Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-141/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2187/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 15111,37 manat əsas borc, 3288,5 manat faiz borcu və 660,63 manat cərimə borcu olmaqla, ümumilikdə 19060,5 manat məbləğində kredit borcunun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 26 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 18 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 26 oktyabr 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2023-cü il martın 07-dək Cavabdeh2 iddiaçıya adıçəkilən kredit müqaviləsi üzrə 15111,37 manat əsas borcu, 3288,50 manat faiz borcu, 2642,51 manat cərimə borcu olmaqla ümumilikdə 21042,38 manat borcu vardır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2642,51 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 660,63 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 2187/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli, 6-MCR-1-1091- 21/1 saylı kredit müqaviləsi üzrə 15111 (on beş min yüz on bir) manat 37 (otuz yeddi) qəpik əsas borc, 3177 (üç min yüz yetmiş yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 660 (altı yüz altmış) manat 63 (altmış üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə 18949 (on səkkiz min doqquz yüz qırx doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
4. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2187/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbində faiz borcunun xx.xx.2022-ci il tarixinə qədər yenidən hesablanmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 avqust 2023-cü il tarixli 9/4450 nömrəli ekspert rəyində xx.xx.2021-ci il tarixli 6-MCR-1-1091-21/1 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc 15276.54 manat (on beş min iki yüz yetmiş altı manat əlli dörd qəpik), faiz borcu 3177.59 (üç min bir yüz yetmiş yeddi manat əlli doqquz qəpik) manat müəyyən edilmişdir. Halbuki, annuitet üzrə ödənişlər xx.xx.2022ci ililkin mediasiya haqqında təklifin verilməsi tarixinə qədər hesablanmalıdır. Belə ki, mediasiyaya müraciət edilməsi tərəfin məhkəməyə müraciət etməmişdən öncə etməli olduğu prosessual tələb olduğundan, iddiaçının iradə ifadəsini əks etdirir və xəbərdarlığa bərabər tutulmalıdır. Yuxarıda əks etdirilmiş əsaslara baxmayaraq, məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli, 6-MCR-1-1091-21/1 saylı kredit müqaviləsi üzrə 15111 (on beş min yüz on bir) manat 37 (otuz yeddi) qəpik əsas borc, 3177 (üç min yüz yetmiş yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 660 (altı yüzaltmış) manat 63 (altmış üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə 18949 (on səkkiz min doqquz yüz qırx doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində göndərilmiş mediasiya prosesinin tətbiqi barədə təklif məhkəmə tərəfindən müqavilədən imtina üzrə xəbərdarlıq hesab olunmamış və düzgün hüquqi rəy verilməmişdir. Gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) müqavilənin ləğvinə qədər (xx.xx.2022) hesablanmalı olduğu halda, faiz borcunun xx.xx.2023-cü il tarixinə qədər hesablanması faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təəssüflər olsun ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş bütün sübutlara düzgün hüquqi yanaşma tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya haqqında təklif iddiaçı tərəfindən həmin anda cavabdehə göndərilmiş xəbərdarlıq hesab olunsa da, məhkəmə qeyd edilən sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə iddiaçı tərəfindən ilkin mediasiya haqqında təklifin cavabdehə göndərilmiş müqavilənin ləğvi barədə xəbərdarlıq hesab olunması faktını nəzərə almamışdır. Təəssüflər olsun ki, məhkəmə tərəfindən bu hal tamar araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
8. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh2 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcuna aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə qətnamə əsaslıdır.
16. Belə ki. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixli 6- MCR-1-1091-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən kredit limitinin məbləğ və valyutasını 100 000 manat (həmçinin kreditin verildiyi məqamda mövcud olan Bankın xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində), müddətini 120 ay, aylıq faiz dərəcəsini 2,5%, cəriməsini 0,2% (gündəlik) təşkil edir.
17. Həmin razılaşmanın 5-ci bəndinə görə, müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir.
18. Həmin razılaşmanın 7-ci bəndinə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusu bu razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
19. xx.xx.2021-ci il tarixli 6-MCR-1-1091-21/1 nömrəli kredit verilməsinə dair razılaşmaya kreditin məbləği 20000 manat, müddəti 18 ay, faiz dərəcəsi 1,92%, komisyon haqqı 200 manat, təyinatı biznes məqsədi, faktiki illik faiz dərəcəsi (FİFD) 24,37%, cərimə 0,2% (gündəlik) təşkil edir.
20. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavədən görünür ki, kredit məbləği üzrə ilkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla 20000 manat əsas məbləğ, 3837,15 manat faiz məbləği şərtləşdirilmişdir.
21. xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, 15000 manat məbləğində pul, kartın təhvil-təslim aktından görünür ki, 430850-******- 0861 nömrəli plastik kart Cavabdeh2 tərəfindən təhvil alınmışdır.
22. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
23. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 25 avqust 2023-cü il tarixli 9/4450 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 6-MCR-1-1091-21/1 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il (sualda göstərilən) tarixə əsas borc 15276,54 manat, faiz borcu 3177,59 manat təşkil edir.
24. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcunun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
26. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Hazırkı məhkəmə araşdırması zamanı 25 avqust 2023-cü il tarixli 9/4450 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
29. 25 avqust 2023-cü il tarixli 9/4450 nömrəli ekspert rəyində xx.xx.2021-ci il tarixli 6-MCR-1-1091-21/1 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc 15276,54 manat, faiz borcu 3177,59 manat müəyyən edilmişdir.
30. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas tutaraq faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir
32. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, mübahisənin predmeti kimi kredit borcunun tutulması qeyd edilmiş, həmin təklif xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən təhvil alınmış, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər.
33. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən xx.xx.2021-ci il tarixli 6-MCR-1-1091-21/1 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcun tam ödənilməsi tələb edilmişdir.
34. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 mediasiya prosesinin tətbiqi barədə təklif çatdırsa da, həmin təklifin məzmunu qeyri-dəqiq olmuş, cavabdehlər də 23 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Lakin iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehlərə, o cümlədən borcalan Cavabdeh2 xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.
35. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər ki, hazırda iddiaçı da xx.xx.2023-cü il tarixə olan borcunu tələb etmişdir.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Həmçinin, mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2187/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova