Məhkəmə qərarları › İş №2-2(103)-1381/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1381/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1381/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "Oscar Building and Construction" MMCyə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi, sübutetmə, estoppel prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "Oscar Building and Construction" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2583/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icarəyə verən) "Oscar Building and Construction" MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən bu müqaviləyə 1 nömrəli Əlavədə göstərilən avtomobil və texnikaları “İcarəçi”nin müvəqqəti istifadəsinə verir, “İcarəçi” isə icarə haqqını “İcarəyə verənə” ödəyir.

3. Müqaviləyə 1 nömrəli Əlavə ilə X1 təsdiq edilmişdir.

4. Protokola əsasən tərəflər icarəyə verilən avtomobil və texnikaların tipi, markası və aylıq icarə haqqı barədə razılığa gəlmişlər.

5. Müqavilə və 1 nömrəli Əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDU seriyalı 816598 nömrəli dəyəri 29.545,38 manat, xx.xx.2023-cü il tarixli EBDW seriyalı 004917 nömrəli dəyəri 39.393,85 manat, xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00050189 nömrəli dəyəri 22.238,46 manat, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00286562 nömrəli dəyəri 22.932,12 manat, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11564373 nömrəli dəyəri 16.661,42 manat olan elektron qaimələr göndərilmişdir.

7. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən tərəflər xx.xx.2024-cü il tarixinə "Oscar Building and Construction" MMC-nin Azital İnşaat MMC-nin ƏDV xaric 52.400 AZN borcu olduğunu təsdiq etmişlər.

8. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli (üzləşmə aktının imzalanmasından sonra) ödəniş sənədlərindən məlum olur ki, cavabdeh tərəfindən müvafiq olaraq ƏDV xaric 12.400 manat və 6.446,15 manat məbləğində ödənişlər edilmişdir.

Məhkəmə icraatları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC cavabdeh "Oscar Building and Construction" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsyliyyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli 023/23 №-li İcarə müqaviləsinə görə ödənilməli olan ƏDV xaric 33 553,85 manat (ƏDV daxil 39 593,54 manat) məbləğində icarə haqqının, ƏDV xaric 46 776,71 (ƏDV daxil 55 196,52 manat) cərimənin, iddia ərizəsi ilə bağlı ödənilmiş 375,00 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitələrinin icarəsinə dair 023/23 №-li İcarə müqaviləsi bağlanmışdır. Nəqliyyat vasitələri Cavabdeh MMC-yə təhvil verilmiş, müqavilənin 4.5-ci maddəsinə müvafiq olaraq icarə müddəti başa çatdığından 2024-cü ilin aprel ayının sonunda geri qaytarılmışdır. Ötən müddət ərzində icarə haqqı olaraq ƏDV xaric 77.269,23 manat ödəniş edilmişdir. Tərəflər arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən qeyd edilən tarixə qalıq borc məbləği ƏDV xaric 52.400,00 manat təşkil etmişdir. Üzləşmə aparıldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ƏDV xaric 12.400,00 manat, xx.xx.2024-cü il tarixdə isə ƏDV xaric 6446,15 manat ödəniş edilmişdir. Hazırda ƏDV xaric 33.553,85 manat icarə haqqı ödənilməmiş qalmaqdadır.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

13. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 39.593 (otuz doqquz min beş yüz doxsan üç) manat, cərimə borcu üzrə 2.000 (iki min) manat olmaqla ümumilikdə, 41.593 (qırx bir min beş yüz doxsan üç) manat məbləğində pulun "Oscar Building and Construction" MMC-dən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 214 (iki yüz on dörd) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pulun "Oscar Building and Construction" MMC-dən tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli (üzləşmə aktının imzalanmasından sonra) ödəniş sənədlərindən məlum olur ki, cavabdeh tərəfindən müvafiq olaraq ƏDV xaric 12.400 manat və 6.446,15 manat məbləğində ödənişlər edilmişdir.

17. Məhkəmə xüsusilə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.

18. Belə olan halda Məhkəmə hesab etmişdir ki, 33.553,85 (52.400-18.846,15) manat əsas borc və ƏDV borcu daxil olmaqla, ümumilikdə 39.593 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

19. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarə haqqının ödənişində gecikmələrə yol verərsə, icarəçi gecikdirilən hər gün üçün icarəyə verənə ödənişi gecikdirilən məbləğin 0,5%-i miqdarında cərimə ödəyəcək.

20. Məhkəmə hesab etmişdir ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

21. Məhkəmə qeyd etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 214,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1, 467, 675, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "Oscar Building and Construction" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsaslandırma hissəsində sadəcə sübutları sadalamaqla kifayətlənmiş, təhvil-təslim aktları olmadan yalnız qaimələr və kim tərəfindən imzalanması belə məlum olmayan üzləşdirmə aktı əsasında qətnamə qəbul edilmişdir. Bundan əlavə yalnız bir hazırlıq və bir baxış iclası keçirməklə böyük məbləği əhatə edən iddia tələbini əlavə araşdırma aparmadan qismən təmin etmişdir. Yalnız bir hazırlıq və bir baxış iclasından ibarət məhkəmə prosesində işin halları tam araşdırılmamışdır. Qısa müddət ərərzində isə cavabdeh məhkəmə iclaslarının keçirilməsindən məlumatlı olmamışdır. Qətnamənin 21-ci bəndində isə məhkəmə xüsusilə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. 18-ci bəndində xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən borcun olduğunun təsdiq edildiyini qeyd etsə də, üzləşmə aktının mötəbərliyi araşdırılmamışdır. Belə ki, həmin üzləşmə aktında hüquqi şəxslərin təmsilçiləri qeyd olunmamış yalnız rəhbər qrafasının yanından çəkilən imzaların belə kimə məxsus olduğu dəqiq müəyyənləşdirilmədən qətnamə qəbul edilmişdir. Nəticədə məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozularaq qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

26. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

29. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

38. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

39. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

40. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

41. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

42. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

43. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

44. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissədə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

55. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir, bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

57. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

58. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

59. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasını müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 32, 33, 34).

61. Yuxarıda göstərilən istiqamətdə hüquqi dəyərləndirmə aparan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə icarə müqaviləsidir.

62. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı (icarəyə verən), icarə predmetini icarəçiyə təhvil verdiyini və icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini sübut etməlidir; cavabdeh (icarəçi) isə iddiaçıya (icarəyə verənə) borcunun qalmadığını sübut etmək vəzifəsi daşıyır.

63. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

64. Kollegiya apellyatorun “icarə predmetinin təhvil verilməsi barədə iş materiallarında sübut olmaması barədə” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf hər nə qədər icarə predmetinin (texnikanın) təhvil verilmədiyini və buna dair aktın olmadığını iddia etsə də, bu iddia tərəflər arasındakı faktiki hərəkətlərlə təkzib olunur.

65. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edilərək xx.xx.2023-cü il tarixli EBDU seriyalı 816598 nömrəli dəyəri 29.545,38 manat, xx.xx.2023-cü il tarixli EBDW seriyalı 004917 nömrəli dəyəri 39.393,85 manat, xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00050189 nömrəli dəyəri 22.238,46 manat, xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00286562 nömrəli dəyəri 22.932,12 manat, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11564373 nömrəli dəyəri 16.661,42 manat olan elektron qaimələr göndərilmişdir.

66. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15.000 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən EBDU seriyalı 816598 nömrəli elektron qaimə üzrə 7.300 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən EBDU seriyalı 816598 nömrəli elektron qaimə üzrə 2738,46 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsaəsn EBDW seriyalı 004917 nömrəli elektron qaimə üzrə 10.000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsaəsn əsaəsn EBDW seriyalı 004917 nömrəli elektron qaimə üzrə 5.000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən əsaəsn EBDW seriyalı 004917 nömrəli elektron qaimə üzrə 18.384,62 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən MT2402 seriyalı 00050189 nömrəli elektron qaimə üzrə 12.400 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən MT2402 seriyalı 00050189 nömrəli elektron qaimə üzrə 6.446,15 manat ödəniş edilmişdir.

67. İşin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh icarə müqaviləsi üzrə göndərilmiş elektron qaimələrə etiraz və ya düzəliş edilməsi üçün hər hansı bir müraciət etməmiş, elektron qaimələr üzrə ödənişlərin bir qismini həyata keçirmişdir.

68. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən icarə haqqlarının bir qismi üzrə ödənişlər həyata keçirməsi onun həmin xidməti/icarəni qəbul etdiyinə dair konkludent hərəkət (iradə nümayişi) hesab olunur. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən texnikaların təhvil alınmamasına baxmayaraq müqaviləyə istinad edərək ödəniş etməsi məntiqə ziddir.

69. Digər tərəfdən xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən tərəflər xx.xx.2024cü il tarixinə "Oscar Building and Construction" MMC-nin Azital İnşaat MMC-nin ƏDV xaric 52.400 AZN borcu olduğunu təsdiq etmişlər.

70. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, üzləşmə aktı cavabdehin direktoru tərəfindən imzlanaraq MMC-nin möhürü ilə təsdiq edilmiş, cavabdeh isə üzləşmə aktındakı imza və möhürü mübahisələndirməmişdir.

71. Digər tərəfdən üzləşmə aktından sonra xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş sənədlərindən məlum olur ki, cavabdeh tərəfindən müvafiq olaraq ƏDV xaric 12.400 manat və 6.446,15 manat məbləğində ödənişlər edilmişdir.

72. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilə əsasında göndərilmiş elektron qaimələr üzrə ödənişlər edib daha sonra icarə predmetinin təqdim edilməsini təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

73. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

74. Apellyatorun, apellyasiya şikayətinin bir dəlili də məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.

75. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).

76. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

77. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 48).

78. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVİS kabinetinə yerləşdirilmiş və hüquqi ünvanına göndərilmişdir.

79. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

80. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "Oscar Building and Construction" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2583/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar