Məhkəmə qərarları › İş №2-2(103)-137/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-137/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-137/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdeh İslamzadə Azər Səyyar oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-720/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “Gəncə-Qənnadı” ATSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı “Gəncə-Qənnadı” ATSC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ona məxsus “Çinar” əmtəə nişanından qanunsuz istifadəsinin və “Çinar” adlı şokolad konfetlərinin istehsalının dayandırılması, X3 tərəfindən “Choconut” adı ilə istehsal edilən, lakin iddiaçıya məxsus “Çinar” şokoladının reseptura və forması ilə eyni formada istehsal etdiyi şokoladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlərin istehsalının və satışının cavabdehə qadağan edilməsi, habelə cavabdeh X3 tərəfindən haqsız rəqabətə yol verilməsi nəticəsində iddiaçı “Gəncə-Qənnadı” ATSC-yə vurulmuş maddi zərərin əvəzi olaraq 100000 manat, haqsız rəqabət nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-720/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “Gəncə-Qənnadı” ATSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdi, cavabdeh İslamzadə Azər Səyyar oğlu isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Çinar” əmtəə nişanına dair 2013 1665 nömrəli şəhadətnaməyə əsasən 30-cu sinif (qənnadı məlumatları), 35-ci sinif (malların satışı üzrə xidmətlər), 39-cu sinif (malların qablaşdırılması, daşınması və saxlanması üzrə xidmətlər) üzrə hüquqlar “Gəncə-Qənnadı” ATSC-yə məxsusdur. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən “Gəncə-Qənnadı” ATSC dövlət reyestrində “Çinar” əmtəə nişanının sahibi kimi qeydə alınmışdır. Həmçinin cavabdeh X3 öz qənnadı məlumatlarını “Choconut” adı altında istehsal edir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən “Çinar” əmtəə nişanı qanunsuz olaraq istifadə edilir. Belə ki, əsasən Gəncə şəhərində olmaqla bir sıra mağazalarda iddiaçının istehsal etdiyi “Çinar” adlı şokolad konfetlərin eynisi olan və cavabdeh tərəfindən istehsal edilən konfetlər mağazalarda satılır. Bu hal isə istehlakçılarda çaşqınlıq yaradır və həmin konfetlərin “Gəncə-Qənnadı” ATSC tərəfindən istehsal olunduğu təsəvvürü yaradır. Cavabdeh tərəfindən istehsal edilən “Çinar” konfetləri iddiaçı tərəfindən istehsal edilən “Çinar” konfetlərindən keyfiyyət cəhətdən aşağı olduğuna görə istehlakçılarda mənfi rəy yaradır. Çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadəni dayandırmamış, “Çinar” adlı şokolad konfetlərini istehsal etməyə və mağazalara satmağa davam etmişdir. Cavabdehin istehsal etdiyi konfetlər “Choconut” adı ilə istehsal edilsə də, həm görünüş baxımından, həm də paketləmə qablaşdırma baxımından zahiri görünüşünə görə iddiaçının istehsal etdiyi “Çinar” konfetlərinin eynisidir. Cavabdeh “Çinar” adından qanunsuz istifadə etməklə yanaşı, iddiaçının istehsal etdiyi “Çinar" konfetlərinə formaca, reseptura ilə xarici görünüşcə və tərkibcə oxşar “Choconut” adlı konfetlər istehsal edərək “Çinar” adı ilə satmaqla, “Çinar” adı ilə “İnstaqram” sosial şəbəkədə reklam etməklə istehlakçılarda çaşqınlıq yaradır. Bundan başqa, cavabdehin istehsal etdiyi şokolad konfetlər “Çinar” adı altında mağazalara satılır, məhsul alınarkən üzərindəki barkodda və piştaxtalarda “Çinar” adı qeyd olunur və cavabdehin rəsmi instaqram səhifəsində də istehsal etdiyi şokolad konfetlər “Çinar” adı ilə reklam olunur, əksər mağazalarda bu konfetlər “Çinar” adı altında satılır. Cavabdeh bazar subyekti kimi, sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyekti olan iddiaçıya zərər vura bilən, onun işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlər törətmiş və törətməkdə də davam edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onların heç bir məhsulunun üzərində “Çinar” adından istifadə edilməmişdir. Mağaza piştaxtalarında məhsulun üzərində adın necə yazılmasından məlumatsızdırlar. Həmçinin ekspert rəyi ilə də təsdiq olunur ki, əmtəə nişanına dair tələblər pozulmamışdır. Haqsız rəqabətə isə eyni mallar üzrə qəsdən qiymətlərin aşağı salınması və bu kimi digər hallar aid oluna bilər. Cavabdeh tərəfindən istehsal olunan məhsul iddiaçının istehsal etdiyi məhsulla eynilik təşkil etmir, əksinə daha keyfiyyətlidir və bənzətmə də mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinin 1-2-ci hissələrinə görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Həmin Qanunun 26-cı maddəsinin 1-3-cü hissələrinə görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmin Qanunun 32-ci maddəsinin 1-ci hissəsinə görə Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 34-cü maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, əmtəə nişanından və coğrafi göstəricidən olaraq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından sonuncunun razılığı olmadan istifadə etməsi müəyyən olunur. Belə ki, “İnstaqram” sosial şəbəkəsində cavabdehin adına qeydiyyatdan keçmiş “İslamoğlu_un_məmulatlari” adlı səhifədə “Choconut” adı ilə istehsal edilən konfetlər “Çinar” adı ilə reklam edilmişdir (i/v 251 və 267). Məhkəmə iclasında cavabdeh etiraf etdi ki, həmin səhifə ona məxsusdur və səhifəni onun işçiləri idarə edir. Həmin yazıları da onun işçiləri yazıb və onun bundan məlumatı olmamışdır. Yalnız məhkəmə baxışı zamanı bundan xəbərdar olmuş və hazırda həmin yazılar artıq silinmişdir. Apelyasiya baxışı zamanı “İnstaqram” sosial şəbəkəsində “İslamoğlu_un_məmulatlari” adlı həmin səhifəyə baxış keçirilmiş və hazırda həmin yazıların mövcud olmadığı müəyyən edilmişdir. Lakin kollegiya hesab edir ki, sonuncu hal cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından sonuncunun razılığı olmadan istifadə etməsi halını aradan qaldırmır, həmçinin gələcəkdə də bu hallara yol verə biləcəyini istisna etmir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ona məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin iddia tələbi təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, “Çinar” adlı şokolad konfetlərinin istehsalının dayandırılması hissəsində iddia təmin edilə bilməz. Çünki cavabdeh öz şokolad konfetlərini “Çinar” adı altında deyil, “Choconut” adı altında istehsal edir və bu işin mübahisəsiz halıdır. Ona görə də, həmin tələb özüözlüyündə əsassızdır. Həmçinin kollegiya hesab edir ki, cavabdeh tərəfindən “Choconut” adı ilə istehsal edilən, lakin iddiaçıya məxsus “Çinar” şokoladının reseptura və forması ilə eyni formada istehsal etdiyi şokoladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlərin istehsalının və satışının cavabdehə qadağan edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, həmin tələb məhsulun üzərindəki (adındakı) əmtəə nişanı ilə deyil, onun hazırlanma qaydası, tərkibi və keyfiyyəti ilə bağlıdır. Halbuki, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunu istehsal edilən məhsulların hazırlanma qaydasını, tərkib və keyfiyyət məsələlərini deyil, yalnız əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Qanunun tələblərindən də göründüyü kimi qanunverici əmtəə nişanının sahibinə yalnız ona məxsus əmtəə nişanından qanunsuz üçüncü şəxslərin istifadəsinin qadağan olunması tələb etmək hüququnu vermişdir. İddiaçı tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. Həmin Qanunun 4-cü maddəsində isə göstərilmişdir ki, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Göründüyü kimi qanunda da təqlid etmə hərəkətlərinə əmtəənin forması, qablaşdırılması, xarici tərtibatı və texniki xassələri aid edilməmişdir. Kollegiya izah edir ki, heç bir qanunda əmtəənin qeyd olunan xüsusiyyətlərinə müstəsna hüquq tanınmır. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, zərərin əvəzinin ödənilməsi hissəsində də iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı ona 100000 manat dəyərində maddi zərərin dəydiyini bildirsə də, ümumiyyətlə zərərin mövcud olmasının, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçının həmin əmtəə nişanına aid məhsullarının satışının aşağı düşməsi və ya zərərin digər şəkildə dəyməsinin təsdiqi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi barədə tələblər də təmin edilə bilməz. Belə ki, həmin zərərin mövcudluğu, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçının həmin əmtəə nişanına aid məhsullarının keyfiyyəti ilə bağlı əldə etdiyi işgüzar nüfuzun aşağı düşməsi də hər hansı sübutla təsdiq edilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus “Çinar” əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “Gəncə-Qənnadı” ATSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-720/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh X3 tərəfindən iddiaçı “Gəncə-Qənnadı” ATSC-yə məxsus “Çinar” əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar