Məhkəmə qərarları › İş №2-2(103)-1375/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1375/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1375/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi edilməsi, ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi pul tələbi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5753/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, 2489 saylı İcarə müqaviəsi (bundan sonra – İcarə müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən ticarət mərkəzində fiziki şəxslərə ticarətlə məşğul olmaq məqsədilə anbar, mağaza və digər iaşə obyekti inşa edib təhvil verməyi İcarəyə verən (cavabdeh) öhdəsinə götürür.

2. Həmin müqavilənin: 1.1. 1.2-ci bəndinə görə Lökbatan qəsəbəsində inşa edilmiş qeyriyaşayış sahəsi, tikinti başa çatdıqdan sonra sıra 7a 5-ci korpusda yerləşən 1 saylı 34 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi müddətsiz icarəyə verilir; 1.2. 1.3 və 1.4-cü bəndlərinə görə İcarəçi (iddiaçı) icarə obyektini icarəyə götürməyi və bu müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürür.

3. İcarəçi icarə obyektindən mağaza kimi istifadə edəcəkdir; 1.3. 1.5-ci bəndinə görə icarə obyektinin İcarəçiyə verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına əsasən həyata keçirilir;

4. 1.4. 2.1-ci bəndinə görə icarə haqqı tərəflər arasında əlavədə göstərilən razılaşma əsasında hər ayın 20-ci günündə ödənilir;

5. 1.5. 3.1.2-ci bəndinə görə İcarəçi icarə haqqını bu müqavilə ilə müəyyən edilən vaxtda ödəyir. İcarə haqqı 30 təqvim günü gecikdirilərsə müqavilə birtərəfli qaydada ləğv edilərək, bu razılaşmaya əsasən icarəçinin əmlakı hesabına ödənişlər həyata keçiriləcəkdir.

6. İddiaçı tərəfindən cavabdehin direktoru D.C.Əmirovaya xx.xx.2024-cü il tarixdə məktub ünvanlamış və həmin məktubda qeyd etmişdir ki, 24 yanvar 2019-cu il tarixli 2489 saylı icarə müqaviləsinə əsasən "xxxx" firmasına məxsus sıra 7a, 5 korpusda yerləşən, ümumi sahəsi 34 kv.m. təşkil edən 1 saylı qeyri-yaşayış obyektini ticarətlə məşğul olmaq üçün müddətsiz icarə müqaviləsi imzalanarkən şəxsən Sizə 28000 ABŞ dolları və obyektin üçün 4000 ABŞ dolları, cəmi 32000 ABŞ dolları ödənilmişdir. Obyektdə təmir işləri başa çatdıqdan sonra, onun icarəyə götürdüyü obyektin qarşısında yerləşən sıradakı obyektlər "Elit" ticarət firmasına Sizin razılığınızla satılmış, sonuncu onun obyektinə və sair obyektlərə gedən çıxışa qapı qoymuşdur. Onlar qapını istədikləri vaxt açırlar və bağlayırlar. Bu səbəbdən ona və o cümlədən bir neçə şəxsə məxsus obyektlərə gedişgəliş tam məhdudlaşdırılmış və demək olar ki, ticarətlə məşğul olmaq qeyri-mümkündür. Buna səbəb Sizin yuxarıda qeyd edilən icarə müqaviləsinin 8-ci bəndinin tələblərini kobud surətdə pozmağınızdır. Həmin bənddə qeyd edilir ki, bu müqavilə imzalandıqdan sonra öz öhdəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam həcmdə ödəməyə borcludur. O, müqavilə imzalandıqdan sonra çox cəhd göstərsə də obyekti işlək hala gətirməyə nail ola bilməmişdir. Bu səbəbdən firmaya ödənilmiş 32000 ABŞ dollarını 10 gün ərzində ödənilməsi tələb etmişdir.

7. Cavabdehin direktoru D.C.Əmirova tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda isə qeyd edilmişdir ki, onlara ünvanlanmış ərizə araşdırılmış, həyat yoldaşınız Qoçu bəylə birlikdə Sizə məxsus ticarət obyektinə baxış keçirilmiş və bununla bağlı bildirdi ki, qeyd olunan məsələ müsbət olaraq öz həllini tapmışdır. Belə ki, Sizə xx.xx.2019-cu il tarixli, 2489 nömrəli icarə müqaviləsinə əsasən ayrılmış qeyri-yaşayış obyektinin qarşısında müvəqqəti quraşdırılmış qapı sökülərək əvvəlki vəziyyətinə qaytarılmış və ərizədə qeyd etdiyiniz məsələ aradan qaldırılmışdır. Hal-hazırda obyektin fəaliyyət göstərməsi üçün heç bir maneə yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2489 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehə müqavilə üzrə ödədiyi 32000 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 45000 manat pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2489 saylı icarə müqaviləsinə əsasən, onlara məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin Cənub-Şərqi, Bakı-Salyan-Lökbatan dairəsi yolayrıcının qərbində yerləşən, sıra 7a, korpus 5-də, ümumi sahəsi 34 kv.m. təşkil edən, 1 saylı qeyri-yaşayış sahəsini ticarətlə məşğul olmaq üçün müddətsiz icarəyə götürmüşdür. Cavabdehlə icarə müqaviləsi imzalanarkən, firmanın direktoru D.C.Əmirovaya şəxsən 28000 ABŞ dolları və onun tələbinə əsasən təmirə görə 4000 ABŞ dolları - cəmi 32000 ABŞ dolları məbləğində pul ödəmişdir. O, icarə müqaviləsi ilə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Ancaq cavabdeh tərəfin icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliyinə riayət etməsi və müqavilənin şərtlərini ciddi surətdə pozması səbəbindən ona ödədiyi pul məbləğindən əlavə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, ona məxsus qeyri-yaşayış obyektində təmir işləri başa çatdıqdan sonra o, ticarət obyektinə gedərkən görmuşdür ki, ona məxsus ticarət obyektinə gedən yol tamamilə bağlanıb və həmin obyektə daxil olmaq üçün yol yoxdur. O, bu faktla bağlı cavabdehə müraciət etmişdir. Ona bildirilmişdir ki, “sənə və digər şəxslərin bir neçəsinə məxsus ticarət obyektlərinin qarşısında yerləşən obyektlər “Elit” ticarət firmasına satılıb. Bu səbəbdən də sizi obyektə giriş-çıxış bağlanıb, bir şey fikirləşərik”. Bundan sonra o, dəfələrlə cavabdehə müraciət etmiş, ancaq heç bir nəticə olmamışdır. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.2.2-ci bəndində göstərilir ki, “icarəyə verən öhdəlikləri icra etmədikdə icarəyə götürən bu müqavilə ilə müəyyən edilən cəriməni alır”. O, isə nəinki əlavə pul almadı, cavabdehin əməli nəticəsində ciddi maliyyə böhranına məruz qaldı. Eyni zamanda qeyd edilən müqavilənin 8-ci bəndində göstərilir ki, bu müqavilə imzalandıqdan sonra öz öhdəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam ödəməyə borcludur. Bu səbəbdən cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Ona ödədiyi 32000 ABŞ dolları məbləğində pulunu 6 il müddətində əssasız olaraq saxladığına, ona külli miqdarda ziyan vurduğuna və əldən çıxmış faydaya görə əlavə olaraq 45000 manat ziyanı da ödəməlidir. Çünki cavabdehin birbaşa təqsiri səbəbindən o, külli miqdarda ziyana düşmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla ödədiyi 32000 ABŞ dollarının və vurulmuş ziyana görə 45000 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi haqqında məhkəmə qətnamə çıxarmalıdır. Onu da qeyd etmək istəyir ki, məsələnin qanun çərçivəsində həll edilməsi üçün o, cavabdehlə uzun müddət danışıqlar aparmışdır. Rəsmi ərizə ilə cari ilin sentyabr ayının əvvəlində ərizə müraciət etmişdir. Yazdığı ərizə ünvana çatmasına baxmayaraq bugünə kimi ona heç bir cavab verilməmişdir.

10. Cavabdeh yazılı etirazında bildirmişdir ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 2489 nömrəli icarə müqaviləsinə əsasən iddiaçıya həmin müqaviləyə uyğun qaydada Cəmiyyətin “Binə” Ticarət Mərkəzindəki 34 kvadratmetr ölçüdəki ticarət obyekti (mağaza) icarəyə verilmişdir. İddiaçı bu günə kimi həmin obyektin icarəsinə görə Cəmiyyətə icarə haqqı və yaxud digər vəsait ödəməmişdir. Müqavilənin bağlanmasından iki ay sonra Pandemiya dövrü başladığından və bu səbəbdən icarəçinin obyektdən isitfadəsinin mümkünsüz olması nəzərə alınaraq ondan icarə haqqı tələb olunmamışdır. Bundan sonra icarəçi ilə əlaqələri kəsilmişdir. Bundan sonra iddiaçı 29.08 2024-cü il tarixli ərizə ilə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən onun "Bina Ticarət Mərkəzində icraəyə götürüdüyü 7a sırasının 5 –ci korpusunda yerləşən 1 saylı ticarət obyektinin yanında digər icarəçi tərəfindən quraşdırılmış qapının onun müştərilərinin gediş-gəlişinə, beləliklə ticarətlə məşğuluna maneçilik törətdiyini bildirmişdir. Həmin ərizə müəssisəyə daxil olduqdan sonra orada qeyd olunan telefon nömrəsi ilə (*** *** ** **) əlaqə yaradılmış, özünü iddiaçının həyat yoldaşı kimi təqdim edən Qoçu adlanan şəxs geyd olunan icarə obyektinə dair məsələlərlə yalnız o məşğul olduğu və ərizənin müəllifi özü olduğunu bildirərərək, məsələnin yerində aydınlaşdırılması məqsədi ilə Ticarət mərkəzinə dəvət olunmuşdur. Bundan sonra cari ilin oktyabr ayının sonunda TM-nə gəlmiş Qoçunun iştirakı ilə TM-in nümayəndələri onun icarə obyekti yerləşən sahəyə birgə baxış keçirmiş və onun ərizəsində qeyd edilənlər (qapını istədikləri vaxt açırlar va bağlayırlar) tam təsdiqini tapmasa da (müvəqqəti təmir işi ilə bağlı qoyulmuş örtükdəki qapı daim açıq olmuşdur), ərizəsi nəzərə alınaraq, ticarat fəaliyyətinə maneə kimi qeyd edilmiş halın aradan qaldırılması üçün yaxın günlərdə tədbir göruləcəyi və nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Həmin vaxt icarəçi (Qoçu) onun icarəyə götürdüyü obyekti özü işlətmək imaknında olmadığı üçün başqasına icarəyə vermək niyyətində olduğunu və ona belə bir icarəçi tapmağı cəmiyyətin nümayəndəsinə təklif etmiş, lakin nümayəndə onların belə bir öhdəliyə məsul olmadığını ona bildirilmişdir. Həmin görüşdən az müddət sonra nıüdriyyət tərəfindən ərizəçinin qeyd etdiyi maneə qapı tamamılə sökülüb ərazidən kənarlaşdınlmaqla, aradan qaldırılmış, bu barədə ona Qoçuya məlumat verilmişdir. Əlavə olaraq ticraət mərkəzində yaradılmış şəraitlə tanış olması təklif olunmuşdur. Telefon danışıqları zamanı (Qoçuya bir neçə dəfə gəlməsi təklif olunsa da, işdə olması ilə bağlı təxirə salmış, sonuncu data xx.xx.2024-tarixdə gələcəyini vəd etsə də TM-nə gəlməmiş, sonradan da onun cəmiyyətə qarşı iddia ilə məhkəməyə müraciət etməsi məlum olmuşdur. xx.xx.2019-cu il tarixli müqavilənin 4.2.5-ci bəndinə əsasən "Bu müqavilənin qüvvədə olduğu müddətdə İcarə obyektinin istifadəsinə görə yaranmış istənilən promlemlər İcarəyə verana aid deyilsə İcarəyə verən bununla bağlı məsuliyyət daşımır". Müqavilə şərtləri pozulmamaış, əksinə tərəf kimi üzərinə düşən bütn öhdəlikləri yerinə yetirmiş və icraə müqaviləsinin icarəyə verən tərəfindən pozulmasına dair iddia ərizəsində göstərilənlər əsassızdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5753/2025 nömrəli qiyabi qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2489 saylı icarə müqaviləsi ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. İddiaçı X5 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-5753/2025 nömrəli qətnaməsini ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh - Cavabdehfirmasıilə aramızda bağlanmış mən 24 yanvar 2019-cu iltarixli 2489 saylıicarə müqaviləsinə əsasən, onlara məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin Cənub-Şərqi, Bakı-Salyan-Lökbatan dairəsi yol ayrıcının qərbində yerləşən, sıra 7a, korpus 5-də, ümumisahəsi 34 m2 təşkil edən, 1 saylı qeyri-yaşayış sahəsini ticarətlə məşğul olmaq üçün müddətsiz icarəyə götürmüşdür. Cavabdehlə icarə müqaviləsi imzalanarkən, firmanın direktoru D.C.Əmirovaya şəxsən 28000 (iyirmisəkkiz min) ABŞ dollar və onun tələbinə əsasən təmirə görə 4000 (dörd min) ABŞ dolları – cəmi 32000 ABŞ dolları məbləğində pul ödəmişdir. İcarə müqaviləsi ilə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, ancaq cavabdeh tərəfin icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliyinə əməl etməmiş, müqavilə şərtlərini ciddi surətdə pozmaqla ona ödədiyi pul məbləğindən əlavə, həmdə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Ona məxsus ticarət obyektinə gedən yol tamamilə bağlanıb və həmin obyektə daxil olmaq üçün yol yoxdur. Cavabdehin təqsiri üzündən o heç bir fəaliyyət göstərə bilməmiş,bu səbəbdən onun müqavilə şərtlərini nəzərə çarpacaq dərəcədə pozmasına məhkəmə diqqət yetirməmişdir. Müqavilə imzalayarkən fəaliyyət göstərməklə mənfəət əldə edəcəyini nəzərdə tutmuş, lakin cavabdehin müqavilə şərtlərini ciddi və əhəmiyyətli dərəcədə pozması nəticəsində o nəinki ödədiyi pul məbləğindən, hətta əldə edə biləcəyi mənfəətdən də məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edənİddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. . Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

22. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

26. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini, qətnamənin əsaslılığı qismən (ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi) yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür .

30. Hazırki halda apellyasiya şikayətində apellyator qeyri-yaşayış sahəsinə görə cavabdehə müqavilə üzrə ödədiyi 32000 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 45000 manat məbləğində pulu cavabdehdən tələb edir.

31. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019cu il tarixli, 2489 nömrəli icarə müqaviləsi imzalanmış, cavabdeh öhdəliyini icra edərək qeyd edilən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə versə də, iddiaçı həmin sahəni qəbul etməkdən və icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, əksinə iddiaçı öhdəliyini yerinə yetirməmiş, qeyri-yaşayış sahəsini istifadəyə qəbul etməmişdir. İddiaçının gətirdiyi arqumentlər səbəbindən qeyriyaşayış sahəsinin rəsmi qaydada təhvil-təslimi də həyata keçirilməmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qeyri-yaşayış sahəsini icarəyə götürməkdən imtina edir və qeyr iyaşayış sahəsinə görə 28000 ABŞ dolları, onun təmirinə görə 4000 ABŞ dolları, cəmi 32000 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb edir. İddiaçı cəmi 32000 ABŞ dolları məbləğində pulu cavabdehin direktoruna şəxsən verdiyini iddia etsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

33. Məhkəmə kollegiyası iddia tələbini 45000 manat məbləğində maddi zərərin tutulması hissəsində də əsassız hesab edərərk qeyd edir ki, iddiaçının həmin tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir.Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

34. Apellyator (iddiaç) apellyaisya şikayətinin dəlillərində 45000 min manat maddi zərərlə bağlı qeyd edir ki, cavabdehin təqsiri üzündən o heç bir fəaliyyət göstərə bilməmiş, bu səbəbdən mənfəət əldə edə bilməmiş faydadna məhrum olmuşdur. Lakin kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı qeyri-yaşayış sahəsinə gələn yolun bağlanmasını bildirmiş, cavabdehin direktoru tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən, cavabdehə ünvanlanmış ərizələri araşdırılmış, onun həyat yoldaşı Qoçu bəylə birlikdə iddiaçıya məxsus ticarət obyektinə baxış keçirilmiş qeyri-yaşayış obyektinin qarşısında müvəqqəti quraşdırılmış qapı sökülərək əvvəlki vəziyyətinə qaytarılmış, obyektin fəaliyyət göstərməsi üçün heç bir maneə qalmamışdır.

35. İş Qaradağ Rayon Məhkəməsinin icraatında olarkən mübahisəli qeyri-yaşayış sahəsinə dair yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, icarə oyektinə gedən yol əsas korpusdan girişdən yolun sağ tərəfində yerləşir. Mübahisəli icarə obyektinə qədər ticarət mərkəzinin sağ və sol hissəsində obyektlər fəaliyyət göstərir. Mübahisəli obyektdə suvax və malyar işləri tamamlanmış, şüşə qapı qoyulmuşdur. İcarə obyektinə yerində müayinə zamanı müəyyən edildi ki, artıq iddiaçının müraciətindən sonra qapı sökülüb.

36. Göründüyü kimi iddiaçı 32000 ABŞ dolları məbləğində pulun verilməsinə dair hər hansı sübut təqdim etməmiş, maddi zərərlə bağlı isə cavabdehin təqsiri səbəbindən olduğunu qeyd etəsdə, sübut təqdim etməmiş, əksinə iş materiallaırna əsasən icarə obyektinin fəaliyyət göstərməməsinə səbəb iddiaçının hərəkətsizliyi müəyyən olunmuşdur.

37. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

38. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

39. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilimiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5753/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar