Məhkəmə qərarları › İş №2-2(103)-1366/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1366/2021

14.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1366/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1646/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 202500 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 144,53 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 137,78 manat məbləğində borcunun ödənilməsnin təmin edilməsi məqsədi ilə 202500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 958878,92 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli e-2-2(113)-1889/2021 saylı qərardadı ilə həmin işlər bir icraata birləşdirilmişdir. Daha sonra iddiaçının nümayəndəsi tərəfindən ərizə verilərək Cavabdeh1 Mənzil Tikinti Kooperativinin (VÖEN:**********) 06.04.2021-ci il tarixə **********69 nömrəli icraat vərəqəsinə əsasən vergilər üzrə 472479,71 manat və **********76 nömrəli icraat vərəqəsinə əsasən vergilər üzrə 202500 manat ödənilməsi borcunun qaldığı qeyd olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2-2(113)-1646/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin siyahıya alınmış 202500 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə ödənilməmiş 202500 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 144,53 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 137,78 manat məbləğində borcun tutulması, vəsaitin qalan hissəsinin Effekt-İnşaat” Mənzil Tikinti Kooperativinə qaytarılması, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin siyahıya alınmış ******* manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə 472479,71 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması, vəsaitin qalan hissəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qaytarılması qət edilmişdir. Cavabdeh1 MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçməsə də, müvafiq icra hakimiyyəti olan Vergi Xidmətinin elektron informasiya sistemində elektron kabinetinin olmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi cavabdehə təqdim edilməmişdir. Bununla da, iddiaçı MPMnin 150.1.4-cü maddəsinin tələblərini pozmaqla iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən isə bu prosessual hüquq pozuntusuna müvafiq qiymət verilmədən qətnamə qəbul edilmişdir. Həmçinin məhkəmə borcların hansı təsnifat koduna aid olduğu, bu borcun yaranmasını sübut edən sənədləri iddiaçıdan tələb etmədən, iddiaçının birtərəfli qaydada tərtib etdiyi protokol və icra sənədlərinə əsaslanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında razılaşma olmuş və razılaşma əsasında da borcun müəyyən hissəsi ödənmiş və həmin razılaşma qrafiki əsasında 30.06.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 16.09.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 28.09.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 04.10.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 200.000 manat və 05.10.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 156.000 manat olmaqla, cəmi 656.000 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16.07.2019-cu il və 18.11.2020-ci il tarixli qərarlar çıxarmışdır. 16.07.2019-cu il tarixli qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 1146978,92 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 04.09.2019-cu il tarixli, **********83 saylı protokol, 18.11.2020-ci il tarixli qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 866556,38 manat borcuna görə 202500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.11.2020-ci il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh1 MTK Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16.07.2019-cu il və 18.11.2020-ci il tarixli qərarlar çıxarmışdır. 16.07.2019-cu il tarixli qərar əsasında vergi ödəyicisinin ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 04.09.2019cu il tarixli, **********83 saylı protokol tərtib edilmişdir. 18.11.2020-ci il tarixli qərar əsasında isə vergi ödəyicisinin 202500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.11.2020-ci il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat və 202500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, hazırki işin elektron məhkəmə informasiya sistemindən görünür ki, iddia ərizəsi elektron qaydada cavabdehə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş 30.06.2021-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına 100.000 manat, 16.09.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 28.09.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 04.10.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 200.000 manat və 05.10.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 156.000 manat olmaqla, cəmi 656.000 manat məbləğində vəsait ödənilməsinə dair qeyd olunur ki, həmin vəsaitlərin iddiaçının hesabına köçürülməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra həyata keçirilmiş və qətnamənin icrası mərhələsində nəzərə alınmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməzdən əvvəl qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru V.Hüseynov tərəfindən icraata başlamaq haqqında 20.08.2021-ci il tarixli qərar qəbul edilmiş, 16.09.2021-ci il tarixli qərarla isə Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2-2(113)-1646/2021 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Borc məbləğinin hansı təsnifat koduna münasibətdə yaranması məsələsi isə hazırki mübahisənin predmeti deyildir. Çünki vergi borcunun məbləği və əmlakın siyahıya alınması ilə bağlı iddiaçı tərəfindən müvafiq qərarlar qəbul olunmuş, cavabdeh isə həmin qərarları inzibati qaydada mübahisələndirməmişdir. Eyni zamanda cavabdehin özünün bildirdiyi kimi iddiaçı ilə razılaşma əldə olunduqdan sonra həmin vergi borcunun ödəməsi ilə yanaşı onun apellyasiya şikayətində mübahisələndirilməsi anlaşılan deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1646/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar