Məhkəmə qərarları › İş №2-2(103)-133/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-133/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-133/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Şahhüseyn oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5436/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Şahhüseyn oğlu (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi ziyanın 25 000 manat məbləğində mənəvi ziyanın 50000 manat məbləğində və iddiaçıdan zorla ödənilməsinə məcburi ödənilmiş 244 manat 80 qəpik vəsaitinin cavabdehden alınaraq iddiaçıya verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5436/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı Şahhüseyn oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5436/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı Şahhüseyn oğlu cavabdeh *Azərişıq* ASC-yə qarşə dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, mənə dəymiş maddi ziyanın 25000 /iyirmi beş min/ manat məbləığində, mənəvi ziyanın 50000/əlli min/ manat məbləğində və iddiaçının zorla ödənilməsinə məcburi ödənilmiş 244 /iki yüz qırx dörd/ manat 80/sıksən/ qəpik vəsaitimin cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişəm. İddia tələbimi onunla əsaslandırmışam ki, *Azərişıq* ASC-nin əməkdaşları tərəfindən dəfələrlə mənə elektrik enerjisinin verilməsi dayandırılmış və nəticədə mənə ziyan dəymişdir və məhkəmə iclasında iştirak edərək iddia tələbimi müdafiə edərək iddia tələbimə uyğun izahat verərək, iddia tələbimin təmin olunmasını məhkəmədən xahiş etmişəm. Hörmətli Məhkəmə Kollegiyası və çox hörmətli məhkəmə iştirakçıları sizə bildirmək istəyirəm ki, *Azərişıq* ASC-nin məmə qarşı olan qərəzli və məqsədli münasibətindən mənə dəymiş maddizərər minimum 25000 /iyirmi beş min/ və mənəvi ziyanın 50000/əlli min/manat əlavə olaraq tərəfimdən rəsmən ödənilmiş 550 manat sayqacın yerinin dəyişdirilməsi üçün geyri-qanuni yolla tələb edilmiş pul vəsaitinin mənə ödənilməsinə görə *Azərişıq*ASC-yə müraciət edib həmin zərərin ödənilməsi barədə xahiş etdim, amma və lakin cavabdehlik daşayan təşkilat mənimlə olan müqaviləyə qazi olmağımı, oğlumun qazi olduğunu. Konstitusiyanın mənə verdiyi hüquq və azadlıqlarımı heç nəzərə almadan mənə rədd cvabı verib özündən uzaqlaşdırraraq öz əməkdaşlarının qanunsuz əməllərinə bu növ bəraət qazandırmağa çalışmışlar. Çarəsiz qalaraq məcburiyyətdən məhkəməyə müraciə edərək yuxarıda qeyd olunana 25000 manat maddi, 50000 manat mənviziyanın ödənilməsi üçün dövlətə inanaraq məhkəməyə müraciət edərək mənə ödənilməsi barədə qətnamə çıxarılmasına və qanunsuz pul, rüşvət tələb edən və məni intihar həddinə çatmış Ənvər adlımühəndisin tənbeh olunması üçün müraciət etmişdim. Bakı Kommersiya Məhkəməsi öz ədalətsiz, məntiqsiz və qərəzli qətnaməsi ilə məni bir daha məyus edib qətnamə dövlət adından elan edilirsə o dövlətin simasının təzahürüdür. Necə ola bilər ki, mənim orada iddia etdiyim heç bir suala məntiqicavab vermir, mənə qətnamə ilə nağıl yaradır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, İddiaçı Şahhüseyn öğlu ilə cavabdeh *Azərişıq* ASC arasında imzalanmış 20 fevral 2024-cü il tarixli BOE**********694 saylımüqavilə bağlanmışdır. Möhtərəm hakimlər və çox hörmətli məhkəmə iştirakçıları sizə bildirmək istəyirəm ki, "xxxx" ASC –nin mənə qarşı olan qərəzli və məqsədli münasibətindən mənə dəymiş maddi zərər minimum 25000/iyirmi beş min/ və mənəvi zərər 50000/əlli min/ əlavə olaraq tərəfimdən rəsmən ödənilmiş 550 manat sayqacın yerinin dəyişilməsi üçün qeyri qanuni yolla tələb edilmiş pul vəsaitinin mənə ödənilməsinə görə Azərişıq ASC –yə maraciət edib həmin zərərin ödənilməsi barədə xahiş etdim, amma və lakin cavabdehlik daşıyan təşkilat mənimlə olan müqaviləyə qazi olduğumu. Konstitusiyanın mənə verdiyi hüquq və zadlıqlarımı heç nəzərə almadan mənə rədd cavabı verib özündən uzaqlaşdırmaq, öz əməkdaşlarənın qanunsuz əməllərinə bu növ bəraət qazandırmağa çalışmışlar. Çarəsiz qalaraq məcburiyyətdən məhkəməyə müraciət edərək yuxarıda qeyd olunan 25000 manat maddi, 50000 manat mənəvi ziyanın ödənilməsi üçün dövlətə inanaraq məhkəməyə müraciət edərək mənə ödənilməsi barədə qətnamə çıxarılmasına və qanunsuz pul, rüşvət tələb edən və məni intihar həddinə çatmış Ənvər adlımühəndisin tənbeh olunması üçün müraciət etmişdim. Bakı Kommersiya Məhkəməsi öz ədalətsiz, məntiqsiz və ərəzli qətnaməsi ilə məni bir daha məyus edib dövlət adından qətnamə elan edilirsə o, dövlətin simasının təzahürüdür. Necə ola bilər ki, mənim orada iddia etdiyim heç bir suala məntiqi cavab verilmir, mənə qətnamə ilə nağıl yaradılır. Bir daha sualım budur, təkrara edirəm Azərbaycan Respublikası Prezidentinin işıq pulundan əlavə xidmətlər üçün Qarabağ veteranları, qazilər və şəhid ailələri tam azadlıq fərmanı nə vaxt və hansı qərarla Azərişıq tərəfindən ləğv edilmişdir və ya digər dostluq münasibətinə görə mənim iş fəaliyyətinin məhdudlaşdırma üçün və səbəb vardır. Digər tərəfdən mənə verilmiş texniki şərt nədə kobud şəkildə pozulmasını mənə izahatı verilmir.Bu gün mənim ticarət obyektimə çəkilmiş elektrik xətlərinin necə olur ki, rüşvət hesabına qonşu obyektin altında qalır. Bəs mənə gələn xəbərlərdə problem yarandıqda və ya qəza baş verdikdə məsuliyyətini kim daşamalıdır. Ticarət obyektini özəlləşdirilməsi haqqında prezidentin sərəncamına imkan verilmir, səbəb və məqsəd ancaq vətəndaşı soymaq onu rüşvət verməyə mcbur etmək deyilsə bəs nədir. Qısası, hakim məndən sübut tələb edir, mən məhkəmədə bu sualların cavabını istəyirdim, almadım. Biz daha sizdən soruram, əgər bir fevralayında 9 gün işıq kəsilmişdir və bir dəfə ən azı 4-5 saat qaynar xətt xidmətinə zəng etmişəm. Onu hakim araşdıra bilərdi, ğrizə şikayətlər yazılıb onların araşdırma formasını cavabdehdən araşdırılmalı idi. Bu gün AL Market şəbəkəsi tərəfindən mənimlə olan müqaviləyə xitam verilib. Səbəb elektrik enerjisində tez tez failələrin yaranması olmuşdur. Aylıq Kirayə haqqı 1500 /min beş yüz/ manat mənə dəyən maddizərər deyil, bəs nədir..Enerji verilməsində yaranmış vəziyyətdə xarab olan malların müddəti keçən məhsulların zərəri kimi ödənilməlidir. Əgər işıq sönürsə, deməli bütün kassaların faliyyəti dayanır. Əli boş qayıdan insanların haqqını kim ödəməlidir.Əgər işıq sönürsə, deməli bütün kassaların fəaliyyəti dayanır. Əli boş insanların haqqını kim ödəməlidir. Və sonda, icarədarların çarəsiz vəziyyətdə işığın pozulması oranı tərk etməsi kimin günahı ucbatından baş verib. İşdə olan bir soyüdücunun dəyəri 3500 manatdır. Digər soyuducular təmiri əmələ gəlibsə, şəklini təqdim etdiyim soyuducu ələ gəlməyib. Yuxarəda qeyd edilmiş suallara mən yox, məhkəmə araşdırması olmalıdır. Mən əlavə hansı sübut təqdim etməliydim, anlamıram bəlkə.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

6. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

18. İddiaçı Şahhüseyn oğlu iddiaçıya dəymiş maddi ziyanın 25 000 manat məbləğində mənəvi ziyanın 50000 manat məbləğində və iddiaçıdan zorla ödənilməsinə məcburi ödənilmiş 244 manat 80 qəpik vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini tələb etmişdir. Belə ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız İddiaçı Şahhüseyn oğlu ilə cavabdeh "xxxx" ASC arasında imzalanmış 20 fevral 2024-cü il tarixli BOE**********694 saylı xidmət müqaviləsi əlavə edilmişdir.

19. İddiaçı tərəfindən, cavabdeh tərəfindən elektrik enerjisinin verilməməsi və elektrik enerjisinin verilməməsi nəticəsində maddi və mənəvi zərər dəyməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

21. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir.

22. İşin hallarından da ona hər hansı ziyanın dəyilməsi və ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

24. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. İddiaçı apellyasiya şikayətində sübut təqdim etməli olduğunu başa düşməməsini qeyd etmişdir. İddiaçının yalnız izahatına əsaslanaraq zərərin vurulması faktı təsdiq edilmədən, cavabdehin təqsirli olması kimi hallar müəyyən edilmədən iddiaçının deliktlə bağlı tələbi təmin edilə bilməz.

26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Şahhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5436/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar