Məhkəmə qərarları › İş №2-2(103)-1394/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1394/2021

02.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1394/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2871/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-2871/2021 nömrəli qətnaməsi ilə iddiaçı "X3" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-2871/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 03.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qətnamənin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilməsini qeyd etsə də, onun məhkəmə portalında şəxsi kabineti yoxdur və olmayıb. Bundan başqa Nümayəndə2 hüquqi şəxsin qanuni təmsilçisi deyil, o yalnız məhkəmə proseslərində etibarnamə əsasında cavabdehin nümayəndəsi qismində iştirak edib. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-2871/2021 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 13.08.2021-ci il tarixdə saat 17:49-da cavabdehin nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş və həmin nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti 25 oktyabr 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 15 oktyabr 2021-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 25 oktyabr 2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, Nümayəndə2 "xxxx" MMC-nin işçisi kimi etibarnamə əsasında onu təmsil edən səlahiyyətli nümayəndədir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində də təsbit olunmuşdur ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Eyni zamanda həmin Məcəllənin 10-1.3cü maddəsində təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Hazırki işdə də Nümayəndə2 cavabdehi nümayəndə kimi birinci instansiya məhkəməsində təmsil etmiş, o cümlədən qətnamə qəbul ediləndən sonra da ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi sonuncu cavabdehi səlahiyyətli nümayəndə kimi təmsil etməkdə davam etmiş və hazırki apelyasiya baxışı zamanı da bütün məhkəmə sənədləri onun elektron kabinetinə yerləşdirilərək, ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Eyni zamanda o, cavabdehin səlahiyyətli nümayəndəsi kimi hazırki işlə bağlı onun elektron kabinetinə daxil olan bütün yeni məlumat və sənədləri daim izləməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin 9.2.3-cü bəndinə əsasən sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək İnformasiya sistemi iştirakçılarının vəzifəsidir. Bundan başqa “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, qətnamə 13.08.2021-ci il tarixdə sistemə yüklənmiş, elə həmin tarixdə də avtomatik olaraq nümayəndənin elektron kabinetinə yerləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2871/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar