Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1302/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2805/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 15.03.2021-ci il tarixə qeyd olunan borc məbləğindən 2518,22 manat məcburi işsizlikdən sığorta fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(113)-2805/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2021-ci ildə keçirilən məhkəmə baxış iclası barədə öncədən onlara nə SMS bildiriş, nə də poçt vasitəsilə məhkəmə bildirişi göndərilməmiş və buna görə də, prosesdə iştirak etmələri və vergi ödənişlərinin həyata keçirilməsi ilə bağlı qəbzlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Əlavə olaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı idi. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənəd formal xarakterli olmuş və borc məbləğinin hansı əsasla, hansı işçilərə münasibətdə yaranması qeyd olunmamışdır. İddia ərizəsində isə ümumiyyətlə həmin hallar barəsində heç bir məlumat verilməmişdir.. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun DSMF-yə və işsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15.03.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 2518,22 manat borcuna görə 3500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 15.03.2021-ci il tarixli, **********8 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 18.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 15 mart 2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2518,22 manat işsizlikdən sığorta fonduna ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15.03.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh MMC-yə məxsus 3500 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 15.03.2021-ci il tarixli, **********8 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, 16 sentyabr 2021-ci ildə keçiriləcək məhkəmə iclası barədə məhkəmə bildirişi 08 sentyabr 2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi kabinetdə yerləşdirilmişdir. Vergi borcunun tam ödənilməsi barədə sübutlar isə təqdim edilməmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş 20.09.2021-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən DSMF hesabına 1976,44 manat və 02.08.2021-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən Vergilər Nazirliyinin hesabına 2244,04 manat ödənilmişdir. İlk olaraq kollegiya qeyd edir ki, 02.08.2021-ci il tarixli ödəniş tapşırığı gecikdirilmiş sübutdur. Çünki həmin sübut birinci instansiya məhkəməsinə təqdim edilməmiş və hansı səbəblərə görə həmin sübutun apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində isə təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa həmin ödəniş tapşırığında 2244,04 manat məbləğində vəsaitin DSMF-yə və işsizlikdən sığorta fonduna ödənilməsi qeyd olunmamışdır. 20.09.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 1976,44 manat məbləğində vəsaitin DSMF hesabına köçürülməsi isə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra həyata keçirilmiş və ona görə də, qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır. Bundan başqa, həmin vəsait hesabına cavabdehin DSMF-yə və işsizlikdən sığorta fonduna ödənilməli olan 2518,22 manat borcu tam olaraq ödənilmir. Borc məbləğinin hansı əsasla və hansı işçilərə münasibətdə yaranması məsələsi isə hazırki mübahisənin predmeti deyildir. Çünki vergi borcunun məbləği və əmlakın siyahıya alınması ilə bağlı iddiaçı tərəfindən müvafiq qərarlar qəbul olunmuş, cavabdeh isə həmin qərarları inzibati qaydada mübahisələndirməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və mübahisənin həlli baxımından əhəmiyyətsiz olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2805/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1302/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1302/2021
07.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver