Məhkəmə qərarları › İş №2-2(103)-131/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-131/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-131/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu, Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilk iddiaçının nümayəndəsi Nümayəndə2, sonrakı iddiaçının nümayəndələri X5 və Vəkil (vəkil) iştirakı ilə, İddiaçı "Azərbaycan Respublikasının X9" X14 (bundan sonra-X9) cavabdeh X8 və X12 "TAC" Kredit İttifaqına (bundan sonra-"TAC" Kredit İttifaqı) qarşı “borcun ödənilməsi tələbinə dair”, habelə, "TAC" Kredit X1rşı “müqavilənin etibarsız hesab edilməsi haqqıda” - iddia ərizələrinə dair bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin: e-2-2(113)-385/2020 saylı 28.09.2020-ci il tarixli və e-2-2(113)-535/2021 saylı 09.02.2021-ci il tarixli qətnamələrindən "TAC" Kredit İttifaqı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı X9 cavabdeh "TAC" Kredit İttifaqına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, daha da sonra iddia tələbtinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 01.09.2020-ci il tarixinə X3rşısında yaranmış 294.172,81 manat vaxtı keçmiş kredit, 9.447,30 manat faiz və 25.803,28 manat cərimə borcu olmaqla, cəmi 329.423,39 manat vəsaitin cavabdehdən tutularaq Fondun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdıır ki, tərəflər arasında 18.04.2012-ci il tarixdə bağlanmış “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə şərtlərinə uyğun olaraq Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 168 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında “TAC” Kredit İttifaqına 840.000,00 manat güzəştli kredit ayrılmış, lakin sonuncu 01.08.2016-cı il tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Müqavilənin şərtləri yalnız tərəflərin qarşılıqlı razılığı ilə deyil, Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmişdir. Bu isə onu deməyə əsas verir ki, borclunun Fond qarşısındakı öhdəlikləri yalnız müqavilə tələblərindən deyil, həmçinin qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, borclu Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması məqsədi ilə müvəkkil kredit təşkilatı qismində seçilmək üçün müraciət etməklə, həmin Fərmandan irəli gələn vəzifələri yerinə yetirmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında 01.11.2018-ci il tarixdə aparılmış və İttifaqın rəhbəri tərəfindən imzalanmış və möhürlənmış üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. Onlar arasında yaranmış mübahisə üçün qanunla məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunmamış və bu tərəflər arasında müqavilə ilə nəzərdə tutulmamışdır. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən, “tərəflər arasında baş verən mübahisələr danışıqlar yolu ilə həll edilir. Göstərilən qaydada həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir.” Müqavilədən göründüyü kimi tərəflər arasındakı müqavilədə pretenziya qayadasına əməl edilməsi üçün heç bir şərt mövcud deyildir. Buna baxmayaraq Fond tərəfindən cavbdehə çoxsaylı yazılı xəbərdarlıqlar edilmiş, lakin cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə“TAC” Kredit İttifaqının idarə heyətinin sədri işləyən X8 Sahibkarlığa Kömək Milli Fonduna məxsus olan xeyli miqdarda əmlakı mənimsəmə və israf etmə yolu ilə vahid qəsdlə talamaya və tamah niyyətilə vəzifə saxtakarlığı törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-385/2020 saylı 28.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh “TAC" Kredit İttifaqından 01.09.2020-ci il tarixinə olan 294.172,81 manat əsas kredit, 9.447,30 manat faiz və 25.803,28 manat cərimə borcu olmaqla, cəmi, 329.423,39 manat məbləğində pul tutularaq, X6 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul “TAC" Kredit İttifaqından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh “TAC" Kredit İttifaqı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iş üzrə tam araşdırma aparılmaqla iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsindən görünür ki, hakim maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, cərimə ilə bağlı tələbi tam həcmdə təmin etməklə işin hallarına hüquqi qiymət vermədən, əsassız qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edərkən, onun vəziyyətini daha da ağırlaşdırdığını və əmlak mənafelərini nəzərə almamışdır. Tələb olunan cərimə borcu onun hazırki maddi durumu üçün olduqca yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsi cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi daşıyır. Hər hansı müqavilə, o cümlədən, hazırki müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərini icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən cərimənin məbləği çox yüksək ola bilməz (Daha sonr mülki Məcəllənin 425-ci və 467-ci, MPM-in 88 və 385-ci maddələrinə istinad olunaraq şikayətin təmin edilməsi məhkəmədən xahiş olunur). Eyni zamanda, “TAC" Kredit İttifaqı iddiaçı qismində ayrıca, X2rşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müraciət edərək, 18.04.2012-ci il tarixdə tərəflər arasında bağlanmış “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “TAC" Kredit İttifaqı müqavilə bağlayarkən hesab edirdi ki, sahibkarlar tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədiyi halda, Fondla birgə məsuliyyət daşıyır. Digər tərəfdən, sahikarların ödəliklərini lazımınca icra etməməsi nəticəsində müqavilənin icrasında problem yarandığı halda, Fond onlar barəsində tədbirlər görəcək. Bakı Kommersiya Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsindən sonra İttifaqa məlum olmuşdur ki, sahibkarların müqaviləni icra etməməsi üzrə bütün öhdəlik İttifaqın üzərinə qoyulur. Belə olan halda, onda arzulamadığı müqavilə bağladığı fikri formalaşır. Beləliklə İttifaq müqaviləni bağlamaqda səhv etmiş, vicdanlılıq prinsipini rəhbər tutmaqla arzuladığı əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmadığını öyrənmişdir (Mülki Məcəllənin 425, 337.1, 337.2, 337.4, 347.1.1 və 347.1.3, 347.2.2-ci maddələrinə istinad olunur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-535/2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsi ilə “TAC" Kredit İttifaqının iddia tələbi rədd edilmişdir. “TAC" Kredit İttifaqı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iş üzrə tam araşdırma aparılmaqla, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qətnamədə müqavilənin vacib yanılmanın təsiri altında bağlanması faktının öz təsdiqini tapmadığını qeyd etmişdirLakin iddiaçı müqavilə bağlayarkən, tərəflər arasında hazırkı mübahisələr mövcud olmamışdır. Cavabdeh tərəfindən yoxsulluğun azaldılması məqsədlə əhalinin risk qrupunda olan təbəqəsinə kredit ayrılması barədə məktublar göndərilmişddir. Gözlənilən məsələydi ki, həmin kateqoriya şəxslərin kreditləri ödəməsində, müqavilə öhdəliklərini icra etməsində problemlər yarana bilər. Əgər hazırkı cavabdeh yarana biləcək problemlər zamanı iddiaçıya güzəşt və “Tac” Kredit İttifaqına borcalanların gecikməsi zamanı kömək etməyəcəkdirsə, əksinə, ona qarşı iddia qaldırıb müqavilə öhdəliklərini birdəfəlik icra edilməsini tələb edəcəklərdisə, o zaman hansı əsasla İtifaqı riskli şəxslərə kredit verməyə məcbur edirdi? Bütün bunlar iddiaçıda vacib əhəmiyyətli yanılmaya səbəb olmuşdur. Məhkəmə qətnamə qəbul edərkən bu faktları nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı müqaviləni mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunan bir aylıq müddəti buraxmışdır.Halbuki iddiaçı cavabdehin onu belə bir risk qarşısında qoyacağını güman etmirdi. Bu barədə ona Bakı Kommersiya Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsindən sonra məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Məhkəməsində işəlrə baxılarkən məhkəmənin 2-2(103)-528/2021 saylı 02.06.2021-ci il tarixli qərardadı ilə e-2-2(103)- 131/21 nömrə altında bir bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən “TAC" Kredit İttifaqının nümayəndəsi vəkil Vəkil və nümayəndəsi Rəsulzadə Rəşid Rufulla oğlu məhkəmənin hər iki qətnaməsindən verdiyi apellyasiya şikayətlərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinə etirazını bildirərək cavabdehə hesablanmış cərimə məbləğinin 25.803,28 manata qədər azaldıldğını qeyd edərək, müqavilənin etibarsız hesab edilməsi barədə qarşı tərəfin iddia tələbinin əsassız olduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qətnamələrini qüvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə “Tac” Kredit İttifaqının apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, tərəflər arasında 18.04.2012-ci il tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilənin bağlanması işin mübahisələndirilməyən halıdır. Həmin müqavilədən isə görünür ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatı “TAC" Kredit İttifaqı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, sonucu isə qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Eyni zamanda, tərəflər arasında 01 yanvar 2019-cu il tarixdə imzalanmış və möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən müəyyən olunur ki, Fond tərəfindən “TAC" Kredit İttifaqına (115 (nəfər) sahibkarlıq subyektlərinin hər birinə 3 il müddətinə 5000 manatdan olmaqla, cəmi, 575.000,00 manat məbləğində güzəştli kredit verilmiş və İttifaqın 01.01.2019-cu il tarixinə əsas kredit üzrə 300.403,81 manat, o cümlədən, 283.320,56 manat vaxtı keçmiş, 4921,87 manat faiz və 214.086,71 manat məbləğində qalıq borcu yaranmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 sentyabr 2020-ci il tarixli 9/117 saylı ekspert rəyi verilmişdir. Tədqiqat dəyəri 200 manat müəyyənləşdirilən ekspert tədqiqatının nəticələrinə görə “Tac” kredit ittifaqının X6 01.03.2019-cu il tarixinə: 297123,81 manat əsas borc, 5226,37 manat faiz borcu və- 231.342,58 manat cərimə borcu; 17.04.2019-cu il (iddia qaldırılan) tarixinə isə 296262,81 manat əsas borc, 5551,21 manat faiz borcu, 245900,72 manat cərimə borcu hesablandığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı X4 iddia tələbi üzrə 28.09.2020-ci il tarixli qətnaməsində bununla bağlı aşağıdakılar qeyd etmişdir: ”... İddiaçının 01.03.2019-cu il tarixə tələb etdiyi həm əsas, həm faiz və həm də cərimə borcu ilə ekspertin həmin tarixə gəldiyi nəticə ilə eynilik təşkil edir ki, bu da iddiaçı tərəfindən əsas, faiz və cərimə borcunun düzgün hesablandığını göstərir. Buna görə də sonradan, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydalarına edilmiş dəyişiklik və iddiaçının da iddia tələbinin həcmini azaltması nəzərə alınmaqla, Fond tərəfindən “01.09.2020-ci il tarixinə Fonda “Tac” Kredit İttifaqına 294.172,81 manat əsas kredit, 9.447,30 manat faiz və 120 gün gecikmə günlərinə görə 25.803,28 manat cərimə borcu olmaqla, cəmi, 329.423,39 manat borc məbləği düzgün hesablanmış və əsaslıdır. Odur ki, X4 iddiası tam təmin edilməli, 18 aprel 2012-ci il tarixli müqaviləyə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanına əsasən onun xerinə cavabdehədən 01.09.2020-ci il tarixinə olan 294.172,81 manat əsas kredit, 9.447,30 manat faiz və 25.803,28 manat cərimə borcu olmaqla, cəmi, 329.423,39 manat məbləğində pul tutularaq ödənilməlidir...” Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, X9 müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirdiyi halda, qarşılıqlı olaraq, digər tərəf “Tac” Kredit İttifaqı da üzərinə düşən müqavilə öhdəliyini yerinə yetirməyə borcludur. Çünki, Azərbaycan Respublikasının Mülki məcəlləsinin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Əslində,“Tac” Kredit İttifaqının məhkəmənin birinci qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərindəona hesablanmış əsas və faiz borcunu mübahisələndirdiyi müəyyən olunmur. Onun tərəfindən mübahisələndirilir ki, məhkəmə, cərmə borcunu ondan ğtutarkən ağır maddi dürumunu və Mülki Məcəllənin 467-ci maddəsinin tələbini nəzərə almamışdır. Məhkəmə kollegiyası “Tac” Kredit İttifaqının qeyd olunan dəlilləri ilə aşağıakılara görə əsassızdır. Mülki Məcəllənin 467-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin 28.09.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, sonradan, X9 tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X4 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydaları”nın 3.7-ci bəndinin tələbləri nəzərə alınmaqla, iddia tələbinin həcmi, cərimə borcuna münasibətdə 10 dəfədən də çox azaldaraq 25.803,28 manata qədər azaldılmış və qətnaəmə ilə həmin cərimə məbləğinin qətnamə ilə cavabdehdən onun xeyrinə tutulması qət olunmuşdur. Adıçəkilən “Qaydaları”n 3.7-ci bəndi isə nəzərdə tutur ki, müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin qeyd olunan 467-ci maddəsinin tələbi nəzərə alınmaqla, azaldılmış cərimə məbəlğinin, bir daha məhkəmə tərəfindən azaldılması Fondun fəaliyyət istiqaməti və üzərinə düşən vəzifələri baxımından, bütün əsaslı mənafələrinə uyğun hesab oluna bilməzdi. Ona görə də məhkəmə kollegiyası “Tac” Kredit İttifaqının apellyasiya şikayətinin Mülki Məcəllənin həmin normanın ona tətbiq olunmamasının əsassız olduğunu mübahisələndirən dəilləri ilə razılaşmır. Eyni zamanda, işdən görünür ki, Fondun iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən 28.09.2020-ci il tarixində qətnamə qəbul olunduqdan və həmin qətnamədən 17.11.2020-ci il tarixində apellyasiya şikayəti verdikdən sonra cavabdeh “Tac” Kredit İttifaqı, baxmayaraq ki, həmin işin məhkəmə icraatı zamanı tərəflər arasında bağlanmış 18.04.2012-ci il tarixli müqavilənin etibarısızlığına dair hər hansı bir etiraz və dəlillərini bildirməmişdir, 24.11.2020-ci il tarixində həmin məhkəmədə həmin müqavilənin etibarsız sayılmasına dair iddia qaldırmış və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 535/2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. “Tac” Kredit İttifaqı iddia ərizəsində və onun həmin qətnamədən verdiyi apellyasiya şikayətində Mülki Məcəllənin 347-ci maddəsinin müddəalarına istinadən mübahisələndirir ki, 18.04.2012-ci il tarixində müqavilə bağlayarkən, hazırda yarana biləcək problemləri bilməmiş, riskli şəxslərə kredit verməyə məcbur edilib, bütün bunlar onda vacib əhəmiyyətli yanılmaya səbəb olmuşdur. Birincisi, “Tac” Kredit İttifaqı müqaviləni bağlamağa məcbur edildiyini bildirsə də, bununla bağlı onun sübutetmə vasitələrinin mövcud olmadığından, həmin dəlilləri formal xarakter daşıyır. İkincisi, müqavilə 18.04.2012-ci il tarixində “Tac” Kredit İtifaqının İdarə Heyətinin sədri tərəfindən imzalanıb, İttifaqın möhürü ilə təsdiq edildiyi halda, 575.000,00 manat məbləğində güzəştli kreditin verildiyi və istifadə olunduğu təqdirdə, həmin müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Digər tərəfdən, ən azından, “Tac” Kredit İttifaqı 01 yanvar 2019-cu il tarixində tərəflər arasında sahibkarlıq subyektlərinin hər birinə 3 il müddətinə 5000 manatdan olmaqla, cəmi 575.000,00 manat məbləğində güzəştli kredit verilməsini və İttifaqın 01.01.2019-cu il tarixinə əsas kredit üzrə 300.403,81 manat borcu olmasının təsdiq edən üzləşmə aktını imzalayıb möhürü ilə təsdiq etdiyi andan deməli, 18.04.2012-ci il tarixli müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildiyi və ya bilməli olduğu halda, onun etibarsızlığını qanunvericiliklə müəyyən edilən müddət (kəsici) ötürülməklə mübahisələndirmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Birinci instansiya məhkəməsinin həmin (№ e-2-2(113)-535/2021) saylı iş üzrə 09.02.2021-ci il tarixli qətnaməsindən də görünür ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, “Tac” Kredit İttifaqının 18.04.2012-ci müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin nəticəni işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası “Tac” Kredit İttifaqının apellysiya şikayətlərinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-385/2020 saylı 28.09.2020-ci il tarixli və e-2-2(113)-535/2021 saylı 09.02.2021-ci il tarixli qətnamələrinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun həmin qətnamələrdən verdiyi apellyasiya şikayətləri təmin edilmədən, hər iki qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: X8 və X12 "TAC" Kredit İttifaqının apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin - e-2-2(113)-385/2020 saylı iş üzrə 28.09.2020-ci il tarixli və e-2-2(113)-535/2021 saylı iş üzrə isə 09.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar