Məhkəmə qərarları › İş №2-2(103)-138/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-138/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-138/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-370/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.04.2019-cu il tarixli qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC cavabdeh ”Turanlı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 01 iyun 2006-ci il tarixli 18 E saylı kredit müqaviləsi üzrə yaranmış müqaviləsi üzrə 280000 (iki yüz səksən min) ABŞ dolları məbləğində əsas borc, 41004,94 (qırx bir min dörd dollar 94 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 423500 (dörd yüz iyirmi üç min beş yüz) ABŞ dolları olmaqla, cəmi 744504,94 (yeddi yüz qırx dörd min beş yüz dörd dollar 94 sent) ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 30 ABŞ DOLLARİ dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.04.2019-cu il tarixli 2-2(81)-370/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 01 iyun 2006-cı il tarixli 18 E saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik faiz dərəcəsi 18 % olmaq şərti ilə 600000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 17 may 2008-ci il tarixli Əlavə Razılaşmaya əsasən 18 E nömrəli, 01.06.2006-cı il tarixli kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kredit xəttindən istifadə müddəti uzadılaraq, 01 iyun 2009-cu il tarix müəyyən edilmiş, sonradan 01 iyun 2009-cu il tarixli Əlavə Razılaşmaya əsasən 18 E nömrəli, 01.06.2006-cı il tarixli kredit xətt müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kredit xəttindən istifadə müddəti yenidən uzadılaraq 01 iyun 2010-cu il tarix müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun əsas borcu 280000 ABŞ dolları, faiz borcu 41004,94 ABŞ dolları, əldən çıxmış fayda 423500 ABŞ dolları olmaqla, cəmi borc isə 744504,94 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş edir. Cavabdehin dəlilləri ilə bağlı iddiaçı bildirir ki, LPO İddiaçı ASC 09.02.2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş və yalnız 13.04.2017-ci ildə Əmanətlərin Sığortalanması Fondu sonuncunun ləğvedicisi təyin edilmişdir. Ona görə də, iddia müddətinin axımı məhz bu tarixdən başlanaraq hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair əlavənin şərtlərinə görə kreditdən istifadə müddəti 01 iyun 2010-cu il tarixdə başa çatır. Hazırkı iddia ərizəsi isə 05.12.2018-ci il tarixdə, yəni 01 iyun 2010-cu il tarixdən hesablanmaqla 8 il 6 ay keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 01 iyun 2010-cu il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini (əksinə hesabdan çıxarışa və məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatına əsasən sonuncu ödəniş 2009-cu ildə edimişdir), yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş bütün bildirişlərin geri qaytarıldığını və cavabdehin məhkəmə iclası barədə məlumatlı olmasının hər hansı sübutla təsdiq olunmadığını nəzərə alaraq kollegiya hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsində deyil, apellyasiya icraatında verilməsi həmin ərizənin baxılmasına və iddia müddətinin tətbiq edilməsinə maneə yaratmır. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. İddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının dəlilləri isə əsassızdır. Belə ki, bankın ləğvedicisi kredit müqaviləsi üzrə tərəf deyil, müflis elan edilmiş bankı təmsil edən nümayəndədir. Ona görə də, iddia müddəti axımı müqavilə üzrə tərəf və onun nümayəndəsi üçün ayrı-ayrılıqda hesablana bilməz. Bundan başqa, yuxarıda qeyd olunanlardan da müəyyən olunur ki, iddia müddətinin axımı İddiaçı ASC müflis elan edilməmişdən və ləğvedicisi təyin edilməmişdən 3 il əvvəl, yəni 01.06.2013-cü ildə artıq başa çatmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-370/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.04.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh ”Turanlı” MMC-yə qarşı "xxxx" MMC-dən 01 iyun 2006-ci il tarixli 18 E saylı kredit müqaviləsi üzrə yaranmış müqaviləsi üzrə 280000 (iki yüz səksən min) ABŞ dolları məbləğində əsas borc, 41004,94 (qırx bir min dörd dollar 94 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 423500 (dörd yüz iyirmi üç min beş yüz) ABŞ dolları olmaqla, cəmi 744504,94 (yeddi yüz qırx dörd min beş yüz dörd dollar 94 sent) ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar