Məhkəmə qərarları › İş №2-2(103)-143/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-143/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-143/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun, iddiaçı “Bank BTB”-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Bank BTB”-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından (hakim Leyla Əliyeva) “xxxx” ASC-nin şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank BTB”-nin Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən müqavilə üzrə 220.076,15 manat borcun, özgəsinin vəsaitini qanunsuz özündə saxlamağa görə 18156,29 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)- 1014/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə iddianı təmin etmə tədbiri görülərək Cavabdeh MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabındakı 238.232,44 manat pul vəsaiti üzərinə həbs qoyulmuşdur. “xxxx” ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddiaçının ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 3696/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə cəmi 210162,46 manat borc, 30,4 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamənin icrası mərhələsində məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabındakı 238.232,44 manat pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Məhkəmənin həmin qərardadı qanuni qüvvədə olan Nərimanov rayon Məhkəməsinin 2(005)-3696/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına maneə törətdiyindən ləğv edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2020 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadda “xxxx” ASC iş üzrə tərəf olmadığı üçün qərardadın onun hüquq və maraqlarına toxunmadığı qeyd edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən qərardadın qüvvədə qalması Nərimanov rayon Məhkəməsinin 2(005)-3696/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına mane olur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, MPM-nin 357.-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna hüququna toxunan digər şəxslər də malikdirlər. İddiaçının şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2020 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh və “xxxx” ASC iclasda öz nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “Bank BTB”-nin nümayəndəsi X3 məhkəmə iclasında şikayətə etiraz edərək müqavilədə nəzərdə tutulmasına baxmayaraq iddiaçı tərəfindən məhkəmə iddia qaldırılanadək heç bir pretenziya məktubu göndərilmədiyini göstərmiş və şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2020 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən “xxxx” ASC-nin iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə qərardaddan verdiyi şikayət qaytarılarkən əsas göstərilmişdir: “xxxx” ASC-nin işdə iştirak edən şəxs statusuna malik olmaması, mübahisələndirilən qərardadın onun hüquq və maraqlarına toxunmaması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan yalnız işdı iştirak edən şəxslər deyil, eyni zamanda hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdirlər. Ona görə də “xxxx” ASC-nin işdə iştirak edən şəxs statusuna malik olmaması onun hüququna toxunan qərardadı mübahisələndirmək hüququndan məhrum etmir. “xxxx” ASC-nin şikayət ərizəsinə əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-3696/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MMCdən iddiaçı “xxxx” ASC-nin xeyrinə cəmi 210162,46 manat borc, 30,4 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İddiaçı şikayət ərizəsində bu qətnamənin qanuni qüvvədə olduğunu və icraya yönəldiyini göstərsə də, bu barədə şikayətə hər hansı sübut əlavə etməmişdir. “xxxx” ASC mübahisələndirilən qərardadın onun hüququna toxunduğunu belə əsaslandırır ki, Cavabdeh MMC-nin hesablaşma hesabındakı vəsait üzərinə mübahisələndirilən qərardad əsasında həbs qoyulduğundan qeyd edilən qətnamənin icra edilməsi mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsinə əsasən bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. Həmin Qanunun 75.6-cı maddəsinə əsasən beşinci növbədə təmin edilən tələblər üzrə icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. İşə baxmış məhkəmə qeyd edilən normaların tələblərini nəzərə almadığından və şikayətin dəlillərinin əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün araşdırma aparmadığından məhkəmə hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayət üzrə yenidən araşdırma apararkən iddiaçı “xxxx” ASC-nin xeyrinə Cavabdeh MMC-dən pul tutulması barədə Nərimanov rayon Məhkəməsinin 2(005)-3696/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icra mərhələsində olub-olmamasını dəqiqləşdirilməli, əgər bu təsdiq edilərsə icra işi materiallarını tələb edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən “xxxx” ASC-nin tələbi üzrə icra sənədinin daha əvvəl icra edilməli olduğunu nəzərə alaraq iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə qərardadın qanuni qüvvədə olan məhkəmə aktının icrasına maneə yaradıb-yaratmadığını, Cavabdeh MMC-nin başqa banklardakı hesablarında pul vəsaiti və digər əmlakları olub-olmadığını müəyyənləşdirdikdən sonra şikayətə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2020 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: “xxxx” ASC-nin şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1014/2020 saylı, xx.xx.2019cu il tarixli qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə qaytarılsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar