Məhkəmə qərarları › İş №2-2(103)-135/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-135/2022

24.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-135/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2132/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 14.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 22.616 manat pul məbləğinin, 27.08.2020-ci il tarixli əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı və pul mükafatının cəmi 5.200 manat və həmin məbləğin gecikdirilməsinə görə 11.024 manat ödənc (cərimə) cəmi 16.224 manat pul məbləğinin, mənəvi ziyana görə 20.000 manat, cəmi 58.840 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, 14.01.2020-ci il tarixdən cavabdehin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal-materialın mühafizəsi üzrə işlərin icrasına nəzarət xidmət müqaviləsi əsasında iddiaçıya tapşırılmışdır. Əmək haqqı ayda 2.958 manat təşkil etmiş, 14.01.2020-ci il tarixdən 27.08.2020-ci il tarixə kimi işlədiyi xidmət müqaviləsi üzrə ona cəmi 1.048 manat ödənilmişdir, 22.616 manat (23.664-1.048) məbləğdə vəsait ödənilməmiş qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 22.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xidməti müqavilə üzrə 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş 20.841,2 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, cavabdehdən 30 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmədə tədqiq edilən sənədlərə, izahatlara və ifadələrə əsasən müəyyən edilmişdir ki, 14.01.2020-ci il tarixdə "xxxx" ASC ilə X5 arasında xidməti müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 26.08.2020-ci il tarixədək (27.08.2020-ci il tarixdə iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmış) cəmiyyətin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal-materialın mühafizəsi üzrə işlərin icrasına nəzarəti həyata keçirmiş, əmək haqqı ayda 2958 manat məbləğində olmuşdur. X3 7 ay (2958x7=20706) 12 gün (2958:30x12=1183,20) üçün cəmi 21889,20 manat məbləğində vəsait ödənilməli olduğu halda, 1048 manat (iddiaçının izahatına əsasən) ödənilmiş, 20841,20 manat məbləğində pul ödənilməmiş qalmışdır. Cavabdeh iddianı ümumiyyətlə qəbul etməsə də, məhkəmə qeyd edir ki, X1 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək xidməti müqaviləyə əsasən Almatı layihəsində mühafizə xidmətində işlədiyi həm təqdim edilən sənədlərlə, həm də şahid ifadələri ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının xidməti müqavilə ilə bağlı olan tələb qismən təmin edilməli və 14.01.2020-ci il tarixdən 26.08.2020-ci il tarixədək olan dövr üçün cavabdehdən ödənilməyən 20841,20 manat məbləğində pul tutularaq X3 ödənilməlidir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı məhkəməyə iddiasının əsası kimi 14.01.2020-ci il tarixli AX-FS 10/002 nömrəli Xidmət müqaviləsini təqdim etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə İcraçıya ödənilir. Lakin məhkəmə prosesi zamanı iddiaçı xidmətin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı məhkəməyə iddiasının əsası kimi göstərdiyi xidmət müqaviləsinin əslini belə təqdim etməmişdir. Bu bir daha sübut edir ki, həmin müqavilə üzrə xidmət göstərilməmiş və buna müvafiq olaraq da Sifarişçi tərəfindən ödəniş edilməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə prosesdə iştirak edən və şahid qismində dindirilən şəxslərin ifadələri ilə kifayətlənmiş və belə bir ədalətsiz qərar çıxarmışdır. Məhkəmədə şahid kimi dindirilmiş və xidmət müqaviləsi əsasında işlədiklərini iddia edən şəxslərdən X2 və X4 məhkəməyə həmin müqavilələri təqdim edə bilməmişlər. Eyni zamanda, digər şahid X7 öz ifadəsində xidmət göstərdiyi dövrdə xidmət müqaviləsində göstərilən işlərin görülməsinə dair təhvil-təslim aktlarının tərtib edilmədiyini bildirsə də, əslində bu hal belə deyildir. Belə ki, məhkəmə prosesi zamanı buna dair sənədlərin təqdim edilməsi üçün məhkəmədən vaxt istənilsə də, nəzərə alınmamışdır. Bu səbəbdən də həmin sənədlər sübut kimi məhkəməyə təqdim edilə bilməmişdir. Hazırda həmin şəxsə dair işlərin görülməsini təsdiq edən sənədləri təqdim edir. Eyni zamanda bildirir ki, həmin sənədlər əsasında da adıçəkilən şəxsə ödənişlər edilmişdir. İdiaçının məhkəməyə “sübut” kimi təqdim etdiyi sənədlər kserosurətdən ibarət olmuş, heç birinin əsli və ya müvafiq qaydada təsdiq edilmiş surətləri olmamışdır. Həmin sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməzdi, lakin buna baxmayaraq məhkəmə öz qətnaməsində təqdim edilmiş sənədlərlə və şahid ifadələri ilə xidmətin göstərildiyinin təsdiq edildiyini göstərmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu qaydada araşdırma aparılan işdən müəyyən edilir ki, tərəflər arasında 14.01.2020-ci il tarixdə AX-FS 20/002 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal-materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini, sifarişçi isə bu xidmətin müqabilində icraçıya 1 ay üçün 2.958 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, tərəflər arasında 14.01.2020-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 26.08.2020-ci il tarixədək (27.08.2020-ci il tarixdə tərəflər arasında yeni əmək müqaviləsi bağlanmışdır) cəmiyyətin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal-materialın mühafizəsi üzrə işlərin icrasını və nəzarəti həyata keçirmiş, əmək haqqı ayda 2.958 manat məbləğdə olmuş, iddiaçıya 7 ay (2.958 x 7 = 20.706) 12 gün (2.958 : 30 x 12 = 1.183,20) üçün cəmi 21.889,20 manat məbləğdə vəsait ödənilməli olduğu halda, iddiaçının bildirdiyinə əsasən 1.048 manat ödənilmişdir, qalan 20.841,20 manat məbləğdə pulun ödənilməsi iş materialları ilə təsdiqini tapmır, cavabdeh də bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu mənada apellyasiya şikayətinin iddiaçının xidmət göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını təqdim edə bilməməsi barədə ilk dəlili əsaslı deyil. Belə ki, işdə olan “Xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlləri”ndən görünür ki, iddiaçı 2020-ci ilin yanvar-avqust ayları ərzində hər gün 8 saat işdə olmuş və ona ay sonunda xidmət haqqı hesablanmış, cədvəllər filialın direktoru tərəfindən təsdiq olunmuşdur. Bütün bunlar da ona dəlalət edir ki, müqavilənin icraçının işi icra etdiyini göstərən təhvil-təslim aktları barədə müddəası formal xarakter daşıyır və əslində həmin şərtə əməl olunmuşdur. Şikayətin iddiaçının məhkəməyə xidmət müqaviləsinin əslini təqdim etməməsinə dair dəlili də əsassızdır. Belə ki, cavabdeh həmin müqavilənin bağlanmasını və şərtlərini mübahisə etmir, əksinə, müqavilə şərtlərinin icra olunmamasına istinad etməklə onu qəbul edir. Şikayətin məhkəmədə şahid kimi dindirilmiş şəxslərin ifadələrinin mötəbər olmamamsı barədə dəlilləri də əsaslı deyil. Belə ki, birincisi, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi şahid Ş.Bəylərov haqqında tərtib olunmuş Görülmüş işin təhviltəslimi barədə aktlar MPM-in 372.2-ci maddəsinin tələbinə görə qəbul edilə bilməz. Adıçəkilən normaya əsasən, “Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” Görülmüş işin təhvil-təslimi barədə aktların vaxtında məhkəməyə təqdim edildiyi fərz olunsa, o halda da sözügedən dəlilin əsassızlığı aşkar olar. Çünki, həmin aktlar cavabdehlə Ş.Bəylərov arasında 03.04.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə görülmüş işlərlə bağlı tərtib olunduğu halda, şahidlər 2019-cu il tarixdə, o cümlədən Ş.Bəylərovla 01.07.2019-cu il tarixdə bağlanmış xidmət müqavilələri üzrə ifadə vermişlər, hazırkı mübahisə də məhz 2020-ci ildə ödənilməmiş borclarla bağlıdır. Şikayətin idiaçının məhkəməyə sübut kimi təqdim etdiyi sənədlərin kserosurətdən ibarət olması barədə dəlili də əsassızdır. Belə ki, “Xidmət müqaviləsi ilə fəaliyyət göstərən icraçıların iş vaxtının aylıq uçotu cədvəlləri”nin əslləri cavabdehdə saxlanılır və bu səbəbdən onların əslləri iddiaçıdan tələb oluna bilməz. Digər tərəfdən, cavabdeh həmin cədvəlləri və onların məzmununu, o cümlədən iddiaçıya aid hissələrdə, mübahisə etmir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2132/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar