Məhkəmə qərarları › İş №2-2(103)-140/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-140/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-140/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 555/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı LPO Cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.319,57 manat əsas, 1100.80 manat faiz, 899.06 manat cərimə, hesablanmış 1407.12 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat dövlət rüsumunun, ümumilikdə 13.726,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-555/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.319,57 manat əsas borc, 1.100,80 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat dövlət rüsumu, ümumilikdə 11.651,57 manat pulun tutularaq iddiaçı iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan əvvəlki icraatlar: Cavabdeh 2022-ci il 26 aprel tarixində apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2- 2(103)-582/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçının cavabdehə qarşı iddia tələbi rədd edilmişdir. İddiaçı 2022-ci il 13 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)- 707/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 2-2(103)-582/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatları: Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş mаtеriаllаrını və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan: - Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Bank”) 2015-ci il 30 oktyabr tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 75 manat, 1 dekabr tarixli qəbzlərə əsasən, 40 manat və 75 manat, 2016-cı il 13 yanvar tarixli qəbzlərə əsasən, 125 manat, 2 fevral tarixli qəbzə əsasən, 125 manat, 2 mart tarixli qəbzə əsasən, 125 manat, 4 aprel tarixli qəbzə əsasən, 75 manat, 19 may tarixli qəbzə əsasən, 250 manat, 17 iyun tarixli qəbzə əsasən, 250 manat, 21 iyul tarixli qəbzə əsasən, 250 manat, 19 avqust tarixli qəbzlərə əsasən, 200 manat, 22 sentyabr tarixli qəbzə əsasən, 250 manat, 17 noyabr tarixli qəbzə əsasən, 250 manat, 14 dekabr tarixli qəbzə əsasən, 225 manat, 2017-ci il 18 yanvar tarixli qəbzə əsasən, 200 manat, 16 fevral tarixli qəbzə əsasən, 250 manat, 3 aprel tarixli qəbzə əsasən, 250 manat, 13 aprel tarixli qəbzə əsasən, 350 manat, 15 may tarixli qəbzə əsasən, 400 manat, 8 iyun tarixli qəbzə əsasən, 300 manat, 19 iyul tarixli qəbzə əsasən, 300 manat, 21 avqust tarixli qəbzə əsasən, 350 manat, 3 oktyabr tarixli qəbzə əsasən, 250 manat, 18 oktyabr tarixli qəbzə əsasən, 350 manat, 17 noyabr tarixli qəbzə əsasən, X1 tərəfindən 400 manat, 20 dekabr tarixli qəbzə əsasən, Əliyev Zaur tərəfindən 150 manat, 2018-ci il 15 fevral tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 250 manat, 19 mart tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 150 manat, 27 aprel tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 150 manat, 22 may tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən 100 manat, 2019-cu il 27 fevral tarixli qəbzə əsasən, 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. - Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 2015-ci il 30 oktyabr tarixindən 2019-ci il 27 fevral tarixinədək olan dövr üzrə müvafiq ödənişlər edilmiş, son olaraq 2019-cu il 27 fevral tarixində 50 manat məbləğində ödəniş həyata keçirilmişdir. - Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2022-ci il 12 aprel tarixində təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 2015- ci il 30 oktyabr tarixindən 2019-cu il 27 fevral tarixinədək əsas borc məbləğindən 4.680,43 manat, faiz borcundan 1.994,57 manat olmaqla, ümumilikdə 6.675 manat məbləğində ödəniş həyata keçirilmişdir. - Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2021-ci il 14 iyun tarixində Cavabdeh1 **********198 nömrəli bildiriş ünvanlanaraq, 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsi üzrə 13.726,55 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-ci il 26 noyabr tarixli A:-013/2021 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, yeri və saatı barədə 9 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. İşin faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə cavabdehdən 10.319,57 manat əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat dövlət rüsumu məbləğinin tutulması hissəsində əsaslı olsa da, 1.100,80 manat faiz borcunun tutulması hissəsində əsaslı olmamışdır. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MM-in 405.2.-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh1 ilkin olaraq hazırki iş üzrə iddia müddətinin ötürüldüyünü, bundan əlavə onun bankdan götürdüyü kreditin məbləğinin 15000 manat deyil 5000 manat və illik faiz dərəcəsinin 6% -dan az olduğunu, götürülmüş kredit məbləği üzrə ödənişlərin tam olaraq icra edildiyini və banka ödəniləcək borc məbləğinin olmadığını iddia edir. İddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.2015-ci il tarixli, **********014710000 nömrəli kredit müqaviləsini məhkəməyə təqdim edə bilməsə də, işin hallarından məlum olur ki, həqiqətən də tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-xx.xx.2019-cu il tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, xx.xx.2019-cu il tarixdə edilən ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə qeyd edilən məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməyi təklif etsə də, o yalnız nümayəndəsinin iştirakı ilə kifayətlənmiş, məhkəmə iclasında özününü iştirakını təmin etməmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımı səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Bundan əlavə ödəniş qəbzlərindən görünür ki, ödənişlərin böyük hissəsi cavabdehin özü tərəfindən həyata keçirilmiş, ayrı-ayrı vaxtlarda X1 və Əliyev Zaur adlı şəxslər tərəfindən də ödənişlər edilərək, ödəniş qəbzləri sözügedən şəxslər tərəfindən imzalanmışdır. Cavabdeh digər ödəniş qəbzlərini deyil, yalnız sonuncu ödəniş olan qəbzi, yəni xx.xx.2019-cu il tarixli qəbzi mübahisələndirmişdir. Halbuki, həmin qəbzdə ödəniş edən şəxs qismində Cavabdeh1 adı qeyd edilmişdir. Digər tərəfdən, cavabdeh sözügedən ödənişlərin digər kredit müqaviləsi üzrə həyata keçirildiyini bildirsə də, onun bununla bağlı hər hansı tutarlı sənədi, o cümlədən digər kredit müqaviləsinin özünü məhkəməyə təqdim etməsi iş materialları ilə öz təsdiqini tapmır. Halbuki öz dediklərini sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə əsasən, məhz cavabdehin üzərinə düşür. Cavabdeh1 müqavilədən irəli gələn vəzifəsini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. AR MM-in 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə icra edildiyindən, iddiaçı tərəfindən isə qanunvericiliklə müəyyən olunmuş 3 il müddət ötürülmədən, yəni xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət olunduğundan, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. AR MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Cavabdehin digər mövqeyi isə ondan ibarətdir ki, kredit müqaviləsi üzrə kredit məbləği 5000 manat, faiz dərəcəsi ilə isə 6% dan az təşkil etmiş və bütün ödənişlər tərəfindən icra edilmişdir. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə də razılaşmır. Belə ki, hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh1 hesabına bank tərəfindən ümumilikdə 15000 manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə maliyyə arayışından məlum olur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 6675 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, kredit məbləği cavabdeh tərəfindən qəbul olunduğundan və kredit və faizlərin bir hissəsi Cavabdeh1 tərəfindən ödənildiyindən, cavabdehin kredit müqaviləsi üzrə hüquq və vəzifələrinin müqavilənin bağlandığı andan əmələ gəlməsinə səbəb olduğundan kredit müqaviləsi üzrə tələb edilən 10,319.57 manat məbləğində əsas borc hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun olaraq cavabdehin əsas borcla yanaşı 1100.80 manat məbləğində faiz borcunu da ödəməli olduğu qənaətinə gəlmişdir. Kollegiya bu hissədə iddia tələbinin təmin edilməsinin əsassız olduğunu hesab edir. Belə ki, kredit müqaviləsinin faktiki təqdim edilməməsinə baxmayaraq yuxarıda qeyd edilən faktiki hallar (edilmiş ödənişlər və s.) müqavilənin mövcud olmasına dəlalət etmişdir. Lakin, müqavilənin özü və şərtləri məhkəməyə birbaşa təqdim edilmədiyindən, hansı faiz məbləği əsasında borcun hesablanması konkret olaraq məlum deyildir. Belə olan halda, hər hansı dəlil olmadan iddiaçı tərəfindən irəli sürülən faiz məbləğinə dair cavabdehdən pul tutulması əsassızdır. Birinci instansiya məhkəməsi, iddia tələbini 899.06 manat məbləğində cərimənin ödənilməsi hissəsində əsaslı hesab etməmişdir. AR MM-nin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, “penyadan fərqli olaraq, cərimə qanunda və ya müqavilədə dəqiq müəyyən edilmiş və birdəfəlik ödənilən sabit pul məbləğidir. Və hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 899,06 manat cərimə məbləğinin müqavilədə nəzərdə tutulması ilə bağlı müvafiq sübutların mövcud olmadığını nəzərə alaraq bu hissədə iddia tələbini əsassız hesab edir.” Məhkəmə iddia tələbini 1407.12 manat məbləğində ödənilməsi hissəsində əsaslı hesab etməmiş və düzgün olaraq qeyd etmişdir ki, “... iddiaçı tələbini bu hissədə MM-in 445,449-cu maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plennum Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Qeyd edilənlərdən də göründüyü kimi, MM-in 445,449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 10.319,57 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin apelyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qərarının “1100.80 manat məbləğində faiz borcunun cavabdehdən tutulması” hissəsinin ləğv edilməsi qismində əsaslı olduğundan, apelyasiya şikayəti həmin hissədə qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-555/2022 saylı qətnaməsi “1100.80 manat məbləğində faiz borcunun cavabdehdən tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 12 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilərərk, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(113)-555/2022 saylı qətnaməsi qismən - “1100.80 manat məbləğində faiz borcunun cavabdehdən tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar