Məhkəmə qərarları › İş №2-2(103)-143/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-143/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-143/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1010, ünvan 1maz, dövlət qeydiyyatına alındığı tarix-22.12.2000-ci il) Cavabdeh-yə (VÖEN **********, hüquqi ünvan- AZ1122, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 78, qanuni təmsilçi-X1, dövlət qeydiyyatına alındığı tarix-17.09.2002-ci il) qarşı “pul” tələbinə dair kommersiya işi üzrə çıxarılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-2(81)- 1156/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC 15.08.2014-cü il tarixində Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7.674,30 manat əsas borc və 30 manat dövlət rüsumunun, cəmi 7.704,30 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədədir. Lakin uzun müddət ərzində borcun ödənilməməsi, məhkəmə çəkişməsinin süni uzadılması, iddiaçının əmlak mənafeyinin pozulması və onun maliyyə itkisinə uğraması cavabdehdən həm də gecikmə faizinin tutulmasını da zəruri edir və məhz bu vasitə ilə onun intizamlı olmağa və öz öhdəliyini icra etməyə istiqamətləndirmək mümkün olacaqdır. Qeyd edirlər ki, dəbbə pulu həm müqavilə üzrə, həm də qanun üzrə müəyyən edilə bilər. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırda tərəflər arasında şifahi formada bağlanan nisyə alqı satqı müqaviləsi olduğundan iddiaçı olaraq onlar daha yüksək məbləğdə dəbbə pulu tələb edə bilmirlər. Lakin buna baxmayaraq sözügedən maddənin dispozisiyasına əsasən iddiaçının ən azı illik beş gecikmə faizi tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi imperativ normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, maliyyə sanksiyasının və ya onun vaxtında ödənilmədiyi halda dəbbə pulunun (peniyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz. "Bununla yanaşı kassasiya instansiyasının artıq formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmələr tərəfindən dəbbə pulunun tənasübsüz surətdə yüksək olması qiymətləndirilərkən ən azından MM-nin 445.7-ci maddəsinə uyğun məbləğ müəyyən edilməlidir. ( İddiaçı MMC-nin cavabdeh X2 qarşı 2- 2(102)- 7779/18 saylı işi üzrə Ali Məhkəmənin 06.12.2018-ci il tarixli qərarı) Qeyd edilənlərə əsasən iş materiallarına əlavə edilmiş sübutlardan da aydın göründüyü kimi malların cavabdehə təqdim edilməsindən 8 il müddətinin keçməsinə baxmayaraq onun dəyəri iddiaçıya ödənilməmişdir. Belə olan halda MM-nin 445.7-ci maddəsinə uyğun olaraq cavabdeh iddiaçıya əsas borcla yanaşı həmdə o, borcun 40 faizi ( 8 il * 5 faiz ) həcmində gecikmə faizi də ödəməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-2611/2014 saylı, 03 sentyabr 2014cü il tarixli qiyabi qətnaməsinə (hakim İ.Əhmədov) əsasən İddiaçı MMC-nin iddiası təmin edilmiş, Cavabdeh-dən 7.674,30 manat əsas borc və 30,00 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 03.09.2014-cü il tarixli icra vərəqəsi 10.10.2014-cü il tarixində icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. 22.12.2014-cü il tarixində 04.11.2014-cü il tarixli icraata başlamaq haqqında qərar (icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu İ.Cəfərov) məhkəməyə daxil olmuşdur. 20.08.2018-ci il və 16.08.2019-cu il tarixlərində Cavabdeh məhkəməyə ərizə verərək qiyabi qətnamənin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 2611/2014 saylı, 30 avqust 2019-cu il tarixli qərardadı ilə (hakim A.Oruczadə) Cavabdehnin qiyabi qətnamənin ləğvi barədə ərizəsi təmin edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-2611/2014 saylı, 03 sentyabr 2014-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. 08 oktyabr 2019-cu il tarixdə İddiaçı MMC iddia tələbinin artırılması barədə ərizə verərək, Cavabdeh-dən 7.674,30 manat məbləğində əsas borc, 3.069,70 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-2(81)-1156/2019 nömrəli qətnaməsi ilə (hakim A.Oruczadə) İddiaçı MMC-nin Cavabdeh-yə qarşı “pul tələbi”nə dair iqtisadi iş üzrə iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. 19.02.2020-ci il tarixdə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-2(81)-1156/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-227/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər C.Yusifov, R.Qurbanov, V.Baxışova) iddiaçı “ İddiaçı» MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1156/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-1(102)-278/2020 saylı, 15.10.2020-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, İ.Dadaşov, B.Qəribov) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 iyun 2020ci il tarixli, 2-2(103)-227/2020 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə apellyasiya şikayətinə dair etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, “Elektron qaimə-fakturaların tətbiqinə Nazirlər Kabinetin 14 may 2017-ci il tarixindən başlamışdır. Ali Məhkəmədə verilən kassasiya şikayətindən, apellyasiya məhkəməsində verdiyi izahatlardan, məhkəməyə təqdim etdiyi elektron qaimələrdən, hətta Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi arayışdan bəlli olur ki, İddiaçı MMC forma № 20 qaimə-fakturalar ilə "Cavabdeh " MMC-yə 21.11.2011-ci il tarixdə 6 ədəd qaimə-faktura ilə mal verərək elektron hesablaşma apararaq cəmi 3239,63 manat məbləğində pul tələb etmişdir. Bundan başqa İddiaçı MMC-nin elektron qaimə-faktura kimi təqdim etdiyi forma № 20 qaimə-fakturaların elektron olmadığı elə ilk baxışdan üzə çıxır. Bundan başqa “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında " Qanunun tətbiqi ilə əlaqədar olaraq 14 may 2017-ci il tarixdən elektron qaimə -fakturaların tətbiqinə başlanmışdır. Sonradan “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 488) dəyişikliklər edilsə də, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq elektron qaimə-fakturaların tətbiqinə başlanmışdır. “ İşin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, 2014-cü ildə işə baxılarkən məhkəmə tərəfindən qaimə-fakturaların əsillərinin tələb edilmədiyini, həmin dövrdə qətnamənin icraya yönəldiyi zaman cavabdehin direktorunun borcu qəbul etdiyini və ərizə təqdim edərək, müddət istədiyini, qaimə-fakturaların məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmadığını bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM–nin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq , hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan : - 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimə-fakturaların surətindən görünür ki, İddiaçı MMC tərəfindən 7.674,30 manat dəyərində müxtəlif növdə mallar Cavabdeh-nin nümayəndəsi kimi çıxış edən “Ə.Elşən” adlı şəxsə təqdim edilmişdir. - İddiaçı MMC-nin Cavabdeh-yə ünvanlanmış 17 fevral 2014-cü il tarixli borcun ödənilməsi barədə bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh–nin arasında mövcud olan borcun alqı-satqı münasibətləri çərçivəsində müvafiq ödənişini Cavabdeh tərəfindən həyata keçirilmədiyi, 17.02.2014-cü il tarixində İddiaçı MMC-yə olan borcun 7.674,30 manat təşkil etdiyi bildirilmiş və həmin borcun 5 gün müddətində İddiaçı MMC-yə ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. - 21 noyabr 2011-ci il tarixli, 994861 saylı; 21 noyabr 2011-ci il tarixli, 994737 saylı; 21 noyabr 2011-ci il tarixli, 994738 saylı; 21 noyabr 2011-ci il tarixli, 994862 saylı; 21 noyabr 2011-ci il tarixli, 994863 saylı; 21 noyabr 2011-ci il tarixli, 994860 saylı elektron vergi hesab-fakturalarindan görünür ki, İddiaçı MMC tərəfindən 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimə-fakturaları əsasında 7.674,30 manat dəyərində təhvil alınmış mallar üzrə ödənişlərin həyata keçirilməsi üçün cavabdehə elektron hesab-fakturalar göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğular ünvanlanaraq, qeyd edilmişdir ki, iş materiallarında olan 21.11.2011-ci il tarixli, 894993, 894994, 894995, 894996, 894997 və 894998 nömrəli elektron qaimə-fakturaların surətinə əsasən həmin qaimələr həqiqətən iddiaçı və cavabdehin arasında baş vermiş olan malın təhviltəslimini özündə əks etdirirmi? Eyni zamanda İddiaçı MMC tərəfindən Cavabdeh-yə 21.11.2011-ci il tarixli, HC seriyalı, 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli elektron vergi hesab fakturaları göndərilibmi? Bəhs edilən elektron vergi hesab fakturaları ləğv edilibmi? - “xxxx” MMC-yə sorğu ünvanlanaraq, qeyd edilmişdir ki, iş materiallarında olan AEO/2 seriyalı, 894993, 894994, 894995 894996, 894997, 894998 nömrəli qaiməfakturalar həqiqətən onların müəsissəsi tərəfindən çap edilibmi, çap edilibsə hansı tarixdə çap edilib və iddiaçıya təhvil verilib? - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 26.04.2021-ci il tarixli, **********885700 №-li məktubda qeyd edilmişdir ki, uçot baza məlumatlarında qeyd olunan elektron qaimə fakturalar və vergi hesab fakturaları təqdim olunmamışdır. (imzalayan rəis müavini Rasim Quliyev) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 26.04.2021-ci il tarixli, **********503000 №-li cavab məktubunda "İddiaçı” MMC tərəfindən təqdim edilən HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli elektron vergi hesab fakturalar ləğv edilmişdir. (imzalayan rəis müavini Rasim Quliyev) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 07.05.2021ci il tarixli, **********335100 №-li cavab məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2-2(103)-143/2021 nömrəli məktubunun icraatında olan İddiaçı-nin (VÖEN: **********) “Cavabdeh”-yə (VÖEN: **********) qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-2(81)-1156/2019 nömrəli qətnaməsində 21.11.2011-ci il tarixində təqdim olunmuş qeyd olunan elektron qaimə fakturalar və vergi-hesab fakturalarının verilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Qeyd olunanlarla əlaqədar uçot baza məlumatlarında qeyd olunan elektron qaimə fakturalar və vergi hesab fakturaları təqdim olunmamışdır. (imzalayan rəis müavini Samir Seyidəhmədli) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 08.06.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən müraciətdə qeyd olunan elektron vergi hesab fakturalar İddiaçı MMC tərəfindən Cavabdeh-yə (VÖEN **********) təqdim edilmiş və ləğv edilməmişdir. Əlavə olaraq, malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaiməfakturanın təqdim edilməsinə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən tətbiq edilməyə başlanılmışdır. (imzalayan nümayəndə Nail Xəlilov) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 33547/2014 saylı icra işinin (imzalayan şəxs rəis Pərviz Zəkəriyəyev) əsli məhkəməyə göndərilmişdir və məhkəmə iclasında baxış keçirilmişdir. - “xxxx” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 11.06.2021-ci il tarixli, 40 №-li məktubda “xxxx” LTD MMC (VÖEN **********) 24 sentyabr 2011-ci il tarixdə müraciət edərək tərəflər arasında bağlanmış müqaviləyə əsasən 10000 dəst (seriya AEO/2 № 885001-895000) qaimə faktura forma QF-2 sifariş etdiyi, həmin işin hazırlanaraq sifarişçiyə təhvil verildiyi, mətbəə tərəfindən görülmüş işlərə görə Azərbaycan Respublikası Maliyyə və Vergilər Nazirliklərinə 2011-ci ilin sentyabr ayında hesabat verildiyi qeyd edilmişdir (imzalayan Direktor Əliyev Ə.Ş. ) Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: - 570.1.1-ci maddəsinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; - 570.1.2-ci maddəsinə əsasən, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. - 570.2-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin əsasları şifahi alqısatqı müqaviləsi üzrə münasibətlərin olması- Cavabdeh tərəfindən qaimə fakturaların imzalanması ilə təsdiq olunması, həmçinin, elektron vergi hesab fakturalarıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası olan qaiməfakturaların “təhvil aldı” qrafasında göstərilən “Ə.Elşən” adlı şəxsin imzası, həmin malların Cavabdeh tərəfindən alınması, “Ə.Elşən” adlı şəxsin səlahiyyətlərini təsdiq edən və onun Cavabdeh-nin əməkdaşı olmasını sübut edən hər hansı sənədlərin iş materiallarına əlavə edilməməsi səbəbindən əsassızdır. Həmçinin iddiaçının iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlilərindən görünür ki, 21.11.2011-ci il tarixdə AEO/2 seriaylı, 894993, 894994, 894996, 894997, 894998 №-li qaimə fakturalarla cavabdehə müxtəlif növ mallar mallar verdiyini və sonuncunun həmin mallara görə 7674,30 manat borcu qalıq borcunun olduğunu iddia edir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının qeyd edilən qaimə-fakturalarının əsillərinin mövcud olmamasının səbəbi kimi qaimə-fakturaların (Forma №2Q) əsillərinin tərtib edilmə müddətindən 8 il və məhkəmə qətnaməsinin qəbulundan 5 il müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli, Q-09 saylı qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri"nin 7 saylı Əlavəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4-cü maddəsinə müvafiq olaraq arxivdə məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmaması ilə bağlı gətirdiyi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd edilən qaiməfakturaların məhv edilməsini bildirsə də, işin məhkəmə icraatları zamanı iddiaçı tərəfindən məhv edilmə barədə hər hansı sənəd-sübut, akt təqdim edilməmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş qaiməfakturaların kserosurətlərində əsli ilə düzdür qeydi olsa da, həmin qeydi edən şəxsin soyadı, ata adı vəzifəsi və tarix göstərilməmişdir. Eyni zamanda qeyd edilən kserosurətlərdə “Ə.Elşən” tərəfindən imzalanması görünsə də, həmin sənədlər kserosurət olduğundan Cavabdeh-nin möhürünün olması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh hüquqi şəxs olduğundan malı təhvil verən və alan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə olunmaqla, qaimələr hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının nümayəndəsi izahatında 2014-cü ildə qətnamənin icraya yönəldiyi zaman cavabdehin direktorunun borcu qəbul etdiyini və ərizə təqdim edərək, müddət istədiyini bildirsə də, işin apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən təqdim olunmuş 33547/2014 saylı icra işinin əslinə baxış keçirilərkən bu məlumatlar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında olan elektron qaimə-fakturalar ilə bağlı mübahisəli hal 2011-ci ildə baş versə də, üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, 08.06.2021-ci il tarixli cavab məktubunda malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərd sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-fakturanın təqdim edilməsinə “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1,2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən tətbiq edilməyə başlanıldığı qeyd edilmişdir. Məhkəmə kollegiyası “xxxx” MMC-nin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 11.06.2021-ci il tarixli, 40 №-li məktubunda göstərilənlərə münasibətdə qeyd edir ki, “xxxx” LTD MMC tərəfindən 24 sentyabr 2011-ci il tarixdə 10000 dəst (seriya AEO/2 № 885001-895000) qaimə faktura forma QF-2 sifariş edilsə də, bu hazırda əsilləri olmayan qaimə-fakturaların cavabdehə təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinin tələbində isə nəzərədə tutulur ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-2(81)-1156/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-2(81)-1156/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar