Məhkəmə qərarları › İş №2-2(103)-1327/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1327/2025

14.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1327/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, estoppel prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)- 5137/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ona aid yükün Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə daşınması barədə yazılı sifariş verilmişdir. Sifarişin predmetini gönderici firmaya (cavabdehə) aid yüklərin daşıyıcı firma – "xxxx" MMC tərəfindən X2 xidmət göstərdiyi rayon və şəhərlərə daşınması təşkil etmişdir.

2. Sifarişin şərtlərinə görə daşıma xərcinin hər kq yük üçün 2,5 ABŞ dolları və əlavə 120 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh tərəfindən sifariş edilən yükün Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” ünvanında ona təhvil verilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı tərəfindən daşınan yük 580 kq net çəkidə metal helezon yeşiklərdən ibarət olmaqla, daşınaraq cavabdehə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş invoysa əsasən daşımanın ümumi haqqı 3070 ABŞ dolları təşkil etmişdir.

4. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, cavabdehin adına daşıma haqqı hesablanmış 1000 çəkidən ibarət metal helizon yeşiklərdən ibarət yük göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı 4964 manat əsas borc, 32,762.40 manat cərimə məbləğinin (330 gün üçün), 204 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024cü il tarixində bağlanmış daşınma müqaviləsi əsasında, iddiaçı şirkət Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə hava yolu ilə yükdaşıma xidmətləri göstərmişdir. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı 10451127 nömrəli faktura və X5 tərəfindən verilmiş **********0 nömrəli konosament əsasında 1000 kq-lıq metal helizon yeşiklər cavabdehə təhvil verilmişdir. Bu daşınma üzrə xidmətin dəyəri 4964 manat təşkil edir. Bundan əlavə, "xxxx" MMC tərəfindən cavabdehə göstərilmiş ümumi dəyəri 27404 manat olan digər daşımalar üzrə aşağıdakı tarixlərdə elektron qaimələr təqdim edilmişdir: xx.xx.2024 – EBİ:A seriyalı 633688 nömrəli qaimə, xx.xx.2024 – Mİ2405 seriyalı 11352511 nömrəli qaimə, xx.xx.2024 – MT2406 seriyalı 10102946 nömrəli qaimə, xx.xx.2024 – MT2408 seriyalı 10451127 nömrəli qaimə, xx.xx.2024 – MT2409 seriyalı 10450686 nömrəli qaimə. Cavabdeh bu qaimələr üzrə hissə-hissə ödənişlər etmiş, lakin 4964 manat məbləğində əsas borc bu günədək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir reaksiya göstərilməmiş və borc ödənilməmişdir. Bu halda, əsas borcun gecikdirilməsi müddəti 330 gün təşkil edir. Müqaviləyə əsasən, borcun gecikdirilməsinə görə 2% cərimə tətbiq oluna bilər. Bu halda, gündəlik cərimə 99.28 manat (2% × 4964 / 100) x 330 gün üçün ümumi cərimə 32,762.40 manat təşkil edir.

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir

8. Cavabdehin nümyəndəsi məhkəmə iclasında iddianı qismən qəbul edərək, əsas borcun tələb edilməsi hissəsində iddianı qəbul etdiklərini, cərimənin tələb edilməsi hissəsində isə qəbul etmədiklərini bildirmişdir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 4964 manat əsas, 250 manat cərimə olmaqla, ümumilikdə 5214 manat pul vəsaiti və ödənilmiş 29 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 175 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.  İşin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında yüklərin daşınması ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Türkiyə Respublikasından (İstanbul şəhəri) Bakı şəhərinə ona məxsus metal helizon yeşiklərdən ibarət yükün daşınaraq Bakı şəhəri, Z.Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” ünvanında təhvil verilməsini sifariş vermişdir. Həmin daşınma ilə əlaqədar iddiaçı tərəfindən ümumilikdə 4964 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə 1 ədəd elektron qaimə-faktura göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də yükün daşınaraq göstərilən ünvanda təhvil verilməsini, lakin daşıma xərcini ödəmədiklərini etiraf etmişdir.  Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.  Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olduğundan iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn daşıma haqqının ödənilməsini tələb etmək hüququnu realizə edir.  Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə haqqın ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.  Lakin məhkəmə hesab edir ki, iddia cərimənin tələb edilməsi hissəsində qismən təmin edilməlidir.  Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.  Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 250 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

11. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 385.1, 442, 448.1, 448.2, 850.1, 852.4, 852.4.1, 852.4.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissələrdə də iddianın rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sübuta yetirə bilməmişdir ki, cavabdehin iddiaçıya əsas borc məbləği qədər borcu vardır. Belə ki, idiaçının tələb etdiyi əsas borc məbləğinin aid olduğu xidmətlər müqaviləyə uyğun həyata keçirilməmiş və təhvil verilməmişdir. Belə olduğu halda cavabdehin müqavilə üzrə həmin xidmətlərinin dəyərinin ödənilməsi öhdəliyi yoxdur. Xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında mübahisə vardır və iddiaçı müqavilə şərtlərinə əsasən həmin xidmətləri təhvil vermədiyinə görə həmin məbləği tələb etmək hüququ yaranmamışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

15. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

24. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, apellyator iddianın təmin olunan hissəsində qətnaməni mübahisələndirmişdir. Belə olan halda hazırki apellyasiya baxışının predmetini həmin hissədə qətnamənin qanuni və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirməmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

40. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Türkiyə Respublikasından (İstanbul şəhəri) Bakı şəhərinə ona məxsus metal helizon yeşiklərdən ibarət yükün daşınaraq Bakı şəhəri, Z.Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” ünvanında təhvil verilməsini sifariş vermis və sifarişə əsasən tərəflər arasında yüklərin daşınması ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır.

41. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olduğundan sübutetmə vəzifəsinin bölüşdürülməsinə əsasən yükün təyinat yerinə daşımasının sübutetmə yükü iddiaçının (ekspeditorun), yükləri daşınmasına görə ödənişlərin edilməsini sübutetmə yükü isə cavabdehin (yük alanın) üzərinə düşür.

42. İş materialları ilə müəyyən olunur ki, yük daşıması müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə yük daşıması müqaviləsi üzrə haqqın ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməmişdir.

43. Belə ki, cavabdehin birinci intsansiya məhkəməsində xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən səlahiyyətli nümayəndəsi Nümayəndə2 izahatında cavabdehin 4.964 manat borcu olduğunu qəbul etmişdir.

44. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, həmin xidmətlərə görə cavabdehə 4964 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə 1 ədəd elektron qaimə-faktura göndərilmiş və elektron qaimələr təsdiq edilmişdir. Lakin cavabdeh nə iddiaçıya, nə də vergi orqanina elektron qaimələrlə bağlı hər hansı bir etiraz bildirməmişdir.

45. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi və mübahisələndirmədiyi elektronqaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin nümayəndəsini təsdiq etdiyi borcu sonradan apellyasiya şikayətində təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

47. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

48. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

49. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

50. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

53. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5137/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar