Məhkəmə qərarları › İş №2-2(103)-1350/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1350/2021

14.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1350/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, iddiaçının qanuni nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2-2(113)-2155/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh İnnovasiya və X4 hüquqi şəxsinə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səhiyyə Nazirliyi İnnovasiya və X4 Hüquqi Şəxsinin tenderin nəticələri haqqında tender komissiyasının 06 aprel 2021-ci il tarixli, 11-21/T-1 saylı yekun protokolunun İddiaçı MMC-nin təklifinin kənarlaşdırılması hissəsində ləğv edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 X7-2 xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması üzrə 02-21/T-1 adı ilə qeydiyyatdan keçmiş "xxxx" MMCni tenderin qalibi müəyyən etməsi barədə qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən həmin iş üzrə yeni tenderin keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2-2(113)-2155/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və iddiaçının qanuni nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxsin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 21-22-ci bəndlərində isə qeyd olunmuşdur ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyrihökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı kommersiya hüquqi şəxsi olsa da, cavabdeh publik hüquqi şəxsdir və mübahisənin predmeti, habelə hüquq münasibətlərinin xarakteri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və X4 hüquqi şəxsi tərəfindən 2021-ci il üzrə büdcə vəsaiti hesabına 19 fevral 2021-ci il tarixdə keçiriləcək Lot-2 Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vəsaitlərin satınalınması üzrə açıq tender elan edilmiş və keçirilmişdir. İddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarına istinad edərək bildirir ki, cavabdeh tərəfindən həmin tenderin keçirilməsi qaydaları pozulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın səlahiyyətlərini həyata keçirərək dövlət proqramının təmin edilməsi məqsədilə tender keçirtmiş, iddiaçı isə həmin tenderin qanuna uyğun keçirildiyini mübahisələndirir. Belə olan halda Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Bundan başqa, cavabdehin inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Eyni zamanda, iddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilən inzibati orqanlara, onun mübahisələndirilən hərəkətləri həmin Qanunun 2.0.2-ci maddəsində göstərilən inzibati akta və iddiaçı həmin Qanunun 2.0.3-cü maddəsində göstərilən maraqlı şəxslərə, iddianın predmeti isə İnzibati Prosessual Məcəllənin 2.2.1 və 2.2.2-ci maddələrində göstərilmiş iddialara aiddir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti qismən təmin edilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, inzibati məhkəmə icraatı qaydasında müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli e-2-2(113)-2155/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, inzibati məhkəmə icraatı qaydasında müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar