Məhkəmə qərarları › İş №2-2(103)-1365/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1365/2025

29.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1365/2025 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: borc müqaviləsi, öhdəliyin icrası tələbi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. Borcverən İddiaçı ilə borcalan Cavabdeh MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** saylı borc müqaviləsinə əsasən borcverən 40.000 manat məbləğində pul vəsaitini borcalana verməyi, borcalan isə həmin məbləği müqavilənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində borcun faizsiz verilməsi, 2.2.1ci bəndində borc məbləğinin ##.##.2021-ci il tarixədək tam həcmdə geri qaytarılması, 2.4-cü bəndində isə borcverənin görüləcək işlərin mənfəətindən əldə ediləcək qazancın 25 faizinə payçı olması nəzərdə tutulmuşdur.

2. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən ##.##.2021-ci il tarixli, ** saylı müqavilə üzrə Cavabdeh MMC-yə 40.000 manat ödənilmişdir.

3. ##.##.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 266 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 58.200 manat əsas borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 266 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 58.466 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** saylı borc müqaviləsinə və sonradan əldə edilmiş şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıdan ümumilikdə 68.800 manat borc almışdır. Bunun 40.000 manatı yazılı müqavilə əsasında, 28.800 manatı isə sonradan hissə-hissə verilmişdir. Cavabdeh ümumilikdə 10.600 manat qaytardığından ödənilməmiş borc 58.200 manat təşkil etmişdir. Müqavilənin 2.2.1-ci bəndinə görə borc ##.##.2021-ci il tarixədək tam qaytarılmalı olsa da, qalıq məbləğ ödənilməmişdir.

6. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 406, 425, 442, 445.7, 448.1, 449.1-449.4, 739.1-ci maddələrinə istinad olunmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 58200 manat məbləğində əsas borc və ödənilmiş 266 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2021-ci il tarixli, ** saylı borc müqaviləsi və ödəniş qəbzi cavabdehə 40.000 manat verilməsini təsdiq edir. Iddiaçının izahatına görə, sonradan cavabdehə əlavə olaraq 28.800 manat verilmiş, alınmış ümumi 68.800 manatdan 10.600 manat qaytarılmışdır. Bundan başqa, iddia qaldırıldıqdan sonra cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək 58.200 manat məbləğində iddia tələbi ilə razılaşdığını bildirmiş, borcun qaytarılması və barışıq sazişinin müzakirəsi üçün vaxt verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəni borcun mövcudluğunu və məbləğini təsdiq edən etiraf kimi qiymətləndirərək iddianı təmin etmişdir.

9. Bundan başqa, iddia təmin olunduğundan məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 266 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 442, 443.1, 445.1, 445.3, 448.1, 739 və 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.1 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

11. Həmin qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin 20.050 manat hissəsində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2021-ci il tarixli, ** saylı borc müqaviləsi mövcuddur. Borc müqaviləsinin 1-ci maddəsinə əsasən iddiaçı cavabdehə ##.##.2021-ci il müddətinə qaytarmaq şərtilə 40000 manat məbləğində borc pul vermişdir. Borc ##.##.2021-ci il tarixindən verilməklə ##.##.2021-ci il tarixinədək borcalan tərəfindən qaytarılmalı idi. Iddiaçı məhkəmə prosesində bildirmişdir ki, Cavabdeh MMC tərəfindən hissə-hissə əlavə ümumilikdə 28800 manat borc alınmışdır. Əvvəla, Cavabdeh MMC rəsmi əlavə 28200 manat almamışdır. Eyni zamanda, iş materiallarında olan ##.##.2021-ci il tarixli, ** saylı borc müqaviləsinin 3.2-ci bəndinə əsasən, “bu Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz tərkib hissəsi olan yazılı Əlavə Razılaşma ilə rəsmiləşdirilir.” Yəni, borc müqaviləsi şifahi razılaşma əsasında borc verilməsini nəzərdə tutmamışdır. Müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, Məhkəmənin qətnamədə gəldiyi nəticə həm tərəflər arasında olan ##.##.2021-ci il tarixli, ** saylı borc müqaviləsinin 3.2-ci bəndinə, həm də Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə ziddir. Iddiaçının etirafına əsasən cavabdeh 40000 manat borc məbləğindən 10600 manat iddiaçıya ödəmişdir. Beləliklə, qalıq borc 29400 manat olmuşdur. Məhkəmənin diqqətindən yayınan daha bir hal tərəflər arasında olan müqavilənin 2.4-cü bəndidir. Həmin bəndə əsasən, bu borc müqaviləsinə əsas olaraq (borc verən) görüləcək işlərin mənfəətində gəlir əldə etməklə qazancın 25%-nə payçı olur. Yəni bir aydan az müddətə verilən pul məbləği əslində biznes məqsədlər üçün verilmişdir. Lakin məhkəmə tərəfindən bu maddənin açıqlanması tərəflərdən tələb olunmamışdır. Halbuki müqavilə qara metal tullantılarının yığılması, daşınması və təkrar emal üçün verilməsindən ibarət olan işgüzar münasibətlərə görə bağlanmışdır. Biznes layihənin borcalan cavabdeh tərəfin günahı olmadan baş tutmaması, baş vermiş qarşısı alınmayan xərclər barədə iddiaçı tərəf məlumatlı olub. Cavabdeh tərəf hesab edir ki, iddiaçı ilə aralarında olan müqavilə şərtlərinə əsasən, iddiaçı görüləcək işlərin qazancının 25%-nə payçı olduğundan, zərərə də payçıdır. Belə olan halda zərərdən iddiaçının üzərinə götürdüyü hissə (25%) 7350 manat edəcək. Bu halda cavabdehin borc olaraq qəbul etdiyi məbləğ 22050 manat təşkil edir. Göstərilənlərdən aydındır ki, Məhkəmə tərəfindən, istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, kommersiya işinin hallarına, sübutların tam məcmusuna düzgün qiymət verilmədən, işdə olan sübutlar uzlaşdırılmadan qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 385.1 və 425.1-ci maddələrinə görə öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti, o cümlədən pul ödəmək vəzifəsini icra etməli, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. - 442 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsidir; qanunla və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilmədikdə borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 329.1 və 337.1-ci maddələrinə görə qanunla başqa hal müəyyən edilmədikdə qanunla və ya tərəflərin razılığı ilə nəzərdə tutulan forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır; Məcəllədə müəyyənləşdirilmiş tələbləri pozmaqla bağlanmış əqd etibarsızdır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən borc müqaviləsi üzrə borcverən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana keçirməyi, borcalan isə aldıqlarını eyni məbləğdə və ya eyni növlü əşyalar şəklində geri qaytarmağı öhdəsinə götürür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; müqavilənin predmeti üç min manatdan çox olduqda və ya iştirakçılardan biri hüquqi şəxs olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə edir. - 52.2, 52.5 və 191.3-cü maddələrinə görə cavabdeh yazılı ərizə verməklə iddianı tam və ya qismən etiraf edə bilər; belə etiraf qanuna zidd olmadıqda və başqa şəxslərin hüquqlarını pozmadıqda məhkəmə tərəfindən qəbul edilir və iddianın təmin olunması barədə qətnamə çıxarılır. - 77.1 və 88-ci maddələrinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməli, məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verməlidir; heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1, 106.3 və 106.4-cü maddələrinə görə tərəflərin izahatları digər sübutlarla birlikdə yoxlanılır; digər tərəfin faktı etiraf etməsi əks tərəfi həmin faktı sübut etmək vəzifəsindən azad edir, lakin etirafın işin həqiqi hallarını gizlətmək, aldatma, zor, hədə və ya yanılma təsiri ilə verildiyinə şübhə olduqda məhkəmə onu qəbul etmir. - 119.1 və 384.0.1-ci maddələrinə əsasən məhkəmə xərcləri təmin edilmiş tələblərə mütənasib bölüşdürülür və apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən əsas borcun məbləği hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2021-ci il tarixli, ** saylı yazılı borc müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 40.000 manat verilmiş və bu hal ödəniş qəbzi ilə təsdiq edilmişdir. Müqaviləyə görə borcun ##.##.2021-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur.

23. Tərəflər arasında mübahisə ilkin 40.000 manatdan əlavə 28.800 manatın cavabdehə verilib-verilməməsi, ümumi borcdan 10.600 manat qaytarıldıqdan sonra qalıq borcun 58.200 manat təşkil edib-etməməsi və müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş mənfəətdən 25 faiz pay şərtinin əsas borcun məbləğinə təsiri barədədir.

24. Cavabdeh apellyasiya şikayətində əlavə borc məbləğini bir hissədə 28.200 manat kimi göstərərək onu almadığını bildirmiş, digər tərəfdən ilkin 40.000 manatdan 10.600 manatın çıxılması və qalan 29.400 manatın 25 faiz azaldılması nəticəsində borcun 22.050 manat olduğunu hesablamışdır. Bununla yanaşı, şikayətin nəticə hissəsində iddianın 20.050 manat hissəsində təmin olunmasını xahiş etmişdir. Beləliklə, apellyasiya şikayətində əlavə borcun məbləği və cavabdehin qəbul etdiyi qalıq borc barədə bir-biri ilə uzlaşmayan rəqəmlər göstərilmişdir.

25. Iş materiallarından görünür ki, iddia qaldırıldıqdan sonra cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək irəli sürülmüş 58.200 manat məbləğində iddia tələbi ilə razılaşdığını bildirmiş, borcun qaytarılması və barışıq sazişinin müzakirəsi üçün vaxt verilməsini xahiş etmişdir. Ərizənin məzmunu yalnız danışıqlar aparmaq niyyətini deyil, borcun mövcudluğunun və məbləğinin cavabdeh tərəfindən qəbul edildiyini ifadə edir.

26. Mülki Prosessual Məcəllənin 106.1 və 106.3-cü maddələri baxımından cavabdehin həmin yazılı ərizəsi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olan fakt etirafıdır. Iş materiallarında bu etirafın işin həqiqi hallarını gizlətmək məqsədilə, aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində verilməsinə dəlalət edən hal müəyyən olunmur. Buna görə cavabdehin apellyasiya mərhələsində əvvəlki mövqeyindən imtina etməsi yazılı etirafın sübut əhəmiyyətini öz-özlüyündə aradan qaldırmır.

27. Cavabdehin yazılı ərizəsi məzmununa görə iddianın etirafı kimi qiymətləndirildiyi halda Mülki Prosessual Məcəllənin 52.2, 52.5 və 191.3-cü maddələri tətbiq olunur. Həmin etirafın qanuna zidd olması və ya üçüncü şəxslərin hüquqlarını pozması iş materiallarından müəyyən edilmir. Bununla yanaşı, ərizə formal prosessual etiraf kimi qəbul edilməsə belə, borcun mövcudluğunu və məbləğini təsdiq edən yazılı sübut kimi qiymətləndirilməlidir.

28. Cavabdeh əlavə 28.800 manatın yazılı müqavilə ilə rəsmiləşdirilmədiyini əsas gətirərək Mülki Məcəllənin mübahisəli münasibət yaranan zaman qüvvədə olmuş 740.2-ci maddəsinə istinad etmişdir. Bu məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Mülki Məcəllənin 740.2-ci maddəsinin (hazırda 739.2-ci maddə) həmin Məcəllənin 329.1 və 337.1-ci maddələri ilə əlaqəli şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilmiş və iş üzrə icraat dayandırılmışdır.

29. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndində borc müqaviləsinin və onun şərtlərinin digər yazılı sübutlarla təsdiq edilməsi imkanı məhz fiziki şəxslər arasında yaranan borc münasibətlərinə aid edilmişdir. Hazırkı işdə borcalan hüquqi şəxs olduğuna görə həmin nəticənin bu mübahisəyə birbaşa tətbiqi düzgün olmazdı.

30. Lakin hazırkı mübahisənin həlli Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyinin subyekt dairəsinin genişləndirilməsini tələb etmir. Belə ki, əlavə borcun mövcudluğu yalnız iddiaçının şifahi izahatı ilə deyil, hüquqi şəxs olan cavabdehin məhkəməyə təqdim etdiyi yazılı ərizədə 58.200 manat məbləğində borcla razılaşması ilə də təsdiq olunur. Bu yazılı etiraf ilkin müqavilə, 40.000 manatın verilməsinə dair ödəniş qəbzi, 10.600 manatın qaytarılmasının tərəflər tərəfindən qəbul edilməsi və əks məzmunlu ödəniş sənədlərinin təqdim olunmaması ilə birlikdə borc münasibətinin faktiki həcmini müəyyən etməyə imkan verir.

31. Müqavilənin 3.2-ci bəndində müqaviləyə əlavə və dəyişikliklərin yazılı əlavə razılaşma ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Bununla belə, iddiaçının mövqeyi ilkin 40.000 manatlıq müqavilənin məbləğinin dəyişdirilməsinə deyil, sonradan ayrıca verilmiş pul vəsaitlərinə əsaslanır. Cavabdehin həmin vəsaitlər də daxil olmaqla yekun 58.200 manat borcu yazılı ərizə ilə qəbul etməsi nəzərə alındıqda, müqavilənin 3.2-ci bəndinə istinad borcun faktiki mövcudluğunu və məbləğini təkzib etmir.

32. Cavabdehin müqavilənin 2.4-cü bəndinə əsasən iddiaçının yalnız mənfəətə deyil, zərərə də 25 faiz həcmində şərik olması barədə dəlili də əsaslı deyildir. Müqavilənin adı, borcun faizsiz verilməsi, əsas məbləğin müəyyən tarixədək tam qaytarılması və tərəflərin hüquq və vəzifələrinin ümumi məzmunu onun borc müqaviləsi olduğunu göstərir.

33. Müqavilənin 2.4-cü bəndində borcverənə görüləcək işlərin mənfəətindən qazancın 25 faizinin verilməsi nəzərdə tutulsa da, borcverənin layihənin zərərində iştirak etməsi, əsas borcun layihənin nəticəsindən asılı olaraq azalması və ya geri qaytarılmaması barədə şərt yoxdur. Iradə ifadəsinin ağlabatan təfsiri baxımından mənfəətdən pay şərti əsas borcun qaytarılması öhdəliyini aradan qaldıran və ya borcverəni zərərə şərik edən müddəa kimi yozula bilməz.

34. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi hallar üçün cavabdehdir. Layihənin gözlənilən nəticəni verməməsi və ya kommersiya fəaliyyətində zərərin yaranması, müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borcalanın alınmış əsas məbləği qaytarmaq öhdəliyini azaltmır.

35. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı ərizədə 58.200 manat borcla razılaşarkən mümkün zərərin 25 faizinin iddiaçıya aid edilməsi barədə hər hansı qeyd və ya şərt irəli sürməmişdir. Apellyasiya şikayətində sonradan irəli sürülən bu dəlil əvvəlki yazılı mövqelə və müqavilənin məzmunu ilə uzlaşmır.

36. Iş materiallarına əlavə edilmiş səs yazısı da Mülki Prosessual Məcəllənin 88 və 106.1ci maddələrinin tələbləri baxımından digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Həmin səs yazısı borcun konkret məbləğini müstəqil şəkildə müəyyən edən həlledici sübut kimi deyil, iş üzrə mövcud yazılı sübutların qiymətləndirilməsində əlavə məlumat mənbəyi kimi nəzərə alınır. Buna görə də kollegiyanın 58.200 manat borcun mövcudluğu barədə nəticəsi səs yazısına deyil, ilk növbədə cavabdehin yazılı ərizəsinə, müqaviləyə, ödəniş sənədlərinə və digər sübutların məcmusuna əsaslanır.

37. Beləliklə, iş üzrə yazılı müqavilə və ödəniş qəbzi, cavabdehin 10.600 manatın qaytarılmasına etiraz etməməsi, 58.200 manat borcu qəbul edən yazılı ərizəsi və iş materiallarında olan digər sübutlar məcmu şəkildə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin əsas borcun məbləği barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur.

38. Apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar