Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1342/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbləri üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçılar İddiaçı1, həm onun, həm İddiaçı2 nümayəndələri (vəkilləri) Vəkil1, cavabdehlərin nümayəndələri (vəkilləri) Vəkil3 iştirakları ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsi Cavabdeh2, 1/2 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir.
2. X2 (icarəyəverən) ilə İddiaçı2 (icarəçi) arasında bağlanmış 13 fevral 2017-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyəverən Nərimanov rayonu, Təbriz 95 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 9 m2 qeyri-yaşayış və ya yaşayış sahəsini 5 il müddətinə icarəçiyə icarəyə verir, icarəçi icarəyə götürdüyü 9 m2 sahəni qəbul etməyi, təyinatı üzrə istifadə edərək həmin müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür.
3. Həmin müqaviləyə əsasən icarəyə götürülən sahənin icarə haqqı hər ay üçün 1015 manat məbləğində müəyyən edilir. İcarəyəverən icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir. İcarəçi icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabına yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. İcarəyə götürülmüş sahənin əsaslı təmiri icarəyəverənin hesabına aparılacaqdır. Müqavilə imzalandığı gündən 13 fevral 2017-ci tarixdə qüvvəyə minir və 13 fevral 2022-ci il tarixədək qüvvədədir.
4. Cavabdeh2 (icarəyəverən) ilə İddiaçı1 (icarəçi) arasında bağlanmış 05 mart 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyəverən Nərimanov rayonu, Təbriz 95 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 10 m2 qeyri-yaşayış və ya yaşayış sahəsini 5 il müddətinə icarəçiyə icarəyə verir, icarəçi icarəyə götürdüyü 10 m2 sahəni qəbul etməyi, təyinatı üzrə istifadə edərək həmin müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən icarəyə götürülən sahənin icarə haqqı hər ay üçün 1200 manat məbləğində müəyyən edilir. İcarəyəverən icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir. İcarəçi icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabma yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. İcarəyə götürülmüş sahənin əsaslı təmiri icarəyəverənin hesabma aparılacaqdır. Bu müqavilə imzalandığı gündən 05 mart 2018-ci il tarixdə qüvvəyə minir və 05 mart 2023-cü ilədək qüvvədədir.
5. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində 0098 nömrəli iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 18 mart tarixli məhkəmə əmtəəşünaslıq ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş məlumatlarda (siyahılarda) adları göstərilən zərərçəkmişlərə dəymiş ziyanın məbləği nəzəri olaraq təxminən: ... 6) İddiaçı1 məxsus 61 adda mallar - 64.609 manat; ... 27) İddiaçı2 məxsus 178 adda mallar - 60.362,40 manat; ... məbləğində müəyyən olunmuşdur.
6. Həmin iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən baş vermiş yanğın nəticəsində "Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə tikinti üzrə dəymiş ziyan 114 707,00 manat müəyyən olunmuşdur.
7. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 2022-ci il 22 sentyabr tarixli qərarda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri, habelə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 2021-ci il 16 oktyabr tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanda yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə girişdən irəlidə təxminən 21-22 metr məsafədə ikinci metal konstruksiyalardan quraşdırılmış hissədə tavana yaxın sahədə yanğın baş vermişdir. Baş vermiş yanğın hadisəsinə səbəb elektrik qəza halı olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 Nurəddin oğlu tərəfindən "Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4-cü bəndinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6-cı bəndlərinin tələbləri pozulmuş, nəticədə ... İddiaçı1 əmtəə üzrə 64.609 manat, ... İddiaçı2 əmtəə üzrə 60.362,40 manat, ... “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə tikinti üzrə 114.707 manat, ... maddi ziyan dəymişdir. Lakin yoxlama materiallarından göründüyü kimi, baş vermiş yanğın hadisəsi nəticəsində hər-hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara və "xxxx" MMC-yə dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilməmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsində 0098 nömrəli iş üzrə FHN Əməliyyat-İstintaq idarəsinin müstəntiqi, baş leytenant Elnur Aslanov tərəfindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Videogörüntüdən görünür ki, İddiaçı1 məxsus icarə sahəsində divar boyu döşəmədən tavanadək mallar yığılmış, hətta icarə sahəsinin çöl tərəfinə də mallar yığılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı1 və İddiaçı2 (bundan sonra - birlikdə "iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq "İddiaçı1” və "İddiaçı2”) 2024-cü il 12 fevral tarixində Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - birlikdə "cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq "Cavabdeh1” və "Cavabdeh2”) qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 vurulmuş əmtəə üzrə 64 609 manat məbləğində maddi ziyanın, 274,72 manat məbləğində dövlət rüsumunun, 6000 manat məbləğində mənəvi ziyanın və İddiaçı2 vurulmuş əmtəə üzrə 60 362,40 manat məbləğində maddi ziyanın, 271,09 manat məbləğində dövlət rüsumunun, 5000 manat məbləğində mənəvi ziyanın, 410 manat ilkin mediasiya xərcinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən "Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektində 2021-ci il 16 oktyabr tarixdə yanğın baş vermiş, nəticədə təxminən 500 kv.m sahədə ticarət obyekti və ona bitişik olan müxtəlif təyinatlı iaşə obyektləri içərisindəki əşyalarla birlikdə yanmışdır. Faktla bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq, məhkəmə fiziki-kimyəvi ekspertizaları keçirilmiş və ekspert rəyləri alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 18 mart tarixli, 9/7498 saylı məhkəmə- əmtəəşünaslıq ekspert rəyinə əsasən İddiaçı1 61 adda mallar 64.609 manat məbləğində, İddiaçı2 178 adda mallar 60.362,40 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırma zamanı ticarət obyektinin sahibləri olan cavabdehlər tərəfindən "X1”nın (YTQ N- 012001) 6.4-cü bəndinin və "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün "X1”nın (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6-cı bəndlərinin tələblərinin pozulması faktı müəyyən edilmiş, eyni zamanda baş vermiş yanğın hadisəsinin, pozuntu faktı ilə səbəbli əlaqəli olan elektrik qəza halı səbəbindən olduğu faktı da təsbit edilmişdir. Nəticədə, PDadaşova əmtəə üzrə 64.609 manat məbləğində, İddiaçı2 əmtəə üzrə 60.362,40 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi zamanı hər-hansı şəxsin sağlamlığına zərər vurulmadığından, yanğın ölümə səbəb olmadığından Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi Elnur Aslanov tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 2022-ci il 22 sentyabr tarixli qərar qəbul edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı MpM-in 4-cü maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Nəticədə, cavabdehlərin yol verdiyi pozuntular mülki qanunvericiliyin tələblərini pozan əməllər nəticəsində iddiaçılara maddi və mənəvi ziyan dəymişdir.
11. Cavabdeh etiraz ərizəsi verərək bildirmişdir ki, 2021-ci il 16 oktyabr tarixdə səhər saat 08 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında cavabdehlərə məxsus obyektin yerləşdiyi "Metro City” ticarət obyektində baş vermiş yanğın hadisəsi cavabdehlərin hər hansı təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Belə ki, cavabdehlər bu hadisəyə görə heç bir inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmiş, təqsirləri hər hansı formada öz təsdiqini tapmamışdır. Baş vermiş yanğın hadisəsi ilə cavabdehlərin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqə yoxdur. İddiaçıların irəli sürdükləri pul tələblərinin heç bir rasional əsası yoxdur. Belə ki, vurulmuş ziyanla bağlı maddi tələb hər hansı formada əsaslandırılmamışdır. Həmin məbləğlər hansı əsasla, necə və hansı hesablama qaydası ilə müəyyənləşdirilmişdir, bu məlum deyildir. İddiaçıların 2021-ci ilin noyabr ayında Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin istintaq şöbəsinin müstəntiqinə verdikləri izahatlarına əlavə etdikləri siyahılar birgə iddiaçıların özləri tərəfindən tərtib edilmiş və imzalanmışdır. Həmin siyahıların heç bir hüquqi əhəmiyyəti yoxdur və mötəbərliyinə dair heç bir sübut yoxdur. İddiaçıların təqdim etdikləri siyahıda göstərilən mallara dair heç bir vergi bəyannaməsi və malların alınmasına dair heç bir qaimə-faktura mövcud deyildir. Əgər birgə iddiaçıların sahibliyində həmin mallar həqiqətən mövcud olsaydı, o halda həmin mallara dair iddiaçılarda qaimə-faktura, eləcə də vergi bəyannaməsi olardı. Lakin həmin mallar reallıqda mövcud olmadığına görə, belə bir müşayiət sənədləri də yoxdur. İddia tələbindən göründüyü kimi, iddiaçıların icarə sahəsində yanğın zamanı 178 və 61 adda olmaqla, xeyli miqdarda mal mövcud olmuşdur. Halbuki İddiaçı1 icarəyə götürdüyü sahə cəmi 10 kv.m, İddiaçı2 icarəyə götürdüyü sahə isə cəmi 9 kv.m olmuşdur. Həmin sahələrə ümumilikdə təxminən 125.000 manatlıq 239 adda xeyli miqdarda mal yığmaq (yerləşdirmək) fiziki cəhətdən qeyri- mümkündür. Həmin ticarət sahələri çox kiçik olduğundan orada yalnız vitrin üçün az miqdarda mal yığılırdı. Bu mənada yanğın zamanı iddiaçıların iddia etdiyi miqdarda malın yanması barədə məlumatları tamamilə absurd və əsassızdır. Qeyd edilmişdir ki, həmin şəxslər əvvəllər metro stansiyanın keçidlərində (tunelində) kiçik ticarət piştaxtaları quraşdırıb ticarətlə məşğul olurdular. Sonralar həmin keçidlər ticarətə bağlı elan edildi və həmin şəxslər eyni ölçüdə piştaxta quraşdırmaq üçün cavabdehə məxsus sahədə icarə müqavilələri bağlayıb həmin sahəyə köçdülər. Yəni iddiaçıların qeyd olunan həcmdə malları və dövriyyələri olmamışdır. Onlara məxsus malların görüntülərini əks etdirən fotoşəkillər də bir daha sübut edir ki, iddiaçıların az sayda malı yanmışdır. İddiaçıların təqdim etdiyi və istinad etdiyi ekspert rəyinə gəlincə bildirilmişdir ki, həmin rəy mallara dair düzünə sübutlar (malların mövcudluğunu və iddiaçılara məxsus olduğunu təsdiq edən hər hansı sübut) əsasında tərtib edilməmişdir. Rəydən görünür ki, tədqiqat obyekti qərar, yanmış əmlakın siyahısı və müxtəlif adda mallardır. Bu isə onu göstərir ki, rəy yalnız verilən şifahi məlumatlar əsasında hazırlanmışdır. Rəyin sonuncu vərəqində aparılan qeyd də bunu təsdiq edir. Belə ki, rəyin sonunda yazılmışdır ki, ekspertiza tədqiqatına təqdim edilmədən, müvafiq tədqiqatlar aparmadan (malların markası, modeli, texniki göstəriciləri, materialı, əmtəə görünüşü müəyyən edilmədən) təqdim edilmiş məlumatlarda (siyahılarda) adlan göstərilən malların orta bazar qiymətini müəyyən etmək mümkün deyildir. Belə olduğu halda irəli sürülən tələbin əsasını nə təşkil etdiyi sual yaranır. İddiaçılara 60.000 və 64.000 manat zərər vurulması halı təsdiq edilmir. Onlara bu qədər zərər vurulmasına dair özlərinin dedikləri şifahi məlumatdan başqa hər hansı dəlil yoxdur. Qeyd olunan bütün hallar bir daha göstərir ki, iddia tələbləri tamamilə əsassızdır.
12. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi S. Əliyeva iddianı müdafiə edib bildirmişdir ki, iddiaçılar bu günkü günə kimi işsizdirlər, özləri mənəvi sarsıntı keçirmişlər. Bu günkü gündə yanmış malların dəyəri daha yüksəkdir, lakin iddiaçılar işin uzadılmasının tərəfdarı olmadıqları üçün iddia tələbini artırmamışlar. Maddi cəhətdən vəziyyətləri yaxşı deyildir. Bir ildən artıq müddətdir ki, araşdırma gedir və müəyyən olunub ki, həmin həcmdə olan malların obyektə yerləşməsi mümkündür. Bununla bağlı ekspertlərin rəyləri əsaslıdır. Malların hamısı obyekt yanan vaxtı orada olubdur. İddia tələbi ilə rəydəki məbləğlər arasında fərqliliklər olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Mütəxissis rəyi daha əsaslıdır, qarşı tərəfin təqdim etdiyi rəylə razı olmadıqlarını və həmin rəy obyektiv olmadığını bildirmişdir. İş üzrə istintaq başa çatana qədər cavabdeh tərəf zərəri ödəyəcəyini bildirmiş, lakin istintaq başa çatdıqdan sonra zərəri ödəməmişlər. Hazırda qarşı tərəfin təklif etdiyi 5000 məbləğ gülünc məbləğdir. İddiaçı tərəf real olaraq dəymiş zərəri tələb edir və hər hansı şişirdilmə yoxdur. Cavabdeh tərəf həmin obyekti təmir edib və yenidən icarəyə verərək oradan gəlir əldə edir. Eyni zamanda iddiaçı tərəfə mənəvi zərər də dəymişdir və bütün bu halların nəzərə alınaraq iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin izahatındakı xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, obyekti icrarəyə götürən zaman bütün işləri sıfırdan görmüşdür. Ümumiyyətlə obyektə döşəmə, tavan, divar heç bir şey olmamış, hamısı onun tərəfindən düzəldilmişdir. Sənəddə obyektin hündürlüyü 2.65-dir, eyni zamanda rəydə eni də düzgün qeyd olunmamışdır. Artırma olandan sonra ümumi ərazi 3.60-ın 3.65-ə olmuşdur. Ümumi olaraq 16 gün təmir işləri gördüyünü, icarə pulunu ödəsə də, lakin onun çəkdiyi xərclər icarə pulundan çıxılmamışdır. Mebəllərlə bağlı suallara cavab olaraq bildirmişdir ki, mebel dedikdə vitrin mebelləri nəzərdə tutulur. Həmin mebellər bütün mağazaya yığılmışdır. Pos terminal yanğın zamanı yandığı üçün "Kapital Bank” tərəfindən 1200 manat dəyərində cərimələnmişdir. Sənədləri təqdim etdikdən sonra cərimə məbləğini onun üzərindən götürmüşlər. Ustalar işləyən zaman drellər xarab olmuş, onların dəyəri 150, 160 manat dəyərində olardı. Eyni zamanda çəkilən xərclərlə bağlı hər hansı sənəd mövcud deyildir. Bu proseslərin üzərindən 4 il müddət keçdiyi üçün mebellərlə bağlı və s. heç bir sənədi yoxdur. Sonda isə o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsinin izahatındakı xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ilə qədər obyekti icarəyə götürmüş, yanğın baş verənə qədər işləmiş, aylıq ödənişləri etmişdir. Ona 62 300 manatdan çox zərər dəymişdir. O, 9 kvadrat metrlik ərazidə pərakəndə satış həyata keçirmiş, içəridə əlavə stol olmamış, termosu polkanın üzərinə yerləşdirmişdir. Təmir xərcləri dedikdə, yəni profillərin yığılması, onun üzərinə örtük çəkilməsi və s. nəzərdə tutulmuşdur. Göstərilən zərər siyahısında vitrinləri qeyd etməmişdir. Bütün icarəyə götürənlər vitrinləri özləri düzəltmiş, buna görə də mebel ilə bağlı xərc çəkmişdir. Həmçinin vitrinlərin alınması və s. barədə sənədləri yoxdur. Sonda isə o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazında göstərilən xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, mövcud qaydaya əsasən, icarəyə götürən hər hansı təmir xərcləri görürsə, bu zamanda icarə haqqı müəyyən müddət üzrə tutulmur. Təmir zamanı edilən bütün yaxşılaşdırmalar da mülkiyyətiçinin mülkiyyəti hesab edilir. Araşdırma zamanı müəyyən edildi ki, həmin əraziyə iddiaçı tərəfin qeyd etdiyi miqdarda malların yerləşdirilməsi mümkün deyildir. Eyni zamanda təmir və digər çəkilən xərclərin çəkilməsini təsdiq edən sübutlar olmadığından iddia tələbinin o hissədə də rədd edilməsini xahiş etmişdir. Yanğın hadisəsi cavabdehlərin təqsiri üzündən baş verməmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Malların çeşidləri, adları barədə sənədlər də təqdim edilməmişdir. Digər mal sahiblərinə də verilən məbləğ 5000 manat olub, çünki mallarının dəyəri də həmin miqdarda olubdur. Müqaviləyə də imza atanda qarşı tərəf bütün şərtləri qəbul etmişdir. Sonda o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. "xxxx" MMC-nin 2025-ci il 16 yanvar tarixli QCM/Y 06-006/25 nömrəli rəyində (hesabatı) qeyd edilmişdir ki, yanğın baş verən tarixə (2021-ci il 16 oktyabr) İddiaçı1 icarə sahəsində olan 61 adda malların (mebel və təmir xərci daxil) cəmi orta bazar dəyəri 59 385 manat, İddiaçı2 icarə sahəsində olan 178 adda malların cəmi orta bazar dəyəri 55 685,5 manat müəyyən edilmişdir. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9 kv.m, sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 25,2 (3m x 3m x 2,8 m) kub.m təşkil edir. Siyahı üzrə təqdim edilən 178 adda malların ümumi həcmi 29,78 kub.m təşkil edir. Beləliklə, "Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9 kv.m sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla 84,62% malın yerləşdirilməsi mümkündür. "Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10 kv.m sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 27,972 (3m x 3,33 m x 2,8 m) kub.m təşkil edir. Siyahı üzrə təqdim edilən 61 adda malların ümumi həcmi 30,75 kub.m təşkil edir. Beləliklə, "Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10 kv.m sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla 90,96% malın yerləşdirilməsi mümkündür.
17. "xxxx" MMC-nin 2025-ci il 25 fevral tarixli, CVN/F 31-049/25 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, 2021-ci il 16 oktyabr tarixində "Metro City” ticarət obyektində iddiaçıların icarə sahəsində olan 178 və 61 adda malların yanğın baş verən tarixə (2021-ci il 16 oktyabr) orta bazar dəyərini müəyyən etmək üçün təqdim edilən siyahılar nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, təqdim edilən malların texniki xüsusiyyətlərini əks etdirən göstəricilər marka, model, tip, həcm, material və s. mövcud deyildir. Belə ki, hər hansı bir mal-materialın qiymətləndirilməsi üçün onun sadalanan xüsusiyyətləri barədə məlumatları - materialı, həcm, marka, model və s. bilmək vacibdir. Bu məlumatlar olmadığı təqdirdə verilən şifahi məlumatlar hər iki tərəfin (cavabdeh və iddiaçı) təsdiqi ilə olarsa, yaxud da malların xüsusiyyətlərini əks etdirən təsdiqedici sənədlər (qaimə, gömrük bəyannaməsi, müqavilə və s.) təqdim edilərsə, yalnız bu halda qiymətləndirmə işi aparıla bilər. "Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9 kv.m, sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 22,5 kub.m təşkil edir, siyahı üzrə təqdim edilən 178 adda malların ümumi həcmi 33,7802 kub.m təşkil edir. "Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9 kv.m sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla yerləşdirilməsi mümkün deyildir. "Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10 kv.m sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 25 kub.m təşkil edir, siyahı üzrə təqdim edilən 61 adda malların ümumi həcmi 65,3913 kub.m təşkil edir. "Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10 kv.m sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla yerləşdirilməsi mümkün deyildir. Təqdim edilən foto və videotəsvirlərə əsasən "Metro City” ticarət obyektində 2021-ci il tarixində fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin topdan və ya pərakəndə satış mərkəzləri olduğunu müəyyən etmək mümkündür. Belə ki, həmin təsvirlərdən göründüyü kimi, fəaliyyət göstərən qeyri- yaşayış sahələri pərakəndə satış mərkəzləri kimi fəaliyyət göstərmişdir. Pərakəndə satış mərkəzi kimi həmin həcmin vizual olaraq belə yerləşməsi mümkün hesab edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin 2025-ci il 11 aprel tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, P. Dadaşova vurulmuş ziyana görə 49 923,40 manat, S. Səfərova vurulmuş ziyana görə 47 121,07 manat olmaqla, cəmi 97 044,47 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub vurulmuş ziyanlara mütənasib olaraq iddiaçılara ödənilməsi, ödənilmiş dövlət rüsumu ilə ilkin mediasiya xərcinin 381,14 manatının əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq 51,45% İddiaçı1, 48,55% İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
19.1. İşin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, 2021-ci il 16 oktyabr tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanda yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektində yanğın baş vermiş, nəticədə iddiaçıların əmlakları yanaraq onlara ziyan dəymişdir. İstintaq orqanı tərəfindən araşdırma zamanı ekspert rəyinə əsasən baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri olan cavabdehlər tərəfindən “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4-cü bəndinin və "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6-cı bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmiş, həmin yanğın insan ölümünə və digər ağır nəticələrə səbəb olmadığından həmin şəxslərin barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 19.2. Mülki qanunvericiliyə əsasən cavabdehlər törətdikləri mülki hüquq pozuntusu üçün mülki hüquq məsuliyyəti daşıyırlar və həmin mülki hüquq pozuntusu nəticəsində iddiaçılara dəymiş ziyanı ödəməlidirlər. Buna görə də iddiaçıların Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən onlara dəymiş maddi ziyanı zərərvuran şəxslərdən, cavabdehlərdən tələb etmək hüquqları var və onların maddi ziyan tələbi haqlıdır. Bununla belə işin faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında dəymiş ziyanın həcmi ilə bağlı mübahisə mövcuddur. Belə ki, P. Dadaşov 64 609 manat dəyərində 61 adda malının, İddiaçı2 isə 60 362,4 manat dəyərində 178 adda malının yanğın nəticəsində məhv olduğunu bildirərək həmin məbləğləri tələb etmişlər. Lakin cavabdehin nümayəndəsi bunun absurd olduğunu, o qədər malın iddiaçılara icarəyə verilmiş sahəyə yerləşməsinin qeyri-mümkün olduğunu, təxminən iddiaçının hər birinə dəymiş ziyanın 5000 manat həcmində olduğunu və həmin məbləği iddiaçıların hər birinə ödəməyə razı olduğunu bildirmişdir. 19.3. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən "xxxx" MMC-dən mütəxəssis cəlb edilərək rəy alınmışdır. Həmin rəy kifayət qədər müfəssəl, ətraflı, geniş, obyektiv, hərtərəfli araşdırma nəticəsində tərtib olunduğundan onun mötəbər sübut kimi qəbul edilməməsinə əsaslar mövcud deyildir. Digər tərəfdən cavabdehin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC-nin mütəxəssis rəyində mallar təqdim edilmədiyi üçün qiymətləri müəyyən edilməmiş, həmçinin malların həcmi və sahənin ölçüləri məlum olsa da, mütəxəssis hansı həcmdə malın yerləşməsini qeyd etməmiş, sadəcə ümumi olaraq malların icarəyə verilmiş sahəyə yerləşmədiyini göstərmişdir. Halbuki Qiymətləndirmə və Consulting Mərkəzi MMC-nin rəyində nəzəri hesablama yolu ilə malların orta bazar qiymətləri müəyyən edilmiş, həmçinin ölçüləri, paketlənməsi, ticarət sahəsi və s. nəzərə alınaraq hansı həcmdə malların yerləşə biləcəyi göstərilməklə yetəri qədər dolğun rəy hazırlanmışdır. 19.4. Hər kəsə məlumdur ki, kiçik sahibkarlar büdcələrinə qənaət etmək məqsədi ilə ticarət mərkəzlərində icarəyə götürdükləri sahəni maksimum dərəcədə satacaqları mallarla elə doldururlar ki, heç bir boşluq qalmasın, boşuna artıq sahə kirayələrək əlavə xərc çəkməsinlər. Həmçinin yanmış malların birəbir eynisi olmasa da, ən azından həmin malın bazarda ən sadəsinin qiymətlərini və ölçülərini nəzərə alaraq orta bazar qiymətini, ölçülərini, icarə sahəsinə hansı həcmdə yerləşməsini müəyyən etmək mümkündür. 19.5. İddiaçıların malları və malların alınmasına dair qeyd apardıqları dəftərləri yandığı üçün onların həmin malların markası, materialı, ölçüləri və s. haqqında dəqiq məlumat təqdim etməsi qeyri-mümkündür. Ancaq həmin məlumatları təqdim etmək imkanlarının olmaması isə iddialarının əsassız olması anlamına gəlməməlidir. Çünki sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. 19.6. İddiaçı P. Dadaşov icarəyə götürdüyü sahəni təmir etdirdiyini və ora mebel hazırlatdığını bildirmiş və bunun üçün çəkdiyi xərci də tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, icarə müqaviləsinə əsasən ona əlverişli, yararlı sahə icarəyə verilmiş, onun orada təmir işləri aparması və mebel düzəltdirməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, mütəxəssis rəyində hesablanmış təmir və mebel xərci (1300 + 3200 = 4500) olaraq 4500 manat P. Dadaşova dəymiş ümumi ziyan məbləğindən, 59 385 manatdan çıxılmalıdır. 19.7. Beləliklə məhkəmə qeyd edilənləri, "xxxx" MMC-nin mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, P. Dadaşovun yanmış mallarının cəmi dəyəri (59385 - 4500 = 54 885) 54 885 manat, həmin malların isə 90,96%-nin icarə sahəsinə yerləşməsi mümkün olduğundan, həmçinin İddiaçı2 yanmış mallarının dəyəri 55 685,5 manat, həmin malların isə 84,62%-nin icarə sahəsinə yerləşməsi mümkün olduğundan, iddiaçı P. Dadaşova dəymiş maddi ziyana görə (54 885 x 90,96% = 49923,396) 49 923,4 manat, İddiaçı2 dəymiş ziyana görə isə (55 685,5 x 84,62% = 47 121,0701) 47 121,07 manat cavabdehlərdən müştərək qaydada tutularaq dəymiş ziyana mütənasib olaraq iddiaçılara ödənilməlidir. 19.8. Bundan başqa iddiaçı P. Dadaşov dəymiş mənəvi ziyana görə 6000 manat, iddiaçı S. Səfərova isə dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin də cavabdehlərdən müştərək qaydada onların xeyrinə tutulmasını tələb etmişlər İddiaçılar mənəvi zərərin məbləğinin hansı səbəbdən müvafiq olaraq 5000 və 6000 manat təşkil etməsini, cavabdehlər tərəfindən sağlamlıqlarına həmin məbləğlərdə bərpa olunmayan xəsarətlər yetirilməsini əsaslandırmamışlar, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1097.3, 1113.1, 1113.2, 1114.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin, onların yanğın hadisəsi ilə bağlı təqsirli olmadıqlarını nəzərə almadığını və dəymiş zərərlə bağlı tərtib olunmuş əsassız mütəxəssis rəyinə istinad etməklə düzgün nəticəyə gəlmədiyini irəli sürmüşlər.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 18 iyul tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası vurğulamışdır ki, barələrində cinayət təqibinə xitam verilməsinə baxmayaraq, cavabdehlər hər bir halda mülki məsuliyyət daşıyırlar. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində cinayət təqibi və cinayət mühakimə icraatı çərçivəsində müəyyən olunmuş faktlara geniş yer verilsə də, bu, məsuliyyətin müəyyən edilməsi baxımından həlledici meyar hesab edilməmişdir. Belə ki, şəxsin cinayət məsuliyyətindən azad olunması onun mülki məsuliyyətdən azad olunması anlamına gəlmir. Digər tərəfdən, “Cinayət təqibinə xitam verilməsinə dair” 2022-ci il 22 sentyabr tarixli qərarda cavabdehlər barəsində baş vermiş yanğın hadisəsi nəticəsində hər-hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqədar xitam verilmişdir. Başqa sözlə, adı çəkilən şəxslərin baş vermiş yanğın hadisəsinə aidiyyətini və onların təqsirini istisna etmir.
25. Mübahisənin mahiyyətinin iddiaçıların zərərçəkmiş şəxs olaraq yanğın hadisəsi nəticəsində dəymiş zərəri tələb etməsi olduğunu qeyd edən məhkəmə kollegiyası hesab etmişdir ki, zərərin mövcud olması müvafiq cinayət işinin materialları ilə təsdiq olunur, eyni zamanda, cavabdehlər özləri də həmin halı mübahisələndirməmişlər. Bu baxımdan, zərərin mövcud olması işin mübahisəsiz halını təşkil edir.
26. Kollegiya vurğulamışdır ki, işin halları ilə cavabdehlərin zərərə məruz qalmış sahələrin idarəçiliyini həyata keçirdikləri müəyyən olunur, cinayət işinin materiallarında olan ekspertiza rəyində də onların "Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4-cü bəndinin və "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün "Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6-cı bəndlərinin müvafiq bəndlərinin tələblərini pozduqları göstərilmişdir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində yanğın hadisəsi baş vermiş və sığorta ödənişi alan şəxslərə zərər dəymişdir.
27. Qeyd edilənləri ümumiləşdirən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar cavabdehlərdən delikt qaydasında müvafiq olaraq 49 923,40 və 47 121,07 manatı tələb etməkdə haqlıdır. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşmış və cavabdehin dəlillərini əsassız hesab etmişdir. Belə ki, iddiaçıların izahatlarından aydın olmuşdur ki, onlar qaimə-faktura ilə çalışmamışlar, malları "Sədərək” TM-dən almışlar və fəaliyyətləri ilə bağlı hesabatları yanğın zamanı mallarla birlikdə məhv olmuşdurlar.
28. Yanğın hadisənin məhz cavabdehlərin təqsirindən baş verməsini nəzərə alan kollegiya hesab etmişdir ki, həmin hesabatların mövcud olmaması iddiaçıların ziyanına şərh edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan video görüntülər və mütəxəssis rəyləri həmin malların sözügedən sahələrə yerləşməsinin mümkünlüyünə dəlalət edir. Odur ki, iddiaçılar cavabdehlərdən zərəri tələb etməkdə haqlı olmuşlar.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1108, 1114-ci, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.2, 35.1, 42.1, 49.1, 49.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "A.Əliyevin və "Caspian Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il 11 iyun tarixli və "R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 12 iyul tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 82.4, 88, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdehlər kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
32. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
32.1. Əvvəla, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin, cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində yanğın hadisəsinin baş verdiyinə və sığorta ödənişi alan şəxslərə zərər dəydiyinə dair mövqeyi ilə razılaşdığından və kassasiya şikayətində həmin mövqe təkzib olunmadığından eyni məsələ üzrə təkrar hüquqi dəyərləndirmə aparmır və bununla əlaqədar həmçinin onu da nəzərə alır ki, aşağı məhkəmə instansiyalarında aparılan icraat zamanı cavabdehin nümayəndəsinin təxminən iddiaçının hər birinə dəymiş ziyanın 5.000 manat həcmində olduğunu və həmin məbləği iddiaçıların hər birinə ödəməyə razı olduğunu bildirməsi iş materiallarından görünür. 32.2. Bununla belə, dəyən zərərin həcmi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini məhkəmə kollegiyası aşağıdakılara görə qanuni və əsaslı hesab etmir. Həmin məsələ ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar cavabdehlərdən delikt qaydasında müvafiq olaraq 49.923,40 və 47.121,07 manatı tələb etməkdə haqlıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşmış və cavabdehin dəlillərini əsassız hesab etmişdir. Belə ki, iddiaçıların izahatlarından aydın olmuşdur ki, onlar qaimə-faktura ilə çalışmamışlar, malları "Sədərək” TM-dən almışlar və fəaliyyətləri ilə bağlı hesabatları yanğın zamanı mallarla birlikdə məhv olmuşdurlar. Yanğın hadisənin məhz cavabdehlərin təqsirindən baş verməsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hesabatların mövcud olmaması iddiaçıların ziyanına şərh edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan video görüntülər və mütəxəssis rəyləri həmin malların sözügedən sahələrə yerləşməsinin mümkünlüyünə dəlalət edir. Odur ki, iddiaçılar cavabdehlərdən zərəri tələb etməkdə haqlı olmuşlar. 32.3. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, hazırkı iddia tələbi cavabdeh tərəfindən törədilən delikt nəticəsində iddiaçılara zərər dəyməsindən irəli gəlir və bu tələbin hüquqi əsasını ümumi norma olaraq MM-in 21-ci maddəsi və xüsusi normalar olaraq MM-in 1096.1 və 1097.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 14 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. 32.4. Beləliklə, sözügedən hüquqi mövqelərdən açıq-aşkar aydın olur ki, MM-in 1096.1 və 1097.1-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması və zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin təmin edilməsi üçün zəruri olan şərtlərdən biri zərərin həcminin sübut olunmasıdır. MPM-in 77.1-ci maddəsinin tələblərinə görə, sözügedən xüsusatların sübut olunması vəzifəsi məhz zərərçəkənin, yəni iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyasının mövqeyinə görə, bu qəbildən olan işlərdə mötəbər maliyyə-mühasibatlıq-vergi sənədləri (mallara dair maliyyə sənədləri, qaimə-fakturalar, alış sənədləri, alınan malların həcmini, xərcləri və satışı əks etdirən vergi hesabatları, vergi qalıq aktları, anbar qalıqları, mühasibat balansı, satış dövriyyəsinə dair daxili qeydiyyat və s.) yanaraq məhv olduğu iddia olunan malların mövcudluğu və dəyərinin müəyyən edilməsi üçün tutarlı sübutlar ola bilər. Lakin hazırkı iş materiallarından görünür ki, iddiaçılar öz mövqelərini etibarlı sübutlarla əsaslandırmaq üçün zəruri olan həmin sənədlərdən hər hansı birini işə baxan məhkəmələrə təqdim edə bilməmişlər. 32.5. İş materiallarından o da məlum olur ki, məhkəmələrin mötəbər sübut kimi istinad etdikləri Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 18 mart tarixli 9/7498 saylı məhkəmə əmtəəşünaslıq ekspert rəyi və "Qiymətləndirmə və Consulting Mərkəzi” MMC-nin 2025-ci il 16 yanvar tarixli QCM/Y 06- 006/25 nömrəli rəyi real sənədlərin və malların faktiki tədqiqi əsasında deyil, iddiaçıların birtərəfli qaydada tərtib və təqdim etdikləri siyahılar və şifahi məlumatlar əsasında hazırlanmışdır. Halbuki Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 2024-cü il 3 iyun və 4 sentyabr tarixli məktublarında mallar tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan (malların markası, modeli, texniki göstəriciləri, materialı, əmtəə görünüşü müəyyən edilmədən) iş materiallarında olan siyahıda adları göstərilən malların orta bazar qiymətini müəyyən etməyin və tədqiqat aparmağın mümkün olmadığı bildirilmiş, bu səbəbdən də ekspertizanın aparılmasından imtina edilmişdir (İ cild, i/v 87-90). Buna baxmayaraq işə baxan məhkəmələr mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedən xüsusatları nəzərə almamış, ekspertizanın aparılmasından imtina məktublarına isə ümumiyyətlə münasibət bildirməmişlər. Əvəzində isə birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, iddiaçıların malları və malların alınmasına dair qeyd apardıqları dəftərləri yandığı üçün onların həmin malların markası, materialı, ölçüləri və s. haqqında dəqiq məlumat təqdim etməsi qeyri-mümkündür. Ancaq həmin məlumatları təqdim etmək imkanlarının olmaması isə iddialarının əsassız olması anlamına gəlməməlidir. Çünki sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsi də bu nəticəyə gəlmişdir ki, iddiaçıların fəaliyyətləri ilə bağlı hesabatların mövcud olmaması iddiaçıların ziyanına şərh edilə bilməz. 32.6. Məhkəmə kollegiyası isə hesab edir ki, məhkəmələrin bu mövqeyi əvvəla, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqelərinə tamamilə ziddir, ikincisi isə əsasız olaraq iddiaçını sübutetmə vəzifəsindən azad edir ki, bu da öz növbəsində MPM-in 77.1-ci maddəsinin tələblərini pozur. Belə ki, iddiaçı zərərin həcmini sübut edə bilmirsə, onun zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələb etdiyi məbləğin qarşı tərəfdən tutulması əslində mümkünsüz hala gəlir. Əks yanaşma, yekun nəticədə ədalət prinsipinin diqqətdən kənarda qalmasına səbəb ola bilər ki, bu da qətiyyən yolverilməzdir. 32.7. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işdəki videogörüntülərə mötəbər sübut kimi istinad edərkən MPM-in 95.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normanın məzmunundan aydın olur ki, video yazılar təqdim edən şəxs həmin yazıların: 1) nə vaxt, 2) kim tərəfindən və 3) hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Mübahisələndirilən qətnamədə isə bununla bağlı hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. 32.8. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla belə, aydınlaşdırılmalı olan xüsusatlar işin faktiki halları ilə bağlı olduğundan hazırkı kassasiya icraatında onlara hüquqi qiymət verilməsi qeyri-mümkündür. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. 32.9. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən işdəki sübutları qanunun tələblərinə tam əməl etməklə yenidən qiymətləndirməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
Təkrar apelyasiya baxışı
33. Cavabdehlərin məhkəmə iclaslarında iştirak edən nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərini kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlarla istinadla müdafiə edərək həmçinin bildirmişdir ki, iddiaçıların hər birinə 5000 manat ödəməyə hazırdırlar.
34. İddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkili) bildirmişdir ki, obyektləri icarəyə verən şəxs özü vergilərin ödənilməsi ilə bağlı məsələləri həll edirdi, Cavabdeh2 və Nüsrəddin Balayev özləri sığorta ödənişləri də almışlar. Eyni zamanda, bütün mallar və onlara dair sənədlər hamısı yanğın nəticəsində yanaraq məhv olmuşdur və iddiaçılar ümumiyyətlə qaimə-faktura əsasında fəaliyyət göstərməmişlər.
35. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da bildirmişdir ki, mağazalarının sahəsi kiçik olduğu üçün onlara kassa verilməmiş, malları Sədərək Ticarət Mərkəzindən almışlar. Ödənişləri müdriyyət özü hesablayaraq onlardan aylıq 150-170 manat həcmində pul almış, vergi yoxlaması həyata keçirilməmiş, bu məsələlər müdriyyət tərəfindən həll olunmuşdur. Dövlət Vergi Xidmətinə ödənişləri, həmçinin sosial sığorta ödənişləri də mövcuddur. Yanğından sonra ona 20 000 manat təklif olunmuş, bildirilmişdir ki, ticarət obyekti tikiləndən sonra ona yer veriləcək, geri qalan məbləğə də hissə-hissə köməklik olunacaq. Lakin sonradan 10 000 manat vermək istədikləri üçün təklifi qəbul etməmişdir.
36. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, təqdim etdiyi siyahılar öz aldığı malların siyahısıdır, həmin mallarla bağlı video görüntülər də məhkəməyə təqdim edilmişdir. Görüntülər yanğından öncəki görüntülərdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
38. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 14 aprel tarixli Qərarı
43. “Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 95. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddialarının qismən təmin olunmasına baxmayaraq iddiaçılar qətnamədən şikayət verməmiş, cavabdehlər isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
54. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
55. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, maddi ziyanın əvəzi qismində iddiaçıların hər birinin xeyrinə tutulmalı olan məbləğ 5000 manat məbləğində müəyyənləşdirilməli, məhkəmə xərcləri də bu nəticəyə uyğun bölüşdürülməlidir.
56. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
57. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, iddia tələbinə uyğun gələn qanuni əsas kimi MM-in 21-ci maddəsi, habelə xüsusi normalar olaraq MM-in 1096.1-ci və 1097.1ci maddələri nəzərdən keçirilə bilər.
58. Mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 41, 42) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
59. Hazırkı mübahisə üzrə zərərin mövcüd olması, zərərin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verdiyi, habelə zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuranların təqsirliliyi işin müəyyən olunan hallarıdır; buna görə də kollegiya, həmin məsələlərlə bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir.
60. Belə olan halda hazırkı mübahisə üzrə sübutetmənin predmetini iddiaçılara dəymiş zərərin məbləği təşkil edir və kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, sözügedən xüsusatın sübut olunması vəzifəsi məhz zərərçəkənin, yəni iddiaçıların üzərinə düşür.
61. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır.
62. Kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, hazırda baxılan mübahisə üzrə mötəbər maliyyə-mühasibatlıq-vergi sənədləri (mallara dair maliyyə sənədləri, qaimə-fakturalar, alış sənədləri, alınan malların həcmini, xərcləri və satışı əks etdirən vergi hesabatları, vergi qalıq aktları, anbar qalıqları, mühasibat balansı, satış dövriyyəsinə dair daxili qeydiyyat və s.) yanaraq məhv olduğu iddia olunan malların mövcudluğu və dəyərinin müəyyən edilməsi üçün tutarlı sübutlar ola bilər; lakin iddiaçılar öz mövqelərini etibarlı sübutlarla əsaslandırmaq üçün zəruri olan həmin sənədlərdən hər hansı birini təqdim edə bilməmişlər.
63. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsində iş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 18 mart tarixli 9/7498 saylı ekspert rəyinə və "xxxx" MMC-nin 2025-ci il 16 yanvar tarixli QCM/Y 06- 006/25 nömrəli rəyinə münasibətdə kollegiya qeyd edir ki, həmin rəylər real sənədlərin və malların faktiki tədqiqi əsasında deyil, iddiaçıların birtərəfli qaydada tərtib və təqdim etdikləri siyahılar və şifahi məlumatlar əsasında hazırlanmışdır - halbuki Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 2024-cü il 3 iyun və 4 sentyabr tarixli məktublarında mallar tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan (malların markası, modeli, texniki göstəriciləri, materialı, əmtəə görünüşü müəyyən edilmədən) iş materiallarında olan siyahıda adları göstərilən malların orta bazar qiymətini müəyyən etməyin və tədqiqat aparmağın mümkün olmadığı bildirilmiş, bu səbəbdən də ekspertizanın aparılmasından imtina edilmişdir (İ cild, i/v 87-90).
64. Bu kontekstdə kollegiyanın qənaətinə görə, məhkəmənin həmin rəylərə istinadən müvafiq nəticəyə gəlməsi həm Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə (§ 43) tamamilə ziddir, həm də əsasız olaraq iddiaçıları sübutetmə vəzifəsindən azad edir ki, bu da öz növbəsində MPM-in 77.1-ci maddəsinin tələblərini pozur.
65. Belə ki, iddiaçı zərərin həcmini sübut edə bilmirsə, onun zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələb etdiyi məbləğin qarşı tərəfdən tutulması əslində mümkünsüz hala gəlir. Əks yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinin pozulmasına səbəb ola bilər.
66. Bununla belə nəzərə alınmalıdır ki, cavabdehlər iddiaçıların hər birinə 5000 manat ödəməyə hazır olduqlarını bildirdiklərindən, iddiaçılara dəymiş zərərin müvafiq hissəsi sübuetmə predmetinə daxil deyildir və iddiaçılara zərərin dəydiyi işin mübahisəsiz halı olduğu üçün onların hər birinin xeyrinə göstərilən məbləğin tutulması mümkündür.
67. Gəldiyi zənaətə uyğun olaraq kollegiya hesab edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamə dəyişdirilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, habelə mediasiya xərcinin əvəzi qismində 250 (iki yüz əlli) manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıra ödənilməlidir.
68. Kollegiya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin onu ödəmiş şəxsin özünə aid olunmasını məqsədəmüvafiq hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
69. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 aprel 2025-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “P. Dadaşova vurulmuş ziyana görə 49 923,40 manat, S. Səfərova vurulmuş ziyana görə 47 121,07 manat olmaqla, cəmi 97 044,47 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub vurulmuş ziyanlara mütənasib olaraq iddiaçılara ödənilməsi, ödənilmiş dövlət rüsumu ilə ilkin mediasiya xərcinin 381,14 manatının əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq 51,45% İddiaçı1, 48,55% İddiaçı2 xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı1 dəymiş ziyana görə 5000 (beş min) manat, İddiaçı2 dəymiş ziyana görə 5000 (beş min) manat olmaqla cəmi 10 000 (on min) manat (yəni hər birinə 5000 manat), iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, habelə mediasiya xərcinin əvəzi qismində 250 (iki yüz əlli) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı1 və İddiaçı2 ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Səməd Cəfərov Tural Qocayev