Məhkəmə qərarları › İş №2-2(103)-1368/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1368/2025

03.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1368/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hüquqi şəxs adından çıxış edən şəxs, hüquqi şəxs adından çıxış edən şəxsin vurduğu ziyan, sübutetmə, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh aylıq əmək haqqı 960 manat olmaqla direktor vəzifəsinə işə götürülmüşdür.

2. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən, Cavabdeh aylıq əmək haqqı 970 manat, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən 1320 manat, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavəyə əsasən 1700 manat müəyyən edilmişdir.

3. İddiaçı ASC-nin direktoru Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 29 №-li əmək müqaviləsinə əsasən, Nicat Məmmədov aylıq əmək haqqı 820 manat olmaqla direktor müavini vəzifəsinə işə götürülmüşdür.

4. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən, X5 aylıq əmək haqqı 1550 manat müəyyən edilmişdir.

5. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən, X5 aylıq əmək haqqı 830 manat, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən 1060 manat müəyyən edilmiş, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən 1500 manat müəyyən edilmiş, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən 1550 manat müəyyən edilmişdir.

6. İddiaçı ASC-nin direktoru Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 35/2022 №-li əmək müqaviləsinə əsasən, Hüseynəli Əliyev aylıq əmək haqqı 810 manat olmaqla baş mühasib vəzifəsinə işə götürülmüşdür.

7. Əmək müqaviləsinə 12.xx.xx.2022-ci il tarixli 1 №-li Əlavəyə əsasən, X1 aylıq əmək haqqı 1040 manat, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 №-li Əlavəyə əsasən 1470 manat müəyyən edilmiş, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3 №-li Əlavəyə əsasən 1500 manat müəyyən edilmişdir.

8. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuş Nizamnaməsinin 4.1.7-ci bəndində nəzərdə tutulmuşdur ki, cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: Cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; Cəmiyyətin direktorlar şurasını və müfəttişini seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; Cəmiyyətin icra orqanını yaratmaq və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; cəmiyyətin illik hesabatlarını və mühasibat balansını, mənfəət və zərər hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; Cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək.

9. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuş Nizamnaməsinin 4.3-cü və 4.4-cü bəndlərinə görə, cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli, o cümlədən cəmiyyətin adından bütün növ əqdlər bağlamaq (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparmaq, cəmiyyətin işçilərini işə qəbul edib işdən azad etmək, işçilərə həvəsləndirmə tədbirləri tətbiq etmək direktorun səlahiyyətinə aiddir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 13 990 (on üç min doqquz yüz doxsan) manatın, vəkilə ödənilmiş 2000 (iki min) manat xərcin, dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş iki) manatın və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manatın əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin direktoru Cavabdeh fəaliyyət göstərdiyi dövrdə qanunsuz və əsassız olaraq ASC ilə arasında imzalanmış xx.xx.2021-ci il tarixli 28A/2022 nömrəli əmək müqaviləsi üzrə direktorun (özünün) əmək haqqını Ümumi Yığıncağın müvafiq qərarları olmadan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə ilə 960 manatdan 970 manata, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə ilə 970 manatdan 1320 manata, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə ilə 1320 manatdan 1700 manata dəyişdirmişdir. Qeyd edilən əmək haqqı artımlarının ümumi məbləği 7010 manat təşkil edir. Bununla yanaşı, Cavabdeh tərəfindən cəmiyyətdə direktor müavini olmuş X6 ƏMAS sistemində bir sıra səlahiyyətlər verilmişdir ki, bu səlahiyyətlərin ona verilməsini təsdiq edən hər hansı qərar və ya əmr aşkar edilməmişdir. Halbuki, direktor müvafininə əlavə səlahiyyətlərin verilməsi barədə ya ümumi yığıncağın birbaşa öz qərarı olmalı, yaxud da bu səlahiyyətlərin direktor müavininə ötürülməsi səlahiyyətinin direktora verilməsi barədə ümumi yığıncağın müvafiq qərarı olmalıdır. Nəticədə cəmiyyətdə direktor müavini olmuş X7 direktorun əmri olmadan özünə əmək haqqı artımı etmiş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə ilə əmək haqqını 1500 manatdan 1550 manata dəyişdirmiş, bununla da X6 ümumilikdə 400 manat əlavə əmək haqqı ödənilmişdir. Eyni zamanda X6 1550 manat əsassız müavinət ödənişi edilmişdir. Cavabdeh fəaliyyət göstərdiyi dövrdə İddiaçı ASC-nin baş mühasibi olmuş X1 işə qəbulu, xx.xx.2022-ci il tarixində əmək haqqının artırılaraq 1040 manat olması, xx.xx.2023-cü il tarixində əmək haqqının artırılaraq 1470 manat olması və xx.xx.2023-cü il tarixində əmək haqqının artırılaraq 1500 manat olması barədə əmrlər mövcud olmadan ümumilikdə 3530 manat əlavə əmək haqqı ödənilmiş, həmçinin əsassız olaraq 1500 manat əsassız müavinət ödənişi edilmişdir. Göründüyü kimi Cavabdeh direktor kimi fəaliyyət göstərdiyi dövrdə əsassız olaraq həm özü üçün, həm də direktor müavini kimi fəaliyyət göstərən X7 və baş mühasib kimi fəaliyyət göstərən X3 üçün əlavə əmək haqqı hesablayaraq ödəmiş, nəticədə İddiaçı ASC-yə ümumilikdə 13 990 (on üç min doqquz yüz doxsan) manat ziyan dəymişdir.

12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

13. Birinci instansiya məhkəməsinin 03 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. 14.2. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh direktor olduğu dövrdə özünün və baş mühasib kimi X1, direktor müavini X5 aylıq əmək haqları əlavələrə əsasən artırılmışdır. İddiaçı bildirir ki, əmək haqqlarına o cür artımların edilməsi əsassız olmuşdur, lakin məhkəmə araşdırılması zamanı bunu əsaslandıra bilməmişdir. Digər tərəfdən əmək haqqı artımların məbləğinə baxıldıqda kəskin artımların edilməsi müşahidə edilmir (artımlar 10 manat, 300-400 manat arası dəyişmişdir). Ən əsası isə məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 49.4.1-ci maddəsinə əsasən (hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi) həmin dövrdə şirkətin zərərlə işləməsini sübuta yetirə bilməmişdir. 14.3. Beləliklə, hüquqi şəxs adından çıxış edən şəxsin (hazırda MMC-nin əvvəlki direktorun olan cavabdehin) mülki məsuliyyətə cəlb edilməsi üçün Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri müəyyən edilmədiyi və iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddia təmin edilə bilməz.

15. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 49.3-cü, 49.4-cü, 49.4.1-ci, 49.4.2-ci, 49.4.3-cü, 49.4.4-cü, 49.4.5-ci, 49.4.6-cı, 49.5-ci, 1096.1-ci, 1097.1-ci maddələrinə istinad etmişdir.

16. İddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət verməyərək qanunsuz qərar çıxardığını, işin müəyyən olunmuş hallarını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh də məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

24. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

25. Maddə 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. Hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. Hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. Hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. Hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. Hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. Səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

26. Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

27. Maddə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.

28. Maddə 107.2. Bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz.

29. Maddə 107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

33. Maddə 191. 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

34. Maddə 194. 1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

35. Maddə 199. 1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

38. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

46. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Beləliklə, mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

49. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, onun sabiq direktoru olmuş cavabdeh, fəaliyyət göstərdiyi dövrdə qanunsuz və əsassız olaraq, yəni Ümumi Yığıncağın müvafiq qərarları olmadan özünün əmək haqqına artımlar həyata keçirmiş, habelə cəmiyyətdə direktor müavini olmuş X6 ƏMAS sistemində bir sıra səlahiyyətlər vermiş, nəticədə X7 direktorun əmri olmadan özünə əmək haqqı artımı etmiş və ona 1550 manat əsassız müavinət ödənilmiş, həmçinin ASC-nin baş mühasibi olmuş X1 işə qəbulu, əmək haqqının artırılması barədə əmrlər olmadan ona ümumilikdə 3530 manat əlavə əmək haqqı və müavinət verilmiş, nəticədə ASC-yə ümumilikdə 13 990 (on üç min doqquz yüz doxsan) manat ziyan dəymişdir.

50. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 49.3-cü, 49.4-cü, 49.5-ci, 1092.1-ci, habelə Əmək Məcəlləsinin 191-ci və 199-cu (§ 24, 25, 26, 32, 33, 35) maddələri nəzərdən keçirilə bilər; lakin məhz iddiaçı irəli sürdüyü faktiki halların mövcudluğunu (baş verdiyini) və bunun nəticəsində zərərə məruz qaldığını sübuta yetirməlidir.

51. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

52. İşin hallarından aydın olur ki, cavabdeh həqiqətən də iddiaçı ASC-də direktor olmuş, direktor kimi fəaliyyət göstərdiyi dövrdə əmək haqqına artımlar edilmiş, eyni zamanda ASC-ni təmsilən onunla X7 və X3 ilə əmək müqavilələri bağlanaraq adı çəkilən şəxslər işə qəbul olunmuş, sonradan onların da əmək haqqlarına artımlar həyata keçirilmişdir.

53. Bununla belə iddiaçı, cavabdehin qeyd olunan fəaliyyətinin Ümumi Yığıncağın müvafiq qərarları əsasında həyata keçirilməli olduğunu, eləcə də bu fəaliyyətin Mülki Məcəllənin 49.4-cü maddəsində göstərilən nəticələrə səbəb olması barədə heç bir sübut təqdim etməmişdir; bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.

54. Xususilə nəzərə alınmalıdır ki, cavabdehin fəaliyyət göstərdiyi dövrdə Cəmiyyətin qüvvədə olmuş Nizamnaməsi ilə, cəmiyyətin adından bütün növ əqdlər bağlamaq (xüsusi əhəmiyyətli əqdlər istisna olmaqla), işçiləri işə qəbul edib işdən azad etmək, işçilərə həvəsləndirmə tədbirləri tətbiq etmək direktorun səlahiyyətində olmuşdur (§ 8, 9).

55. Digər tərəfdən qeyd olunmalıdır ki, X6 və X2 ödənilmiş pul vəsaitlərinə münasibətdə, Cavabdeh iddia tələbinə cavab verməli olan şəxs hesab oluna bilməz; çünkü əgər adı çəkilən şəxslər əsassız şəkildə qazanc əldə etmişlərsə, həmin qazanc əsassız varlanma müddəalarına istinadən məhz onlardan tələb olunmalıdır (§ 30, 32, 37, 38).

56. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.

57. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə mülki hüquq pozuntusu aspektindən yanaşması maddi hüquq normasının seçimində yol verilən səhv kimi qiymətləndirilməli olsa da, bu səhv gəlinən nəticəyə təsir göstərmədiyindən qətnamənin ləğvinə əsas təşkil etməməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5935/2025 saylı iş üzrə 03 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar