bildirsə də, ümumiyyətlə zərərin mövcud olmasının, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində onun həmin əmtəə nişanına aid məhsullarının satışının aşağı düşməsi və ya zərərin digər şəkildə dəyməsinin təsdiqi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

31. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən idxal edilmiş malların gömrük sərhəddində qanunsuz saxlanması faktı öz təsdiqini tapmadığı üçün qarşılıqlı iddia əsassızdır, məhkəmə bu hissədə əlavə əsaslandırma aparılmasına, habelə zərərlə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür.

32. Məhkəmə gəldiyi nəticəni “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 26, 32 və 34-cü maddələri, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.11, 3 və 7-ci maddələri, 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndi, 10, 10bis, 10ter maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

33. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh MMC apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e- 2-2(113)-5002/2025 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş Bakı Kommersiya məhkəməsinin hakimi X3 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Türkiyə şirkəti “X11 Ticaret Anonim Şirkəti” arasında 29 noyabr 2024-cü il tarixli rəsmi distribyuterlik müqaviləsi mövcuddur (müqavilə iş materialına əlavə olunub). Cavabdeh MMC-nin Türkiyə şirkəti “X11 Ticaret Anonim Şirkəti”ndən idxal etdiyi malların mənşə sertifikatı mövcuddur, yəni kontrafakt deyil (mənşə sənədi iş materialına əlavə olunub). Cavabdeh MMC-nin Türkiyə şirkəti “X11 Ticaret Anonim Şirkəti”ndən idxal etdiyi mallar və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) 21-ci sinfinə aiddir. Bu barədə işin içində ekspert rəyi mövcuddur (məhkəmə ümumiyyətlə bu sübuta qiymət verməyib). Halbuki İddiaçı MMC-nin şəhadətnaməsi 3-cü sinfə aiddir. Cavabdeh MMC-nin Türkiyə şirkəti “X11 Ticaret Anonim Şirkəti”ndən idxal etdiyi mallar barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsi xx.xx.2025-ci il tarixli XM**********58 saylı ekspert rəyi mövcuddur. Həmin rəydə göstərilib ki, idxal olunan və gömrükdən buraxılmayan mallar, yuyucu vasitələrlə hopdurulmayıb, ƏXBT-nin 21-ci sinfinə aiddir (məhkəmə bu sübuta da qiymət verməyib). Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2025 2071 qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “Accord” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2035. ƏXTB üzrə siniflər: 05, 17, 21, 35,39 (N 2025 2071 qeydiyyat nömrəli şəhadətnamə iş materialına əlavə edilib). Cavabdeh MMC-nin şəhadətnamə əsasında sahib olduğu 21-ci sinifin iş üzrə aid olan təsnifatı təmizləmə işləri üçün əskilər, tozyığan əskilər, qabyumaq üçün səngərlərdir. Hansı ki, bu mallar Bakı Kommersiya Məhkəməsinin qərəzli qərardadı ilə gömrükdə dayandırılıb, üstəlik də bu malların tələf olunmasını qət edib, lap üstəlik də ki, ACORD adından Cavabdeh MMC-yə istifadə etməyi qadağan edib. Cavabdeh MMC-nin ƏXBT-nin 21-ci sinfinə aid idxal etdiyi mallar alt təsnifatı bunlardır: a) 210168 təmizləyici süngərlər b) 210417 qab yumaq üçün süngərlər c) 210087 kosmetika ləvazimatı d) 210282 tozyığan əskilər e) 210077 təmizləmə işləri üçün əskilər Amma və lakin qarşı tərəf olan İddiaçı MMC-nin ACORD əmtəə nişanına aid sinifləndirməyə aiddir: 030211 yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər - 030211 cloths impregnated with a detergent for cleaning - 030211 тряпки для уборки, пропитанные моющими средствами. Məhkəmə bu halların heç birini araşdırmayıb. Məhkəmə həmçinin araşdırmayıb ki, İddiaçı MMC-nin məxsus olduğu şəhadətnamədə 03-cü sinfə aid əmtəə növlərinə yuyucu vasitələrlə hopdurulmuş tıəmizləyici əskilər aiddir. Amma Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsinin xx.xx.2025-ci il tarixli XM**********58 saylı ekspert rəyi mövcuddur ki, Cavabdeh MMC-nin idxal etdiyi müvafiq mallar heç bir yuyucu vasitələrlə hopdurulmayıb (məhkəmə bu hallara da qiymət verməyib). Yəni ki, Cavabdeh MMC-nin idxal etdiyi müvafiq mallar İddiaçı MMC-nin şəhadətnamədə olan əmtəələrlə qarışdırıla və eyniləşdirilə bilməz. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)- 5002/2025 saylı qətnaməsinin 48-ci abzasında “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə istinad edib Cavabdeh MMC-nin malını kontrafakt saymış və onun məhvini qət etmişdir. Halbuki həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən kontra-fakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri qanuni təchiz olunan maldır. Bu abzasda da Bakı Kommersiya Məhkəməsi özünü arbitr kimi aparmamış, çəkişmə prinsipini pozaraq, iddiaçı tərəfdən kontrafaktlıq barədə hər hansı sənəd, sübut olmadan belə nəticəyə gəlmişdir. Çünki məhkəmənin malını məhv etmək üçün qət etdiyi Cavabdeh MMC tərəfindən idxal olunan malın mənşə şəhadətnaməsi, distrbyuterlik sənədi və Azərbaycan Respublikasından alınmış Reyestr şəhadətnaməsi, Dövlət Gömrük Komitəsinin rəyi, ekspertin rəyi mövcuddur, məhkəməyə təqdim edilib, məhkəmə isə bütün bunları görməzdən gəlib və özünü sanki İddiaçı MMC-nin nümayəndəsi kimi aparıb. Belə halda sual olunur: hardadı qeyri qanuni təchiz olunma?! Niyə görmədən, bilmədən, araşdırmadan sahibkar haqqında belə ədalətsiz, əsassız, qeyri obyektiv qərar qəbul edilir? Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-5002/2025 saylı qətnaməsinin 51-ci abzasında bu konvesiyanın 10bis maddəsinə istinad etməklə Cavabdeh MMC-nin rəqabət qaydalarını pozduğuna işarə etmişdir. Halbuki tərəfimizdən təqdim edilmiş və iş materialında olan Azərbaycan Respublikası Prezidenti yanından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini tərəfindən bizə təqdim edilmiş cavab məktubunun 4cü abzasında göstərilib ki, Cavabdeh MMC idxal zamanı heç bir rəqabət qanunvericiliyini pozmayıb. Bakı Kommersiya Məhkəməsi çox təəssüf ki, bu sübuta da heç bir münasibət bildirməyib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş N 2025 2071 qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “Accord” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Beləliklə, Bakı Kommersiya Məhkəməsi Cavabdeh MMC-nin şəhadətnaməsini görməzdən gəlmiş, onun ACORD adından istifadəsini qadağan etmişdir. Ən sonda bildirir ki, möhtərəm hakim Ülkər Həsənova çıxardığı qətnamədə iddiaçının sübutuna münasibət bildirir, amma cavabdehin dəlilinə isə cavab olaraq nəyisə bildirir. Hakim arbitrdirsə hər iki tərəfə bərabər yanaşmalı, bərabər münasibət göstərməlidir. “ACORD” brendi 2023-cü ilə qədər Azərbaycan Respublikasında Türkiyə şirkəti “X11 Ticaret Anonim Şirkəti”nə məxsus olub. Yəni bu brendi 2023-cü ilə qədər “X11 Ticaret Anonim” şirkəti dünyada və Azərbaycanda tanıdıb, reklam edib, satışı ilə məşğul olub. 2023-cü ildə İddiaçı MMC şirkəti Türkiyə şirkətinin əziyyət çəkib, qurduğu, reklam etdiyi ACORD brendini gedib öz adına patentləşdirib. Hal-hazırda Əqli Mülkiyyət Agnetliyində “X9, Sanayi Ve Ticaret Limited Şirkəti” tərəfindən apellyasiya şurasına İddiaçı MMC-nin qeydiyyatına qarşı etiraz təqdim edilib və baxılacaqdır. Hal-hazırda da ACORD brendi Türkiyədə və Azərbaycanda “X9, Sanayi Ve Ticaret Limited Şirketi” Nə məxsusdur. Türkiyənin “X9, Sanayi Ve Ticaret Limited” Şirkəti Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) 03, 05,09, 16,17,21-ci siniflər üzrə qeydiyyatdan keçmiş, nömrəsi 940802-dir. Qeydiyyatın etibarlılıq müddəti 21 noyabr 2006-dan 21 noyabr 2026-ci il tarixədəkdir. “ACORD” brendi X5 tərəfindən “X9, Sanayi Ve Ticaret Limited Şirkəti” adına ) 03, 05,09, 16,17,21-ci siniflər üzrə 2026-ci ilədək qeydiyyatdadır. Qeydiyyatı etibarlıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, “ACORD” əmtəə nişanı “X12 Ticaret Anonim Şirketi” tərəfindən 2020ci ilədək müəyyən ölkələrdə və Azərbaycan Respublikasında tanıdılmış, lakin 2020-ci ildə Azərbaycan Respublikasında müddət bitmiş və qeydiyyat müddətinin uzadılması və ya yenidən qeydiyyatla bağlı hər hansı hüquqi tədbir görülməmişdir. Hazırda həmin şirkətin “ACORD” əmtəə nişanı üzərində hüquqları yalnız qeydiyyatın mövcud olduğu ölkələrlə məhdudlaşır. Azərbaycan Respublikasında isə “ACORD” əmtəə nişanı üzərində bütün hüquqlar tam və müstəsna qaydada İddiaçı MMC-yə məxsusdur. Bu hal tərəflərindən məhkəməyə təqdim edilmiş COPAT və WİPO sistemlərindən əldə olunmuş rəsmi çıxarışlarla tam şəkildə sübuta yetirilmişdir. İddiaçı MMC bildirir ki, N 2023 2520 nömrəli qeydiyyat üzrə şəhadətnaməyə əsasən, “ACORD” əmtəə nişanı 03, 35 və 39-cu sinif əmtəə və xidmətlər üzrə Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə olunur və nişanın qanuni sahibi məhz İddiaçı MMC-dir. Apellyasiya şikayətində Cavabdeh MMC tərəfindən əlavə olaraq “ACORD” brendinin guya Türkiyə Respublikasında və Azərbaycan Respublikasında “X9 Sanayi Ve Ticaret Limited Şirketi”nə məxsus olduğu iddia edilir. Bu iddia da tamamilə yanlışdır. “X9 Sanayi Ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikası ərazisində “ACORD” əmtəə nişanı üzərində hazırda heç bir hüququ mövcud deyildir. Digər tərəfdən, qarşı tərəfin əmtəə sinifləri və təsnifatla bağlı irəli sürdüyü arqumentlər də əsassızdır. Cavabdeh MMC-yə dəfələrlə izah edilməsinə və müvafiq sübutların təqdim olunmasına baxmayaraq, işin mahiyyəti düzgün dərk edilməmiş və əvvəlki mövqelərə təkrar istinad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırılmış nəticəyə görə, Cavabdeh MMC tərəfindən idxal edilən mallar İddiaçı MMC tərəfindən istehsal edilən mallarla eynilik təşkil etmişdir. Məhz bu səbəbdən də həmin malların məhv edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh MMC-nin apellyasiya şikayətində əsaslandığı arqumentlərin hamısı ya işin predmeti ilə əlaqəsizdir, ya da açıq-aşkar yanlış məlumatlara söykənir. İddiaçı MMC 2023-cü ildən etibarən “ACORD” əmtəə nişanının Azərbaycan Respublikasında qanuni və rəsmi sahibidir və bu nişan üzrə tam müstəsna hüquqlara malikdir. Həmçinin “ACORD” əmtəə nişanı "Əqli mülkiyyət hüquqları olan malların gömrük reyestrinə daxil edilməsi" prosedurundan uğurla keçərək Azərbaycan Respublikası Gömrük Reyestrinə daxil edilmişdir. İddiaçı MMC “ACORD” əmtəə nişanı altında məhsulları Azərbaycan Respublikasında istehsal edir və həmin məhsulların satışını qanuni qaydada həyata keçirir. Cavabdeh MMC hazırda gömrükdə saxlanılan malların “X9 Sanayi Ve Ticaret Limited Şirketi” ilə olan müqaviləsi əsasında qanuni şəkildə idxal edildiyini, ACORD əmtəə nişanının göstərilən xarici şirkətin adına 2006-cı ildə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) qeydiyyatdan keçdiyini, qeydiyyat müddətinin 2026-cı ilin noyabr ayınadək etibarlı olduğunu bildirir. Bütün bunları nəzərə alaraq, Cavabdeh MMC tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

36. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

37. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

38. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. - 3-cü maddəsinə görə Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. - 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. - 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. - 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.

39. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 17 may 2003-cü il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları”na əsasən kontrafakt mallar dedikdə - hüquq sahibinin mövcud qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulması ilə yaradılan (istehsal edilən) və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri (müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri, sənaye mülkiyyəti obyektləri) olan mallar başa düşülür.

40. “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 1-ci maddəsinə əsasən (1) əgər nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilibsə və ya əgər nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınıbsa, bu iddia sənədinin iddiaçısı olan şəxs (bundan sonra “baza qeydiyyatı” adlandırılacaq), bu Protokolun müddəalarını nəzərə almaqla, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunun reyestrində həmin nişanın qeydiyyatını aparmaq yolu ilə nişanın mühafizəsini Razılığa gələn Tərəflərin ərazisində təmin edə bilər, bu şərtlə ki: (i) baza iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi Razılığa gələn həmin dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn dövlətdə həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (ii) baza iddia sənədi Razılığa gələn Təşkilatın İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi, Razılığa gələn bu təşkilata üzv dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn təşkilatın ərazisində həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (2) beynəlxalq qeydiyyat üçün iddia sənədi (bundan sonra “beynəlxalq iddia sənədi”), baza iddia sənədi verilən və ya baza qeydiyyatı aparılan (bundan sonra “mənşə İdarəsi”) İdarə vasitəsilə Beynəlxalq büroya verilməlidir. 4-cü maddəsinə əsasən (1)(a) Qeydiyyat tarixindən və ya 3 və 3ter maddələrinin müddəalarına müvafiq qeydlərin daxil edildiyi tarixdən, Razılığa gələn hər maraqlı Tərəfdə nişanın mühafizəsi, həmin nişanın Razılığa gələn bu Tərəfin bilavasitə İdarəsində saxlanıldığı kimi olacaqdır. Əgər Beynəlxalq büroya 5 (1) və (2) maddələrinə müvafiq hər hansı imtina ilə bağlı bildiriş verilməyibsə və ya əgər bu maddəyə uyğun imtina barədə bildiriş verilib və sonradan geri götürülübsə, onda göstərilən tarixdən Razılığa gələn maraqlı Tərəfdə nişanın mühafizəsi Razılığa gələn bu Tərəfin İdarəsində həmin nişanın qeydiyyatı ilə yaranan mühafizə ilə eyni olacaqdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissələrdə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5002/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ağ, qara, yaşıl, göy, sarı, qırmızı rənglərdən ibarət olan “ACORD” əmtəə nişanı iddiaçıya məxsusdur, 03,35,39 saylı siniflər üzrə xx.xx.2023-cü ildə qeydiyyata alınmaqla xx.xx.2033-cü il tarixədək qüvvədə olma müddəti vardır. Cavabdeh tərəfindən həmin əmtəə nişanın təsviri olan 5616 ədəd 5-li süngər, 15000 ədəd 20-li rulon təmizlik bezi, 17400 ədəd 3-cü təmizlik bezi xx.xx.2025-ci il tarixli invoys sənədi üzrə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilən zaman Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı xx.xx.2025-ci il tarixdə dayandırılmış, Azərbaycan Respublikasına buraxılışı iddiaçının vəsatəti əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbiri kimi qadağan edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC-nin nişan sahibi olaraq “ACORD” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə də tam şəkildə sübuta yetirilmişdir.

48. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N 2023 2520 nömrəli əmtəə nişanına dair şəhadətnamədən görünür ki, əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 03-cü sinif - Makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər. 35-ci sinif - 03-cü sinifdəki məhsulların satışı və reklamı. 39-cu sinif - 03-cü sinifdəki məhsulların qablaşdırılması.

49. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 12 №-li Protokolla təsdiq edilmiş Əmtəə nişanının qeydiyyata alınması haqqında qərarına əsasən yaşıl, ağ, mavi, qırmızı rəngli “ACORD” əmtəə nişanın sahibi İddiaçıdir. Əmtəə və/və ya xidmətlərin sinifləri: kosmetik kremlər, yuyucu vasitələr, paltar yumaq üçün ağartma preparatları, şampunlar, makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər daxildir.

50. İddiaçıya məxsus uyğunluq sertifikatından görünür ki, İddiaçı MMC tərəfindən istehsal edilən “ACORD” əmtəə nişanlı silmək üçün bezlər müvafiq standartlara cavab verir və keyfiyyət göstəricilərinə görə sertifikatlaşdırılmışdır.

51. Cavabdeh apellyasiya şikayətində Cavabdeh MMC-nin Türkiyə şirkəti “X11 Ticaret Anonim Şirkəti”ndən idxal etdiyi malların və xidmətlərin beynəlxalq təsnifatının 21ci sinfinə aid olmasını və bu barədə ekspert rəyi mövcud olmasını bildirsə də, Cavabdeh MMC tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş mallar üzərində gömrük nəzarəti həyata keçirilən zaman **********4179 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş malların tərkibində “ACORD” əmtəə nişanlı süngər və təmizlik bezlərinin olduğu müəyyən edilmişdir. Gömrük orqanları tərəfindən aparılan baxış zamanı bu malların kontrafakt xarakteri daşıması və qeyri-qanuni idxal edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, “Abumi" MMC İddiaçı MMC-yə məxsus “ACORD” əmtəə nişanından istifadə etmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması hesab edilir.

52. Eyni zamanda, İddiaçı MMC-yə məxsus N 2023 2520 nömrəli əmtəə nişanına dair şəhadətnamə də sübut edir ki, “ACORD” əmtəə nişanı 03-cü sinif üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan sinif çərçivəsində təmizləyici və silmək üçün nəzərdə tutulan vasitələr ayrıca olaraq göstərilmişdir ki, bu da əmtəə nişanının əhatə dairəsinin konkret və aydın şəkildə müəyyən edildiyini təsdiq edir. Məlum olduğu kimi, İddiaçı MMC-nin əsas fəaliyyət sahəsi məhz qeyd edilən məhsulların istehsalı və dövriyyəsi ilə bağlıdır. Bu fakt əmtəə nişanının seçilmiş sinif üzrə qeydiyyatının real kommersiya fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu göstərir. Beləliklə, təqdim edilmiş şəhadətnamə və faktiki hallar bir daha təsdiq edir ki, “ACORD” əmtəə nişanının 03-cü sinif üzrə qeydiyyatı hüquqi və əsaslıdır, həmçinin Cavabdeh MMC tərəfindən irəli sürülmüş iddialar hüquqi və faktiki əsaslardan məhrumdur və əsassız xarakter daşıyır.

53. Həmçinin Cavabdeh MMC apellyasiya şikayətində “ACORD” əmtəə nişanının Türkiyə Respublikasında və Azərbaycan Respublikasında “X9 Sanayi Ve Ticaret Limited Şirketi”nə məxsus olması barədə iddia irəli sürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, bu iddia faktiki hallara uyğun olmayan məlumatlara əsaslanır. Belə ki, qeyd olunan əmtəə nişanı “X9 Sanayi Ve Ticaret Limited Şirketi” tərəfindən Türkiyə Respublikasında, habelə bir sıra digər xarici dövlətlərdə müvafiq qaydada qeydiyyata alınmış olsa da, Azərbaycan Respublikasında həmin əmtəə nişanı üzrə qeydiyyat müddəti 2020-ci ildə başa çatmışdır. Hal-hazırda “ACORD” əmtəə nişanı Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WİPO) “X9 Sanayi Ve Ticaret Limited Şirketi”nin adına qeydiyyatdan keçsə də, Əqli Mülkiyyət Hüquqlarına dair Madrid Protokolundan görünür ki, həmin əmtəə nişanının qorunduğu ölkələr sırasında Azərbaycan Respublikası mövcud deyildir. Belə ki, Madrid Sistemi çərçivəsində beynəlxalq qeydiyyat mülkiyyətçiyə avtomatik olaraq bütün dünyada qorunma hüququ vermir. Nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilir və ya nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınır. Beynəlxalq qeydiyyat nəticəsində yaranan mühafizə, yalnız beynəlxalq iddia sənədini verən şəxsin və ya beynəlxalq qeydiyyatın sahibinin bəyannaməsi əsasında Razılığa gələn Tərəflərə aid edilir.

54. Qeydiyyat müddətinin bitməsindən sonra əmtəə nişanının uzadılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilməmiş, eləcə də yenidən qeydiyyatın həyata keçirilməsi üçün hər hansı tədbir görülməmişdir. Nəticə etibarilə, Azərbaycan Respublikasında “ACORD” əmtəə nişanı üzərində hüquqi qoruma faktiki olaraq xitam tapmış, həmin əmtəə nişanı açıq hüquqi rejimə keçmişdir. Bu şəraitdə, 2023cü ildə “ACORD” əmtəə nişanı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə İddiaçı MMC tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən hallar bir daha təsdiq edir ki, hazırda Azərbaycan Respublikasının ərazisində “ACORD” əmtəə nişanı üzərində müstəsna (eksklüziv) hüquqlar İddiaçı MMC-yə məxsusdur, cavabdehin əksinə yönəlmiş iddiaları isə hüquqi və faktiki əsaslardan məhrum olmaqla, əsassızdır.

