Məhkəmə qərarları › İş №2-2(103)-1328/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1328/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1328/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, faiz borcu, dəbbə pulu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(113)-473/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsi üzrə sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 16% olan 100 000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Qanuni nümayəndə (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822 saylı ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,9 kv.m ibarət olan 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.

3. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın ilkin satış qiyməti tərəflərin razılığa əsasən 240 000 manat məbləğində qiymətləndirilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli L001822 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2032-ci il tarixədək olan öhdəlik üzrə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

5. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

6. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.

7. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Qanuni nümayəndə və Cavabdeh3 arasında xx.xx.2022-ci tarixli L001822 saylı zaminlik müqaviləsi bağlanmışdır.

8. İddiaçı ASC Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X1 Sistemi vasitəsilə alınmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9173 nömrəli 18 dekabr 2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin əsas borcu 69277,35 manat, faiz borcu 2493,69 manat təşkil edir.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 01/25-504 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzil bazar dəyəri 285 000 manat, likvid dəyəri isə 255 000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Cavabdeh3 və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə 69277,35 manat əsas, 2493,69 manat faiz, 8098,65 manat cərimə borcu olmaqla ümumilikdə 79869,69 manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat xərcin və ödənilmiş 329,61 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsi üzrə sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 16% olan 100 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Qanuni nümayəndə (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822 saylı ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,9 kv.m ibarət olan 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın ilkin satış qiyməti tərəflərin razılığa əsasən 240 000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Qanuni nümayəndə və Cavabdeh3 arasında xx.xx.2022-ci tarixli L001822 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəliklər ödəniş cədvəlinə uyğun şəkildə yerinə yetirilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 16% olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən, tərəflər razılaşırlar ki, borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bank borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi almadan) və xəbərdar etmədən onun bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər.

13. İddiaçının nümayəndələri X7, X3, X8 və X5 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdilər və iddianın təmin edilməsini xahiş etmişdirlər.

14. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə bildirişləri göndərilməsinə, fiziki şəxslərin və hüquqi şəxsin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-473/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə 69277,35 manat əsas borc, 2493,69 manat faiz borcu, 4000 manat cərimə olmaqla cəmi 75771,04 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutma Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə ilkin satış qiyməti 255000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlakın açıq hərracda satılması, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************), 400 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.  İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X1 Sistemi vasitəsilə alınmışdır. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iddiaçı iradəsini ifadə etmiş, Cavabdeh1 MMC tərəfindən bu ifadə qəbul edilmişdir.  Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3- cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).  Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin məktubun qəbul edildiyi xx.xx.2024-cü il tarixdən kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.  Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.  Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6879/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9173 nömrəli 18 dekabr 2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin əsas borcu 69277,35 manat, faiz borcu 2493,69 manat təşkil edir.  Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə 9/9173 nömrəli 18 dekabr 2024-cü il tarixli ekspert rəyinə müvafiq olaraq 69277,35 manat əsas borc və 2493,69 manat faiz borcu mövcuddur.  Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə 69277,35 manat əsas borc, 2493,69 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə tutularaq İddiaçı ASC-yə ödənilməlidir.  xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşmasının 2.1-ci bəndinə görə, borcalan kredit razılaşması üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16 % olmaqla cərimə faizi ödəyir.  . Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 4000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.  Belə olan halda, cərimə borcu olaraq 4000 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə tutularaq İddiaçı ASC-yə ödənilməlidir.  İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh Qanuni nümayəndə (ipoteka qoyan qismində) və Cavabdeh1 MMC (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli L001822 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit limiti müqaviləsi (kredit limiti və onun tərkib hissəsi olan kredit razılaşmaları) üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir (2.1). İpoteka predmeti: Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m olan mənzil ipoteka qoyulur (3.1). Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olan ipoteka predmeti AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********26- 05301-093084, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ipoteka qoyananın mülkiyyətindədir (3.2). İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilir (3.3). İpoteka qoyan (eləcə də üçüncü şəxslər tərəfindən) sonrakı ipoteka saxlayanın razılığı ilə və ya razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı təmir, tikinti – quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur (3.4). İpoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) 240 000 manat müəyən edilir. Tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır (3.5). Öhdəliyin mahiyyəti: xx.xx.2022-ci il tarixli, L001822 saylı kredit müqaviləsi (4.1); Öhdəliyin ölçüsü (məbləği) (4.2): 500000 (beş yüz min) AZN kredit limiti məbləği (bu müqavilənin 4.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsaslında bağlanan razılaşmalara əsasən Borcalanın Bankdan aldığı kredit); Kredit limiti üzrə illik 30 (otuz) faizdən çox olmamaqla hesablanacaq məbləğ (bu məbləğ Bank tərəfindən tələb edilən faiz dərəcəsini əhatə edir. Bankın bu müqavilə üzrə faiz borcunun tələbi isə Bu müqavilənin 4.1-ci bəndində qeyd edilən kredit limiti müqaviləsi və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır); 30 (otuz) faiz təşkil edən maksimum əlavə cərimə faizi; Borcalanın Bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlər (dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.). Öhdəliyin icra müddəti (4.3): Kredit limiti müqaviləsi üzrə 120 (bir yüz iyirmi) ay (xx.xx.2032 tarixədək).  İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli L001822 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2032-ci il tarixədək olan öhdəlik üzrə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.  İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.  Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.  Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-473/2025 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 01/25-504 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzil bazar dəyəri 285 000 manat, likvid dəyəri isə 255 000 manat müəyyən edilmişdir.  Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin ilkin satış qiyməti 255 000 manat müəyyən edilməlidir.  Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh1 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə ilkin satış qiyməti 255000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməlidir.  İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, ********** nömrəli qəbz əsasında 329,04 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 9/9173 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.  "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 01/25-504 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmişdir.  İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.  Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 400 manat cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 270.1, 309.1, 317, 421.12, 421.3, 447.1, 462.1, 467, 447.2, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrini, “İpoteka haqqında” Qanunun 1.0.9, 4, 34, 39.3.3, 41, 47.5-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və dəbbə pulu, faizlər silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə 69277,35 manat əsas, 2493,69 manat faiz, 8098,65 manat cərimə borcu olmaqla ümumilikdə 79869,69 manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat xərcin və ödənilmiş 329,61 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə faiz və dəbbə pulunu düzgün hesablamamış və həddindən artıq çox saxlamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

24. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

31. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

34. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyator yalnız dəbbə pulu və faiz borcu hissəsində qətnaməni mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

47. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

48. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

49. İşin faktiki hallarına əsasən bank (kreditor) ilə cavabdeh ilə Cavabdeh1 MMC (borcalan) arasında xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi bağlanmış, Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Qanuni nümayəndə və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli L001822 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 MMC , eyni zamanda müqavilə üzrə zaminlər Qanuni nümayəndə və Cavabdeh3 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehlərin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

50. Belə olan halda kreditorun faiz borcunu tələb etmək hüququ yaranmışdır.

51. Belə ki, borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 9/9173 nömrəli 18 dekabr 2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-nin əsas borcu 69277,35 manat, faiz borcu 2493,69 manat müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən ekspert rəyini şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır.

53. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehlərdən 2493,69 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

54. Kollegiya apellyatorun məhkəmə tərəfindən dəbbə pulunun silinməsi barədə dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

55. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə 4000 manat müəyyən etmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

58. Həmçinin mübahisələndirilən hissənin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

59. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-473/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar