Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1378/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh QSC-yə qarşı (“Azəriqaz” İB müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə, sübutların çatışmazlığı) hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı Qanuni nümayəndə MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh QSC-yə qarşı (“Azəriqaz” İB müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(113)-5394/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Azəriqaz İB Ağsu RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 413 saylı hesab-fakturaya əsasən Süsən Aqro MMC-nin xx.xx.2024-cü il tarixə qalıq borcu 16522,11 manat müəyyən edilmişdir.
2. Azəriqaz İB və Süsən Aqro MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 12 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır.
3. Süsən Aqro MMC-nin abonent saldosundan görünür ki, 2024-cü il üzrə sərfiyyat 45871.25 manat təşkil etmişdir.
4. “Azəriqaz” İB tərəfindən Qanuni nümayəndə MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, EBEC007383 saylı e-qaiməyə əsasən qaz sərfiyyatına görə yekun məbləğ 14374,75 manat və xx.xx.2024-cü il tarixli, EBED219165 saylı e-qaiməyə əsasən qaz sərfiyyatına görə yekun məbləğ 31127,50 manat təşkil etmişdir.
5. 31.10.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən iddiaçı tərəfindən 40787,29 manat məlbəğində əsas borc və 7341,71 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir, ödənişin təyinatı olaraq yuxarıda sadalanan elektron qaimələr göstərilmişdir.
6. 24.05.2024-cü il tarixli akta əsasən Qanuni nümayəndə MMC-yə məxsus **********00003 abonent kodlu, 259986 saylı sayğaca 45381,62 manat borca görə və **********00004 abonent kodlu və 75153064 saylı sağaca 2696,99 manat qaz sərfiyyatı borcuna görə giriş vintillərinin üzərinə blomp qoyularaq qazın verilməsi dayandırılmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4799/2024 saylı qərardadı ilə iddiaçı “Azəriqaz” İB-nin cavabdeh Qanuni nümayəndə MMC-nin ona məxsus olan (anbar)-da təbii qazdan istifadə edilməsinə görə yaranmış 48078.61 manat debitor borcun tutulması barədə iddia tələbi baxılmamış saxlanılmışdır.
8. Qanuni nümayəndə MMC tərəfindən iş materiallarına əlavə edilməsi üçün zədələnən boruya dair fotoşəkillər təqdim edilmişdir.
9. Qanuni nümayəndə MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, cavabdeh tərəfindən ARDNŞ-nin sifarişi ilə yeraltı DN500 qaz boru kəmərinin tikintisi icra edilərkən Qanuni nümayəndə MMCnin ərazisini qaz ilə təchiz edən yeraltı 110 mm diametrli yüksək təzyiqli HDPE qaz boru xəttinin zədələnməsi və müəyyən məbləğ ekvivalentində zərər dəyməsi, Qanuni nümayəndə MMC üçün 11975.25 manat (47901 m3 x 0.25 AZN (ƏDV daxil)) məbləğində əlavə qaz sərfıyyatı xərci yarandığı və görülən qazıntı işləri zamanı qaz boru xəttinin başqa yerdən qırılması nəticəsində 30000 manat məbləğədək ziyan dəydiyi qeyd edilmişdir.
10. "xxxx" QSC tərəfindən Qanuni nümayəndə MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli cavab məktublarından görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə Cavabdeh QSC-yə aid tırtıllı ekskovator nahar fasiləsindən sonra Dn 1020mm magistral qaz kəmərinin əks dolğu işlərinin yerinə yetirilməsini təmin etmişdir. Lakin, müraciətdə qeyd olunan Qanuni nümayəndə MMC-nin ərazisinə gələn orta təzyiqli HDPE, PN10, 0110mm qaz xəttinin qırılması və 47901m3 qazın havaya sızması nəticəsində cəmiyyətinizə dəymiş 11975.25 manat məbləğində əlavə qaz sərfiyyatı ilə bağlı ziyanın "xxxx" QSC tərəfindən vurulmasını təsdiq edən heç bir sübut növü mövcud deyil.
11. “Azəriqaz” İB-nin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə MMC-nin ərazisində aparılan qazıntı işlərinin hansı şirkət tərəfindən aparılması və qazıntı işləri aparılarkən qaz xəttinin zədələnməsi ilə bağlı Qanuni nümayəndə MMC tərəfindən “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə heç bir rəsmi məlumat daxil olmadığı və qəza hadisəsinin balans mənsubiyyətin sərhəddini təşkil edən sayğacdan sonra baş verdiyini, bu səbəbdən “Azəriqaz” İB-yə maddi ziyan dəymədiyi üçün dəymiş ziyanla əlaqəli hər hansı akt tərtib edilmədiyi qeyd olunmuşdur.
12. Təmir və texniki xidmət üzrə mexanik supervisor Hafiz Rəfiyev, Təmir və texniki xidmət üzrə mexanik Bəhrəm Novruzov, usta Sadiq Əlicanlı, Ağsu Xidmət Sahəsinin QSX-nin rəisi Neymət Soltanov tərəfindən tərtib edilən və imzalanan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 3 Aprel 2024-ci il tarixində Süsən Aqro ərazisindən yeni çəkilən magistiral qaz xətti borusunun üzəri ND/SOCAR podratçısının böyük tonnajlı ekskavatoru ilə doldurma və yayma işləri nəticəsində borunun üzəri torpaqla örtülərkən Qanuni nümayəndə MMC-nin təsərrüfatına gələn yer altı 0110 mm diametrli HDPE plastik qaz xəttinin zədələndiyi və aşkarlanmış nasazlıqla bağlı borunun təcili və təxirəsalınmaz təmir-bərpa işləri Agro Dairy MMC-nin Padarçöl Təmir və Texniki Xidmət üzrə qrup əməkdaşları tərəfindən yerinə yetirilmişdir.
13. 03.07.2025-ci il tarixli, **********17 ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 215,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. 18.07.2025-ci il tarixli MVKEaWQ1 saylı ödəniş tapşırığına əsasən iddiaçı MMC tərəfindən Kredi Vəkil bürosunun hesabına 320 manat məbləğində xidmət haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Bakı Kommersiya Məhkəməsindəki icraat
15. İddiaçı Qanuni nümayəndə MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC (əvvəlki adı“ND Company" QSC) tərəfindən dəymiş - qaz boru xəttinin zədələnməsi və 47901 m³ qazın havaya sızması nəticəsində yaranan 11 975.25 manat, həmin qaz xəttinin bərpasına xərclənən 30 000 manat vəsaitin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunu Cavabdeh QSC-dən Qanuni nümayəndə MMCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ARDNŞ-nin sifarişi ilə 2024-cü ilin aprel ayının əvvəllərində, Ağsu rayonu ərazisində yeraltı DN500 qaz boru kəmərinin tikintisini icra edərkən Qanuni nümayəndə MMC-nin ərazisini qaz ilə təchiz edən yeraltı Ø110 mm diametrli HDPE qaz boru xətti zədələnmiş və bunun nəticəsində həmin hissədən 47901 m³ qazın havaya sızmasına səbəb olmuşdur. Bunun nəticəsində Ağsu RQİİ tərəfindən müəssisədən əlavə 11 975.25 manat (47901 m3 x 0.25) məbləğdə ödəniş tələb edilmişdir. Cavabdeh əlavə qaz sərfiyyatı ilə bağlı ziyanın QSC tərəfindən vurulmasını təsdiq edən sübut növünün olmadığını və təqdim olunmuş Ağsu RQİİ-nin 413 nömrəli, xx.xx.2024-cü il tarixli hesab-fakturanın sadəcə 2024-cü ilin mart ayındakı qaz sərfiyyatı ilə bağlı olduğu bildirilmişdir. Lakin, həqiqətən də, hadisə yeri 2 qaz boru kəmərinin kəsişdiyi ərazidə baş vermişdir. Bununla bağlı Cavabdeh QSC-nin əməkdaşlarının da məlumatı vardır və həmin ərazidə ekskavator texnikası ilə iş aparıldığını özləri də təsdiq etmişlər. Qeyd edilən 47901 m³ qazın havaya sızması onunla təsdiq edilir ki, həmin ərazidə Qanuni nümayəndə MMC-yə məxsus iki qaz sayğacı vardır. Onlardan biri, yəni **********00301 saylı sayğac əsas (ana) qaz xəttinə qoşulan yerdə, ikincisi, yəni **********00401 saylı sayğac isə Qanuni nümayəndə MMC-nin öz ərazisində quraşdırılmışdır. Ağsu RQİİ-nin 413 nömrəli, xx.xx.2024-cü il tarixli hesab-fakturasından da görünür ki, Qanuni nümayəndə MMC-nin xx.xx.2024 – xx.xx.2024 tarixlərdə yazılmış fakturaların cəmi “Miqdarı” qrafasında: - **********00301 saylı sayğac üzrə 52700 m³ , **********00401 saylı sayğac üzrə isə 4799 m³ göstərilir. Buradan da aydın olur ki, 52700 m³ - 4799 m³ = 47901 m³ həcmdə qaz havaya sızmışdır. Onu da qeyd etmək lazımdır ki, 413 nömrəli, xx.xx.2024-cü il tarixli hesab-fakturada yazılan tarixlə bağlı Ağsu RQİİ Ağsu Xidmət Sahəsinin əməkdaşları ilə danışıqlar aparılmış və məlum olmuşdur ki, hesabfakturada qeyd olunan qaz sərfiyyatının xx.xx.2024 – xx.xx.2024 tarixləri qeyd edilsə də, bu sərfiyyat aprel ayının 10-u tarixinədək hesablandığı və belə hesablama metodunun ümumi təcrübədə bu şəkildə aparıldığı bildirmişdir. Yəni faktiki olaraq, qaz sərfiyyatı tam təqvim ayı üzrə deyil, bir ayın 10-cu günündən, digər ayın 10-cu gününədək hesablanır. Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsi üzrə rəhbər şəxsləri və mühəndisləri də sözügedən əraziyə baxış keçirmiş və qaz xəttində zədələnmə faktını təsdiq etmişdirlər. Hadisə yerindən təxminən 4 metr məsafədə Qanuni nümayəndə MMC-nin qaz boru xəttində daha bir qırılma hissəsi olduğu aşkarlanmışdır. Şübhəsiz ki, həmin hissədəki qırılma qaz boru xəttinin qazıntılar aparılma zamanı dartılması ilə əlaqədar yaranmışdır. Qeyd edilən zədələrin bərpa edilməsinə 30000 manat məbləğində xərc çəkilmişdir. Nəticə olaraq, qaz xəttinin zədələnməsi nəticəsində 47901 m³ qaz qəza yerindən havaya axmış, Qanuni nümayəndə MMC üçün 11975.25 manat (47901 m3 x 0.25 AZN (ƏDV daxil)) məbləğində əlavə qaz sərfiyyatı xərci yaranmış və görülən qazıntı işləri zamanı qaz boru xəttinin başqa yerdən qırılması nəticəsində 30000 manat məbləğində ziyan dəymişdir. 2024-cü ilin iyul ayında “Azəriqaz” İB Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin, Qanuni nümayəndə MMC tərəfindən qeyd edilən əlavə 11975.25 manat nəzərə alınmaqla borc məbləği ödənilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.
17. 17.10.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh QSC tərəfindən dəymiş zərər – qaz boru xəttinin zədələnməsi və zədə nəticəsində qazın havaya sızması nəticəsində yaranan 45502 manat məbləğin, həmçinin ödənilmiş dövlət rüsumunun, vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmənin 29 avqust 2025-ci il tarixli qərardadı ilə "Azəriqaz" İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia ərizəsinə əlavə izahat ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
20. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
21. 29.08.2025-ci il taixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qaz xəttinin məhz cavabdeh tərəfindən qırılmasını təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh tərəfindən iddiaçının qaz xəttinə müdaxilə olmayıb. Həmin ərazidə cavabdeh tərəfindən qaz xətti çəkilib. Bununla bağlı mübahisə yoxdur. Lakin cavabdehin əməkdaşları iddiaçının xəttini qoruyaraq öz xəttini çəkmişlər.
22. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Azəriqaz” İB-nin nümayəndəsi Əli-zadə Xəyyam Rafiq oğlu izahatında bildirdi ki, qəza barədə onlara hər hansı məlumat verilməmişdir, iddiaçının nümayəndəsi iclas başlamamışdan öncə hadisə barədə tərtib edilmiş akt barədə ona məlumat vermişdir və Azəriqaz İB-nin əməkdaşlarının da aktın tərtib olunması zamanı iştirak etdiyini bildirmişdir. Lakin həmin akt barədə də onlara məlumat verilməmişdir. Müraciət olsa idi, nümayəndələrinin iştirakını təmin edərdilər.
23. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
24. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı qaz kəmərinin cavabdeh tərəfindən zədələnməsi nəticəsində ona zərər dəyməsini iddia etdiyindən, cavabdeh isə iddiaçının qaz kəmərinə hər hansı müdaxilə olmadığına istinad etdiyindən AR MPM-in 77-ci maddəsinə əsasən, boru kəmərinin məhz cavabdehin müdaxiləsi nəticəsində zədələnməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da qaz kəmərinin məhz cavabdeh tərəfindən aparılan qazıntı işləri nəticəsində zədələnməsi faktını məhkəmədə sübuta yetirə bilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən qaz boru xəttinə əks dolğu işlərininin icra edilməsi zamanı boru xəttinin zədələnməsi ilə bağlı tərtib olunmuş texniki, qəza aktlarının və hadisəyə dair digər sübutların əldə edilməsi məqsədi ilə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla Azəriqaz İB-yə və ARDNŞ-yə sorğu göndərilmiş, Azəriqaz İB tərəfindən daxil olmuş sorğuya cavab məktubunda iddiaçının ərazisində aparılan qazıntı işlərinin hansı şirkət tərəfindən aparılması və qazıntı işləri aparılarkən qaz xəttinin zədələnməsi ilə bağlı Qanuni nümayəndə MMC tərəfindən “Azəriqaz” İB-yə hər hansı bir rəsmi məlumat daxil olmadığı və qəza hadisəsinin balans mənsubiyyətin sərhəddini təşkil edən sayğacdan sonra baş verdiyi qeyd olunmuşdur. Qeyd edilənlər xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən “Azəriqaz” İB-nin nümayəndəsi Əli-zadə Xəyyam Rafiq oğlunun izahatı ilə də təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, həmin akt birtərəfli qaydada tərtib olunmaqla (aktın tərtib olunmasında cavabdeh tərəfindən hər hansı bir şəxs iştirak etməmişdir) qaz xəttinin cavabdeh tərəfindən zədələnməsi nəticəsinə gəlmək üçün kifayət etmir. Bundan əlavə məhkəmə iclasında iştirak edən Azəriqaz İB-nin nümayəndəsi həmin akt və baş vermiş hadisə ilə bağlı nə Qanuni nümayəndə MMC, nə də Cavabdeh MMC tərəfindən Azəriqaz İB-ə hər hansı bir məlumat təqdim edilmədiyini bildirmişdir. Beləliklə delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu və onun cavabdehin hüquqazidd əməlləri nəticəsində yaranması faktı öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Məhkəmə zərərvurmadan irəli gələn məsuliyyətin yaranması üçün sadalanan 3 şərtin məcmu halda mövcudluğunun tələb olunmasını və qeyd edilən şərtlərdən heç birinin mövcudluğunun araşdırma zamanı təsdiqlənməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən dövlət rüsumu və hüquqi yardım xərci iddiaçıya aid edilməlidir.
25. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci, 1108.1-ci, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 81, 89.3, 107, 119.1-ci maddələrinə istinad etmişdir.
26. İddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
28. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlilllərini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
43. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
44. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
45. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
46. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
47. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 31, 32) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
48. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
49. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 29, 30).
50. İddia tələbini sübuta yetirmək üçün iddiaçı sübuta yetirməlidir ki, boru kəmərinin məhz cavabdehin müdaxiləsi nəticəsində zədələnmişdir; iddiaçı həmin halları təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişdir.
51. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli akt qaz xəttinin cavabdeh tərəfindən zədələnməsi nəticəsinə gəlmək üçün kifayət etmir. Belə ki, akt birtərəfli qaydada tərtib olunmuş, aktın tərtib olunmasında cavabdeh tərəfindən hər hansı bir şəxs iştirak etməmişdir.
52. Eyni zamanda apellyatorun “həmin aktın Ağsu rayon Qaz İstismar İdarəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilməsinin bu faktı təsdiq etməsi barədə” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “Azəriqaz” İB-yə qərardad əsasında sorğu verilmiş və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
53. “Azəriqaz” İB-nin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Qanuni nümayəndə MMC-nin ərazisində aparılmış qazıntı işlərinin hansı şirkət tərəfindən aparılması və qazıntı işləri aparılarkın qaz xəttinin zədələnməsi ilə bağlı nə Qanuni nümayəndə MMC, nə də Cavabdeh MMC tərəfindən “Azəriqaz” İB-nə heç bir rəsmi məlumat təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə iclasında iştirak edən Azəriqaz İB-nin nümayəndəsi həmin akt və baş vermiş hadisə ilə bağlı nə Qanuni nümayəndə MMC, nə də Cavabdeh MMC tərəfindən “Azəriqaz” İBə hər hansı bir məlumat təqdim edilmədiyini bildirmişdir.
54. Kollegiya qeyd edir ki, apellyatorun istinad etdiyi Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda yalnız sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə DN1020mm magistral qaz kəmərinin əks dolğu işlərinin görülməsi faktı təsdiq edilmiş, qaz borusunun zədələnməsi və qaz borusunun məhz Cavabdeh MMC-nin əməkdaşları tərəfindən zədələnməsi barədə isə məktubda heç bir qeyd mövcud deyildir.
55. Digər tərəfdən iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarından müəyyən edilir ki, qaz sızması 7-8 gün aralıqla 2 ayrı vaxtlarda müəyyən edilmişdir. Belə ki, ilk sızıntı müəyyən edildikdən sonra “Azəriqaz” İB tərəfindən qazın verilməsi dayandırılmış, iddiaçının əməkdaşları tərəfindən boru təmir edildikdən sonra (iddiaçının nümayəndəsi təmir-bərpa işlərinin öz əməkdaşları tərəfindən aparıldığını bildirmişdir) qazın verilməsi bərpa edilmiş, 7-8 gün sonra yenidən qaz sızması müəyyən edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 45.000 manat zərər dəydiyini müəyyən etmək mümkün deyildir.
56. Bu baxımdan, iddiaçının istinad etdiyi dəlilləri iddia tələbinin təmin olunması üçün kifayət qədər mötəbər sübut olaraq qəbul oluna bilməz.
57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
58. Kollegiya onu da qeyd edir ki, qaz kəmərinin məhz cavabdeh tərəfindən aparılan qazıntı işlərinin nəticəsində zədələnməsi faktı sübuta yetirilmədiyindən işin nəticəsinə təsir etməyəcəyindən cavabdeh tərəfindən işlərin görülməsi üçün icazələrin alınıb-alınmamasının araşdırılmasına zərurət yoxdur.
59. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
60. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Qanuni nümayəndə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5394/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun, Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.