55. Bu səbəbdən, cavabdeh tərəfindən həmin əmtəə nişanı altında malların idxalı kontrafakt malların idxalı kimi qiymətləndirilir, çünki yerli qeydiyyat sahibi olan "xxxx" MMCnin razılığı alınmamışdır.

56. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestrindən də görünür ki, “X9 Sanayi Ve Ticaret Limited Şirketi”nin adına qeydiyyatdan keçmiş həmin əmtəə nişanı Azərbaycan Respublikası ərazisində xx.xx.2010cu ildən xx.xx.2020-ci il tarixədək mühafizə edilmişdir.

57. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı hazırda ona məxsus olan “ACORD” əmtəə nişanından cavabdehin istifadəsinə qadağa qoyulmasını və N *** **** nömrəli qeydiyyatla qorunan “ACORD” əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsini tələb etməklə haqlıdır.

58. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli malların gömrük nəzarəti zamanı saxlanılması iddiaçının müstəsna hüquqlarının qorunmasına xidmət edən və qanunvericiliklə nəzərdə tutulmuş hüquqi prosedurlar çərçivəsində həyata keçirilmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən idxal edilmiş malların gömrük sərhədində qanunsuz saxlanması, habelə zərərin yaranmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, qarşılıqlı iddia tələbi əsassızdır.

59. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ... Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. ... Əmtəə gömrük sərhəddində qanunsuz saxlanılarsa, onun sahibinə dəyən ziyan təqsirkar tərəfindən ödənilir.

60. Həmçinin Cavabdeh MMC tərəfindən bildirilmişdir ki, Cavabdeh MMC-nin Türkiyə Respublikasında fəaliyyət göstərən “X12 Ticaret Anonim Şirketi”ndən idxal etdiyi mallarla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, XM**********58 saylı ekspert rəyi mövcuddur. Cavabdeh həmin ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, idxal olunan və gömrük orqanları tərəfindən buraxılmayan mallar yuyucu vasitələrlə hopdurulmamışdır, Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 21-ci sinfinə aid edilmişdir və birinci instansiya məhkəməsi bu sübuta lazımi hüquqi qiymət verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilən 21ci sinif faktiki və hüquqi baxımdan 03-cü siniflə birbaşa əlaqəli olan məhsul qruplarını istisna etmir və əmtəə nişanı hüququnun tətbiqi baxımından həlledici xarakter daşımır. Eyni zamanda, İddiaçı MMC tərəfindən təqdim edilmiş uyğunluq sertifikatı və əmtəə nişanına dair şəhadətnamə idxal və dövriyyə prosesində qanunvericiliyin tələblərinin pozulmadığını, habelə “ACORD” əmtəə nişanının 03-cü sinif üzrə hüquqi qoruma altında olduğunu açıq şəkildə təsdiq etmişdir. Məhz qeyd olunan hallar və sübutların məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı hazırda ona məxsus olan “ACORD” əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyatını tam qanuni və hüquqa uyğun şəkildə həyata keçirmişdir, cavabdehin bu hissədə irəli sürdüyü iddialar isə əsaslı hesab edilə bilməz.

61. Eyni zamanda, Cavabdeh MMC tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, N 2025 2071 qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “Acord” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şəhadətnamə mübahisə predmeti olan hüquq münasibətləri yarandıqdan və iş üzrə məhkəmə icraatı başlandıqdan sonra dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, sonradan əldə edilmiş hüquqlar əvvəl yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz və həmin hüquqlar geriyə qüvvəyə malik deyil. Bu baxımdan, xx.xx.2025-ci il tarixli, N 2025 2071 nömrəli əmtəə nişanına dair şəhadətnamə hazırkı mübahisə üzrə hüquqi əhəmiyyət kəsb etmir, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və qiymətləndirilmiş əvvəlki faktiki və hüquqi halları təkzib edə bilməz. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təqdim edilən sözügedən şəhadətnamə bu iş üzrə sübut kimi qəbul edilə bilməz və mübahisənin həllinə təsir göstərmir.

62. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-5002/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehin özünə aid edilməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5002/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar