Məhkəmə qərarları › İş №2-2(103)-1383/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1383/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1383/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə borcun tutulması, müqaviləyə vaxtından əvvəl xitam verilməsi, çəkişmə prinsipi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-2547/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı QSC ilə kredit alan - Cavabdeh1 və zaminlər - Cavabdeh2, X1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002L**********28 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən ******* (beş yüz min) manat məbləğində kredit xətti açılmış, zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti, kredit alanla birlikdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu müqaviləyə əsasən cavabdehə - kredit alana vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtləri hər dəfə müqavilənin şərtləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir.

2. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.

3. Müqavilənin 11.3 və 11.4-cü bəndlərinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxii olmaqla, kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür.

4. Müqavilənin 11.5-ci bəndinə əsasən müqavilə üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə bank, hər gecikdirilən gün üçün müvafiq kredit məbləğinin qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq zaminin bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini zamindən tələb edir.

5. Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

6. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 20% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat kredit verilməsi razılaşdırılmışdır.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli kreditin verilməsiköçürmə adlı sənəddən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1nın bank hesabına 40000 manat vəsait köçürülmüşdür. Sənəd tərəflərin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarşılıqlı razılaşmaya uyğun tərtib edilmiş ödəniş planına əsasən müqavilə üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixinə qədər 40000 manat əsas, 13729,64 manat faiz olmaqla, ümumilikdə 53729,64 manat ödəniş etmək barədə öhdəlik götürmüşdür.

10. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 002R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan, bank ilə kredit alan arasında xx.xx.2022-ci il tarixli, 002L**********28 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə bağlanmış 002R********** saylı kredit sazişi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. Saziş tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 002R**********S nömrəli sazişə əsasən tərtib edilmiş ödəniş planına əsasən müqavilə üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixinə qədər 29231,64 manat əsas, 6854,78 manat faiz olmaqla, ümumilikdə 36086,42 manat ödəniş etmək barədə öhdəlik götürmüşdür.

12. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 002R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə olan borcu 19775,34 manat əsas borc, 1332,65 manat faiz borcu, 427,15 manat cərimə borcu olmaqla, ümumilikdə 21535,14 manat təşkil edir (gecikdirilmiş günlərin sayı -108 gün).

13. İddiaçı QSC-nin Cavabdeh1 Cavabdeh2, X1 və Cavabdeh3 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə borcun xx.xx.2025-ci il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2506 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixə olan borcu 19509,8 manat əsas, 1192,27 manat faiz borcu olmaqla, ümumilikdə 20702,07 manat, xx.xx.2025-ci il tarixə 19509,8 manat əsas, 1474,07 manat faiz borcu olmaqla, ümumilikdə 20983,87 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 002R********** saylı krеdit razılaşması üzrə 19775,34 manat krеdit bоrcu, 1332,65 manat faiz bоrcu və 427,15 manat cərimə borcu olmaqla, ümumilikdə 21535,14 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154,61 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, X1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002L**********28 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 bankdan İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli, 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli, 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 20224,66 manat ödəmiş, onun 19775,34 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 108 gün üçün hesablanmış faiz borcu 1332,65 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 108 gün üçün hеsablanmış cərimə 427,15 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

17. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53 maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin azaldılaması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 19775,34 manat məbləğində kredit borcu, 1332,65 manat məbləğində faiz borcu və 427,15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21535,14 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154,61 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, X1 cavabdehlər siyahısından çıxarılmışdır.

18. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 19509,80 manat (on doqquz min beş yüz doqquz manat səksən qəpik) əsas borc, 1192,27 manat (min yüz doxsan iki manat iyirmi yeddi qəpik) faiz borcu, 427,15 manat (dörd yüz iyirmi yeddi manat on beş qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151,70 manat (yüz əlli bir manat yetmiş qəpik) olmaqla, ümumilikdə 21280,92 manat (iyirmi bir min iki yüz səksən manat doxsan iki qəpik) məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 98,10 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 1,90 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, cavabdehlərin alınan pul vəsaitini, faizləri borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2506 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 19509,80 manat (on doqquz min beş yüz doqquz manat səksən qəpik) əsas borc və 1192,27 manat (min yüz doxsan iki manat iyirmi yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, ekspert rəyində Cavabdeh1nın İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixə 19509,8 manat əsas, 1192,27 manat faiz borcunun olduğu qeyd edilmişdir. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 427,15 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin tutulmasını tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 427,15 manat (dörd yüz iyirmi yeddi manat on beş qəpik) cərimə iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 151,70 manat (yüz əlli bir manat yetmiş qəpik) iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

24. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun 98,10 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 1,90 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

25. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 462.1, 465.1, 470, 472, 739-cu maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 115.0.1, 119.1, 218.3-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 biznes fəaliyyətində son vaxtlar müəyyən çətinliklər olmuş, cavabdehin maddi vəziyyəti son dərəcə ağırlaşmış, krediti götürərkən qarşıya qoyulan məqsədə çata bilməmiş, bizneslərini uğurlu şəkildə inkişaf etdirə bilməmiş və maliyyə böhranı ilə üzləşmişlər. Bu səbəbdən müqavilə üzrə öhdəliklərini ödəmə cədvəli üzrə vaxtında yerinə yetirə bilməmişdir. Cavabdeh1 banka dəfələrlə şifahi müraciət edərək müqavilə müddətinin uzadılmasını, ödəniş cədvəlinə yüngülləşdirici şərtlərlə dəyişiklik edilməsini xahiş etsə də, bank tərəfindən bu müraciətlər nəzərə alınmamışdır. Halbuki ödəniş cədvəlinə aylıq məbləğlər və müddət baxımından mülayim dəyişikliklər edilsəydi, cavabdehin maliyyə vəziyyəti yaxşılaşar və öhdəliyin icrası mümkün olardı. Lakin iddiaçı təşkilat nəinki güzəşt tətbiq etməmiş, əksinə, faiz və cərimələrin də tutulmasını tələb etmişdir. İşə baxan məhkəmə isə həmin faiz və cərimələri cavabdehlərdən iddiaçının xeyrinə tutmuşdur. Həmin qətnamə qanuni və əsaslı deyildir, bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də həmin qətnamə ləğv edilməlidir. Bundan əlavə, işə baxan məhkəmə tərəflər arasında bağlanılan kredit sazişinə əlavə edilən ödəniş planına da düzgün hüquqi qiymət verməmiş, bununla da AR Mülki Məcəlləsinin 427-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin ödəniş planına uyğun olaraq cavabdeh xx.xx.2022-ci il tarixdə götürülən kredit məbləğini və ona hesablanan faizləri 36 ay müddətinə qaytarmalı idi. Lakin iddiaçı həmin müddət çatmamış hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və kreditin qaytarılmasını tələb etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsində göstərilmişdir: «Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər». İşdən göründüyü kimi, öhdəliyin icra müddəti xx.xx.2025-ci ilə kimi müəyyən edilib. İddiaçı isə hələ xx.xx.2025-ci ildə, müddətin bitməsinə 10 ay qalmış cavabdehlərə xəbərdarlıq məktubu göndərmiş, daha sonra dərhal məhkəməyə müraciət etmişdir. Deməli, iddiaçının həmin müddətə qədər cavabdehdən kredit məbləğini tələb etməsi qanuni və əsaslı olmamışdır. Lakin məhkəmə bu halları nəzərə almamış və maddi hüquq normasının tələblərini pozmuşdur. İşə baxan məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qızının məhkəmədə iştirakını təmin etmədən, onları dindirmədən qətnamə qəbul etmiş, bununla da MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bununla bağlı olaraq bildiririk ki, məhkəmə kredit məbləğinin qaytarılması müddəti bitmədən onun iddiaçı tərəfindən tələb edilməsi məsələsini düzgün qiymətləndirməmiş, kredit borcunun vaxtında və tam olaraq qaytarılmamasının səbəblərini araşdırmamışdır. Bundan başqa, işə baxan məhkəmə cavabdehin ödəniş imkanlarını araşdırmadan faiz və cəriməni də cavabdehdən tutmuş, bununla da ədalətsiz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

29. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

35. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

36. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

37. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

41. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

42. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

45. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin baxış predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmiş, Cavabdeh1 faktiki olaraq qətnaməni həmin hissədə mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

58. Apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarı)

59. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

60. Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır.

61. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.

62. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı)

63. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002L**********28 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu/overdraft borcunu, kredit faizini/overdraft faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə bilər.

64. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2506 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixə olan borcu 19509,8 manat əsas, 1192,27 manat faiz borcu olmaqla ümumilikdə 20702,07 manat, xx.xx.2025-ci il tarixə 19509,8 manat əsas, 1474,07 manat faiz borcu olmaqla, ümumilikdə 20983,87 manat borcu müəyyən edilmişdir.

65. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

66. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehlər öhdəliyini pozmuşdur. Belə olan halda iddiaçı bank kredit müqaviləsindən birtərəfli imtina edərək müqavilə üzrə bütün borcu tələb etməkdə haqlı olmuşdur.

67. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar öhdəliyini icra edə bilməmiş, bank tərəfindən isə cavabdehin maddi mənafeyi nəzərə alınmamışdır.

68. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

69. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Lakin iş materiallarında borclunun kreditora bu barədə məlumat verməsini təsdiq edən sübut mövcud deyil.

70. İstinad edilən normalara əsasən apellyatorun maddi vəziyyətinin pisləşməsi öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda kreditdən istifadəyə görə borcun ödənilməsi öhdəliyinə xitam olunmamışdır.

71. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

72. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

73. Apellyatorun mülki qanunvericiliyin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 50).

74. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin ünvanına göndərilmişdir.

75. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, apellyatorun məhkəmə icraatı barədə məlumatı olmuş və məhkəmə iclasında iştirak edərək borcu qəbul etmişdir.

76. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəflərin iştirakının təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmişdir.

77. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

78. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

79. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2547/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar