Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-135/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3782/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında 01 iyul 2021-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverən ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində 70 kv.m. sahəni icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə aylıq icarə haqqı 2360 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11800 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, icarəçi müqavilə üzrə öhdəlikləri pozmuş və 2022-ci ilin avqustdekabr ayları üçün ödənişləri həyata keçirməmişdir. 27 yanvar 2023-cü il tarixə icarəçinin icarəyəverənə olan borcu 11800 manat təşkil edir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cəmiyyətin direktoru olmuş və müqaviləni imzalamış X3 2022-ci ilin ortalarında vəzifədən azad edilsə də, yeni rəhbərliyə xx.xx.2021-ci tarixli müqavilənin mövcudluğu, ünvan 1 ünvanında yerləşən binanın 2ci mərtəbəsində 70 m2 sahənin icarəyə götürülməsi barədə məlumat verməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən onlara elektron qaimənin göndərilməməsi nəticəsində qeyri-yaşayış sahəsinin icarədə olması barədə xəbərləri olmamış və bu səbəbdən xx.xx.2021-ci tarixli müqaviləni vaxtından əvvəl ləğv etməmişlər. Cəmiyyətin direktoru olmuş X2 vəzifədən azad olunandan sonra da, 2022-ci ilin axırınadək heç bir qanuni əsaslar olmadan müqavilədə göstərilən sahəni istifadə etmişdir. Odur ki, cəmiyyət 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etmədiyinə görə iddia rədd edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3782/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən dövr ərzində mübahisəli sahədən cəmiyyətin əvvəlki direktorunun istifadə etməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, cavabdeh qeyd edilən icarə müqaviləsindən xəbərsiz olub, əks halda icarə müqaviləsini vaxtında xitam verilməsi ilə bağlı qarşı tərəfə bildiriş göndərərdi. İddiaçı mübahisəli dövrdə bir dəfə də olsun onlara elektron qaimə də göndərməmişdir. Bu isə onların müqavilədən xəbərsiz olmaqla bağlı dəlilini inandırıcı edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
11. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
14. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
15. Hazırki işdə də həmin maddələrin bütün dispozisiya şərtləri mövcuddur.
16. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, 2022-ci ilin avqust-dekabr ayları üzrə icarə haqlarını iddiaçıya ödəməmişdir.
17. Çünki, cavabdeh həmin aylar üzrə icarə haqlarını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
18. Əksinə, birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi direktorun dəyişməsi səbəbi ilə həmin sahənin icarədə olduqlarından xəbərsiz olduqlarını bildirmiş, cəmiyyətin 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etmədiyini və həmin müddətdə icarə sahəsindən əvvəlki direktorun istifadə etdiyinə istinad edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Həmin dəlillərə dair kollegiya qeyd edir ki, icarə obyekti iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. İcarə obyektinin hansı direktor tərəfindən faktiki olaraq istifadə olunması ilə bağlı etirazda qeyd olunanlar isə Cavabdeh MMCnin daxili məsələləridir və bu hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz.
20. Bundan əlavə, icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, Cavabdeh MMC isə müqavilənin 7.1-ci bəndində əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
21. Bu baxımdan kollegiya qeyd edir ki, icarə sahəsi cavabdehə təhvil verildikdən sonra həmin sahədən faktiki istifadə edib-etməməsinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur.
22. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə icarəyə verənin icarə haqqının ödənilməsi üçün icarəçiyə hər ay elektron qaimə göndərməli olması barədə hər hansı şərt nəzərdə tutulmamışdır.
23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı icarə müqaviləsi üzrə beş ay üçün ödənilməmiş 11800 manat (5x2360=11800) məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3782/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn