Məhkəmə qərarları › İş №2-2(103)-1354/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1354/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1354/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-156/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.10.2021-ci il tarixli və 21.10.2021-ci il tarixli qərardadlarından İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə vergisinə görə ödənilmiş 13356,97 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə vurulmuş maddi zərərə görə 70120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510000 manat tələbi hissəsində rədd olunması, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə 18.05.2020-ci tarixədək olan 15866,66 manat məbləğində icarə haqqı borcunun İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi, iddianın 01.06.2020-ci ildən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7000 manat icarə haqqının tutulması tələbi hissəsində rədd edilməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli, e-2-2(113)-156/2021 nömrəli qərardadın ilə həmin şikayət müəyyən olunmuş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli e-2-2(113)-156/2021 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.10.2021-ci il tarixli, e-2-2(113)-156/2021 nömrəli qərardadı ilə prosessual müddətin bərpasından imtina edilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 08.10.2021-ci il tarixli qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq 30.07.2021-ci il tarixdə saat 17:33-də İddiaçı MMC-nin direktoru X3 və vəkil X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş və həmin nümayəndə və vəkil tərəfindən imzalanmış şikayət 28.09.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Çünki İddiaçı MMC üçün şikayət verilməsi müddəti 09 avqust 2021-ci il tarixdə bitmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərardadı əsaslı şəkildə qəbul edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, 21.10.2021-ci il tarixli qərardaddan verilmiş şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 nömrəli qətnaməsi 03.07.2021-ci il tarixdə İddiaçı MMC-nin direktoru X3 və vəkil X1 elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 29.07.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti verilən zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Həmin apellyasiya şikayəti də müddətin ötürülməsi əsası ilə deyil, digər əsaslarla, yəni apelyasiya şikayəti onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmışdır. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, həmin apellyasiya şikayəti vəkil Qardaşxan Sadıqov tərəfindən elektron qaydada imzalamış, lakin apellyasiya şikayətinə onun adına verilmiş etibarnamə əlavə edilməmişdir. Prosessual müddətin bərpası barədə ərizəyə isə həmin vəkilin adına 29.07.2021-ci il tarixdə verilmiş etibarnamə əlavə edilmişdir. İşin qeyd olunan hallarını, yəni İddiaçı MMC-nin ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslarla geri qaytarıldığını, bundan sonra qüsurlar aradan qaldırılaraq apellyasiya şikayətinin verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin həmin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-156/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.10.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərardad dəyişdirilmədən saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-156/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.10.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin və həmin qərardad ləğv edilsin. Ərizə təmin edilsin və İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli e-2-2(113)-156/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar