Məhkəmə qərarları › İş №2-2(103)-141/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-141/2022

29.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-141/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2021 saylı 26 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətdə olan SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin təhvil verilməsi və "xxxx" MMC-yə dəymiş 64000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC-nin mülkiyyətdə olan SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi təmir olunması üçün Cavabdeh MMC-yə 30 avqust 2018-ci ildə təhvil verilmişdir. Belə ki, Grand Motors” MMC və «Kaspi-A İnşaat” MMC arasında olan razılaşmaya əsasən «Kaspi-A İnşaat” MMC-nin mülkiyyətdə olan həmin nəqliyyat vasitəsinin təmiri üçün 30 avqust 2018-ci ildən təmirin dəyərinin tam olaraq ödənilməsinə baxmayaraq, avtomobil qısa bir müddət ərzində təmir olunub təhvil verilməli olsa da, təəssüf ki, avtomobil bu günə qədər şirkətə təhvil verilməmişdir. Hər dəfə müraciət etdikdə müxtəlif bəhanələr gətirmiş, sonuncu dəfə isə 2019-cu ilin dekabr ayının sonunda nəqliyyat vasitəsini qaytarmayacaqları cavabdeh tərəfindən bildirilmişdir. Ona görə də cavabdeh “Grand Motors" MMC-yə xx.xx.2020-ci il tarixində pretenziya məktubu ilə müraciət etmişlər, ancaq buna baxmayaraq, indiyə kimi cavab verilməmişdir. Beləliklə, şirkətin buldozerinin 16 aydan artıq bir müddətdə işləməməsi nəticəsində hər ay şirkətə 4000 manat, ümumilikdə 64000 manat məbləğində maddi ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2021 saylı 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin Cavabdehndən alınaraq İddiaçınə təhvil verilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddianın rədd edildiyi hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kommersiya mübahisəsi üzrə işə birinci instansiya məhkəməsində baxılarkən bütün sübutlar, o cümlədən iddia ərizəsinə yazılı etiraz ərizəsi məhkəməyə təqdim edilmiş, şifahi məhkəmə çıxışlarında bütün məsələlər araşdırılmışdır. Lakin, Bakı Kommersiya Məhkəməsi öz qətnaməsi ilə iddia tələbini qismən edərkən, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və işin hallarını tam şəkildə araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi hissəsini əsaslandırarkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, həqiqətən də tərəflər arasında bağlanmış müqavilələrin müvafiq olaraq 3.6-cı və 4.6-cı bəndlərinin tələblərinə əsasən müəyyən olunmuşdur ki, “İcraçı” tərəfindən, “Sifarişçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus texniki-təmir ərazidə müvafiq texnikaların ödənişlər baş verənə qədər saxlanılması hüququna malikdir. Bakı Kommersiya Məhkəməsi (Z.Axundova) isə qətnaməsini belə əsaslandırmışdır ki, tərəflər arasında işgüzar münasibətlərin olması və iddiaçının cavabdehə borcu olması işin mübahisəsiz halıdır. Lakin, yaranmış borc iddiaçıya məxsus və mübahisə predmeti olan SHANTUİ SD-22 markalı, Az ÖR-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinə görə yaranmamışdır və buna görə də həmin nəqliyyat vasitəsi iddiaçıya təhvil verilməlidir. Bakı Kommersiya Məhkəməsi tərəflər arasında müqavilə şərti olduğuna görə, bu halda Mülki Məcəllənin 468-ci maddəsinin tələblərinin tətbiq edilməməli olduğu qənaətinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə olunmuş müqavilələrin müvafiq şərtlərinə nəzər yetirdikdə birbaşa görünür ki, hazırkı iş üzrə Cavabdeh MMC göstərdiyi xidmətlərə görə ödənişləri ala bilmədiyi təqdirdə, iddiaçıya məxsus müvafiq texnikaları özünə məxsus olan texniki-təmir ərazisində saxlaya bilər. Məhz bu maddənin müqaviləyə salınmasının hüquqi əsasını da Mülki Məcəllənin 468-ci maddəsinin tələbləri təşkil edir. Eyni zamanda, müqavilə şərtlərində göstərilən “müvafiq texnika” anlayışı, “Sifarişçi” (İddiaçı MMC) tərəfindən “lcraçı”nın (Cavabdeh MMC) texniki-təmir ərazisinə gətirilən bütün texnikalara aid edilir. Məhkəmə məhz mübahisə predmeti olan texnikanın təmirinə görə borcun olmaması səbəbindən, həmin texnikanın iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarmaqla, həm tərəflərin öz iradə ifadəsi ilə təsdiq etdiyi müqavilə şərtlərinə, həm də Mülki Məcəllənin 468-ci maddəsinin tələblərinə zidd getmişdir. Belə ki, tərəflər arasında olan borc məbləği hər hansı texnikaya görə yox, tərəflər arasında bağlanmış “Texniki Xidmət” Müqaviləsinə əsasən hesablanır və hesablanmış borc məbləği ayrı-ayrı texnikalara yox, onların mülkiyyətçisi olan sifarişçi təşkilata, konkret bu halda isə İddiaçı MMC-yə hesablanmışdır və İddiaçı MMC öz öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə, Cavabdeh MMC mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olan və Cavabdeh MMC-nin texniki servisinə təmir üçün gətirilmiş müvafiq texnikaların saxlanılması hüququna malikdir. Məhkəmə texnikanın iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarmaqla tərəflərin bərabərlik prinsipilərini kobud şəkildə pozmuşdur. Belə ki, qətnaməyə əsaslansaq belə çıxır ki, İddiaçı MMC həm öz borcunu Cavabdeh MMC- yə ödəmir, həm də sahibkar kimi yaranan öhdəliklərinə görə yaranmış borcuna görə saxlanılan əmlakını geri alır. Məhkəmənin müqavilə şərtlərində qeyd edilən “müvafiq texnika” anlayışını, birmənalı olaraq “hansı texnikaya görə borc yaranıbsa, həmin texnika da saxlanılmalıdır” kimi qəbul etməsi, sadəcə olaraq qanunsuzdur. Belə ki, müqavilə münasibətləri üzrə öhdəliklər xidmət münasibətləridir və borc məbləğləri ayrı-ayrı texnikalar üzrə yox, cəm halında müqavilə və təmir aktları üzrə yaranır. Dolayısı ilə də, iddiaçıya məxsus olan “müvafiq texnika” dedikdə, nəzərdə tutulan anlayışın təmir üçün gətirilən bütün texnikalara aid olduğu aşkardır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-519/2021 saylı 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2021 saylı 26 yanvar 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 496/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 519/2021 saylı 22 iyun 2021-ci il tarixli qətnaməsinin qismən –iddianın təmin edildiyi hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə apellyasiya qaydasında yenidən baxılması son olaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, ekspert rəyinə isə etiraz etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmiş, ekspert rəyinə isə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və ekspert rəyini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edildiyi - “SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin Cavabdehndən alınaraq İddiaçınə təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, hər iki apellyasiya şikayəti təmin edilməmişdir. Bu barədə məhkəmə qətnaməsindən “iddianın təmin edilmədiyi” hissədə iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyi üçün qətnamənin həmin hissəsi qanuni qüvvəsini almış, qətnamədən “iddianın təmin edildiyi” hissəsində yalnız cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilərək, qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi, yəni, “SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin Cavabdehndən alınaraq İddiaçınə təhvil verilməsi” hissəsində yoxlanılır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 063 Rİ-GR saylı 5 sentyabr 2012-ci il tarixli və 0093 Rİ-GM/17 saylı 21 sentyabr 2017-ci il tarixli “Ehtiyat hissələrinin satışı” müqavilələrindən görünür ki, “Satıcı”, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1. Əlavə 2 və s.) göstərilmiş malları “Alıcı”ya satmağı, “Alıcı" isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşlər. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Əlavələr hər iki tərəf onları imzalandıqdan sonra qüvvəyə minəcək və müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcəkdir. TXM00134C saylı 5 sentyabr 2012-ci il tarixli və TXM00052C/17 saylı 23 avqust 2017-ci il tarixli “Texniki Xidmət” müqavilələrindən görünür ki, “Sifarişçi”nin və yaxud “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən “İcraçı” “Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürmüşdür. Həmin Müqavilələrin şərtlərinə görə: 4.1.“İcraçı” hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1 göstərilən texnikaların siyahısı üzrə servis xidməti göstərməli və hər texnika üçün tərtib edilmiş texniki kitabçalarda görülmüş işlər barəsində qeydləri aparmalıdır (2ci bənd). 4.2. “İcraçı” “Sifarişçi”nin təyin etdiyi məsul şəxs və yaxud “Sifarişçi”nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə, o cümlədən zəng ilə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində “Sifarişçiyə” məxsus olan texnikalara texniki xidmət göstərməyi, “Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçı”ya vaxtlıvaxtında ödəməyi öhdəsinə götürür (2.1-ci bənd). “İcraçı” tərəfindən, “Sifariçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda, “İcraçı” ona məxsus olan texniki-təmir ərazidə müvafiq texnikaların ödənişlər baş verənə qədər saxlanılması hüququna malikdir ( 4.6-cı bənd). Tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş 6 iyul 2018-ci il tarixli “Üzləşmə akt”ından görünür ki, tərəflər arasında 2015-2018-ci illər ərzində olmuş qarşılıqlı əlaqələr nəticəsində 2018-ci il 6 iyul tarixinə İddiaçı MMC-nin yaranmış borcu 14.100,67 manat təşkil etmişdir. AZ 009663 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunda SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, N-si SD22AA113598 olan nəqliyyat vasitəsini təhvil verilərək, dəymiş ziyanın tam ödənilməsi xahiş edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının tələbi cavabdeh müəssisə tərəfindən təmin olunmamış və buna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, cavabdehə hər dəfə müraciət etdikdə müxtəlif bəhanələr gətirmiş, 2019-cu ilin dekabr ayında isə nəqliyyat vasitəsini qaytarmayacaqlarını bildirmişdir. Bulduzerin 16 aydan artıq bir müddətdə işləməməsi nəticəsində hər ay şirkətə 4000 manat, ümumilikdə 64000 manat məbləğində maddi zərər dəymişdir. Odur ki, iddiaçı cavabdehin qanunsuz sahibliyində qalan SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsini və əldən çıxmış faydanı geri tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin təmir işləri Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli “Texniki xidmət müqaviləsi”nə əsasən həyata keçirilmişdir. Həmin müqavilənin 3.6-cı bəndinə görə “İcraçı” tərəfindən “Sifarişçi”nin öhdəliyinə möhlət verilmədiyi halda, “Sifarişçi” ödənişləri dərhal həyata keçirməlidir. Əks halda “İcraçı” ona məxsus olan texniki-təmir ərazisində ödənişlər baş verənə qədər müvafiq texnikaların saxlanılması hüququna malikdir. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış digər müqavilə üzrə İddiaçı MMC-nin 52000 manat məbləğində borcunun təminatı kimi NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsini girov qismində özündə saxlamışdır. Eyni zamanda xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin dəyəri 271.186,44 manat təşkil edir. İş üzrə birinci apellyasiya baxışı zamanı məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC Mülki Məcəllənin 757-ci maddəsinə təsbit olunmuş hüquqlarından istifadə etmiş və 52000 manat məbləğində borcun ödənilməsinin təmini məqsədilə dəyəri bundan dəfələrlə çox olan nəqliyyat vasitəsini girov qismində saxlamış, belə olan halda isə həmin borcun təminatı kimi əlavə olaraq hazırki mübahisənin predmeti olan və təmir pulu iddiaçı tərəfindən tam ödənilmiş SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinin də girov kimi saxlanılması Cavabdeh MMC-nin öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (102)-496/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yeni apellyasiya baxışı zamanı iş üzrə ədalətli və əsaslı qətnamə çıxarılması üçün NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin faktiki dəyəri (real, bazar qiyməti) müəyyən olunmalı, nəticəsindən asılı olaraq hazırkı mübahisə predmeti olan nəqliyyat vasitəsinin İddiaçı MMC-ə təhvil verilib-verilməməsi barədə müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında qoyulmuş göstərişlər, həmçinin işə yenidən apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün NEW HOLLAND D-255 markalı nəqliyyat vasitəsinin faktiki dəyərinın (real, bazar qiyməti) müəyyən edilməsi məqsədilə məhkəmənin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 9/1088 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, sarı rəngli, parça oturacaqlı, 3567 saat yürüşlü, mühərrik tutumu 182 kub/sm, “NEW HOLLAND D-255” markalı nəqliyyat vasitəsinin hazırki vəziyyətdə orta bazar qiymətinin təxminən 180000.0 manat olduğu müəyyən edilmişdir. Kollegiya iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 52000 manat məbləğində borcun ödənilməsinin təmini məqsədilə cavabdeh tərəfindən iddiaçıya məxsus ekspert rəyinə əsasən hazırki bazar qiyməti 180000 manat olan SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinin də girov kimi saxlanılması düzgün olmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsinin dəyəri 52000 manat borcdan dəfələrlə çox (180000 manat) olduğu üçün həmin nəqliyyat vasitəsinin borcun təminatı kimi “NEW HOLLAND D-255” markalı nəqliyyat vasitəsindən əlavə olaraq girov kimi saxlanılması həqiqətən də Cavabdeh MMC-nin öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Bununla bağlı hazırki iş üzrə iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından ona məxsus SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, hazırki işdə tələb olunan SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində, cavabdehin isə sahibliyində olması işin mübahisəsiz halıdır. Beləliklə, iddiaçının geri tələb etdiyi SHANTUİ SD 22 markalı nəqliyyat vasitəsi cavabdehin qanunsuz sahibliyində olduğu üçün, bu hal cavabdehin məhz yuxarıda göstərilən müqavilə şərtinə görə “əmlak saxlamaq hüququ”ndan sui-istifadə kimi qəbul olunduğundan onun bu hərəkəti etibarsızdır. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilmiş dəlillərə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi üçün əsas yaratmır. Qeyd olunmalıdır ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-239/2021 saylı 26 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən, iddianın təmin edildiyi - SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin Cavabdehndən alınaraq İddiaçınə təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun məbləği apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-239/2021 saylı 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən, iddianın təmin edildiyi - SHANTUİ SD 22 markalı, Az 10P-411 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, SD22AA113598 zavod nömrəli nəqliyyat vasitəsinin Cavabdehndən alınaraq İddiaçınə təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar