Məhkəmə qərarları › İş №2-2(103)-1310/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1310/2021

08.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1310/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı X4, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X2 qarş “qanunsuz tikilinin sökülməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, e-2-2(113)-4249/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı fərdi sahibkar İddiaçı cavabdeh fərdi sahibkar X2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanının qarşısında inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Neftçilər küçəsi 2 saylı evin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, qeyri-yaşayış sahəsini 2000-ci ildən inşa etdiyini və həmin tarixdən vergi ödəyicisi kimi orada sahibkarlıq fəaliyyəti göstərdiyini, iyirmi il ərzində fəaliyyətində heç bir problem yaşamadığını, lakin bir il əvvəl cavabdehin qonşuluqda qanunsuz tikili inşa etməyə başladığını, bununla bağlı üç evin, həmçinin özünün qeyri-yaşayış sahəsinin bütövlüyünün təhlükədə olması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdehin tikinti işlərini davam etdirdiyini, müvafiq dövlət qurumlarına dəfələrlə etdiyi şikayətlərin də nəticəsinin olmadığını, qeyriyaşayış sahəsinin damının yararsız hala düşdüyünü, yağış sularının yaşayış sahəsinin daxilinə axdığını, maddi zərər çəkməkdə davam etdiyini, Fövqəladə Hallar Nazirliyinin əməkdaşının, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının əraziyə baxış keçirdiklərini, cavabdehin bir neçə günlük tikinti işlərini dayandırsa da, yenidən davam etdirdiyini əsas göstərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2295/2021 saylı iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-2(113)-4249/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-4249/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Göründüyü kimi əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, lakin tədbir görmürsə, şəxs həmin tikintidən istifadə edirsə, bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. Göründüyü kimi daşınmaz əmlaka dair reyestrdən çıxarış olmasa da, lakin həm milli hüquq normaları və həmçinin beynəlxalq normalar mənim hüquqlarımın tam mülkiyyətçi kimi tanınaraq, qorunmasını tələb edir. Qeyd olunan hüquq normalarını nəzərə almadan məhkəmənin “güya mənin iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmamağımla bağlı” mövqeyi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə qeyd olunan məsələdə öz mövqeyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da təhlükəsizlik baxımdan tikililər arasında müəyyən ara məsafəsinin saxlanmasını tələb edilmişdir. Cavabdeh tərəf qanunvericiliyin tələblərini pozularaq tikinti işləri aparılmış və dövlət orqanlarının tələblərini nəzərə almamışdır. Həmçinin cavabdeh qanunsuzluq edərək tikinti normalarını pozmaqla yanaşı özbaşınalıq edərək mənim obyektimin pəncərələrini hörgü ilə bağlamış, mənə məxsus anbarın üstündə iki mərtəbəli tikili tikmişdir. Anbarın üstündə heç bir icazə olmayan bu tikili normal bünövrə olmaması səbəbindən gələcəkdə uçma ilə bağlı qəzaların baş verməsini istisna etmir. Cavabdehin qanunsuz tikinti aparması ilə bağlı hərəkətləri yalnız şəhərsalma və tikinti qanunvericiliyinin pozulması ilə yanaşı, həmçinin gələcəkdə obyektlərin birində yanğın və ya digər qəza halları baş versə, digərinin də zərər çəkməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü ərazi X6 İdarəsinin 23.02.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında X5 tərəfindən inşa olunmuş qeyri-yaşayış obyektinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan qeyri-yaşayış obyektinin tikintisi zamanı mövcud qeyri-yaşayış obyekti ilə yanğına qarşı ara məsafələri saxlanılmamışdır. İddiaçı X9 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli 2-2(113)-4249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı R.Sadıqov iddia edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, 2 saylı evin qarşısında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə yaxınlıqda Cavabdeh ara məsafəsi saxlanmadan inşa etdiyi qanunsuz tikili onun qanunla qorunan hüququnu pozur. X1 28.01.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi, 2 saylı evin qarşısında yerləşən 118 kv.m qeyri –yaşayış sahəsi iddiaçı tərəfindən ərzaq mağazası kimi istifadəsi olunur. İddianın qanuni əsası kimi, “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin” 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən normanın tələbinə əsasən, hər bir iddia qaldırmış şəxs hüququnun bərpa edilməsi məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək üçün pozulduğu iddia edilən hüququnun qanunla qorunan hüquq olduğunu, yəni iddia ərizəsindəki tələbi irəli sürməyə subyektiv hüququ olduğunu sübut etməlidir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı R.Sadıqovun ərzaq malları mağazası kimi istifadə etdiyi qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquq müəyyənedici sənədləri yoxdur. Sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Zabrat Bələdiyyəsi ilə bağlanmış müqavilə əsasında onun icarəsində olmuş, həmin müqavilənin müddəti 2013cü il tarixdə bitmişdir. Zabrat Bələdiyyəsinin 29.03.2021-ci il tarixli məktubundan görünür ki, icarə müqaviləsinin müddəti 2013-cü ildə bitsə də, torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsi iddiaçının istifadəsində olduğundan torpaq və əmlak vergisi onun tərəfindən ödənilir. İş materiallarından eyni zamanda görünür ki, qeyd edilən tikilinin yaxınlığındakı ünvan 3 ünvanında yeləşən 18 kv.m sahəsi olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən 29.05.2019-cu il tarixli çıxarışa əsasən cavabdehin atası X3 mülkiyyətindədir. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən izahatında bildirmişdir ki, onun inşa etdiyi tikili atasına məxsus daşınmaz əmlakın torpaq sahəsində tikilmiş, tikili sənədləşdirilməmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlar əsasında düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ olmadığından iddia təmin edilə bilməz. İddiaçının özbaşına inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə etdiyinə görə bələdiyyə orqanına vergi ödəməsi ona həmin tikilinin yaxınlığında inşa edilmiş tikililərin sökülməsi barədə iddia qadırmaq hüququ vermir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli 2-2(113)- 4249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli 2-2(113)-4249/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar