Məhkəmə qərarları › İş №2-2(103)-1323/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1323/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1323/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi, ekspert rəyinin mötəbərliyi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(113)-1740/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 600000 manat kredit limiti ayrılmışdır.

2. Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixli Z/05284/22 Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmetl xx.xx.2022-ci il tarixli 6-SME-1-592-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

4. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada İcra edilmədlkdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

5. 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penlya), borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

6. 4.3-cü bəndinə əsasən zamin Borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Kreditor qarşısında ona (Zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.

7. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASCdən illik 16 % olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit götürmüşdür.

8. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASCdən illik 15 %-lə 36 ay müddətinə 100.000 manat məbləğində kredit götürmüşdür.

9. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 2024-cü il dekabrın 3-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 37730,84 manat əsas borc, 3091,16 manat faiz, 864,51 manat cərimə borcu olmaqla cəmi 41686,51 manat borcu vardır.

10. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər iki müqavilə (xx.xx.2022, xx.xx.2022) üzrə maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.

13. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/3192 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-SME-1-592-22/1 saylı və xx.xx.2022-ci il tarixli 6-SME-1-592-22/2 saylı kredit müqavilələri üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixli 6-SME-1-592-22/1 saylı kredit müqaviləsi üzrə: xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 34.653,60 manat; faiz borcu üzrə 868,26 manat. xx.xx.2022-ci il tarixli 6-SME-1-592-22/2 saylı kredit müqaviləsi üzrə: xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 49.756,04 manat; faiz borcu üzrə 1.439,14 manat müəyyən edilmişdir.

14. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ38-243/25 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilin bazar qiyməti 263.000 manat, likvid qiyməti 250.000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 37730.84 manat əsas borc, 3091.16 manat faiz borcu və 216.13 manat cərimə borcu olmaqla, cəmi 41038.13 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 48489.15 manat əsas borc, 3503.98 manat faiz borcu və 172.12 manat cərimə borcu olmaqla, cəmi 52165.25 manat borcun və 369.61 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; Tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 600000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzil xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 % olmaqla 36 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 15 %-lə 36 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il dekabrın 3-dək Cavabdeh2 bankaxx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 37730.84 manat əsas borc, 3091.16 manat faiz borcu və 864.51 manat cərimə olmaqla cəmi 41686.51 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 864.51 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 216.13 manat məbləğində tələb olunur. 2024-cü il dekabrın 3-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə 48489.15 manat əsas borc, 3503.98 manat faiz, 688.49 manat cərimə borcu olmaqla cəmi 52681.62 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 688.49 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği xx.xx.2022-ci il tarixli Kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 172.12 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 37730.84 manat əsas borc, 3091.16 manat faiz borcu və 216.13 manat cərimə borcu olmaqla, cəmi 41038.13 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 48489.15 manat əsas borc, 3503.98 manat faiz borcu və 172.12 manat cərimə borcu olmaqla, cəmi 52165.25 manat borcun və 369.61 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; 2. Tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1740/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 34.653,60 manat əsas borc, 868,26 manat faiz borcu, 216,13 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 48.489,15 manat əsas borc, 1439,14 manat faiz borcu, 172,12 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 348 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən edilməsi; əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi, mütəxəsis rəyinin xərci olaraq 300 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖENi: **********, M.h.: AZ03NABZ013501**********2944, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: 1BAZAZ2X) köçürülməsi qət edilmişdir.

20. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:

- Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi iş materiallarını ilə öz təsdiqini tapmışdır. - Bundan əlavə, məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli 6-SME-1-592-22/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 34.653,60 manat məbləğində, faiz borcu üzrə 868,26 manat məbləğində, xx.xx.2022-ci il tarixli 6-SME-1 -592-22/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 49.756,04 manat məbləğində, faiz borcu üzrə 1.439,14 manat məbləğində müəyyən edilmişdir. - Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışda göstərilən tarixə yaranmış borc tutularkən xx.xx.2022-ci il tarixli 6-SME-1-592-22/1 saylı kredit müqaviləsinə əsasən əsas borc və əsas borca hesablanmış faiz borcu ekspert rəyi ilə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, xx.xx.2022-ci il tarixli 6-SME- 1 -592-22/2 saylı kredit müqaviləsinə əsasən əsas borc iddia tələbində daha aşağı müəyyən edildiyi üçün iddia tələbinə uyğun, faiz borcu isə ekspert rəyi ilə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. - Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. - Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 216,13 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 172,12 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. - Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. - Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən tutulacaq dəbbə pulu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 216,13 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 172,12 manat məbləğində müəyyən edilməlidir. - Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 34.653,60 manat əsas borc, 868,26 manat faiz borcu, 216,13 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 48.489,15 manat əsas borc, 1439,14 manat faiz borcu, 172,12 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. - Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh1 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir. - Məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3- cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. - İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ38-243/25 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilin bazar qiyməti 263000 manat, likvid qiyməti 250000 manat müəyyən edilmişdir. - Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.2 m2, yaşayış sahəsi 55.8 m2, yardımçı sahəsi 37.4 m2 olan və yaşayış otaqlarının sayı 3 olan mənzilin likvid qiyməti 250.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. - Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 369,61 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu üçün ödəniş edilmişdir. - Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 348 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, mütəxəsis rəyinin xərci olaraq 300 manat isə cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 269, 270.1, 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 41.1, 47.5, -ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

22. Bakı Kommersiya Məhkəməsinin n xx.xx.2025-ci il tarixli qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddianın rədd edildiyi hissədə ləğv edərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə qəbul edilən qətnamədəndə görünür ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən ekspert rəyinə əsaslanılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlar nəzərə alınmamışdır.

b) Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

24. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

c) Apellyasiya baxışı, izahatlar

25. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

30. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

31. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

40. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

41. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

46. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda iddiaçı müvafiq qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər qətnaməni mübahisələndirmədiyindən qətnamə idda tələbinin təmin olunan hissəsində yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

55. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

56. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüyü dəlilə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və xx.xx.2025-ci il tarixli, 9/3192 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixli 6- SME-1-592-22/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) əsas borc 34.653,60 manat; faiz borcu 868,26 manat; xx.xx.2022-ci il tarixli 6-SME- 1 -592-22/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) əsas borc 49.756,04 manat; faiz borcu 1.439,14 manat müəyyən edilmişdir.

57. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehlərdən tutulacaq faiz borcunun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir.

58. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

59. Eyni zamanda apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və işdə iştirak edən şəxslərə ekspert rəyi ilə tanış olmuş, lakin ekspert rəyinə hər hansı etirazlarını bildirməmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət məhkəməyə təqdim edilməmişdir.

60. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

61. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

62. Kollegiya onu da qeyd edir ki, hazırkı qətnamə ilə müəyyənləşdirilən əsas və faiz borcu məbləğləri xx.xx.2024-cü il tarixə hesablanmış məbləğlərdir – bu isə o deməkdir ki, xx.xx.2024-cü il tarixindən sonra cavabdehin həyata keçirdiyi ödənişlər qətnamənin icrası zamanı nəzərə alınmalıdır.

63. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflərin arasında yaranmış vəziyyətə uyğun (sonradan həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla) qətnamə çıxara bilməz.

64. Birinci instansiya məhkəməsi cavabdehin (borcalanın) borcunun məbləğini qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi və qətnamədən sonrakı ödənişləri nəzərə alması mümkün deyildir. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır.

65. Baxılan iddia tələbi cavabdehin məhkəməyə müraciət edilənə qədər yaranmış borcunun tutulması barədədir və yuxarıda qeyd olunduğu kimi borc məbləği məhz həmin tarixə hesablanmaqla birinci instansiya məhkəməsi də həmin məbləği cavabdehdən tutmuşdur.

66. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

68. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1740/2025 nömrəli kommersiya mübahsəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar