Məhkəmə qərarları › İş №2-2(103)-1305/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1305/2021

03.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1305/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Həmidov Həmid Üzeyir oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)-2006/2021 nömrəli qərardadından (hakim Emin Əliyev) Cavabdeh Firması tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə ödənilməmiş 33507,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 37200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli, e-2-2(113)- 2006/2021 nömrəli qərardadı ilə Cavabdeh firmasının iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borc məbləğinin silinmiş hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyinə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəf mediasiya prosesində iştirak etmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh firması həmin qərardaddan 14.09.2021-ci il tarixində elektron məhkəmə informasiya sistemində yerləşdirilməklə şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2006/2021 saylı 19.08.2021-ci il tarixli qərardadını ləğv edib, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)- 2006/2021 nömrəli qərardadına əsasən Cavabdeh Firması tərəfindən 19.08.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)-2006/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2006/2021 saylı 19.08.2021-ci il tarixli qərardadı məhkəmə sistemində 06.09.2021-ci il tarixdə yerləşdirildiyi üçün ondan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddət ötürülməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2006/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)- 2006/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli, e-2-2(113)-2006/2021 nömrəli qərardadı “Əsas sənəd” kimi 19.08.2021-ci il tarixdə imzalanmış və həmin tarixdə də Cavabdeh firması nümayəndəsi, vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində avtomatik yerləşdirilmişdir. Cavabdeh firması tərəfindən verilən şikayət 14.09.2021-ci il tarixdə, qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət bitdikdən sonra elektron məhkəmə informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. İstinad edilən normaların tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən şikayətin qaytarılması əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)-2006/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh Firmasının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(113)-2006/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar