Məhkəmə qərarları › İş №2-2(103)-138/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-138/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-138/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi" tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-2-2(113)-700/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 5 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 13.726,55 manat - bundan 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.407,12 manat və iş üzrə ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin Cavabdeh (bundan sonra – “cavabdeh”) tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 aprel tarixli e-2-2(113)-700/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan əvvəlki icraatlar: İddiaçı 2022-ci il 23 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2- 2(103)- 607/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ƏSF 2022-ci il 15 sentyabr tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)- 702/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)- 607/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatları: Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş mаtеriаllаrını və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. AR MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əsasən, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********98 saylı xx.xx.2021ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabından çıxarışına əsasən xx.xx.2015-ci il tarixdə onun hesabına 15000 manat bank tərəfindən kredit verilib və cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edib. Bundan başqa X1 kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən cavabdehə 15000 manat məbləğində bank tərəfindən kredit borcunun əsas qalıq borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın təsirinə düşüb və restrukturizasiya olunması üçün təklif olunan kreditlərin siyahısına daxil edilib. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə tələb irəli sürsə də, məhkəməyə yalnız hesabdan çıxarış təqdim etmiş, istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsini və 15000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən kassa məxaric orderi məhkəməyə təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı tələbində kredit müqaviləsinə əsasən Cavabdeh 18 sentyabr 2015-ci il tarixdə 36 ay müddətinə illik 6%-la 15000 manat məbləğində kredit verilməsini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. AR Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumata istinad etmiş və həmin portalın fəaliyyətinə məsul olan müvafiq dövlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilibedilməməsini təkrar apelyasiya baxışı üçün araşdırılmalı olan məsələ qismində vurğulamışdır. Məhkəmənin soröusuna cavab olaraq AR Mərkəzi Bankı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 6-1-16/2-410/2023 saylı məktubla bildirilmişdir ki, “... Mərkəzi Bankda kredit təşkilatları ilə onların müştəriləri arasında bağlanmış kredit müqavilələri toplanılmır. Həmçinin, qeyd olunur ki, yuxarıda qeyd edilən sənədlərin ısilləri kredit təşkilatlarında saxlanıldığından həmin sənədlərlə bağlı məlumatların sorğu edilməsi üçün müvafiq kredit təşkilatlarına müraciət oluna bilər.” Göründüyü kimi, AR Mərkəzi Bankı da kredit müqaviləsinin əslinin iddiaçı kredit təşkilatında saxlandığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 15000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağlanmalı, həmçinin hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtlər razılaşdırılmalıdır. Lakin, istinad edilən kredit müqaviləsi nə əvvəlki məhkəmə baxışları, nə də təkrar apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... iddia müddəti təqbiq etmək üçün kredit müqavilənin bağlandığı tarix və qüvvədə olma müddəti bəlli olmalıdır, halbuki hazırki iş üzrə sözügedən müddətləri əks etdirən mötəbər sübut olan müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir.” Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-2-2(113)-700/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar