Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1343/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı X3 cavabdeh “xxxx” X1 Cəmiyyətinə qarşı (“xxxx” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qarşılıqlı təsir, zərərçəkənin təqsiri, zərərin bölüşdürülməsi, delikt məsuliyyəti, qanunun analogiyası) Hakim sədrliyi ilə, hakimlər X7 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X8, cavabdehin nümayəndəsi X9 oğlunun, cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospekti, **** nömrəli məhəllədə yerləşən ərazi İddiaçı X3 kiçik qənd zavodunun inşası məqsədilə ayrılmış, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.1999-cu il tarixli, **/*** nömrəli torpaq sahəsinin ayrıc aktına əsasən isə ümumi sahəsi 0,76 ha olan ərazi həmin məqsədlə istifadəyə (icarəyə) verilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı X3 ünvanladığı ##.##.2000-ci il tarixli, **/**P-*** nömrəli məktuba əsasən qənd zavodunun tikintisi üçün ayrılmış sahənin şərq hissəsində əsaslı tikililərin yerləşdirilməməsi şərti ilə abadlaşdırma və yaşıllaşdırma nəzərdə tutulan ərazi üzrə təqdim edilmiş baş planla tanış olunmuş və razılaşdırılmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncamı ilə İddiaçı X3 ayrılmış torpaq sahəsində, Z.Bünyadov prospekti istiqamətində sərhəddən 3 metr daxildə yerləşdirilməsi şərti ilə razılaşdırılmış eskiz layihəyə uyğun olaraq inzibati bina və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir.
4. ##.##.2021-ci il tarixli auditor və ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəylərinə əsasən İddiaçı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində dəymiş zərərin ümumi məbləği 645 370 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı İddiaçı X3 cavabdeh “xxxx” X1 Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 645 370 manat və əldən çıxmış faydanın əvəzi kimi 39 888 manat pulun, ödənilmiş 400 manat mediasiya xərci və 576 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2062-ci məhəllə ünvanında yerləşən torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2062-ci məhəllədə yerləşən tikinti materialları bazarı iddiaçıya məxsusdur. Torpaq sahəsi ##.##.1997-ci il tarixli sərəncamla iddiaçının adına ayrılmış, həmin il hasarlanmış, sonradan hissələrə bölünərək icarəyə verilmişdir. ##.##.2021-ci ildə cavabdehin nümayəndələri xəbərdarlıq və məhkəmə qərarı olmadan əraziyə daxil olaraq bazarı dağıtmış, iddiaçı tərəfindən təqdim edilən sənədlərə məhəl qoymamışdır. Nəticədə, iddiaçıya 645 370 manat maddi ziyan dəymiş, lakin cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir və tikinti işləri qanunvericiliyin tələblərinə zidd aparılmışdır. İddiaçı torpaqdan təyinatı üzrə istifadə etməmiş, ərazini hissələrə bölərək icarəyə vermiş və zəruri layihə sənədlərini təqdim etməmişdir. Qeyriqanuni 7. tikililər texniki xidmətə mane olmuş, qəzalara və zərərlərə səbəb olmuşdur. Mühafizə zonasının boşaldılması barədə xəbərdarlıqlar nəticəsiz qaldığından, ərazi hüquq-mühafizə orqanlarının iştirakı ilə azad edilmiş, bəzi şəxslərə kompensasiya ödənilmişdir. Həmçinin, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlər yoxdur, təqdim olunan ekspert və auditor rəyləri sübut kimi qəbul edilə bilməz və tələb olunan zərər məbləği əsassızdır.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi kimi 645 370 manat məbləğində pulun, həmçinin ödənilmiş 400 manat mediasiya xərci və 519,09 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsində, yüksək gərginlikli elektrik verilişi xətlərinin altında inşa edilmiş tikinti materialları bazarı ##.##.2021-ci ildə həmin əraziyə gələn şəxslər, o cümlədən cavabdehə məxsus texnika və xüsusi geyimli əməkdaşların iştirakı ilə heç bir qanuni əsas olmadan sökülmüş, nəticədə iddiaçıya ekspert rəyinə əsasən 645 370 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə bu halları nəzərə alaraq maddi ziyanın əvəzinin tutulmasını əsaslı hesab etmiş, lakin əldən çıxmış fayda üzrə tələb sübut edilmədiyindən həmin hissədə iddianı rədd etmişdir. Eyni zamanda, torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşməsi nəzərə alınaraq istifadəyə maneələrin aradan qaldırılması ilə bağlı tələb də təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsini və tələbin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, prosessual normaların tələblərini pozmuşdur. Söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması sübuta yetirilməmişdir. Əksinə, iş materiallarında texnikanın digər quruma məxsus olduğunu göstərən rəsmi məlumatlar mövcuddur. Şahid ifadələri ziddiyyətli olduğundan obyektiv hesab edilə bilməz. Həmçinin, ərazi əvvəlcə könüllü boşaldılmış, sonradan yenidən qanunsuz zəbt olunmuşdur. Bu səbəbdən cavabdehin hərəkətləri hüquqazidd hesab edilə bilməz. Bundan başqa, məhkəmə ekspertizasının müstəqil araşdırma aparmadığı, yalnız auditor rəyinə əsaslandığı vurğulanmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və tələbin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əldən çıxmış fayda ilə bağlı tələbi əsassız olaraq rədd etmişdir. Halbuki, mübahisəli ərazidəki qeyriyaşayış13.sahələri müxtəlif şəxslərə icarəyə verilmiş və bundan aylıq 1 662 manat gəlir əldə olunmuşdur. Bu hal icarə müqavilələri ilə sübuta yetirilsə də, məhkəmə həmin sübutları nəzərə almamışdır. Buna görə də 39 888 manat məbləğində əldən çıxmış faydanın ödənilməməsi qanunsuzdur. Eyni zamanda, cavabdeh tərəfindən torpaq sahəsinə girişin tam məhdudlaşdırılması əsassızdır. Belə ki, yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonası ərazinin hamısını əhatə etmir və ən azı qalan hissədən istifadə hüququ təmin edilməli idi. Məhkəmə bu məsələni düzgün qiymətləndirməmiş və iddianın həmin hissəsini də əsassız olaraq rədd etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi qismən – “torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsinə dair iddia tələbinin rədd edilməsi” hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşməyən 120 m2 hissəsindən iddiaçının istifadəsinə maneə törədilməsi cavabdehə qadağan edilmiş, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşən qalan hissəsindən sistem operatoru ilə razılaşdırılması tələb edilməyən formada iddiaçının istifadəsinə maneə törədilməsi cavabdehə qadağan edilmiş, qalan hissədə həmin iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tikinti bazarının sökülməsi ilə bağlı iddia tələbi üzrə delikt məsuliyyətinin tətbiqi üçün zəruri şərtlər – zərərin mövcudluğu, hüquqazidd əməl, səbəbli əlaqə və zərərin məbləği araşdırılmalıdır. Tikililər üzərində iddiaçının rəsmi mülkiyyət hüququ olmasa da, uzun müddət həmin əmlakdan istifadə etməsi və gəlir əldə etməsi onun əmlak xarakterli maraqlarının mövcudluğunu və qorunmalı olduğunu göstərir. Buna görə iddiaçı zərərin əvəzini tələb etmək hüququna malikdir. Sübutların məcmusuna əsasən tikinti bazarının məhz cavabdeh tərəfindən söküldüyü və bunun qanuni əsas olmadan həyata keçirildiyi müəyyən edilmişdir. Bu səbəbdən həmin hərəkətlər hüquqazidd hesab olunmuşdur. Zərərin məbləği auditor və ekspert rəyləri ilə 645 370 manat müəyyən edilmiş və bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün sayılmışdır. Əldən çıxmış fayda ilə bağlı tələb isə sübuta yetirilmədiyi üçün rədd edilmişdir. Bununla yanaşı, torpaq sahəsindən istifadəyə qoyulan məhdudiyyət tam əsaslı sayılmamış, mühafizə zonasına daxil olmayan hissə üzrə məhdudiyyət qanunsuz hesab edilmiş, digər hissədə isə yalnız müəyyən şərtlərlə istifadəyə icazə verilə biləcəyi qeyd olunmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat:
16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasını qeyd etmiş, lakin bunu mötəbər sübutla əsaslandırmamışdır. Yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasındakı torpaq sahəsinə dair cavabdehin qanuni tədbirləri isə yanlış qiymətləndirilmişdir. İddiaçı torpaq və tikililərin ona məxsusluğunu təsdiqləyən sənəd təqdim etməmişdir. İddiaçının torpaq və tikililərə dair mülkiyyət hüququ olmadığı üçün zərəri tələb etmək hüququ yoxdur. Tikililər mühafizə zonasındadır və qanuni əsaslarla inşa olunmamışdır. Ziyanın sübuta yetirilməsi üçün təqdim edilmiş mütəxəssis və auditor rəyləri ehtimala əsaslanıb, təkrar ekspertiza isə ziyanın məbləğinin müəyyən edilməsinin mümkün olmadığını göstərir. Cavabdehin təqsiri sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarını obyektiv qiymətləndirmədən, yalnız ehtimallara əsaslanaraq qərar qəbul etmişdir.
18. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin arqumentləri əsassızdır. Apellyasiya məhkəməsi düzgün olaraq müəyyən edib ki, tikililər iddiaçının torpaq sahəsində onun vəsaiti hesabına inşa edilmiş və uzunmüddətli faktiki istifadəsi əmlak marağı kimi qiymətləndirilir. Söküntü nəticəsində vurulmuş 645 370 manat zərərin ödənilməsi tələbini iş materiallarındakı video, foto, şahid ifadələri və cavabdehin yazışmaları sübut edir. Ekspert və auditor rəyləri zərərin məbləğini müəyyən edib, əlavə sübutların toplanması mümkün olmayıb. Torpaq sahəsinin 120 m² hissəsi mühafizə zonasına düşmədiyindən cavabdehin hərəkətləri qanunsuz olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Buna görə kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən – real maddi zərərin tutulması hissəsində ləğv edilərək işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
20. Ali Məhkəmə kassasiya şikayətinin yalnız maddi ziyanın əvəzinin tutulması dəlillərini qismən əsaslı hesab edərək həmin hissədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsini təyinatı üzrə istifadə etməmiş, tikilini qanuni sənədləşdirmə işləri aparmadan və mühafizə zonasının tələblərinə əməl etmədən inşa etmişdir. Eyni zamanda cavabdeh də həmin tikililərin qanunsuz inşa edilməsinə və uzun müddət maneəsiz istifadəsinə göz yummuş, səlahiyyətləri daxilində kəsərli tədbirlər görməmişdir. Belə vəziyyətdə maddi ziyanın əvəzi kimi 645 370 manat məbləğin cavabdehdən tam tutulması qanuna və ədalət prinsipinə uyğun deyildir. Yeni apellyasiya baxışı zamanı cavabdehdən tutulmalı olan real maddi zərərin həcmi müəyyən edilərkən MM-in 21.3-cü maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanları qiymətləndirilməlidir.
21. Kassasiya şikayətinin digər dəlilləri, o cümlədən zərərin cavabdeh tərəfindən vurulmasının sübuta yetirilməməsi və real maddi zərərin miqdarının düzgün hesablanmaması isə əsassız hesab edilmişdir. Təkrar apellyasiya baxışı:
22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 və nümayəndəsi (vəkili) X2 (ayrıayrılıqda) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və tələbin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər.
23. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
26. Məhkəmə kollegiyası şikayətə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi
11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). ...
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). ... Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... Maddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət
1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.
Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ ... 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. ...
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsə də, kassasiya şikayətinin dəlilləri yalnız dəymiş maddi ziyanın əvəzinin tam həcmdə cavabdehdən tutulması hissəsində əsaslı hesab edilmişdir. Odur ki, hazırkı apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçıya dəymiş maddi ziyanın tam həcmdə cavabdehdən tutulmasının əsaslılığı hissəsində cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi:
31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya baxışının hədləri ilə bağlı yuxarıdakı mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi maddi ziyanın əvəzinin tutulması hissəsində dəyişdirilməlidir.
32. Qeyd olunduğu kimi ##.##.1997-ci il tarixli sərəncamla iddiaçıya kiçik qənd zavodunun tikintisi məqsədilə torpaq sahəsinin ayrılması, ##.##.2003-cü il tarixli sərəncamla isə həmin torpaq sahəsində inzibati bina və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilməsi, buna baxmayaraq iddiaçı tərəfindən ayrılmış torpaq sahəsində tikinti materialları bazarının inşa edilməsi, həmin bazarın bir hissəsinin yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşməsi, habelə sonradan qeyd olunan qeyriyaşayış sahəsinin (obyektlərin) ##.##.2021-ci il tarixdə cavabdeh tərəfindən aidiyyəti dövlət orqanlarının müvafiq qərarı olmadan qanunsuz şəkildə sökülməsi və nəticədə iddiaçıya 645 370 manat məbləğində ziyan vurulması halları Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapdığından, sözügedən halların araşdırılması hazırkı apellyasiya baxışının predmeti deyildir.
33. Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyinə əsasən, hazırkı apellyasiya baxışının predmetini iddiaçıya dəymiş maddi ziyanın cavabdeh tərəfindən tam həcmdə ödənilməsinin əsaslı olub-olmamasının, xüsusilə də Mülki Məcəllənin 21.3-cü maddəsinin tətbiqi imkanları nəzərə alınmaqla zərərin tərəflər arasında bölüşdürülməsinin müəyyən edilməsi təşkil edir. Bu səbəbdən kollegiya zərərin yaranmasına və həcminin artmasına tərəflərin davranışlarının təsir dərəcəsini qiymətləndirməklə, həmin təsirin hüquqi nəticələrini müəyyən etməlidir.
34. Məhkəmə kollegiyası iddiaçıya dəymiş maddi ziyanın əvəzinin tam şəkildə cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
35. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21.3-cü maddəsinin tələblərinə əsasən zərərin müəyyən edilməsi zamanı zərərçəkənin öz davranışının zərərin yaranmasına və ya artmasına təsiri nəzərə alınmalıdır. Bu norma zərərin bölüşdürülməsini tələb edir və məhkəməyə tərəflərin vurulmuş zərərə münasibətdə təqsirinin dərəcəsini qiymətləndirmək səlahiyyəti verir.
36. İş materialları ilə müəyyən edilir ki, mübahisə üzrə zərərin yaranması vahid səbəbdən deyil, tərəflərin hər birinin hüquqazidd və təqsirli davranışlarının məcmusu nəticəsində baş vermişdir. Belə ki, iddiaçı ona ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, tikintinin aparılması üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə layihələndirməsənədləşdirmə
37. işlərini aparmamış, tikinti obyektlərinin lazımi qaydada istismara qəbul olunmasını təmin etməmiş, tikilinin böyük hissəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq həmin tikilini inşa edərkən bu barədə cavabdehdən icazə almamışdır.
38. Kollegiya hesab edir ki, iddiaçının qeyd olunan davranışı zərərin yaranması üçün ilkin şəraitin formalaşmasına səbəb olmuş, zərərin baş verməsi riskini əhəmiyyətli dərəcədə artırmışdır. Belə ki, iddiaçı tikililəri yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında inşa edərkən mümkün zərər riskini əvvəlcədən görmək və qarşısını almaq imkanına malik olmuşdur.
39. Digər tərəfdən, cavabdeh yüksək gərginlikli elektrik verilişi xətlərinin istismarını həyata keçirən və mühafizə zonalarına nəzarəti təmin etməli olan şəxs kimi, qanunvericiliyin tələblərinə zidd olaraq sözügedən tikililərin uzun müddət mövcudluğuna effektiv şəkildə mane olmamış, aşkar edilmiş pozuntuların aradan qaldırılması istiqamətində səlahiyyətləri çərçivəsində vaxtında və adekvat tədbirlər görməmişdir. Cavabdeh bu istiqamətdə müəyyən tədbirlər gördüyünü bildirsə də, bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən tikililərin zəruri hüquqi prosedurlar gözlənilmədən sökülməsi zərərin reallaşmasına birbaşa səbəb olmuşdur.
40. Kollegiyanın qənaətinə görə tərəflərin hər birinin davranışı zərərin həm yaranmasında, həm də nəticələrinin formalaşmasında əhəmiyyətli olmuşdur. Belə ki, iddiaçı zərərin yaranması üçün ilkin şəraiti yaratmış, cavabdeh isə həmin vəziyyətin aradan qaldırılmaması və sonradan birbaşa müdaxilə ilə zərərin baş verməsinə səbəb olmuşdur. Bu baxımdan zərərin yaranması vahid səbəbdən deyil, tərəflərin qarşılıqlı təsir göstərən davranışlarının məcmusu nəticəsində baş vermişdir.
41. Mülki Məcəllənin 21.3-cü maddəsinin tətbiqi üçün zərərçəkən şəxsin zərərin yaranmasına və həcminin artmasına hansı həcmdə şərait yaratması müəyyən olunmalıdır. Lakin müəyyən hallarda obyektiv səbəblərdən təqsirin tərəflər arasında konkret proporsiyalar üzrə bölüşdürülməsi mümkün olmur.
42. Kollegiya tərəflərin davranışlarının zərərin yaranmasına təsir dərəcəsini qiymətləndirmək üçün, xüsusilə, davranışların zərərin yaranması və reallaşması prosesində tutduğu yer, hüquqaziddliyin xarakteri və intensivliyi, habelə riskin yaradılması və onun reallaşdırılması mərhələləri üzrə müqayisəli təhlil aparmışdır.
43. Lakin bu meyarlar üzrə aparılan qiymətləndirmə nəticəsində tərəflərin hər birinin zərərin yaranmasına və həcminin formalaşmasına təsirinin konkret faiz və ya nisbətlə ifadə olunmasına imkan verən obyektiv əsaslar müəyyən edilməmişdir.
44. Belə ki, tikinti norma və qaydalarını pozmaqla tikililərin inşa edilməsi ilə həmin tikililərin müvafiq prosedurlar gözlənilmədən sökülməsi hərəkətlərindən hansının zərərin yaranmasına və həcminin artmasına daha üstün təsir göstərdiyi barədə əsaslandırılmış nəticəyə gəlmək mümkün olmamış, bu istiqamətdə aparılan qiymətləndirmə yalnız ehtimal səviyyəsində qalmışdır.
45. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası yaranmış situasiyada təqsirin bölüşdürülməsinin ümumi prinsipindən - təqsirin ölçülə bilmədiyi hallarda onun bərabər sayılması prinsipindən - çıxış etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 1113.2-ci və 1114.2-ci maddələrinin məzmununa görə, birgə vurulmuş zərərin əvəzinin ödənilməsi zamanı zərərvuranların təqsirinin dərəcəsini müəyyən etmək mümkün olmadıqda, zərərin miqdarında onların payları bərabər hesab olunur.
46. Kollegiya qeyd edir ki, sözügedən norma mülki hüquq pozuntusu törətmiş bir neçə zərər vuran arasında təqsirin dərəcəsinin müəyyən edilməsi ilə bağlı məsələni tənzimləyən norma olduğundan onun hazırkı mübahisəyə birbaşa tətbiqi mümkün olmasa da, onun ifadə etdiyi hüquqi prinsip – təqsirin dərəcəsi müəyyən edilə bilmədikdə məsuliyyətin bərabər bölüşdürülməsi – hazırkı mübahisəyə qanunun analogiyası qaydasında tətbiq olunmalıdır.
47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin zərərin tam həcmdə cavabdehdən tutulması barədə gəldiyi nəticə işin faktiki halları və tətbiq edilməli maddi hüquq normaları ilə uzlaşmır və haqlı hesab edilə bilməz.
48. Məhkəmə kollegiyasının yekun qənaətinə əsasən, təqsirin tərəflər arasında konkret proporsiyalar üzrə bölüşdürülməsi mümkün olmadığından, zərərin bərabər bölüşdürülməsi bu halda yeganə obyektiv və hüquqi cəhətdən əsaslandırılmış yanaşmadır. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi qismində tutulmalı olan məbləğ 322 685 manat, yəni dəymiş zərərin yarısı miqdarında müəyyən edilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanın əvəzinin tutulması hissəsində dəyişdirilməli, qətnamə cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
52. Göstərilənlərə əsasən və MPM-in 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi “cavabdeh “xxxx” X1 Cəmiyyətindən maddi ziyanın əvəzi qismində 645 370 manat pulun tutularaq iddiaçı İddiaçı X3 ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” X1 Cəmiyyətindən iddiaçı İddiaçı X3 xeyrinə maddi ziyanın əvəzi qismində tutulmalı olan pulun məbləği 322 685 (üç yüz iyirmi iki min altı yüz səksən beş) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə “xxxx” X1 Cəmiyyəti tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.