Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-140/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı istehsalat kommersiya firmasının Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4776/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 22.01.2019-cu il tarixli MXD-10574 nömrəli akt əsasında ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə 040732 nömrəli müqavilə üzrə ona məxsus abonent koduna hesablanmış 16.344 manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Cavabdeh balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən, reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 22.01.2019-cu il tarixli MXD-10574 nömrəli inventar aktına görə, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə quraşdırılan smartkart tipli su sayğacından keçməyən D=40 mm boru vasitəsilə çəkilmiş kənar xətt aşkarlanmışdır. Akt əsasında tərtib edilmiş 07.02.2019-cu il tarixli 040732 nömrəli Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən, qeyri-qanuni istifadə edilən su borusunun diametri 40 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində cavabdehə dəymiş zərərin əvəzi olaraq iddiaçıya 16.344 manat məbləğdə borc hesablanmışdır. Abunə haqqında məlumatlara görə, abonent iddiaçının sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2021-ci ilin sentyabr ayının sonuna borcu 27.332,02 manat təşkil edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan su sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 22.01.2019-cu il tarixli MXD-10574 nömrəli inventar aktı iddiaçının nümayəndəsi tərəfindən imzalanmamışdır. Su təchizatı sisteminə cari baxışın iddiaçının razılığı ilə həyata keçirildiyi fərz olunan halda isə, bu baxış da, sonda yoxlama aktının tərtib edilməsi və sanksiyaların tətbiqi ilə nəticələndiyi üçün, birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qanun hətta yoxlamanın nəticəsində akt tərtib edilməsə və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Digər tərəfdən, su təchizatı sisteminə cari baxışa iddiaçının razılıq verməsi güman olunan halda da bu razılıq onun adıçəkilən Qanunun verdiyi təminatlardan imtina etməsi anlamına gəlmir. İddiaçının hazırkı iddianı qaldıraraq, məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də onu göstərir ki, o, sözügedən təminatlardan irəli gələn hüquqlarından imtina etmək fikrində olmamışdır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4776/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-140/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-140/2022
10.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver