Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-136/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, şərikli biznes fəaliyyəti, əsassız varlanma, qətnamənin düzgün əsaslandırılmaması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Sadıqova Zenfira Xıdır qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Cavabdeh MMC (borcalan) arasında 29 dekabr 2022-ci il tarixdə **********29122022 saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında” ümumi müqaviləyə “Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair” 07 aprel 2023-cü il tarixli 01/107 saylı əlavə bağlanmışdır.
2. Bankla İddiaçı MMC (zamin) arasında bağlanmış 349/107 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin, borcalanın (Cavabdeh MMC-nin) kreditor qarşısında yaranmış, 29 dekabr 2022-ci il tarixli **********29122022 saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan “Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair” 07 aprel 2023cü il tarixli 01/107 saylı əlavə üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır.
3. Bankla borcalan (Cavabdeh MMC) arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın yaranmış 348,56 manat məbləğində faiz borcu 12 dekabr 2023-cü il tarixdə, 434,07 manat faiz borcu 12 fevral 2024-cü il tarixdə, 199,76 manat faiz borcu 12 mart 2024-cü il tarixdə zamin (İddiaçı MMC) tərəfindən ödənilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına (24 iyun 2023cü il tarixli borc müqaviləsinə əsasən) 14 noyabr 2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı əsasında 1180 manat, 24 iyun 2023-cü il tarixli 010AZ**********4 nömrəli ödəniş tapşırığı əsasında 5000 manat, 28 iyul 2023-cü il tarixli BD1 nömrəli ödəniş tapırığı əsasında 50 000 manat vəsait köçürülmüşdür.
5. İddiaçı MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən 05 sentyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə təsdiq olunmuş nizamnaməsinin 2.1-ci bəndinə görə, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Həmin nizamnamənin 2.2-ci bəndinə əsasən, cəmiyyət iştirakçılarının payı aşağıdakı kimi müəyyən edilmişdir: X9 – 10 manat, 10 pay, 100% pul şəklində.
6. Cavabdeh MMC-nin nizamnaməsinin 2.1-ci bəndinə görə, cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 10 (on) manat olmaqla 1 (bir) paydan ibarətdir. Həmin nizamnamənin 2.2-ci bəndində “cəmiyyətin təsisçisi Qanuni nümayəndə, AZE AA0097324 1 pay 10 manat” qeyd edilmişdir.
7. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə (mailto:shahin@gfs.azElektron ünvan 1) “Esteri” şirkətinə (mailto:segreteria.baku@esteri.itElektron ünvan 2) ünvanladığı elektron poçtda İtaliyada Respublika Günündə iştirak edəcək şəxslərin adları göstərilmiş, “Bizim şirkətimizdən iştirak edəcək şəxslərin siyahısına aşağıda baxa bilərsiniz: 1. Qanuni nümayəndə – Səhmdar/Direktor; 3. Emil Balıyev – Səhmdar; 11. Vüqar Səfərov – Səhmdar” qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 56 180 manat məbləğində pul vəsaitinin, 4859 manat faizin, həmçinin cavabdeh tərəfindən borc ödənilmədiyindən İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 1353 manatın, ümumilikdə 62 393 manatın və dövlət rüsumu olaraq ödənilmiş 278 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçının iddia tələbi belə əsaslandırılmışdır ki, X9 2011-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi, payçısı və qanuni təmsilçisi, Qanuni nümayəndə isə 2022-ci ildə təsis edilmiş Cavabdeh MMC-nin təsisçisi, payçısı və qanuni təmsilçisidir. Hər iki şirkət arasında 2023-cü ilin iyun-iyul aylarında yaranmış maliyyə münasibətlərinin əsasında şirkətlərin qanuni təmsilçiləri arasında tanışlıq münasibətlərinin olması dayanır. İlkin olaraq 2023-cü ilin aprel ayında iddiaçı cavabdehin öhdəliyi üçün zamin olmuş, daha sonra isə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddiaçının qanuni təmsilçisi X4 müraciət edərək, cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi, daha dəqiqi mal alınması məqsədilə şirkətin maliyyə vəsaiti ilə təmin edilməsi üçün, iddiaçı tərəfindən cavabdehə təxminən 55 000 (əlli beş min) manat borc verilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin qanuni təmsilçisi Qanuni nümayəndə fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. İlkin olaraq iddiaçı şirkət tərəfindən cavabdeh şirkətə 5000 (beş min) manat, daha sonra isə cavabdeh şirkətin mal alması zamanı, gömrükdə malların qəbulu üçün 50 000 (əlli min) manata ehtiyacı olduğundan, cavabdeh şirkətə yenə bu məbləğdə borc ayrılmışdır. Daha sonra təcili xərci çıxdığı üçün cavabdeh şirkətə 1180 (min yüz səksən) manat məbləğində iddiaçı hüquqi şəxs tərəfindən borc ayırılmışdır. İddiaçı tərəf qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan bu ödənişləri həyata keçirmiş, eyni zamanda zamin qismində birgə məsuliyyəti öz üzərinə götürərək, "xxxx" ASC ilə № 349/107 saylı zaminlik müqaviləsini imzalamışdır. Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən iddiaçının "xxxx" ASC-də olan bank hesabından 12 fevral 2024-cü tarixində 434,07 (dörd yüz otuz dörd manat yeddi qəpik) manat; 13 mart 2024-cü il tarixində 199,76 (bir yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat, 19 aprel 2024-cü il tarixində isə 719,55 (yeddi yüz on doqquz manat əlli beş qəpik) manat olmaqla ümumilikdə 1353 (bir min üç yüzəlli üç manat) manat gecikmiş borc üzrə məbləğ silinmişdir. Həm verilmiş borc məbləğinin, faiz məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfə borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Beləliklə də, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır.
10. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın əsassız olduğunu bildirmiş, etirazında aşağıdakıları göstərmişdir: “Cavabdeh MMC faktiki olaraq Qanuni nümayəndə, “Gravity İNC." MMC-nin təsisçisi və payçısı olan X5 və "Prosper” MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X3 ortaq şirkətidir. Belə ki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Qanuni nümayəndə 2021-ci ilin iyun-iyul aylarında təsisçisi olduğu "xxxx" MMC-nin işləri üçün ofis axtarışı zamanı əvvəldən qrup yoldaşı olduğu "xxxx" MMC-nin payçısı X10 ilə görüşüb ofislərinin bir hissəsi boş olduğu təqdirdə götürməyi təklif etmiş, X10 da təklifi qəbul etmişdir. 2022-ci ilin aprel ayında İtaliya Respublikasından məhsulların idxalı və bazara distribyusiyası üzrə fəaliyyət göstərəcək Cavabdeh MMC-ni təşkil etmişdir. Qanuni nümayəndə ilə X6 ofisdə birlikdə keçirdiyi zaman müddətində X15 Cavadovun biznes ideyasını bəyəndiyini və müəyyən bir hissəyə şərik olmaq istədiyini bildirmişdir. Biznes ideyasına əsasən, "xxxx" Şirkətindən mal alışı və kooperativ "Shovvroom"un açılışı üçün biznes planı üzrə 300 000 manat vəsait lazım olduğu üçün Emil Baliyevin rəsmi təsisçisi olduğu "xxxx" MMC və onun qeyri-rəsmi iştirakçısı olduğu "xxxx" MMC-nin zamin göstərərək, 300 000 AZN kredit cəlbetmə öhdəliyi qarşılığında "X16" MMC-nin 20% təsis payına ortaq olmağı barədə razılığa gəlinmişdir. Emil Baliyev daha sonra iddiaçı MMC-dəki ortağı Vüqar Səfərovun da bu ortaqlığa onun tərəfindən daxil olub-ola bilməyəcəyini soruşmuş və Qanuni nümayəndə tərəfindən təsdiq cavabı verilmişdir. Kredit prosesinin ləngiməsi səbəbi ilə Emil Baliyev iddiaçı MMC-nin rəsmi, "xxxx" MMCnin isə qeyri-rəsmi və əvvəllər Emil Baliyevin atasının şirkətində çalışmış Fuad Rufullayevin cavabdeh MMC-nin mühasibatlığını aparmağı təklif etmişdir. Qanuni nümayəndə buna razılıq vermiş və 2022-ci ilin noyabr ayından etibarən cavabdeh MMCnin mühasibatlıq işləri Fuad Rufullayevə verilmişdir. Kreditin alınması ilə bağlı noyabr ayında yığılmağa başlanan sənədlər uzun müddət tamamlanmamış, bu səbəbdən kredit alınma prosesi yenidən ləngimiş və vəsait çatışmamazlığı səbəbindən Qanuni nümayəndə təsisçi olaraq, cavabdeh MMC-yə yatırım etmişdir. Uzun müddətli tələblərdən sonra aprel ayında "xxxx" ASC-dən 300 000 manat limit ayrılmaqla, 1 il müddətinə 100 000 manat məbləğində kredit cavabdeh MMC-yə verilmişdir. Zamin olaraq cavabdeh MMC-nin təsisçisi olan Qanuni nümayəndə valideyninə məxsus T.Şıxəliyev 20 ünvanında yerləşən, likvid dəyəri 750 000 AZN olan, bank dəyərləndirilməsində isə 500 000 manat məbləğində dəyərləndirilən mənzil olmaqla, "xxxx" MMC, "xxxx" MMC və həmin şirkətlərin rəhbərləri götürülmüşdür. Qanuni nümayəndə Emil Balıyevlə razılaşmasına əsasən, 300 000 manat məbləğində kreditin götürülməsi bildirilsə də, Emil Balıyev bankda əlaqələrinin yaxşı olmasını, ən pis halda iyun ayında əlavə 200 000 manat cəlb olunacağını bildirmişdir. Lakin kredit ayrılmamış, nəticədə cavabdeh MMC tərəfindən İtaliya Respublikasından dondurma sezonundan əvvəl idxal edilməli olunan məhsul, vəsait çatışmazlığına görə iyun ayında sifariş verilmişdir. Mallar gömrüyə çatana qədər isə əlavə olaraq kreditin ayrılacağı və gömrük prosesini bu şəkildə reallaşdırılacağı Emil Balıyev tərəfindən bildirilmişdir. Əlavə kreditin verilməsi reallaşmadığı üçün Emil Balıyevin qeyri-rəsmi iştirakçısı və Vüqar Səfərovun rəsmi təsisçisi oluduğu iddiaçı MMC-dən həmin vəsait gömrük rəsmiləşdirilməsi üçün cavabdeh MMC-yə köçürülmüşdür. Vüqar Səfərovun həmin şirkətin ortağı olduğu halda 56 180 manat məbləğində ortaqların birgə fəaliyyəti üçün qoyulmuş pulun yazılı borc müqaviləsinin də mövcud olmamasına baxmayaraq borc kimi təqdim etməsi absurddur və həqiqəti əks etdirmir. Vüqar Səfərovun iddiaçı MMC-nin təsisçisi olması və həmin MMC-nin də cavabdeh MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması bir daha təsdiq edir ki, o, cavabdeh MMC-nin ortağıdır və bu baxımdan 56 180 manat məbləğində pul vəsaiti borc yox, ortaqların birgə fəaliyyəti üçün qoyulmuş vəsaitdir. Eyni zamanda, məhkəməyə təqdim edilən sübutlar (tərəflərin cavabdeh MMC-nin fəaliyyəti, gəlir və xərcləri ilə bağlı mütəmadi müzakirələr aparması, MMC-yə mal ixrac edən xarici şirkətin tədbirində iştirak edilməsi üçün göndərilən məktubda Vüqar Səfərovun da həmin MMCnin təsisçi kimi qeyd edilməsi və s. digər çoxsaylı sübutlar) birmənalı olaraq təsdiq edir ki, Qanuni nümayəndə və X3 arasında mövcud olmuş münasibətlər yalnız cavabdeh MMC-də ortaqlıq münasibətləri olmuşdur və sonuncuya məxsus iddiaçı MMC-dən Qanuni nümayəndə məxsus cavabdeh MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi də məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir. Bununla bağlı hətta “Whatsapp” yazışmaları, şirkətin ortaqlarının olduğu “Whatsapp” qrupları mövcuddur. Həmçinin cavabdehə aid olan "Gelateca" adlı restoranda ortaqların adına xüsusi depozit hesabı mövcud olmuşdur ki, Vüqar Səfərovun adına da belə bir hesab mövcuddur. Bu fəaliyyət də gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün heç bir halda bir hüquqi şəxsin digər hüquqi şəxsə verdiyi borc kimi qiymətləndirilə bilməz. Həmçinin hazırkı münasibətlər borc olsa belə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin imperativ tələblərini pozmuşdur. Belə ki, tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi. Digər tərəfdən cavabdeh tərəfindən ilkin götürülən borc iddiaçıya qaytanlmamasına baxmayaraq, iddiaçı 5 ay ərzində mütəmadi olaraq müxtəlif məbləğlərdə onun hesabına vəsaitlər köçürür? Bundan başqa iddiaçı müraciət etdiyi "mübahisə” üzrə özünün tələbinin hüquqi əsasını düzgün göstərməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında borc münasibətlərini olduğunu bildirsə də, hüquqi əsas kimi cavabdehin əsassız varlandığını iddia edir. Halbuki Mülki Məcəllədə (maddə 14.2) "qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr" və "əsassız varlanma" mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları kimi müəyyən edilsə də, bu münasibətlərin yaranması fərqləndirilir. Belə k, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə isə iddiaçı öz "tələbini" yaranma əsasına görə bir-birini istisna edən iki əsasa eyni zamanda istinad edir. Halbuki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, (1) iddiaçının "borc münasibəti" kimi təqdim etdiyi münasibət qanunvericiliyin imperativ tələblərinə görə yazılı borc müqaviləsini ehtiva etdiyindən və belə müqavilə olmadığından həmin münasibətin "borc münasibəti" kimi təqdim edilməsi; (2) "həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas" olmadığından “əsassız varlanma" halının da mövcudluğunun iddia edilməsi tamamilə əsassızdır. Digər tərəfdən iddia edilən "borc münasibətinə" və "əsassız varlanmaya" istinad edilməsi həmçinin ona görə qəbuledilməzdir ki, birinci hal müqavilənin olmasını ehtiva edirsə, ikinci hal “həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməlidir". Yəni, əsassız varlanmaya istinad edən iddiaçı hər hansı "borc müqaviləsinə" istinad edə bilməz”.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi olmasa da, ödəniş tapşırıqlarından da göründüyü kimi tələb edilən 56 180 manat vəsait borc olaraq cavabdehə verilmiş, iddiaçı tərəfindən artıq 2023-cü ilin sonlarında tələb edilməsinə baxmayaraq borc geri qaytarılmamışdır. Yazılı borc müqaviləsi olmadığı üçün həmin vəsait əsassız varlanma əsasında tələb edilir. Tərəflər arasında təsis payının alqı-satqısının gələcəkdə edilməsi planlaşdırılsa da, bu barədə hər hansı razılıq yoxdur, göstərilən vəsait də bu məqsədlə köçürülməmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin olunmamasını xahiş etmiş, həmçinin bildirmişdir ki, 56 180 manat iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsəd gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək olmuşdur.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə da iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 56 180 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsədi gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək və cavabdehin təsis payının 20 faiz hissəsini alqı-satqı müqaviləsi bağlamaqla əldə etmək olmuşdur. Bundan əlavə onun, qanuni təmsilçi kimi üçüncü köçürmədən ümumiyyətlə məlumatı olmamışdır.
14. Birinci instansiya məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 56 180 manat məbləğində borcun, 1353 manatın, 200 manat dövlət rüsumunun, ümumilikdə 57 733 (əlli yeddi min yeddi yüz otuz üç) manatın tutulub İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. İddia ərizəsi üç hissədən ibarətdir: 1. 56 180 manat pul vəsaitinin ödənilməsi; 2. 1353 manat pulun tutulması; 3. 4859 manat faiz borcunun ödənilməsi. 15.2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1180 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 50000 manat pul köçürülmüş, ödənişin təyinatı kimi xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən köçürülməsi göstərilmişdir. Tərəflər arasında yazılı borc müqaviləsi olmasa da, məhkəmə araşdırması zamanı köçürülən vəsaitlərin məhz borc olaraq verilməsi öz təsdiqini tapmışdır. Belə ki, köçürülən vəsaitlərin borc olaraq alınmasına cavabdeh etiraz etməmiş, cavabdehin nümayəndələri məhkəmə iclasında verdiyi izahatlarında həmin vəsaitlərdən cavabdeh MMC-nin tələbatları üçün istifadə edildiyini təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bu tələbinin qanuni əsasını borc müqaviləsi təşkil edir. Bu səbəbdən iddia ərizəsi bu hissədə əsaslı olduğundan təmin edilməli, 56 180 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 15.3. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə adıçəkilən bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin kredit müqaviləsi üzrə yaranmış ödənilməli olan ümumilikdə 1353 manat faiz borcu iddiaçı tərəfindən banka ödənilmişdir. Hazırda iddiaçının ödədiyi 1353 manat vəsaiti reqres qaydada cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia ərizəsi bu hissədə də təmin edilməli, 1353 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 15.4. Məhkəmə iddia ərizəsini üçüncü hissədə əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 4859 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. 15.5. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 78 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 449.1-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 475.1-ci, 739.1-ci, 739.2-ci, 740.2-ci, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.1-ci, 14.2-ci, 77.1-ci, 217.1-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.
17. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, tətbiq edilməməli hüquq normalarını tətbiq etdiyini, tərəflər arasında borc münasibəti olmadığı halda, mübahisəni borc müqaviləsindən irəli gələb mübahisə kimi qiymətləndirdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
22. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
33. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
34. Maddə 739.1. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
36. Maddə 740.2. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
40. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
45. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-dən 56 180 manat məbləğində borcun tutulması” nəticəsinə gələrkən tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni həmin hissədə düzgün əsaslandırmamış, gəldiyi müvafiq nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
51. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
52. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
53. Kollegiya izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə Cavabdeh MMC-dən 56 180 manat məbləğində borcun tutulması” hissəsində ləğv olunmalı, müvafiq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
54. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
55. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
56. İşin bilavasitə tərəflərin nümayəndələrinin bildirdikləri, eləcə də iş materiallarında olan sübutlarla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında şərikli biznes fəaliyyəti ilə bağlı razılaşma olmuş, iddiaçı cəmi 56 180 manat məbləğində pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan aralarında yaranmış anlaşmazlıq nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır.
57. Cavabdehin nümayəndəsi irəli sürülən həmin faktiki halı etiraf etmişdir; bununla belə o, iddiaçı şirkətlə cavabdeh şirkətin ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün cavabdehin iddiaçıya hər hansı ödəniş etməli olmadığını irəlir sürür.
58. Konstitusiya Məhkəməsinin Plenumunun ifadə etdiyi mövqeyə əsasən, “müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir” (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarı).
59. İşin hallarından görünür ki, tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır.
60. Tərəflərin nümayəndələrinin bildirdikləri əsasında müəyyən olunan odur ki, onların arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür.
61. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 56 180 manat verdiyini sübutetmə yükü iddiaçının, iddiaçı ilə ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni verdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
62. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
63. Cavabdeh iddiaçının ona 56 180 manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır.
64. Cavabdeh isə razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir.
65. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
66. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
67. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC-dən 56 180 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
68. Qətnamənin mübahisləndirilən digər hissəsi, yəni 1353 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı kollegiya əlavə əsaslandırma aparılmasını zərruri hesab etmir; müvafiq iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi (§ 32) təşkil edir və birinci iinstansiya məhkəməsi həmin əsasa istinadən düzgün nəticəyə gəlmişdir.
69. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəlinən nəticə ilə də razılaşır; apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6453/2024 saylı iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh MMC-dən 56 180 manat məbləğində borcun tutulub İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “56 180 manat məbləğində pul vəsaitinin tutulması” tələbi təmin edilsin. Cavabdeh MMC-dən 56 180 (əlli altı min yüz səksən manat) tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva