Məhkəmə qərarları › İş №2-2(103)-1360/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1360/2025

11.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1360/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, xidmət müqaviləsinin forması, sübutetmə, hüquqi şəxs adından çıxış edən şəxsin dəyən zərərə görə məsuliyyəti) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5015/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli TC/2022/05 nömrəli müqaviləyə istinad edilməklə xx.xx.2022-ci il tarixli EBCC 582411 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3500,01 manat, xx.xx.2023-cü il tarixli EBDA 175651 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2596 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCC 582411 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2022-ci il tarixdə 2966,11 manat, xx.xx.2023-cü il tarixli EBDA 175651 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2023-cü il tarixdə 2200 manat məbləğində ödəniş köçürmə yolu edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6096,01 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 700 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhviltəslim aktı və ya digər sənədlər) olmadan aşağıdakı eqaimələr üzrə iddiaçının hesabından Cavabdeh2 MMC-yə ödənişlər edilmişdir. Belə ki, xx-xx-2022-ci il tarixli EBCC 582411 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3500,01 manat, xx-xx-2023-cü il tarixli EBDA 175651 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 2596 manat olmaqla ümumilikdə 6096,01 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan iddiaçının hesabından Cavabdeh2 MMC-yə ödənilmişdir. Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək iddiaçının direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə iddiaçı ilə fərqli hüquqi və fiziki şəxslər arasında bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan iddiaçıya aid olan sənədlərin, iddiaçının mülkiyyətində olan əsas vəsaitlərin, video-müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin iddiaçıya təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə iddiaçıya 6096,01 manat ziyan dəymişdir. Buna görə də 6096,01 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 49.3, 49.4.5-ci maddələri və s. göstərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5015/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən, o cümlədən xidmət müqaviləsi üçün imperativ forma müəyyən edən hər hansı müddəa mövcud deyildir. Bu mənada mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiyasından çıxış edərək Cavabdeh2 MMC-nin xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimələri iddiaçıya göndərməsi, iddiaçının isə hər hansı etiraz etmədən xidmətlərin dəyərini ödəməsi tərəflər arasında xidmət münasibələrinin yarandığına (şifahi və ya yazılı qayadada) dəlalət edir. Əksini, yəni qeyd edilən halın yalnız görüntü üçün baş verməsi, əslində tərəflər arasında hər hansı müqavilə münasibətinin olmadığını iddia edən şəxs isə həmin halı sübutetmə vəzifəsini daşıyır. İddiaçının təqdim etdiyi sübutlarla sonuncunun həmin dövrdə direktoru olan Cavabdeh1 özü üçün maddi əmlak nemətləri əldə etmək məqsədi ilə hüquqi şəxsin əmlakını mənimsəməsi təsdiq edilmir. Əksinə, Cavabdeh1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə 01 avqust 2022-ci il tarixli TC/2022/05 nömrəli xidmət müqaviləsi və qiymət razılaşdırma protokolunu təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında adıçəkilən xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifariş etdiyi soyuducu hissələrini tədarük etməyi və soyuducuların quraşdırılması xidmətini göstərməyi, iddiaçı isə onları qəbul edib dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılma protokolu ilə ƏDV daxil olmaqla 3500,01 manat dəyərində xidmət üçün razılaşdırılma aparılmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, təqdim edilən sübutlarda Cavabdeh2 MMC-nin direktorunun imzası, möhürü və iddiaçının qanuni təmsilçisinin imzası aydın görünmüş, bu səbəbdən həmin sənədin əlavə olaraq iddiaçının möhürü ilə təsdiq edilibedilməməsinin müəyyən edilməsi üçün sənədin əslinin təqdim edilməsinə zərurət olmamışdır. Belə ki, qanunverici möhürdən istifadəni Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələb kimi tərəflərin iradəsindən asılı etmişdir. Bu mənada sənədə iddiaçının möhürünün vurulub-vurulmaması xidmət müqaviləsinin etibarsızlığını şərtləndirmir. İddiaçı tərəfin tərəflər arasında bağlanmış müqavilə olsa belə, təhvil-təslim aktının olmadığına istinad edərək pulu tələb etməsi ilə bağlı mövqeyini məhkəmə əsassız hesab edir və bildirir ki, azad bazar iqtisadiyyatı şəraitində mülki hüquq münasibətinin iştirakçıları müqavilələr azadlığı prinsipinin tələblərinə uyğun olaraq müqavilənin formasını (qanunvericilikdə forma ilə bağlı məcburi tələb müəyyən olunan hallar istisna olmaqla), məzmununu, təhvil-təslim qaydasını müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan işgüzar münasibətləri formalaşdırmaqda sərbəstdirlər. Bu mənada müqavilə tərəfi kimi çıxış edən iddiaçı və Cavabdeh2 MMC-nin göstərilmiş xidmətin təhvil-təslimini aktla rəsmiləşdirməmələri xidmətin göstərilmədiyi nəticəsinə gəlməyə əsas verə bilməz.

9. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4, 49.5, 331.2, 385.1, 386.1, 390.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Həmin qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, 6096,01 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 700 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhvil-təslim aktı və ya digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə İddiaçı ASC-nin hesabından Cavabdeh2 MMC-yə ödənişlər edilmişdir. xx-xx-2022-ci il tarixli, EBCC 582411 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3500,01 manat, xx-xx-2023-cü il tarixli, EBDA 175651 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 2596 manat olmaqla, ümumilikdə 6096,01 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhviltəslim aktı olmadan İddiaçı ASC-nin hesabından Cavabdeh2 MMC-yə ödənilmişdir. Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-yə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-yə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə ASC-yə 6096,01 manat ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları tam və obyektiv araşdırmamış, sübutetmə yükünün düzgün bölgüsünü tətbiq etməmiş və maddi hüquq normalarını yanlış tətbiq etməklə, düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəfindən birmənalı şəkildə sübuta yetirilmişdir ki, Cavabdeh2 MMC-yə 6096,01 manat məbləğində ödənişlər iddiaçının keçmiş direktoru Cavabdeh1 tərəfindən heç bir əsaslandırıcı sənəd (müqavilə, təhvil-təslim aktı, təqdimetmə aktı, xidmət sənədləri və s.) olmadan köçürülmüşdür. İddiaçının balansında bu ödənişlərin hüquqi əsasını təsdiqləyən heç bir sənəd mövcud deyil. Cavabdehlərə bununla bağlı pretenziya göndərilməsinə baxmayaraq, bununla bağlı heç bir cavab verilməmişdir. Məhkəmənin istinad etdiyi xidmət müqaviləsi və qiymət protokolu (əsli təqdim olunmamışdır) iddiaçının arxivində mövcud olmamış, təhvil-təslim aktları təqdim edilməmiş, xidmətlərin faktiki göstərilməsini təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən, o cümlədən xidmət müqaviləsi üçün imperativ forma müəyyən edən hər hansı müddəa mövcud deyildir. Məhkəmənin diqqətdən qaçırdığı məqam ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdə müvafiq müqavilələrə istinad olunmuş və köçürmənin təyinatı kimi həmin müqavilələr göstərilmişdir. Lakin hər iki cavabdeh həmin müqavilələri və xidmətin göstərilməsi ilə bağlı heç bir sənədi təqdim etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi, digər cavabdeh – keçmiş direktor Cavabdeh1 hüquqi şəxsə dəyən zərərə görə məsuliyyətdən əsassız şəkildə kənarlaşdırmışdır. MM-in 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs sənədlərin aparılmaması, müqavilələrin bağlanmaması, hüquqi şəxsin əmlakının məsuliyyətsiz və ya qanunsuz idarə olunması, hesablar üzrə əsassız köçürmələr hallarında tam maddi məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi Cavabdeh1 direktor olduğu dövrdə iddiaçı şirkətin sənədlərini təhvil-təslim etməmiş, müqavilə və qəbzlər üzrə ciddi uyğunsuzluqlara yol vermişdir. Məhkəmə cavabdehin təqdim etməli olduğu sənədləri tələb etməmişdir. Halbuki, xidmət göstərilməsi faktını iddiaçı deyil, xidmət göstərdiyini iddia edən Cavabdeh2 MMC sübut etməlidir. Məhkəmə elektron sənədlərin həqiqiliyini araşdırmadan qəbul etmişdir. Cavabdeh1 tərəfindən “Elektron məhkəmə” sisteminə yüklənmiş - əsli təqdim edilməmiş, iddiaçının möhürü ilə təsdiqlənməmiş, sənədlərin mənşəyi və düzəliş edilib-edilməməsi yoxlanmamışdır. Bununla yanaşı xidmət müqaviləsi mövcud olsaydı belə, xidmətin faktiki göstərilməsini sübut etmir. Belə ki, xidmətlərin göstərilməsi faktı sübuta yetirilməmişdir. Cavabdeh2 MMC-nin məhkəmə iclasında iştirak etmiş nümayəndəsi – qanuni təmsilçi Qanuni nümayəndə2 xidmət göstərildiyini iddia etsə də, görülən işlərin təhvil-təslim aktı, servis sənədləri, soyuducu anbarların təmiri və ya quraşdırılması barədə istismar sənədləri, işçi heyətin cəlb olunmasını sübut edən sənədlər təqdim edilməmişdir.

Apellyasiya şikayətinə etiraz:

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər.

14. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 49.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. - 49.5-ci maddəsinə əsasən, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5015/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli TC/2022/05 nömrəli müqaviləyə istinad edilməklə xx.xx.2022-ci il tarixli EBCC 582411 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3500,01 manat, xx.xx.2023-cü il tarixli EBDA 175651 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2596 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCC 582411 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2022-ci il tarixdə 2966,11 manat, xx.xx.2023-cü il tarixli EBDA 175651 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2023-cü il tarixdə 2200 manat məbləğində ödəniş köçürmə yolu edilmişdir.

22. İddiaçı xidmətlərin göstərildiyinin təsdiq olunmadığı, tərəflər arasında yazılı müqavilə və təhvil-təslim aktı imzalanmadığı halda edilən ödənişlərin əsassız olduğunu bildirərək 6096,01 manat məbləğində pulun tutulmasını tələb edir.

23. Cavabdeh2 MMC isə tərəflər arasında yazılı müqavilə bağlandığını, xidmətlərin göstərildiyini və həmin xidmətlər üçün ödənişlərin edildiyini bildirir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən 01 avqust 2022-ci il tarixli, TC/2022/05 nömrəli xidmət müqaviləsi və qiymət razılaşdırma protokolu təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında qeyd olunan xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifariş etdiyi soyuducu hissələrini tədarük etməyi və soyuducuların quraşdırılması xidmətini göstərməyi, iddiaçı isə onları qəbul edib dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılma protokolu ilə ƏDV daxil olmaqla 3500,01 manat dəyərində xidmət üçün razılaşdırılma aparılmışdır.

25. İddiaçı həmin ödənişlərin hüquqi əsasının olmadığını, xidmətlərin faktiki göstərilmədiyini və ödənişlərin keçmiş direktor tərəfindən əsassız həyata keçirildiyini bildirmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkət etməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliklərin yaranmasının əsaslarından biri tərəflər arasında bağlanmış müqavilədir.

27. İş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli TC/2022/05 nömrəli xidmət müqaviləsi və qiymət razılaşdırma protokolundan görünür ki, tərəflər arasında soyuducu avadanlıqların hissələrinin tədarükü və quraşdırılması xidmətlərinin göstərilməsi barədə müqavilə münasibətləri yaranmışdır. Bu müqavilə iddiaçı hüquqi şəxsin həmin dövrdə səlahiyyətli icra orqanı olan direktor tərəfindən imzalanmışdır.

28. Mülki Məcəllənin 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs hüquqi şəxsin fəaliyyətini onun maraqlarına uyğun həyata keçirməlidir. Lakin həmin maddənin tətbiqi yalnız hüquqi şəxsin maraqlarına zidd hərəkətlərin, habelə hüquqi şəxsə zərər vurulması faktının sübuta yetirildiyi hallarda mümkündür.

29. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilən sübutlar cavabdeh direktorun öz şəxsi maraqları naminə və ya üçüncü şəxslərin xeyrinə hüquqi şəxsin əmlakını qanunsuz istifadə etməsini təsdiq etmir.

30. Əksinə, iş materiallarında mövcud olan müqavilə, qiymət razılaşdırma protokolu, elektron qaimələr və həmin sənədlərə uyğun olaraq həyata keçirilmiş bank köçürmələri tərəflər arasında faktiki təsərrüfat münasibətlərinin mövcud olduğunu göstərir.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqavilələri üçün məcburi yazılı forma müəyyən edilməmişdir. Bu səbəbdən tərəflər arasında müqavilə münasibətləri yalnız yazılı müqavilə ilə deyil, həm də tərəflərin faktiki davranışları ilə təsdiq oluna bilər. Belə ki, cavabdeh tərəfindən elektron qaimələrin göndərilməsi, iddiaçı tərəfindən həmin qaimələrə uyğun olaraq ödənişlərin həyata keçirilməsi, ödənişlərə etirazın bildirilməməsi tərəflər arasında xidmət münasibətlərinin mövcud olmasına və müqavilənin faktiki icra edildiyinə dəlalət edir.

32. Məhkəmə kollegiyası iddiaçının “təhvil-təslim aktının olmaması” barədə dəlilini də əsaslı hesab etmir. Çünki qüvvədə olan qanunvericilik xidmətlərin qəbulu üçün mütləq qaydada təhvil-təslim aktının tərtib edilməsini tələb etmir. Müqavilə azadlığı prinsipinə əsasən tərəflər xidmətlərin qəbul edilməsinin formasını və qaydasını sərbəst müəyyən edə bilərlər.

33. İddiaçı tərəfindən xidmətlərin faktiki göstərilmədiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Bu baxımdan iddiaçının yalnız sənədlərin öz arxivində olmamasına istinad etməsi həmin xidmətlərin ümumiyyətlə göstərilmədiyini sübut edən hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, hüquqi şəxsin rəhbərliyinin dəyişməsi əvvəlki rəhbər tərəfindən bağlanmış və faktiki icra edilmiş müqavilələrin hüquqi qüvvəsinə təsir göstərmir. Hüquqi şəxsin daxili idarəetmə münasibətlərində baş verən dəyişikliklər üçüncü şəxslərlə bağlanmış əqdlərin etibarlılığına təsir edə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, həmin münasibətlər çərçivəsində cavabdeh tərəfindən xidmətlərin göstərilməsi barədə sənədlər təqdim edilmiş, iddiaçı isə həmin xidmətlərin dəyərini ödəməklə müqavilə üzrə öhdəliyin icrasını faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən iddiaçının ödənilmiş pul vəsaitinin əsassız olaraq köçürüldüyü barədə iddiası iş materialları ilə təsdiqini tapmır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5015/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5015/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar